Maksim

Maksim (yun. Μάξιμος ο Ομολογητής) — Erkən dövr xristian din xadimi, Kilsə atası

Maksim
yun. Μάξιμος ο Ομολογητής
Doğum tarixi 579
Doğum yeri Konstantinopol
Vəfat tarixi 13 avqust 662
Vəfat yeri Gürcüstan
Fəaliyyəti ilahiyyatçı, filosof
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

580-ci ildə Konstantinopolda (İstanbul) dünyaya gəlmiş məşhur xristian ilahiyyatçısının həyatı haqqında az məlumat vardır. 50 yaşında monastıra gedən və Xrizopolis monastırının başçısı vəzifəsinədək yülsələn Maksim təxminən 640-cı ildə Karfagen şəhərinə köçərək, yaradıcılıq fəaliyyətinə başlamış, qısa müddətdə yerli əhali tərəfindən hörmətlə qarşılanaraq dini liderə çevrilmişdir.

Bu dövrdə Bizans İmperiyasında monofizit (İsanın yalnız ilahi xarakterə malik olduğu barədə dini görüş) və diofizitlər (İsanın həm ilahi, həm də insani xarakterə malik olduğu barədə dini görüş) arasında dini mübahisələr yaranmışdı. Onları bir cəbhədə birləşdirməyə çalışan imperator İrakli diofizitliyi İmperiyanın rəsmi doktrinasına çevirməyə cəhd göstərirmişdir. Elə həmin dövrdə Roma Papası ilə Konstantinopol patriarxı arasında dini mövzuda baş vermiş münaqişə nəticəsində hər iki kilsə bir-birindən ayrılmışdır. Məsələnin ciddiliyi imperator Konstantı bu haqda mübahisələrə qadağa qoyan tipos (xristian iman əsaslarını izah edən qanunnamə) hazırlamağa məcbur etmişdi.

Belə bir gərgin durumda şəxsi mövqeyə malik Maksim fikirlərini yaymaq üçün Romaya səfərə yollanmışdı. Beləliklə, 649-cu ildə Romada Lateran Kilsə Məclisinin qərarı ilə imperatorun bu "Tipos"u rədd edilmişdi. Bu məclisdə Maksimin mövqeyi mühüm rol oynamışdır. Bizans İmperatoru bu hadisələrlə əlaqədar Roma Papası I Martini və Maksimi həbs etdirmişdir. Maksim imperatora nifrət bəsləməklə ittiham olunmuşdur. Heç bir çətinliyə baxmayaraq, Maksim "Tipos"u rədd etmək fikrindən daşınmamışdır. Uzun məhkəmələrdən sonra o, iki tələbəsilə birlikdə 662-ci ildə anafema olunmuş (xristian dinindən çıxarılmışdı), həmçinin dilinin qoparılmasına və sürgün edilməsinə qərar verilmişdir. Onun müasir Gürcüstan ərazisinə (Batumiyə) sürgün edildiyi və 662-ci ildə burada dünyasını dəyişdiyi barədə fikirlər mövcuddur.

Yaradıcılığı

Yaradıcılığında, əsasən, neaplatonizmin təsiri hiss olunur. İlahiyyatçının PlotinProklun əsərlərindən bəhrələndiyini də söyləmək mümkündür. Maksimin fikrincə, insan Tanrı obrazı şəklində yaradılmışdır və xilas yolu Tanrı ilə birləşməkdədir. Həmçinin, dünyada mövcud olan hər şey Tanrıda da mövcuddur. Maksimə görə, Tanrı dünyanı öz ilahi istəyi ilə yaratmışdır. Dünyada şər deyilən məfhum yoxdur. Hər Tanrı məxluqunun müstəqil iradəsi vardır. İsa Məsih bəşəriyyəti xilas etmək üçün insan iradəsinə sahib olaraq dünyaya gəlmişdir. Onun tək ilahi deyil, insani iradəsi də olmuşdur, bunsuz o, tam mənası ilə Xilaskar ola bilməzdi.

Maksim xristian ilahiyyatında mühüm yer tutan "Loqos" məfhumuna da xüsusi diqqət ayırmışdır. Onun fikrincə, Loqos hər canlıya aid olunur, lakin bir-birindən fərqlənir. Həmçinin, Tanrı padşahlığı ideyası da onun əsərlərində ətraflı incələnmişdir. Burada bütün varlıqların Tanrıya yönəldiyi qeyd olunmuş, həyatının anlamının bu hadisədə olduğu bildirilmişdir. Maksim Tanrının bütün mıxluqları əks formada yaratdığını yazmış, bu əksliklərdə düşmənçiliyin deyil, harmoniyanın gizləndiyini vurğulamışdır. Onun fikrincə, insan ilkin günah işlədərkən, öz azadlığından sui-istifadə etmiş, lakin İsa Məsihin dünyaya gəlişi səbəbilə xilas olunma ümidi qazanmışdır.

Maksim asketizmi (nəfsani ehtiyacların tamamilə boğulmasını təbliğ edən görüş, tərkidünyalıq) təbliğ edərək, onun Xristianlığın əsası olduğu barədə fikirlər səsləndirmişdir. O, xristian həyatının dünyadan təcrid olduğu fikrini irəli sürmüş, bu əsasla da, nikahı rədd etmişdir.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.