Böyük Azadlıqlar Xartiyası

Böyük Azadlıqlar Xartiyası (lat. Magna Carta Libertatum, ing. The Great Charter) — İngiltərə kralı Con və onun baronları arasında 15 iyun 1215-ci ildə imzalanmış və kralın hüquqlarını məhdudlaşdıran sənəddir. Sonrakı dövrdə İngiltərədə insan hüquq və azadlıqlarının inkişafında mühüm rol oynamışdır. Magna Carta-ya görə, bundan belə baronların razılığı olmadan kral heç bir mühüm siyasi və iqtisadi qərar qəbul edə bilməzdi. Bu sənəd İngiltərə konstitusiya hüququnun əsas aktlarından biri olmaqla yanaşı, dünya hüquq tarixinin ən mühüm mənbə və nümunələrindən biri hesab edilir.

İmzalanma tarixi 15 iyun 1215
İmzalayanlar Kral Con və onun baronları
Vikimənbədə elektron versiyası

Xartiya 63 maddədən ibarət tərtib olunmuş, bunlardan 60 maddə sonrakı dövrlərdə parlament tərəfindən ləğv edilmişdir. Üç maddəsi isə bu günədək qüvvədədir.

Tarixi və strukturu

Yaranma səbəbi kralla zadəganlar arasında olan ziddiyətlərin kəskinləşməsi və beləliklə də baronların öz hüquqlarını müdafiə istəkləri olmuşdur. Nəticədə baronlar qrupu kralı belə bir xartiyanı imzalamağa məcbur etmişdir.

Faktiki olaraq, bu xartiya kralla cəmiyyət arasında bir müqavilə sayıla bilər. Bu müqavilə qarşılıqlı münasibətləri tənzim edir və tərəflərin, əsas da zadəganların hüquqlarını təsbit və əks etdirirdi.

Məzmunu və əhəmiyyəti

Xartiya ədalətli mühakimə, sərbəst yerdəyişmə kimi hüquqları təsbit edirdi. Dövrünə görə bu olduqca mühüm bir yenilik sayılmalıdır. Bu hüquq Magna Carta-nın 39-cu maddəsində əks olunurdu. Belə ki, hər bir azad insan yalnız məhkəmə qərarı nəticəsində azadlıqdan məhrum oluna bilərdi. Bu müddəa andlılar məhkəməsi təsisatının möhkəmlənməsinə gətirib çıxardı.

Xartiya latın dilində tərtib edilmiş, sonra isə fransız dilinə tərcümə edilmişdir. Səbəb isə həmin dövr İngiltərəsində fransiz dilinin rəsmi dil olması idi. Yalnız çox sonralar Xartiya ingiliscəyə çevrildi və The Great Charter kimi tanındı.

Xüsusilə qeyd edilməlidir ki, Xartiya baronların, bu öhdəlikləri pozacağı təqdirdə müəyyən şərtlər daxilində, krala qarşı üsyan haqqını tanıyırdı.

Tarixi-siyasi əhəmiyyəti

Bəzi tədqiqatçılar qeyd edirlər ki, Vilhelm Fatehin İngiltərəni işğalından sonra məhz bu Xartiyanın qəbulu prosesində İngiltərə özünü vahid şəkildə göstərdi. Xartiyada ilk dəfə olaraq əhali normandiyalılara və yerlilərə bölünməyərək vahid xalq — ingilislər kimi göstərilməyə başladı. İngiltərə qanunları hamıya şamil edilirdi.

Xartiya imzalandığı ildə kral tərəfindən ləğv edilsə də, sonradan məcburən o və başqa monarxlar tərəfindən icra olunmuşdur. İngiltərə burjua inqilabından sonra yenidən aktual olmuş və ümumu hüququn tərkib hissəsinə çevrilmişdir.

Xartiyaya dair əsas xronologiya

Xartiyanın 1215-ci ildə imzalanması və qüvvəyə minməsindən sonra, 1216, 1217 və 1225-ci illərdə yenidən üzü köçürülüb yayılmışdır. 1227-ci ildə 1225-ci il redaksiyasına əsaslanan və rəsmi redaksiya kimi qəbul edilən yeni redaksiyası qəbul edilmişdir. 1297-ci ildə əldə olan əsas 4 nüsxənin üzünün köçürülərək çoxaldılmasına qərar verilmişdir.

2009-cu ildə YUNESKO Xartiyanı "Dünyanın yaddaşı" reyestrinə salmışdır.

Maraqlı faktlar

1952-ci ildə Avstraliya hökuməti nümayəndələri Xartiyanın bir nüsxəsini alaraq parlamentlərində saxlamışlar. Bu gün də bu nüsxə hamıya nümayiş olunur. Digər nüsxə ABŞ-nin paytaxtı Vaşinqton şəhərində Milli Arxivdə saxlanılır. 2007-ci ildə isə 21 milyon dollara digər bir nüsxə Devid Rubenşteyn tərəfindən əldə edilmişdir.

Xartiya mədəniyyətdə

Bu dövrün hadisələri haqda məlumatla "Dəmir cəngavər" (2011) bədii filmini izləməklə tanış olmaq olar. Bundan başqa, Valter Skottun "Ayvenqo" romanı, bu roman haqda çəkilmiş filmlər, Robin Hud haqda bədii film və seriallar, "Aslan qışda" (pyes və bu pyes əsasında çəkilmiş filmlər) bu dövrün və Xartiyanın imzalanması zamanı olan siyasi şəraiti öyrənmək baxımından çox maraqlıdır. Şekspirin "Kral Con" adlı pyesi də vardır.

Ədəbiyyat

  • Всеобщая история государства и права: Учебник для вузов / Под ред. З. М. Черниловского.- М.: Юристъ, 1996.
  • Хрестоматия по всеобщей истории государства и права / Под ред. К. И. Батыра. — Ч.1. — М.: Юристъ, 2000.
  • Xarici ölkələrin dövlət və hüquq tarixi : qədim və orta əsrlər: dərslik / M. F. Məlikova, E. Nəbiyev ; red. M. Məlikova. — Yenidən işlənmiş, düzəliş və əlavələrlə II nəşri. — Bakı : Elm və Həyat, 2005

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.