Maliyyə və bank menecmenti
Maliyyə və bank menecmenti — Maliyyə menecmenti – müəssisənin strateji və taktiki məqsədlərinə nail olmaq üçün rasional mənbələrdən maliyyə resurslarının cəlb edilməsi və onlardan daha səmərəli istifadə olunması yolu ilə pul axınlarını effektiv idarə edən elmdir. Maliyyə menecmenti müəssisələrin maliyyə fəaliyyətinin , yəni onların kapital və gəlirlərinin formalaşması və istifadəsi ilə əlaqədar pul münasibətlərinin idarəetmə məharətidir. Bank menecmenti bankın strateji və taktiki planlaşdırması, təhlil, tənzimləmə və bank fəaliyyətinə nəzarətlə əlaqədar olan münasibətlərin, maliyyə resurslarının, marketinq fəaliyyətinin, bank əməliyyatlarının yerinə yetirən işçi qrupunun idarəolunmasını tərənnüm edir.
Maliyyə menecmenti
Maliyyə menecmenti – maliyyə resurslarının idarə edilməsi sistemidir. Maliyyə siyasətini, metodlarını, vasitələrini, eləcə də maliyyə sabitliyini və artımının təmin edilməsi sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün idarəetmə qərarlarını qəbul edən və bu qərarları praktikada həyata keçirən insanları əlaqələndirən maliyyə resurslarının idarə edilməsi sistemidir. Maliyyə menecmenti maliyyə sisteminin bütün elementlərinə nüfuz edir və bazar iqtisadiyyatı şəraitində idarəetmə strukturunun ən mühüm tərkib hissəsi kimi çıxış edir. Maliyyə menecmentinin predmetini kapitalın hərəkətini əks etdirən pul axınları təşkil edir. Maliyyə menecmenti maliyyə, idarəetmə, uçot və təhlil sahəsindəki nəzəri işləmələri və onun çərçivəsində hazırlanmış yanaşmaların praktiki tərəflərini müvəffəqiyyətlə əlaqələndirən iqtisad elminin ən perspektiv istiqamətlərindən biridir. Maliyyə menecmentinin vəzifələrinə daxildir:
- maliyyə hesabatının təhlili;
- pul vəsaitinin proqnozlaşdırılması;
- səhm buraxılışı;
- kredit və borcların alınması;
- investisiyalarla əməliyyatlar;
- firmaların birləşmə və sərfetmə əməliyyatlarıının qiymətləndirilməsi[1]
Maliyyə menecmentinin məqsədləri
Maliyyə menecmentinin əsası qısamüddətli və uzunmüddətli perspektivdə maliyyə resurslarından səmərəli istifadə edilməsi amillərinin təhlilinə əsaslanan və maliyyə xidmətlərinin fəaliyyət istiqamətlərini müəyyənləşdirən maliyyə siyasətidir. Müvafiq siyasətin işlənib hazırlanması üçün maliyyə təhlilinin mənbələri dövlət maliyyə orqanlarının rəsmi hesabatları, institusional bazar strukturlarının (banklar, investisiya şirkətləri, əmtəə, fond və valyuta birjaları) informasiyası, statistik məlumatlar, sahələrarası və ölkələrarası məlumatların müqayisə edilməsi, şirkətlərin kənar istifadəsi üçün hazırlanmış maliyyə-mühasibat hesabatlarıdır. Müəssisələr səviyyəsində müvafiq maliyyə siyasətinin işlənib hazırlanması və qərarlar qəbul edilməsi üçün təsərrüfatdaxili prosesləri daha ətraflı açıqlayan daxili idarəetmə informasiyasından da istifadə edilir. Maliyyə menecmentinin məqsədləri aşağıdakılardır: şirkətin fəaliyyətinin faydalı iqtisadi nəticəsinin maksimallaşdırılması, məsrəflər minimallaşdırılmaqla mənfəətin maksimallaşdırılması, şirkətin iqtisadi potensialının artırılması, bazarda rəqabət qabiliyyətinin təmin edilməsi, mövcud maliyyələşdirmə mənbələrindən daha yaxşı istifadə edilməsi və qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün yeni maliyyələşdirmə mənbələrinin cəlb edilməsi, şirkətin aktivlərinin strukturunun optimallaşdırılması, yaxın gələcəkdə şirkətin maliyyə sabitliyinin təmin edilməsi. Maliyyə menecmentinin strateji məqsədi müəssisənin bazar dəyərini maksimum artırmaqdan ibarətdir. Maliyyə menecmenti məqsədlərinə nail olmaq müvafiq idarəetmə metodlarının tətbiq edilməsi sayəsində mümkündür. Maliyyənin idarə edilməsi metodları konkret tarixi xarakter daşıyır, makro və mikro səviyyələrdə iqtisadi münasibətlər inkişaf etdikcə bu metodlar da inkişaf edir. İnkişaf etmiş bazar münasibətləri şəraitində maliyyənin idarə edilməsinin əsas metodları aşağıdakılardır: prnoqnozlaşdırma və planlaşdırma, maliyyələşdirmə və kreditləşdirmə, özünümaliyyələşdirmə, vergitutma, sığorta, lizinq, trast, faktorinq, girov, maddi həvəsləndirmə, sanksiyaların tətbiq edilməsi. Maliyyə menecmenti müəyyən maliyyə vasitələri toplusunun köməyi ilə həyata keçirilir: ilkin vasitələr – pul vəsaitləri, debitor və kreditor borcları, qısamüddətli maliyyə qoyuluşları – səhmlər və istiqrazlar; təkrar vasitələr – opsionlar, fyuçerslər, forvard kontraktları.
Maliyyə menecmentinin funksiyaları
Maliyyə menecmentinin mahiyyəti onun yerinə yetirdiyi funksiyalarda təzahür edir. Bu funksiyaları iki qrupa ayırmaq olar:
- İdarəetmə subyekti funksiyası. Bura təşkil, təhlil, planlaşdırma, motivasiya və nəzarət funksiyaları aiddir;
- Xüsusi funksiya. Bura aktivlərin, kapitalın, investisiyanın, pul axınlarının və maliyyə risklərinin idarə edilməsi funksiyaları aiddir.
Maliyyə resurslarının maliyyələşmə mənbələri xüsusi kapitaldan və borc vəsaitlərdən ibarətdir. Xüsusi kapitala nizamnamə kapitalı, amortizasiya ayırmaları, müəssisənin sərəncamında qalan xalis mənfəət (bölünməyən mənfəət) və azad olunmuş resurslar aiddir. Borc vəsaitlərin tərkibinə bank kreditləri, qiymətli kağızlar (istiqraz vərəqələri, səhmlər) və lizinq daxildir. Müəssisənin effektiv maliyyə fəaliyyəti daim borc vəsaitləri cəlb etmədən mümkün deyil. Borc kapitaldan istifadə müəssisənin təsərrüfat fəaliyyətinin həcmini genişləndirir, xüsusi kapitaldan daha effektiv istifadəni təmin edir, müxtəlif məqsədli maliyyə fondlarının formalaşmasını sürətləndirir, son nəticədə müəssisənin bazar dəyərini artırır. Hərçənd istənilən biznes fəaliyyətinin təşkili üçün xüsusi kapital əsas rol oynayır, lakin iqtisadiyyatın bəzi sahələrinin müəssisələrində, o cümlədən ticarət firmalarında isitifadə olunan borc vəsaitlərin məbləği xüsusi kapitalın məbləğini xeyli üstələyir. Bununla əlaqədar borc vəsaitlərin cəlb edilməsinin və onlardan effektiv istifadənin idarə olunması maliyyə menecmentinin müəssisənin təsərrüfat fəaliyyətinin yüksək son nəticələrinə nail olmasına yönəldilən mühüm funksiyalarından biridir. Müəssiəsənin borc vəsaitlərinin cəlb edilməsi mənbələri və formaları müxtəlifdir. Müəssisənin cəlb etdiyi borc vəsaitləri aşağıdakı əsas əlamətlərə görə təsnifləşdirilir:
- cəlbetmə məqsədlərinə görə;
- cəlbetmə mənbələrinə görə;
- cəlbetmə dövrünə görə;
- cəlbetmə formasına görə;
- təminetmə formasına görə.
Maliyyə menecmentinin beynəlxalq aspektləri
Beynəlxalq hesablaşmalarda tətbiq edilən ödəmələrin növləri: nağd ödəniş, kreditlə ödəniş; ödəmələrin kombinə edilmiş növləri (nağd və kreditləşmə yolu ilə hesablaşmalar). Nağd ödəmələrin mahiyyəti. Bu zaman ödəmə, kredit verilmədən və ya vaxtı uzadılmadan aparılır. İxracat üçün ən əlverişli şərt ondan ibarətdir ki, ödəmə, kontrakt imzalandıqdan sonra aparılır. İxracatçı üçün əlverişlidir ki, mal onun ölkəsinə daxil olduqdan və malın keyfiyyəti haqqında akt tərtib edildikdən sonra ödəmə aparılsın. İxracatçı üçün əlverişlidir ki, ya avans alsın və ya qabaqcadan ödəmə aparılsın. Kredit hesabına ödəmənin mahiyyəti: Bu zaman ödəmə mal alınmamışdan əvvəl və ya sonra aparılır. Birinci haqda idxalatçı kreditor kimi çıxış edir və o ixracatçıya avans verir, yəni alacağı malın müəyyən hissəsinin dəyərini ödəyir, lakin hələ əmtəələr üçün heç bir sənədə malik deyil. İkinci halda isə, əmtəələr üçün sənədlər alındıqdan sonra ödəmə həyata keçirilir. Burada kreditor kimi ixracatçı çıxış edir. Bir qayda olaraq ixracatçı malın satılmasında maraqlıdır və idxalatçıya daha əlverişli şərtlər verir, o cümlədən, bu və ya digər formada ona kredit verir. Kombinə edilmiş formada (nağd və kredit hesabına) ödəmələr maşın, nəqliyyat vasitələrinin, avadanlıqların və s. üçün idxal – ixrac əməliyyatları da tətbiq edilir. Dünya təcrübəsində korporasiyalar daha bahalı məhsulların satışı zamanı idxalatçı kontrakt imzalandıqdan sonra ixracatçıya nağd yolla avans köçürür, qalan vəsaiti isə kredit formasında ödənilir. Beynəlxalq hesablaşmalarda tətbiq edilən hər hansı bir hesablaşma forması ya göndərilən malın xüsusiyyətindən və ya müştərinin inamından asılıdır. Beynəlxalq tijarət təjrübəsində sonrakı hesablaşm a formaları tətbiq edilir: Bank köçürməsi; sənədli akkreditiv, inkasso –tapşırıqı. Bank köçürməsi ödəmə tapşırığı ilə həyata keçirilir. Ödəmə tapşırığı bir bank tərəfindən digərinə ünvanlanır. Belə köçürmə bank çekləri vasitəsilə də aparılır. Ödəmə tapşırığı bankın əmridir və öz müxbirinə ünvanlanır. Bu əmr xariji alıjıya vəsaitin köçürülməsi haqqında verilir. Bank köçürməsi üzrə əməliyyatlar sonrakı kimi aparılır:
- İxracatçı mal göndərilməsi haqqında sənədi idxalatçıya verir;
- İxracatçı idxalatçıya pulun köçürülməsi haqqında ərizə – tapşırığı banka verir;
- Bank hesabdan pulu çıxarır;
- İdxalatçının bankı pulu ixracatçının bankına göndərir;
- İxracatçının bankı pulu ixracatının hesabına yazır;
- İxracatçının bankı vəsaitin tranzit hesaba daxil olması haqqında məlumat verir;
- Hesablaşmaların inkasso formasının mahiyyəti. Bu formada hesablaşma zamanı bank müştəriyə çatacaq pul vəsaitinin alınmasını öz üzərinə götürür. Belə ki, ixracatçı malı yola saldıqdan sonra öz bankına inkasso – tapşırığı verir və başqa sənədləri təqdim edir. İxracatçının bankı sənədləri idxalatçının bankına göndərir. İdxalatçının bankı isə sənədləri ödənilmək üçün idxalatçıya verir. Son nəticədə idxalatçının bankı pulu ixracatçının bankına köçürür.
- Sənədli akkreditivin mahiyyəti: bu hesablaşma formasının mahiyyəti ondan ibarətdir ki, müştəri (idxalatçı) banka tapşırıq verir ki, onun hesabından vəsait ixracatçıya köçürülsün. Bu hesablaşma forması ixracatçı üçün əlverişlidir, çünki bu hesablaşma forması ödənilməmək riskinə təminat verir və valyuta gəlirini tezliklə alınmasına şərait yaradır. Alıcı bu məqsəd üçün bankdan kredit də ala bilər. Ümumiyyətlə, hesablaşma sonrakı kimi aparılır: idxalatçı razılaşmış vaxtda akkreditivin açılması haqqında öz bankına tapşırıq verir. İdxalatçının bankı ixracatçının bankından akkreditiv hesabının açılmanı xahiş edir. İxracatçı akkreditivin açılması haqqında məlumat aldıqdan sonra idxalatçının ünvanına mal yola salır. İxracatçı yola salınmış malın hesab sənədini öz bankına verir və ödəniləjək məbləği alır. Mal sənədlərini ixracatçının bankı idxalatçının bankına göndərir. Beynəlxalq kreditlər istənilən valyuta ilə verilə bilər. Kreditlər qısa müddətli (1 ilə); ortamüddətli (1 ildən 5 ilə) və uzunmüddətli (5 ildən yuxarı) verilir. Qısamüddətli kreditlər cari ödənişlərə (dövriyyə kapitalı üçün) verilir. Uzunmüddətli kreditlər əsas kapitala investisiyalara yönəldilir və maşın və avadanlıqların ixracatının ödənilməsi üçün istifadə edilir. Texniki nöqteyi – nəzərdən verilməsinə görə kreditin növləri: kredit xətti; təcili ssuda. Birinji formada kredit müştəri yə kreditləşmə limiti əsasında verilir və bu zaman kreditin verilmə müddəti müəyyən edilir. Həmin müddət ərzində müştəri istənilən vaxtda heç bir rəsmiləşmə aparılmadan bankdan kredit ala bilər. Kredit müəyyən müddətə verilir. Belə kredit təcili adlanır və bu zaman tərəflər kreditin verilməsi və silinməsi qaydası haqqında razılaşırlar. Qısamüddətli kreditdə kredit, faizlə birlikdə geri qaytarılır. Örta və uzunmüddətli kreditdə börj müəyyən qrafik əsasında silinir və faiz ödənilir. Bu o zaman baş verir ki, müştəri investisiyadan gəlir götürür. Çox hallarda borc, kreditləşən obyekt istismara verildikdən sonra silinir. Beynəlxalq kreditin verilmə üsulları: vekselin təminatı; evrokredit İxracatı vekseli ödəmə vasitəsi kimi alır. Bank ya həmin vekseli nəzərə alır və ya həmin vekselə görə ssuda verir.
Şirkətlərin beynəlxalq maliyyələşmə formalarına daxildir: beynəlxalq lizinq; faktorinq; ferfeytinq. Lizinqin mahiyyəti, məqsədi və formaları. Lizinq sahibkarlıq fəaliyyyətinin bir formasıdır. Lizinq – əmlakın alınması və onun müqavilə əsasında fiziki və ya hüquqi şəxslərə müəyyən haqq,müddət və şərtlər əsasında verilməsidir. Əmlakı sonralar lizinq alıjısı almaq hüququna malikdir. Lizinq – əsas fondlara görə əmtəə kreditidir. Lizinqin obyektinə bina, qurqu, avadanlıq, nəqliyyat vasitəsi və s. daxildir. Torpaq – lizinqin obyekti ola bilməz. Lizinqin subyekləri: lizinq alıjısı; lizinq əmlakının satıjısı. Lizinqin təsnifatı: Maliyyələşmə tipinə görə lizinq; iştirakçıların (subyektlərin) tərkibinə görə lizinq; Maliyyələşmə tipinə görə lizinq təcili və bərpa edilən lizinqə ayrılır. Təcili lizinqdə əmlak bir dəfə ijarəyə verilir. Bərpa edilən lizinqdə isə lizinq müqaviləsi vaxtı başa çatdıqdan sonrakı müddət üçün uzadılır. Subyektlərin tərkibinə görə lizinq: birbaşa lizinq; dolayı lizinq; və s. ayrılır. Birbaşa lizinqdə əmlakın mülkiyyətçisi obyekti özü lizinqə verir. Dolayı lizinqdə isə əmlakın lizinqə verilməsi vasitəçiilə həyata keçirilir. Əmlakın tipinə görə lizinq: hərəkət edən əmlakın lizinqi. (avadanlıq, texnika, avtomobil, təyyarə və s.); hərəkətsiz əmlakın lizinqi (bina, ğurğu) və s. ayrılır.
Bank menecmenti
Bank menecmenti idarəetmənin xüsusi sahəsi olmaqla, bazar iqtisadiyyatının inkişafı şəraitində ortaya çıxır. Bank əməliyyatlarının inkişaf etmiş ölkələrdə olan əməliyyatlar səviyyəsinə çatdığı mərhələdə bu xidmətlərə qiymətli kağızlarla, kredit kartları ilə, valyuta ilə əməliyyatlar, digər kommersiya bankları və strukturlarının səhmlərinin yerləşdirilməsinə kömək, müştərilərə onların vəsaitlərinin səmərəli yerləşdirilməsində xidmət, investisiya layihələrinin qiymətləndirilməsi, lizinq, faktorinq və digər əməliyyatlar aiddir. Qeyd etmək lazımdır ki, belə şəraitdə bankın nizamnamə kapitalı digər kommersiya bankları üçün ehtiyat fonduna çevrilə bilər. Bank menecmenti bu və ya digər proqrammı sadəcə olaraq kreditləşdirmir, həmçinin kreditlərin necə sərf olunmasına nəzarət edir. Xüsusən isə, onların hansı məqsədlərə sərf olunmasına və vaxtında geri qaytarılmasına nəzarəti öz üzərinə götürür. Bank menecmenti kommersiya banklarının öz funksiyalarını yerinə yetirmələri ilə bilavasitə bağlı olan praktiki fəaliyyətdir. Bu aspektdə bank menecmenti idarəedici obyektlərə: bankın aktiv və passiv əməliyyatlarına, hesablama-kassa əməliyyatlarına, normativ maliyyə göstəricilərinin yerinə yetirilməsinə, daxili audit və nəzarətə təsir sistemi kimi çıxış edir. Bank meecmentinin yaranması 1929-1933-cü illərdə yaranmış krizisə əsaslanır. Bu dövrdə bir sıra kommersiya bankları ya iflasa uğradılar ya da ciddi dəyişikliyə məruz qaldılar. Menecmentin digər sahələri kimi bank menecmenti də öz inkişafını ikinci dünya müharibəsindən sonra iqtisadiyyatın mako və mikro səviyyədə idarə olunmasının gücləndiyi dövrdə başladı. Daha sonra qərb ölkələrində menecmentin nəzəri əsasları yarandı ki, bunun da əsasını firmadaxili planlaşdırma təşkil edirdi. Bu nəzəriyələrdən ən məşhuru Nobel mükafatçısı amerikalı iqtisadçı Q. Markoviçin effektiv portfel nəzəriyyəsidir. Onun konsepsiyasına əsasən risk aktivlərinin portfeldə birləşməsi hesabına müəssisənin riski xeyli azala bilər. Bu baxımdan iki mühüm nəticəni qeyd etmək olar:
- Riskin minimallaşdırılması məqsədilə investorlar risk aktivlərini portfeldə birləşdirməlidirlər;
- Bütünlükdə hər bir aktiv üzrə risk səviyyəsi risk portfeli ilə qarşılıqlı əlaqədə ölçülməlidir.
Markoviç nəzəriyyəsinin əsasında efektiv portfel anlayışı durur. Effektiv portfelin əsas kriteriyası göstərilən gəlirlilik və mənfəətliliyin təmin olunmasıdır. Qeyd etmək lazımdır ki, bank menecmenti sistemində effektiv portfel əsas yer tutur, belə ki, bu halda söhbət cəlb olunmuş resurslardan gedir. Məhz buna görə effektiv kredit ssudalarının, investisiya, valyuta, lizinq və bankın digər portfellərin formalaşması bank menecmentinin çox mühüm elmi-praktiki məsələlərindədir. Menecmentin nəzəri əsaslarından biri də 1950-ci illərin sonlarında F.Modilyani və M.Miller tərəfindən işlənmiş kapitalın struktur nəzəriyyəsi oldu. Onların konsepsiyasına görə müəssisə özünün sərbəst optimal capital strukturuna malik olmalıdır. Bu nəzəriyyə müəssisəyə kapitalın optimal strukturunu qiymətləndirməyə, daha sonra müəyyən etməyə imkan verir. Kapitalın optimal strukturunun əsas göstəricisi müəssisənin bazaar qiymətinin artması hesab olunur. Menecmentin nəzəri əsaslarına agent münasibətləri nəzəriyyəsini də aid etmək olar ki, o özündə bir tərəfdən səhmdarlar və menecerlər, digər tərəfdən səhmdarlar və kreditorların münasibətlərini əks etdirir. Konsepsiyanın əsas ideyası ondan ibarətdir ki, bütün qarşılıqlı münasibətlər potensial konfliktlərin əsas mənbəyidir.[2]
Bank menecmentinin məqsədi
Bir qayda olaraq, bank menecmentinin məqsədləri bank fəaliyətinin iqtisadi və sosial məqsədləri ilə müəyyən olunur. İstənilən bankın ən əsas iqtisadi məqsədi gəlirin əldə olunmasıdır. Bankın səhmdarları nizamnamə kapitalını formalaşdırarkən, dividend şəklində gəlir əldə etmək məqsədilə, əmanətçilərin pul vəsaitlərinin daha gəlirli yerləşdirilməsini əvvəlcədən hesablayırlar. Bununla yanaşı, gəlirin əldə olunmasında əmaətçilər də maraqlıdırlar, belə ki, bankın rentabellik səviyyəsi öz növbəsində onun etibarlılıq və davamlılıq dərəcəsinin əsas göstəricisidir. Bundan başqa bankın gəlirlilik səviyyəsində bank personalı da (yuxarı səviyyə işçilərindən aşağı səviyyəyə qədər) maraqlıdır. Eyni zamanda bankın mənfəətinin maksimallaşdırılması qısa müddətli xarakter daşıya bilər, hansı ki, aşağıdaki prinsiplə xarakterizə olunur: xərclərin minimumlaşdırılması şəraitində yüksək gəlir əldə etmək. Strateji məqsəd kimi bu tip yanaşma uzunmüddətli perspektivdə nəzərdə tutulmayib, belə ki, maksimum mənfəətin olduğu halda xərcləri texniki xidmətlərin yaxşılaşdırılmasına, ehtiyatların artırılmasına, işgüzar əlaqələrin aşağırentabelli lakin gələcəkdə perspektivli müəssisələrə yönəltmək tələb olunmur. Nəticə etibari ilə, bank menecmetinin iqtisadi məqsədləri maksimum cari mənfəətin əldə olunması ilə deyil, bankın qiymətinin yüksəlməsi ilə bağlıdır ki, bunun nəticəsində də, uzunmüddətli dövrdə gəlirlərin əldə olunması, banka əməliyyatların sayının artımı, bankın səhmlərinin qiymətinin artması, stabil dividendlərin əldə olunması, həmçinin kreditorlar üçün məqbul risk səviyyəsinin olması təmin olunmalıdır. Sosial məqsəd bank müştərilərinin tələblərinin yerinə yetirilməsi səviyyəsinə, xidmətlərin keyfiyyətinə, ərizələrin qəbul olunması surətinə, xidmətlərin yüksək səviyyədə həyata keçirilməsinə nəzarət edir. Bu halda bankın idarəolunma sistemi özündə bank məhsulları və xidmətlərinin marketinq tədqiqatlarını əks etdirməlidir. Sosial məqsədlərin bank tərəfindən realizasiyası müasir informasiya texnologiyaları və müştərilərlə ünsiyyət yaratmaq məqsədilə bank personalının xüsusi biliklərini inkişaf etdirən dərs vəsaitləri olmadan mümkün deyil. Bank menecmentinin sosial məqsədlərinə iqtisadiyyatın inkişaf etdirilməsi məqsədilə resursların müxtəlif sahələrə, xüsusən də sənayə sahəsinə və regionlara yatırılmasını aid etmək olar. Banklar ictimai təşkilat kimi öz fəaliyyətlərini ölkənin ümumi iqtisadi inkişafı ilə əlaqələndirməlidirlər və bu yolla öz gələcək əməliyyatlarının miqyasını artırmalıdırlar.[3] Beləliklə bank menecmenti bir-biri ilə qarşılıqlı əlaqədə və asılılıqda olan aşağıdakı parametrlər sistemini təşkil edir:
- İqtisadi-maliyyə göstəriciləri;
- Bankın qarşısında duran məsələlərin həllinə cavab verən təşkilati quruluş;
- Bank məhsullarının texnoloji-funksional idarəedilməsi.
Нər bir bank öz fəaliyyətində daxili nəzarət mexanizmlərinin adekvatlığını təmin etmək məqsədilə aşağıdakı əsas prinsipləri və qaydaları rəhbər tutmalıdır:
- Mükəmməl təşkilati struktur;
- Zəruri siyasət və uçot qaydaları;
- Aktivlərin qorunması üçün tədbirlər;
- Daxili audit üzrə səmərəli proqram.
Bank işinin və siyasətinin ümumi strateji istiqamətlərinin, о cümlədən daxili nəzarət siteminin yaradılması və həyata keçirilməsi, habelə bank əməliyyatlarının düzgün və səmərəli aparılması üçün bankın Müşahidə şurası və İdarə Heyəti məsuliyyət daşıyır. Bankın Maliyyə-təftiş komissiyası isə bankın qanunlara, normativ aktlara, habelə bankın özünün siyasətinə və qaydalarına əməl edilməsini təhlil etmək məqsədilə, onun əməliyyatlarının müntəzəm auditinin keçirilməsi üçün məsuliyyət daşıyır.
Bank menecmentinin vəzifələri
İqtisadi və sosial məqsədlər bankın vəzifələrini müəyyən edir. Bankın əsas vəzifələrinə aşağıdakılar aiddir:
- Məqbul risk səviyyəsində bankın mənfəətliliyinin təmin olunması, hansı ki, mənfəətin, gəlirin və xərclərin səmərəli təşkilinin, səhmlərin qiymətinin, bankın aktiv və passiv əməliyyatlarının obyekt və strukturun idarə olunmasını təklif edir;
- Mənfəətin həcminin optimallaşdırılması məqsədilə likvidliyin dəstəklənməsi; pul axınlarının idarə olunması, passivlərin keyfiyyət strukturunun inkişafı və yaxşılaşdırılması, yüksək likvidli aktivlərin vəziyyətinə nəzarət, bankın likvidlik mövqeyinin proqnozlaşdırılması daxil olmaqla.
- Risklərin idarə olunması, bu xüsusi və dünya iqtisadiyyatının ümumi parametrlərinin inkişafının proqnozlaşdırılmasının təşkilini, müxtəlif bank risklərinin qiymətləndirilmə parametrlərinin inkişafını, həmçinin yaxın gələcək üçün likvidliyin proqnozlaşdırılmasını təmin edir;
- Təhsil, mənəvi həvələndirmə və daxili nəzarət daxil olmaqla bank personalının maksimal səmərəli fəaliyyətinin təmin olunması [4]
Bank menecmentində daxili nəzarət
Daxili nəzarət mexanizmləri bank fəaliyyətində potensial səhvlərin, nöqsanların və itkilərin vaxtında aşkar edilməsi və qarşısının alınmasının, bank risqlərinin minimuma endirilməsinin mühüm vasitəsidir. Daxili nəzarət mexanizmlərinin yaradılması bank əməliyyatlarının etibarlılığı, təhlükəsizliyi, səmərəliliyi və qanunvericiliyə uyğunluğunu təmin etmək üçün zəruridir. Təşkilati struktur bankda səlahiyyətlərin və vəzifələrin dəqiq və aydın bölgüsünü nəzərdə tutur. Müşahidə şurası tərəfindən təsdiq edilmiş müvafiq siyasətdə, məsələn kreditlərin verilməsi, investisiyaların həyata keçirilməsi, yaxud ticarət (valyuta, qiymətli kağızlar üzrə alqı-satqı) və s. əməliyyatlarının aparılması üçün işçilərin səlahiyyətləri aydın və dəqiq reqlamentləşdirilməlidir. Nəzərə almaq lazımdır ki, bankın hər bir işçisi tərəfindən aparılan kreditləşmə, investisiya, valyuta və qiymətli kağızlar üzrə alqı-satqı və s. əməliyyatlarının həcmi məhdudlaşdırılır. Bu məhdudlaşdırma limitlərlə müəyyənləşir. Bunun üçün: limitlər üzrə monitorinq və hesabat sistemləri yaradılmalıdır;
- müntəzəm surətdə rəhbərliyə, Müşahidə şurasına və Maliyyə-təftiş komissiyasına siyasətə əməl edilməsi barədə hesabatlar təqdim edilməlidir.
- Нər bir kommersiya bankının ayrı-ayrı fəaliyyət növü üzrə müvafiq siyasət və daxili prosedur qaydaları işlənib hazırlanır, habelə həmin siyasətə və qaydalara əməl olunmasına nəzarət etmək üçün adekvat nəzarət sistemləri müəyyənləşdirilir:
- hər bir siyasət Müşahidə şurası tərəfindən təsdiq olunur;
- hər bir siyasət ən azı ildə bir dəfə yenidən nəzərdən keçirilir;
- bütün əməkdaşlar bankın siyasəti ilə və onların sahəsinə aid olan qaydalarla tanış olur;
Kredit təşkilatlarında minimum aşağıdakı daxili siyasət, prosedur və qaydaların işlənib hazırlanması zəruridir: bankın idarəetmə strukturu və qərarların qəbul edilməsi prosedurları;
- bankın ayrı-ayrı struktur bölmələri və əməkdaşları arasında hüquq və vəzifələri reqlamentləşdirən sənədlər;
- bankın daxili audit xidmətinin fəaliyyətini tənzimləyən qaydalar;
- bankın kredit siyasətini, vəsaitlərin cəlb edilib yerləşdirilməsini tənzimləyən qaydalar;
- bankın likvidliyinin, aktiv və passivlərinin idarə olunması siyasəti;
- qiymətli kağızların buraxılması və investisiya siyasəti;
- müştəri hesablarının açılması və hesabların aparılması qaydaları;
- kompüter sistemləri, onları istifadəsi və təhlükəsizliyinin qorunması qaydaları;
- kadr siyasəti;
- digər siyasət, prosedur və qaydalar.
Qyed etmək lazımdır ki, bu siyasət qüvvədə olan qanunvericilik Mərkəzi Bankın təlimat, qaydalar və normativ göstərişlərinin tələblərə cavab verməlidir. Bankın rəqabət qabiliyyətli və yüksək səviyyədə fəaliyyətini tən etmək məqsədilə bankın daxilində işçilərin vəzifələri elə bölünülməlidir ki, hər bir əməliyyatın əvvəlindən sonunadək onunla bir məşğul olmasın, yəni hər bir əməliyyatın icrası və həmin əməliyyat nəzarət eyni şəxs tərəfindən aparılmasın. Yəni, kreditlərin səndləşdirilməsi ilə məşğul olan bank əməkdaşı, kredit vəsaiti vermək səlahiyyətlərinə malik olmalı deyil. Və yaxud, müxbir hesablarla əməliv aparan bank işçisi, bu əməliyyatları balans və şəxsi hesablara işləyə məz və s. Bankın kadr siyasəti yürüdülərkən vəzifələr periodik olaraq birini əvəz edir. Onu da nəzərə alaq ki, bu prosesin səmərəli olması əvəzetmənin müddəti kifayət qədər uzun olmalıdır. Həmçinin bankın bütün əməkdaşları, hətta rəhbər işçiləri də birbaşa ildə azı iki fasiləsiz öz iş yerlərini tərk etməlidirlər ki, (məzuniyyət vaxtı) bu müddətdə onların işini başqa əməkdaşlar yerinə yetirsinlər.[5]
İstinadlar
- A.İmran, Menecment, Bakı-2007,
- K.A.Şahbazov, M.H.Məmmədov, H.S.Həsənov,Menecment, Bakı-2005
- İ.B.Əmirov, Z.E.Hacıyeva, Menecment, Bakı-2015
- Ə.Ə.Ələkbərov, M.Ə.Vəliyev, S.H.Pürhani, Menecment, 2013
- Z.F.Məmmədov, "Bank Fəaliyyətinin əsasları", 2015