Mansurovlar
Mansurovlar — Azərbaycanın tanınmış soylarından biri.
Mansurovlar | |
---|---|
Titul | Bəy |
Dövr | XVII əsr – indiyə kimi |
Mənşəyi | Bakı |
Təbəəliyi |
Bakı xanlığı Rusiya imperiyası AXC SSRİ Azərbaycan |
Mülki fəaliyyəti | Bakı muğam məclisləri rəhbərliyi, tarzənlik, bəstəkarlıq |
Vikianbarda əlaqəli mediafayllar |
Soyun yaranması
Azərbaycanda qədim sülalə ənənələri davam etməkdədir. Bu gün tanınmış, zadəgan və ziyalı nəsillərin nümayəndələrinə cəmiyyətdə xüsusi hörmətlə yanaşırlar. Təbii ki, bu səbəbsiz deyil. Odlar yurduna Kəngərlilər, Şahtaxtinskilər, Həşimbəyovlar, Talışinskilər, Şəkinskilər və bu kimi digər əsilzadə ailələri xalq arasında həmişə böyük nüfuz sahibi olublar. Bu sırada Bakının bəy nəsilləri istisna deyil. Paytaxtımızda Azərbaycanın inkişafına, xüsusən mədəniyyətin çiçəklənməsinə böyük töhfələr vermiş zadəgan ailələrin sayı az deyil. Misal üçün, Hacinskilər, Xanlarovlar, Aşurbəyovlar, Səfərəlibəyovlar, Abdinbəyovlar və s.
Mansurovlar nəsli Bakıda, daha doğrusu, İçəri şəhərdə çox tanınmış sülalədir. Bakı xanları dövründə Mansurovlar həmişə hakimiyyətin rəhbər strukturlarında təmsil olunublar. Məsələn, Ağa Hacı Kərim bəy (1694-1768), onun oğlu Ağa Hacı Mansur bəy (1731-1796). Onların çox sayda mülkləri, mal-qarası, neft quyuları, gəmiləri, dükanları, meyvə və zəfəran bağları var idi. Yeri gəlmişkən, familiyamız haqda. İnsanlara münasibətdə səmimi, ürəyi açıq, qəlbi geniş olan Ağa Hacı Mansur bəyin xatirəsinə hörmət kimi övladları onun adını familiyamızda əbədiləşdirdilər. Beləcə Mansurbəyovlar familiyası yarandı. Sonralar familiya müəyyən siyasi vəziyyətdən asılı olaraq Mansurov oldu.
Babası və atasından qalmış var-dövlətə sahib olan Ağa Hüseyn bəy (1767-1829) onların yolu ilə getdi və əsasən ticarətlə məşğul oldu. Ağa Hüseyn bəy Türkan kəndinin, Keşlə, Xilə və Abşeronun digər kəndlərində əkinçilik sahələrinin, Mərdəkan və Şüvəlanda meyvə bağlarının, mal-qara sürülərinin, at ilxısının, neft quyularının sahibi idi, bir neçə rəncbəri vardı. Var-dövlətinə görə, Ağa Hüseyn bəy o vaxtın mülkədarlarını bir neçə dəfə üstələyirdi. Ağa Hüseyn bəyi o dövrün I gildiya tacirlərilə müqayisə etmək olardı. Bəylər nəsli olan Mansurovlar Bakıya xeyli sayda parlaq və istedadlı şəxslər bəxş edib. Onların arasında Ağa Hacı Mansur bəyin nəvəsi Ağa Salah bəyin (1800-1848) adını çəkmək olar. Təbiətcə işgüzar və sahibkarlığa mayilli olan Ağa Salah bəy qısa zaman ərzində nəinki Rusiya, hətta uzaq ölkələrlə ticarət əlaqələri yaratdı. Onun Bakı, Rusiya və İranın bir çox şəhərlərində dükanları var idi. Ağa Salah bəyin mağazalarında satılan malların çeşıdı gözəlliyi və genişliyilə hamını heyran edirdi. Demək olar ki, onun dükanlarında hər şey satılırdı. Geyim, xəz, inşaat materialları, ağac, metal, məişət əşyaları, zərgərlik məmulatı, parfümeriya... O vaxt hər tacirin gəmisi olmazdı. Ağa Salah bəy öz gəmilərində Bakıya mal gətirərdi və şəhər sakinlərinin bu mallara ehtiyacını ödəyərdi. Evləri, mülkləri və çoxlu torpaq sahələri olan bakılıların siyahısında Ağa Salah bəyin də adı vardı. O, humanistliyilə seçilirdi, həmişə kasıb və imkansızlara kömək edirdi. Öz puluna İçəri şəhərdə köhnə evləri alıb, söküb və yerində meydanlar salırdı. Faytonların rahat hərəkət etməsi üçün küçələri genişləndirirdi. Ağa Salah bəyin bu xeyirxah işlərini yüksək qiymətləndirən şəhər rəhbərliyi onu "Bakı şəhərinin fəxri nəsilli vətəndaşı" adına layiq gördü. Xalq isə İçəri şəhərdəki meydanların birinə onun adını verdi və beləcə şəhərimizdə "Ağa Salah meydanı" yarandı.
Ağa Salah bəyin kiçik oğlu – Məşədi Məlik-Məmməd bəy (1845-1909) Bakı və Abşeronda ilk muğam məclislərinin yaradıcısı kimi musiqi mədəniyyətimizin tarixi yaddaşında özünə layiq yer tutub. Bu məclislər qədim Azərbaycan muğamlarının öyrənilməsi, elmi tədqiqi və geniş yayılmasında önəmli rol oynayıb. Məşədi Məlik-Məmməd bəyin (qısa – Məşədi Məlik) İçəri şəhərdəki evində keçirilən bu məclislərdə kimlər iştirak etməyib! Nəinki Azərbaycandan, həm də Tiflis, İrandan gələn xanəndə və ifaçılar məhz onun musiqi məclislərində əsl sənət məktəbi keçiblər. Məşədi Məliyin dostları, evinin və bağının daimi qonaqları arasında o dövrün ən məşhur simaları var idi – neft maqnatları Robert və Lüdviq Nobel qardaşları, Alfons de Rotşild, Bakının meri Stanislav Despot-Zenoviç, memarlar İosif Qoslavski və İosif Ploşko, mühəndis-polkovnik Nikolay Avqustoviç fon der None, paytaxt elitası və zadəganların digər tanınmış nümayəndələri. O vaxtın bütün varlı adamları kimi, Məşədi Məlik bütün ömrünü incəsənətə xidmətə həsr etmişdir. Mesenat kimi gənc istedadların himayədarı idi, onlara peşəkar kimi formalaşmaqda köməyin əsirgəmirdi.
Məşədi Məliyin oğlu – Məşədi Süleyman bəy (1872-1955) atasından sonra qalan nəslin varidatını idarə edirdi. Ən yaxın qohumları – qardaşları, bacısı və həyat yoldaşı öz mülkiyyətinin idarə olunmasını məhz Məşədi Süleyman bəyə ona görə etibar etmişdilər ki, onların arasında o, savadlı və bu işdə səriştəsi olan yeganə insan idi. Əsilzadə bəy və torpaq sahibkarı olan Məşədi Süleyman bəy ilk təhsilini mədrəsədə almış, sonra rus-tatar məktəbində oxumuşdur. O, bir çox şərq və Avropa dillərini bilirdi. O cümlədən fars, ərəb, türkcə mükəmməl öyrənmişdir, rus dilini sərbəst bilirdi, asanlıqla fransız, alman, ingilis və bir az da italyanca söhbət etməyi bacarırdı. Məşədi Süleyman bəy atasının başladığı Bakı muğam məclislərini davam etdirdi. Məşədi Süleyman bəy həm də icarədar və sahibkar idi. O, özünə məxsus və Qara şəhərdə olan torpaq sahələrini boru kəmərlərinin çəkilməsi məqsədilə məşhur yerli və xarici neft şirkətlərinə icarəyə verirdi. Müqavilələr bağlanan şirkətlər arasında "Восточное Товарищество", "Rusiya neft cəmiyyəti", "Русское Товарищество "Нефть", "Born" cəmiyyəti, "Mirzəyev qardaşları və Кo", "Rusiya neft sənayesi" cəmiyyəti, "Nobel qardaşları", "Aramazd" şirkətləri, Əmtəə ambarlarının şərq cəmiyyəti.
Musiqi Məşədi Süleyman bəyin canına elə hopmuşdu ki, o muğamsız özünü bir an belə təsəvvür etmirdi. Mansurovların İçəri şəhərdəki evlərində və Şüvəlandakı bağlarına yenə də xanəndələr, musiqiçilər, şairlər, Azərbaycan, İran, Tiflisdən gəlmiş ziyalılar yığışar və muğam məclisləri qurulardı. Nəslin layiqli davamçısı kimi, Məşədi Süleyman bəy mahir tarzən və muğam bilicisi idi. Onun bir sevimli məşğuliyyəti də vardı – səyahət. Atalar düz deyib: "Çox gəzən çox bilər". Məşədi Süleyman bəy 11 dəfə bütün Avropanı, Şərq ölkələrin o baş – bu baş gəzib, Rusiyanın çox yerlərində olub. Fransa, İsveçrə, və Avstruya – Avropanın musiqi beşiyi, onun ən çox sevdiyi ölkələr idi. Səyahətlər zamanı Məşədi Süleyman bəy hökmən konsert salonları və teatrlara baş çəkərdi, kübar məclislərində iştirak edərdi.
Məşədi Süleyman bəyin kiçik qardaşı – Mirzə Mansur bəy (1887-1967) Azərbaycan muğamlarının tanınmış nəzəriyyəçisi hesab olunur. Peşəkar tarzən kimi, o Sadıqcan məktəbinin ənənələrini davam etdirdi. Mirzə Mansur tələbələrinə muğamların sirrini açmağı və ifaçılıq ustalığını tam öyrətməyə çalışırdı. Sovetlər vaxtında Konservatoriyada dərs deyən Mirzə Mansur muğam tədrisi proqramının müəlliflərindən biri idi. Üzeyir bəy Hacıbəyov onun ifaçılıq istedadını, muğamın sirrlərini bilən müəllim olmasını çox yüksək qiymətləndirirdi. 30-cu illərdə hələ gənc bəstəkarlar Tofiq Quliyev və Zakir Bağırov, Üzeyir bəyin göstərişiylə "Rast", "Zabul-segah" və "Dügah" muğamlarını məhz Mirzə Mansurun ifasından nota köçürdülər. Musiqi sahəsində böyük xidmətlərinə görə, 1940-cı ildə Mirzə Mansur Mansurova "Əməkdar İncəsənət Xadimi" fəxri adı verildi. Mirzə Mansur həmçinin tar ustası kimi də yaxşı ad qazanmışdı. Onun rekonstruksiya etdiyi 4 tardan biri Ermitajda, biri Luvrda, biri də İstanbulda muzeylərdə qorunur. Sonuncusu isə onun şəxsi tarı idi.
Məşədi Süleyman bəyin oğlu – Azərbaycanın xalq artisti, tarzən Bəhram Mansurov (1911-1985), bütün Mansurovlar kimi, İçəri şəhərdə doğulub və boya-başa çatmışdır. Mansurovlar nəslinin musiqi ənənələrinin layiqli davamçısı kimi, Bəhram Mansurov ömrünün çox hissəsini – 55 il Opera və Balet teatrında tarzən kimi solist-konsertmeyster vəzifəsində çalışıb. UNESCO hələ 1967-ci ildə məhz onun ifasında ilk dəfə Azərbaycan muğamları ilə tanış olub. Sonralar UNESCO Bəhram Mansurovun ifa etdiyi Azərbaycan muğamlarını val, kasset, CD şəklində bütün dünyaya yayıb.
Mansurovlar nəslinin digər nümayəndələri – Nadir Məşədi Süleyman oğlu (1916-1972) və Ənvər Mirzə Mansur oğlu (1917-1941) tarzən olublar. Ənvərin oğlu – Arif Mansurov (1939-2003) respublikanın tanınmış təsərrüfatçı mütəxəssislərindən olub. O, Nazirlər Kabinetinin aparatında çalışıb, Tikinti Materialları Nazirliyi, Ekologiya və Təbiətə Nəzarət Dövlət Komitəsinə rəhbərlik edib. Mesenat kimi, Arif Mansurov şəhərimizə şair Əliağa Vahidin Qubernator bağında (Hal-hazırda İçərişəhərdə) qoyulan heykəlini və Mərdəkanda Hacı Zeynalabdin Tağıyevin qəbirüstü abidə kompleksini hədiyyə edib.
Arifin oğlu – Ənvər Mansurov (1969) Bakının məşhur "Şən və hazırcavablar" komandasının tərkibində MDB çempionu olub. Bəhram Mansurovun oğulları – respublikanın əməkdar artisti, tarzən Elxan Mansurov (1955), xalq artisti, bəstəkar Eldar Mansurov (1952) və əməkdar mədəniyyət işçisi Aydın Mansurov (1953-2017) nəslin musiqi ənənələrini layiqincə davam etdirirlər. Elxan Mansurov atası kimi, uzun müddətdir, 50 ildir ki, Opera və Balet teatrında tarzən kimi solist-konsertmeyster vəzifəsində çalışır, gənc xanəndələri muğam operalarında aparıcı partiyaların ifasına hazırlayır. Aydın Mansurov A.Zeynallı adına Musiqi Texnikumunun xor dirijorluğu şöbəsini bitirdikdən sonra bir müddət musiqi məktəblərində müəllim kimi çalışıb. Sonralar televiziyaya həvəsi olduğundan kinooperator sənətinə yiyələndi və uzun illərdir ki, bu sahədə çalışır. Xalq artisti, bəstəkar Eldar Mansurov klassik janrda yazılmış bir çox əsərlərin, kinofolmlərə və teatr tamaşalarına bəstələnmiş musiqinin müəllifidir. Musiqişünas kimi 1987-ci ildə Səmərqənddə keçirilmiş Beynəlxalq Muğam Simpoziumunda muğamların tarixi haqqında elmi işi ilə çıxış edib. Onun muğamların tarixi və nəzəriyyəsi haqqında elmi məqalələri bir neçə dəfə Fransa, Almaniya və Rusiyanın elmi nəşrlərində çap olunub. Bəstəkarlıqla yanaşı, Eldar Mansurov bir neçə kitab çap etdirib, o cümlədən babası və atasının xatirələri. Ən son işi isə Mansurovlar nəslinin tarixi kitabıdır.
Mansurovlar haqqında "Babam və mən" adlı film çəkilmişdir. Filmin Müəllif – rejissoru Aydın Dadaşovdur.[1]
Soyun tanınmış nümayəndələri
- Məşədi Məlik bəy Mansurov — Bakı Muğam Məclislərinin yaradıcısı.
- Məşədi Süleyman bəy Mansurov — Azərbaycan musiqisinin tədqiqatçısı, Bakı muğam məclislərinin rəhbəri.
- Mənsur Mənsurov — Azərbaycan tarzəni, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940).
- Ənvər Mansurov — Azərbaycan tarzəni.
- Bəhram Mansurov — Azərbaycan tarzəni, Azərbaycan SSR xalq artisti (1978).
- Elxan Mansurov — tarzən, muğam ifaçısı, Azərbaycan Respublikasının əməkdar artisti (2005).
- Eldar Mansurov — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2012).
- Aydın Mansurov — Azərbaycan musiqiçisi, kinooperator.
Şəcərə
Hacı Məlik Məhəmməd bəy (1668–1727) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ağa Hacı Kərim bəy (1694–1768) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ağa Hacı Mansur bəy (1731–1796) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Məşədi Süleyman bəy (1754–?) | Məşədi Məlik bəy (1757–?) | Ağa Hüseyn bəy (1767–1829) | Ağa Həsən bəy (1769–?) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Əli Murad bəy (1788–1838) | Ağa Salah bəy (1800–1848) | Ağa Hacı Əli bəy (1810–1879) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ağa Məmməd bəy (1820–?) | Raziyyə xanım (1823–1901) | Məhbubə xanım (1841–1902) | Məşədi İsmayıl bəy (1845–1909) | Məşədi Məlik Məmməd bəy (1842–1889) | Şəhrəbanu xanım (1847–1848) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Məşədi Əli Murad bəy (1858–?) | Məmməd Qasım bəy (1861–?) | Kərbəlayi Ağa Hüseyn (1864–1937) | Soltan (1867–?) | Məşədi Süleyman bəy (1872–1955) | Şəhrəbanu xanım (1879–1893) | Anaxanım (1881–1944) | Mirzə Mansur (1887–1967) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ağa Məlik (1910–1925) | Bəhram (1911–1985) | Sara (1913–1995) | Nadir (1916–1972) | Tələt (1915–1942) | Ənvər Mansurov (1918–1941) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Eldar (1952) | Aydın (1953–2017) | Elxan (1955) | Məlik (1956) | Kərbəlayi Arif (1939–2003) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ülvi (1983) | Anar (1986) | Süleyman (1977) | Bəhram (1979) | Hacı Ramil (1981) | Səbinə (1982) | Hacı Ənvər (1969) | Fəridə (1973) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İstinadlar
- İsayeva, R. “Babam və mən”: Mansurovlar haqqında sənədli film: [eyniadlı film Aydın Dadaşovun quruluşunda] //Mədəniyyət.- 2012.- 23 may.-S.5.