Madaqaskar planı
Madaqaskar planı — Üçüncü Reyx tərəfindən təklif edilən köçürmə planı. Plana əsasən Avropada yaşayan yəhudi toplumu Madaqaskar adasına yerləşdirilməli idi.
Arxa plan
Avropalı yəhudilərin Madaqaskar adasına köçürülməsi ilə bağlı fikirlər daha əvvəlcədən də mövcud olmuşdur. Fikir ilk dəfə 1885-ci ildə antisemitist düşüncələri ilə bilinən Paul de Laqarde tərəfindən təklif edilmişdir. 1920-ci ildə dönəmin aktiv siyasi və ictiami xadimlərindən olan Henri Hamilton, Arnold Le və digərləri Madaqaskar planı planını yenidən gündəmə gətirmişdir. Madaqaskar planından öncə XX əsrin əvvəllərində Avropada yaşayan yəhudi toplumuna Uqanda planı adlı layihə təklif edilir. Plana əsasən yəhudi əhalisi indiki Keniya ərazilərində yerləşən Mau platasına köçürülməli idi. Təklif Bazel şəhərində keçirilən VI Sionist yığıncağında müzakirə edildi və müzakirələr şiddətli fikir ayrılığına səbəb oldu. Madaqaskar dünya yəhudilərinin toplana biləcəyi və monoetnik dövlət quracağı ən potensiallı yer sayılırdı.
Müharibə ərəfəsində bu ideyanı yenidən gündəmə gətirən nasist liderlər Adolf Hitlerin də razılığını ala bilmişdi. Henrix Himmler isə 1940-cı ildəki çıxışında -Ümid edirəm, yəhudilərin aqibəti ilə bağlı məsələ böyük bir köçlə onları Afrika və ya başqa bir koloniyaya yollamaqla öz həllini tapacaqdır, - söyləmişdi. Yəhudilərin sığınması üçün salınan müvəqqəti yaşayış mərkəzləri - gettolar hazırlanmağa başladıqda Madaqaskar planı hələ də gündəlikdə idi. İkinci dünya müharibəsinin əvvəlində Varşava gettosundakı yəhudilərin super getto adlandırılan Madaqaskara köçürülməsi də düşünülürdü. Lakin uğursuz Dünkerk əməliyyatı və İldırımsürətli müharibə planının boşa çıxması ilə yanaşı, 1942-ci ildə adanın ingilis-fransız orduları tərəfindən tutulması Madaqaskar planının üstündən xətt çəkmiş oldu.
Həmçinin bax
- Abayudaya, 1920-ci ildə İudaizmi qəbul etmiş bir Uqanda etnik qrupudur.
- Uqanda planı Avropalı yəhudilərin indiki Keniya ərazisində yerləşən Mau platasına köçürüləmsini nəzərdə tuturdu.
- SSRİ dönəmində yaradılan Yəhudi muxtar vilayəti, Rusiya Federasiyası dönəmində də saxlanılmışdır.
- Yaponlar Fuqu planı ilə yəhudiləri özlərinin yaratdıqları kukla dövlət Mançjou-qoya yerləşdirməyə çalışırdı.