Malik İbrahim piri
Malik İbrahim piri — Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərinin şərqində, Qaradağın ətəyində, eyniadlı qəbiristanlıqda yerləşən ziyarətgah.
Malik İbrahim piri | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Naxçıvan |
Yerləşir | Ordubad şəhəri |
Üslubu | Naxçıvan memarlıq məktəbi |
Vəziyyəti | fəaliyyət göstərir |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
Ziyarətgah Malik İbrahim qəbiristanlığının mərkəzində böyük bir binadan ibarətdir. Binanın qərb və cənub tərəfində balkon düzəldilmişdir. Cənub tərəfdəki otaqda bir qəbir vardır. Üzərində epiqrafik sənəd-kitabə olmadığı üçün qəbrin kimə məxsus olduğunu müəyyən etmək mümkün deyildir. El arasındakı fikrə görə bu qəbirdə şiələrin üçüncü imamı Hüseynin Kərbalada şəhid olmasından sonra onun qisasını almaq üçün VII əsrin sonlarında başlayan hərəkatın rəhbərlərindən biri olan sərkərdə İbrahim Əjdərin oğlu Malik dəfn edilmişdir. Dini ədəbiyyatdan məlumdur ki, İbrahim Əjdər həlak olduqdan sonra övladları təqib olunmuş, bu səbəbdən də didərgin düşmüş, bəziləri Azərbaycana gələrək orada məskən salmış, oğlanlarından Malik Ordubadda, Malik Əjdər isə Laçın rayonunun Cicimli kəndində dəfn edilmişdir. Cicimli kənd qəbiristanlığında erməni işğalınadək salamat qalan və XI-XII əsrlərə aid edilən Malik Əjdər türbəsi bölgənin məşhur ziyarətgahlarından biri idi. Ordubadda dəfn olunan Malikin qəbri də dəfn olunduğu zamandan ziyarətgaha çevrilmişdir. Qəbir olan binanın qərbdən giriş qapısının baş tərəfində, gəc üzərində rənglə "Malik ibn İbrahim" sözləri yazılmışdır. XX yüzilliyin 80-ci illərində bina təmir edilərkən həmin kitabə məhv edilmiş və Fərruxzad bəyin hicri 962, miladi 1554/1555-ci ildə vəfat etmiş oğlu Məhəmməd bəyə aid sənduqə tipli qəbirüstü xatirə abidəsini yanlış olaraq gətirib həmin qəbrin üstünə qoymuşlar. Pir-ziyarətgah Ordubad şəhərinin və bölgənin əhalisi tərəfindən ziyarət edilir. Pirdən bir qədər aralı, cənub tərəfdə ziyarətgaha çevrilmiş sufi şeyxi Şeyx Əbu Səidin qəbri vardır. El arasında "Şeyxin qəbri" adlanan bu qəbrə də əhali böyük hörmət və ehti ramla yanaşır, ziyarət edir.[1]
İstinadlar
- Naxçıvan abidələri ensiklopediyası Arxivləşdirilib 2019-02-09 at the Wayback Machine. Naxçıvan: 2008, səh.296 (az.)
Ədəbiyyat
- Nemət M. Azərbaycanda pirlər. Bakı: 1992;
- Səfərli F. Naxçıvanda sosial-siyasi və ideoloji mərkəzlər. Bakı: 2003.