Mahmud Muhiti

Mahmud Muhiti (uyğ. مەھمۇت مۇھىتى; çin. 马木提·穆依提; pinyin: Mǎmùtí Mùyītí; Wade-Giles: Mamut'i Muit'i; 18871944, Sian), təxəlüssü Mahmud Sijan (çin. 师长 pinyin: Shīcháng; Wade-Giles: Shih-ch'ang) — Şərqi Türkistanda uyğur mənşəli hərbi xadim, general və siyasətçi. Sincan əyalətinin qubernatoruna qarşı Kumul üsyanı zamanı Niyazi Xocanının rəhbərlik etdiyi üsyançıların komandiri idi. Üsyan zamanı Sincanın yeni təyin olunmuş qubernatoru Şen Şenq Niyazi Xoca ilə barışığa nail olduqdan sonra, Muhiti 1934-cü ildə qısa müddət ərzində Qaşqar bölgəsinin Hərbi Komandanı vəzifəsini yerinə yetirmişdir. Onu bu vəzifəyə təyin edən Şenq çox keçmədən Mühitini işindən azad etdi və türk müsəlmanlarından ibarət 6-cı Uyğur Diviziyasının komandiri təyin edildi. Bu vəzifədə o, həmçinin Qaşqar bölgəsinin Hərbi Komandirinin müavini funksiyanı da yerinə yetirirdi. Muhiti Şenqin SSRİ ilə sıx əlaqələrinə qarşı çıxır və Qaşqarda ona qarşı müxalifət formalaşdırırdı. O, 1937-ci ildə Şenqə qarşı İslam üsyanını təşkil etdi və Britaniya Hindistanına qaçdı. Muhiti daha sonra Yaponiya ilə əməkdaşlığa getdi. O, işğal altındakı Çində fəaliyyət göstərdi və Yaponiya ilə müsəlmanlar arasındakı əlaqələr yaratmağa cəhd edirdi. Lakin onun səyləri nəticəsiz qaldı. Mühiti 1944-cü ildə Pekində beyninə qansızmasından sonra vəfat etmişdir.

Mahmud Muhiti Qazi
uyğ. مەھمۇت مۇھىتى
Şəxsi məlumatlar
Digər adı Mahmud Sijan
Doğum tarixi 1887
Vəfat tarixi 1944
Vəfat yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Çin Respublikası
Şərqi Türkistan İslam Respublikası
Sincan Əyaləti, Çin Respublikası
Qoşun növü quru qoşunları
Hərbi hissə 36-cı Diviziya (1933)
Xidmət illəri 1933–1937
Rütbəsi general
Döyüşlər Kumul üsyanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Muhiti 1887-ci ildə[1] varlı bir ailədə anadan olmuşdur.[2] Onun şəxsi həyatı haqqında çox az məlumat vardır. İngilis konsulu K. C. Pakkman onu "Turfandan olan zəngin, lakin fitnəkar və etibarsız köhnə tacir" kimi xarakterizə etmişdir. Lakin Pakkmanı əvəz edən Thomson-Qlover, Muhitinin "sadə və mehriban bir insan və qeyrətli bir müsəlman olduğunu" söyləmişdir.[3]

Muhiti Sovet İttifaqı ilə pambıq ticarəti aparmışdır. O, həm də uzun müddət fəal cədidçi idi.[2] Qardaşı Məsud[1] (1882–1932) çədidçi fəalı olmuşdur.[1]

Kumul üsyanı

1932-ci ilin sonunda Muhiti Sincan qubernatoruna qarşı qardaşı Tahir bəy və Yunus bəy ilə birlikdə Turfanda üsyanın liderlərindən biri idi.[4] Turfanda üsyana təşəbbüs göstərən qrup, üsyan zamanı öldürülən Muhitinin qardaşı Məsudun[5] rəhbərlik etdiyi gizli bir təşkilat idi. Məsud qədarcasına 1932-ci ildə qubernator Şin Şuren tərəfindən Sincan əyalətinin ordusuna səfərbər edilmiş Rusiya mühacirlərinin ağ qvardiyaçıları[1] tərəfindən başı kəsilərək qətl edilmişdi. Üsyançılar qəhrəmancasına vuruşurdular,[4] və 1933-cü ilin yanvarına qədər şəhərin böyük hissəsi onların əlinə keçmişdi.[2]

Yerli üsyanın liderləri Ma Çonq millət vəkili Ma Şiminq Çin Milli İnqilab Ordusunun 36-cı diviziyasının rəhbərləri idi. 1933–1934-cü illər arasında Muhiti Niyazi Xocanın hərbi qüvvələrinin baş komandanı idi.[6]

Şərqi Türkistandakı hadisələri özünə təhlükə görən SSRİ Sincan qubenatoru Jin Şuzenə kömək etmək qərarına gəlir. Təxminən 2000 əsgərini ona göməyə göndərir. Bu hərbi heyətə Şimal-Şərqi Milli Qurtuluş Ordusu adını verilmişdi.[7] Onların gəlişi Ma Şiminq ilə Turfandakı türk üsyançıları arasındakı münasibətlərin pozulması dövrünə təsadüf etdi. Tezliklə Sincan əyaləti Sərhəd Ordusunun Baş Qərargah rəisi Şen Şitsai, Turfanda əyalət hakimiyyətini bərpa etdi.[2]

Muhiti də daxil olmaqla, Turfandan çıxa bilən bir qrup, Hamidə Niyazi Xoca ilə yenidən birləşdi. Sincan qubernatoru Şin Şuren əleyhinə Urumçidə baş verən çevriliş zamanı Niyazi Xoca yaranmış qarışıqlıqdan istifadə edərək aprel ayında qüvvələrini Turfana doğru istiqamətləndirdi. Onlar özlərini Sincan Vətəndaş İnqilabçı Ordusu elan etdilər və Nankindəki Mərkəzi hökumətə qubernatorun zülmünə qarşı qalxdıqlarını bildirdilər.[8] Eyni zamanda Ma Çong şərqdən Urumçiyə doğru irəliləyirdi. Getdikcə, Niyazi Xoca və Ma Çonqun münasibətləti Manın ambisiyaları və silah-sursat üstündə pozulmağa başladı. İki müsəlman lider arasında fikir ayrılığı getdikcə dərinləşdi.[2]

Yeni təyin olunmuş əyalət rəhbərliyi, faktiki olaraq Duban və ya Hərbi Qubernator Şen Şitsainin rəhbərliyi ilə Niyazi Xoca ilə danışıqlara başladı. Bundan əvvəl Sincan əyalət rəhbərliyi Ma Çonqa Tarım hövzəsi üzərində hərbi hakimiyyət təklif edərək iki üsyan lideri arasında nifaq salmağa çalışdılar. Niyazi Xocaya Sincanın şimala və cənuba bölünməsi təklif edildi. Bu halda Hami və Turfan müsəlmanlar tərəfindən idarə ediləcəkdi.[9]

Bu arada 1933-cü ilin fevralında Xotanda üsyan baş qaldırdı. İstiqlal Dərnəyini quran türk təhsilli milliyətçilər də onlara qatıldı. Üsyançılar tərəfindən Qaşqar şəhərinin ələ keçirilməsi ilə 1933-cü il noyabrın 12-də paytaxtı Qaşqar şəhəri olmaqla Şərqi Türkistan Türk İslam Respublikası elan edilir. Hacı Niyazi Xoca yeni Respublikanın Prezidenti, Sabit Damolla Baş naziri və Mahmud Muhiti Müdafiə Naziri seçilir.[9] Lakin bu vəzifəni tutduqdan bir müddət sonra etibarlığını sübut etməsi üçün Sovet rəsmiləri Niyazi Xocadan Baş nazir Damollanın başını istədilər. Niyazi Damollanı onlara verdi. SSRİ tərəfi gözləmədən təcili onu edam etdi.[10]

Ma Çonq 1934-cü ilin yanvarında ikinci dəfə Urumçini mühasirəyə aldı. SSRİ bu dəfə Sen Şitsaiyə hərbi yardım göndərdi. SSRİ-nin köməyi ilə Şen yenidən Ma Çonqun qüvvələrini məğlub etdi, və o, Tyan-Şandan cənubda Şərqi Türkistan İslam Respublikasını nəzarətində olan ərazilərə çəkildi.[11] Fevral ayında Ma Çonqun qüvvələri Qaşqara gəldi və Şərqi Türkistan İslam Respublikasının varlığına son qoydular. Ma Çonq qoşunlarının gəlişi ilə Niyazi Xoca qaçdı[11] və Muhiti də köhnə Qaşqarı tərk etdi.[12] SSRİ-nin təzyiqi ilə İrkeş-Tamda Niyazi Xoca ŞTİR-ni ləğv edən və Şen rejimini dəstəkləyən müqaviləyə imza atdı.[11] O, Sincan qubernatorunun müavini təyin edildi.[12] Muhiti Niyazi Xoca ilə Şen Şitsai arasındakı atəşkəs müqaviləsini dəstəklədi və bu, üsyandan sonra ona böyük bir hərbi vəzifə tutmasına imkan yaratdı.[6]

Qaşqarda xidmət

Sincan qubernatoru Sen Şitsai

Ma Çonqun 1934-cü ilin iyul ayının əvvəllərində[3] SSRİ ərazisinə[13] getməsindən iki həftə sonra, iyulun 20-də Qaşqar Kunq Şen-hanın başçılığı altında 400 Çin əsgərindən[13] ibarət bir qrup tərəfindən işğal edildi. Onu Muhitinin komndanlıq etdiyi 2000 döyüşkən uyğur müşayiət edirdi. Beləliklə, Qaşqar bir ilə yaxın bir müddətdən sonra yenidən Sincan qubernatorunun nəzarətinə keçdi.[14] Şərqi Türkistan İslam Respublikasının bir çox rəhbərlərinin öldürülməsindən, tutulmasından və ya qaçmasından sonra bölgədəki bir çox müsəlman Muhitini yeni lider qismində görürdü.[3]

Yerli əhalini sakitləşdirmək və əyalətin şimal və şərq hissəsində yenidən hakimiyyətini möhkəmləndirmək üçün daha çox vaxt udmaq məqsədi ilə Şen, Muhitini Qaşqar bölgəsinin Hərbi Komandiri təyin etdi.[3] Muhiti Qaşqarda Milli Məclis adlanan yerli hökumət qurdu.[12] Şen Qaşardakı müsəlman məmurları heç cür qəbul edə bilmir, bu səbəbdən bir ay sonra o, öz əlaltısı Mancuriyalı Liu Pini Qaşqara hərbi komandir vəzifəsinə təyin etdi. Muhitinin vəzifəsi aşağı salında, lakin Diviziya komandiri vəzifəsini qoruya bildi.[3] Onun komandanlığında, 2000 nəfərlik türk qoşunundan ibarət bir qüvvə ilə qaldı.[15] Diviziya komandiri üçün mandarin dilinə uyğun olan Mahmut Sijan təxəllüsünü qəbul etdi.[2]

Şenin təyin etdiyi han çinli məmurlar Qaşqar bölgəsi üzərində nəzarəti ələ aldılar. Bunların arasında ən səlahiyyətli şəxs Çin millətçisi və xristian Liu idi. Liu yerli müsəlman mədəniyyəti haqqında çox az şey başa düşürdü. O, gəlişindən dərhal sonra Çin Respublikasının qurucusu Sun Yatsenin şəklinin Qaşqar məscidində asılmasını əmr etdi. Yerli müsəlman əhali Qaşqardakı vəziyyətdən təlaşa düşdü və "bolşeviklərin ölkəni ələ keçirdiklərini və dini məhv etməyə meylli olduqlarını" düşünməyə başladılar. Bundan əlavə Şenin bəzi İslam prinsiplərinə hücum edən yeni təhsil islahatı müsəlman əhalini hakimiyyətdən daha da uzaqlaşdırdı.

Muhitinin əsas prioriteti məktəb təhsili idi.[12] Uyğur Maarifləndirmə Dərnəyi, Şərqi Türkistan İslam Respublikası dövründə dirçəldilmiş və əvvəlki cədidçi cəmiyyətlərin mirasını davam etdirən bir qurum olan Təhsilin Təşviqi Cəmiyyətinin himayəsində qurulmuşdu. Şərqi Türkistan İslam Respublikasının keçmiş Təhsil Naziri Əbdülkərim Xan Məxdum, Muhitinin Qaşqar rəhbərliyinin təhsil işində mühüm rol oynamağa davam edirdi. Uyğur Maarifləndirmə Dərnəyi 1935-ci ilin aprelində işinə başladı və Qaşqardakı nəşr və məktəb işinə rəhbərliyi öz üzərinə götürdü və ibtidai təhsilin əlçatanlığını əhəmiyyətli dərəcədə artırdı. Bu işi maliyyələşdirmək üçün dərnək yerli zənginlərin varidatını dərsliklərə və müəllimlərə yönəldərək Qaşqarda zəkat (İslam xeyriyyəsi) və vəqf üzərində nəzarəti ələ aldı. Qaşqar köhnə şəhərin polis rəisi Qadir Hacı, Muhitinin təhsil sahəsindəki təşəbbüsündə əməyi olanlardan idi. O, təhsil məqsədi üçün vəsait toplayır və doğma kəndi Qaziriqdə məktəb açmışdır.[16]

Uyğur Maarifləndirmə Dərnəyi uyğur etnoniminin əhəmiyyətini oxucularına çatdırmaq üçün mətbu orqanı "Yeni Həyat" dərgisində bir sıra məqalələr dərc etdi.[16] Uyğur Maarifləndirmə Dərnəyinin fəaliyyəti, uyğur millətçiliyinin artmasından narahat olan Sovet məmurları arasında şübhə doğururdu.[17]

Eyni zamanda keçmiş Şərqi Türkistan İslam Respublikasının sağ qalan məmurları Əfqanıstanın Kabul şəhərində toplaşmağa başladılar. Onlar orada Əfqanıstan hökumətindən və müəyyən ölkə səfirliklərindən, xüsusən də Yaponiya səfirliyindən dəstək üçün əlaqələr axtarmağa başladılar. Yaponiya İmperiyasının səfiri Kitada Masamoto, bu anti-kommunist mühacirətçiləri qəbul etdi. 1935-ci ilin ortalarında Kitada keçmiş Xotan əmiri Məhəmməd Əmin Buğra tərəfindən ziyarət edildi. Əmin Buğra Yaponiya səfirinə "Yaponiya protektoratı altında, silah-sursat və maliyyə ilə Tokionun təmin edəcəyi "Şərqi Türkistan Cümhuriyyəti" qurulması barədə ətraflı bir plan təklif edərək" müraciət etdi. …bu təklif olunan planda Orta Asiya "Mançjou-qo"nun gələcək lideri olaraq Mahmud Sijan göstərilmişdi.[18]

Muhiti Şen hökumətinə qarşı olan müxalifətin mərkəzində dururdu.[19] 1936-cı ilin ortalarından etibarən o, tərəfdarları ilə birlikdə "müstəqil Uyğur dövləti" yaratmaq fikrini təbliğ etməyə qərar verdi. Sincanın nüfuzlu müsəlman dini liderləri və şəxsləri onu dəstəkləməyə başladı. Qaşqardakı SSRİ konsulu Smirnovda ilə təmasa girən Muhiti, Sovet İttifaqından silah almağa belə çalışdı, lakin müraciəti rədd edildi. Sonra, keçmiş huey müxalifləri ilə əlaqə quraraq, 1937-ci il aprel ayının əvvəlində Muhiti Sincan əyalət hökümətinə qarşı qiyam qaldırdı. Ancaq Qaşqar yaxınlığında yerləşən 6-cı Uyğur Diviziyasının yalnız iki alayı onun çağırışına qoşuldu, digər iki alay isə Şen hökumətinə sadiq olduqlarını bildirdi.[20]

Qaşqarda gərginlik tədricən artmağa başlayırdı. Muhiti və ətrafı getdikcə Qadir Hacı da daxil olmaqla Sovet tərəfdarları ilə toqquşurdu. Niyazi Xocanın silahdaşı Mənsur Əfəndi 1935-ci ildə Uyğur Maarifləndirmə Dərnəyinin maliyyəsinə nəzarəti ələ keçirmək üçün Qaşqara gəldi. O, bunu bacarmadı ancaq çinli bir kommunisti "Yeni Həyat" dərgisinin redaktorluğuna təyin etməyə nail oldu. Beləliklə dərgi getdikcə hökumət əleyhinə bir orqana çevrildi. Qadir Hacıya yaxınlığı ilə seçilən Qaşqarın qazisi Abdulqafur Domulla 1936-cı ilin mayında qətlə yetirildi. Urumçidəki SSRİ Baş Konsulu Qaregin Apresov Qaşqarda Muhitini ziyarət etdi və onu Yaponiyadan dəstək almaqda günahlandırdı.[17]

SSRİ-nin təkidi ilə Şen Şitsai hökuməti, münaqişəni həll etmək üçün Qaşara sülhməramlı missiya göndərdi. Ancaq danışıqlar baş tutmadı. SSRİ Muhitinin tərəfdarlarını tərksilah etmək üçün hueylərin 36-cı diviziyanın yeni komandiri Ma Zonqinq vasitəsi ilə Ma Huşan ilə əlaqə qurmağa çalışdılar.[20] Şen Şitsai də sakit durmurdu. O, 6-cı Uyğur Diviziyasının silahlarını "modernləşdirmək" təklifi ilə qoşunları tərksilah etmək əmrini vermişdi. Əmrə əsasən diviziyanın bütün köhnə silahları Urumçi nümayəndələrinə verilməli idi. Bunu müzakirə etmək üçün Şen Muhitini Urumçiyə Üçüncü Xalq Nümayəndələri Konqresinə çağırdı. Mahmud Muhuti isə bu addımın həyatına təhlükə yaratdığını düşünərək qaçmaq qərarı verdi. O, 2 aprel 1937-ci ildə 17 tərəfdarı ilə Qaşqardan Britaniya Hindistanına getmək məcburiyyətində qaldı.[17]

Sürgündə

Muhiti 1937-ci il aprelin 2-də Britaniya Hindistanına gəldi. O, Qaraqorum aşırımını keçərək Ladakxa gəldi, buradan Qaraqaş çayının yuxarı axarı boyunca Aksayçinə qalxaraq, sonra Çanq La yolu ilə aprelin 27-də Hindistanın Leh şəhərinə çatdı. Təxminən dörd həftə sonra Srinaqara gəldi. 1938-ci ilin yanvarında Məkkəyə həcc ziyarətinə yola düşdü.[21]

Muhitinin qaçışından sonra Niyazi Xoca ilə Şenq arasında ittifaq çat verdi. Qaşqarda[22] Muhitinin iki zabitinin, Kiçik Axund və Əbdül Niyazın[23] başçılığı ilə üsyan qalxdı. Ma Huşanın komandanı olduğu 36-cı Huey Diviziyası üsyançılara dəstək verdi.[22] Üsyan mahiyyətcə İslami xarakter daşıyırdı.[19]

Əbdül Niyaz üsyan zamanı Qaşqardakı əsgərləri ilə birlikdə

Əbdul Niyaz Muhitinin yerinə keçdi və general elan edildi. Niyaz Yarkəndi götürdü və Qaşqara doğru hərəkət etdi. Nəticədə Qaşqarı da ələ keçirdi.[20] Kommunistlərə meyilli və SSRİ tərəfdarı olanlar edam edildi və beləliklə yerli müsəlman idarəetməsi quruldu.[19] Eyni zamanda üsyan Külçə və Hami yaxınlığında yaşayan qırğızlar arasında da yayıldı.[19] Qaşqarı tutduqdan sonra Niyazın qüvvələri yol boyu yerli əhalidən yardım alaraq Qaraşəhərə doğru hərəkət etməyə başladılar.[24]

SSRİ və çinlilərlə birlikdə mübarizə aparmaq üçün Niyaz və Ma Huşan 15 may tarixində gizli bir saziş bağladılar.[24] Ma Huşan fürsətdən istifadə edərək sazışdə göstərildiyi kimi iyun ayında[19] Qaşqarı üsyançıların əlindən almaq üçün Xotandan çıxdı.[24] Bu zaman, Şenqin dəvəti ilə gələn aviasiya və zirehli maşınlar da daxil olmaqla 5.000 Sovet qoşunu, Şenq qüvvələri və huey qoşunları ilə birlikdə Sincanın cənubuna doğru irəliləyirdi.[19]

Türk üsyançılar məğlub oldular və Qaşqar yenidən ələ keçirildi.[19] Türk üsyançılarının məğlubiyyətindən sonra SSRİ 36-cı diviziyanın təhcizatını dayandırdı.[25]

Ma Huşanın idarəetməsi çökdü. 1937-ci ilin oktyabrına qədər türk üsyanının məğlub olması və huey idarəçiliyinin süqutu ilə birlikdə vilayətin cənub hissəsi üzərində müsəlmanların nəzarəti sona çatdı. Qısa müddət sonra Hamidə Yulbars Xanın qoşunları da məğlub edildi. Belə ki, 1937-ci ilin aprelində Qaşardakı 6-cı Uyğur Diviziyasının üsyanının başlamasından sonra üsyançılar Yulbars Xandan Sincan və Çin arasında Kumul və ya Hami yolu ilə əlaqələrin kəsilməsini xahiş etmışdilər. Beləliklə, Şenq SSRİ-nin köməyi ilk dəfə bütün vilayətdə hakimiyyətini qurdu.[19]

SSRİ-nin aktiv müdaxiləsindən sonra üsyan qan içində yatırıldı.[26] Ma Huşan da üsyan məğlub edildikdən sonra Britaniya Hindistanına qaçdı. Muhiti və Ma Huşanın Britaniya Hindistanın da olması, Britaniyanın Çinin Sincan siyasətinə müdaxiləsinin sübutu kimi şərh edildi və bu da çinlilərin Hindistandakı Gilgit və Lehdəki iki əsas ticarət nümayəndəliyinin bağlamasına səbəb oldu.[27] Lehdəki nümayəndəlik illər keçdikcə əhəmiyyətini itirərək bağlı qaldı, Gilgitdəki isə tezliklə yenidən açıldı.[28]

Britaniya Hindistanına gəldikdən sonra Muhiti, Səudiyyə Ərəbistanının Məkkə şəhərinə ziyarətə yola düşdü. 1940-cı ildə onun Yaponiyada olduğu bildirildi.[6] Gündoğar ölkədə o, həm Sovet İttifaqına, həm də Çinə qarşı müstəqil Şərqi Türkistan qurmağı hədəfləyən İstiqlal Cəmiyyətini təsis etdi.[29] Muhiti 1939-cu ilin əvvəllərində bir daha əməkdaşlıq üçün Yaponiyanın inamını qazandı. Növbəti il, 1940-cı ilin oktyabrında Suiyuan əyaləti boyu (Çinin indiki Daxili Monqolustan Muxtar Rayonu) geniş bir tura çıxaraq Çinə getdi. Çində olarkən Muhiti əvvəllər Tokioda qurulmuş Yaponiya-İslam cəmiyyətinin himayəsi altında bir pan-müsəlman hərəkatını təşviq etdi. Cəmiyyətin məqsədi Yaponiya İmperiyası ilə müsəlmanlar arasında mədəni və iqtisadi əməkdaşlığın qurulması və inkişafı idi. Muhiti Tokioda bütün Asiya ölkələri boyu nümayəndəlikləri açılacaq Sincan Uyğur Cəmiyyətini qurmağı planlaşdırırdı. Lakin Yaponiyanın Muhitiyə verdiyi dəstək nəticəsiz qaldı.[30] Bütün səylərinə rəğmən Muhiti əhəmiyyətli nəticə əldə edə bilmədi. SSRİ-nin II Dünya müharibəsində qələbəyə doğru getməsi onun bütün planlarını alt üst etdi. Yaponiyanın da ABŞ ilə regionda müharibəni uduzması Çin mərkəzi hakimiyyətinin sincan bölgəsində təsirinin güclənməsinə gətirib çıxarırdı.

Muhiti 1944-cü ildə Yaponiyanın işğalı altındakı Pekində beyninə qan sızmasından vəfat etdi. O, orada müsəlman qəbiristanlığında dəfn edildi.[29]

İstinadlar

  1. Klimeš, 2015. səh. 121
  2. Brophy, 2016. səh. 240
  3. Forbes, 1986. səh. 138
  4. Dudoignon, Hisao, 2001. səh. 138
  5. Dudoignon, Hisao, 2001. səh. 139
  6. Forbes, 1986. səh. 247
  7. Forbes, 1986. səh. 104
  8. Brophy, 2016. səh. 242
  9. Brophy, 2016. səh. 242-243
  10. Brophy, 2016. səh. 244
  11. Clarke, 2011. səh. 32
  12. Brophy, 2016. səh. 254
  13. Forbes, 1986. səh. 126
  14. Forbes, 1986. səh. 126-127
  15. Forbes, 1986. səh. 137-138
  16. Brophy, 2016. səh. 261
  17. Brophy, 2016. səh. 262
  18. Forbes, 1986. səh. 140
  19. Dickens, 1990. səh. 17
  20. Gasanli, 2016. səh. 76
  21. Lamb, 1991. səh. 66
  22. Brophy, 2016. səh. 262263
  23. Forbes, 1986. səh. 141
  24. Gasanli, 2016. səh. 77
  25. Gasanli, 2016. səh. 72
  26. Brophy, 2016. səh. 263
  27. Lamb, 1991. səh. 6667
  28. Lamb, 1991. səh. 67
  29. Tunces, 2019. səh. 130
  30. Whiting, Sheng, 1958. səh. 64

Ədəbiyyat

  • Clarke, Michael E. Xinjiang and China's Rise in Central Asia - A History. Abingdon-on-Thames: Taylor & Francis. 2011. ISBN 9781136827068.
  • Dudoignon, Stéphane A.; Hisao, Komatsu. Islam in Politics in Russia and Central Asia: (early Eighteenth to Late Twentieth Centuries). Abingdon-on-Thames: Kegan Paul. 2001. ISBN 9780710307675.
  • Forbes, Andrew D. W. Warlords and Muslims in Chinese Central Asia: A Political History of Republican Sinkiang 1911-1949. Cambridge, England: Cambridge University Press. 1986. ISBN 9780521255141.
  • Gasanli, Jamil. Синьцзян в орбите советской политики: Сталин и муслиманское движение в Восточном Туркестане 1931-1949 [Xinjiang in the orbit of Soviet politics: Stalin and the Muslim movement in East Turkestan 1931-1949] (Russian). Moscow: Флинта. 2016. ISBN 9785976523791.
  • Klimeš, Ondřej. Struggle by the Pen: The Uyghur Discourse of Nation and National Interest, c.1900-1949. Leiden: Brill. 2015. ISBN 9789004288096.
  • Lamb, Alastair. Kashmir: A Disputed Legacy, 1846-1990. Oxford, England: Oxford University Press. 1991. ISBN 9780195774238.
  • Whiting, Allen Suess; Sheng, Shicai. Sinkiang: pawn or pivot?. East Lansing, MI: Michigan State University Press. 1958.
  • Tuncer, Tekin. "Hamidullah Muhammed Tarım'ın "Türkistan Tarihi-Türkistan 1931-1937 İnkılâp Tarihi" Adlı Eserinde Mehmet Emin Buğra". SUTAD (45). 2019: 127–141.

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.