Maarifçi realizm
Maarifçi realizm – XVII—XVIII əsrlərdə Avropa cəmiyyətində əsasını realizm təşkil edən mənəvi inkişaf.
Tarixi
Romantiklər öz tarixilik duyğularına və həyatı tarixi baxımdan göstərməyə meyllərinə görə bir-birindən fərqlənirdilər. Ona görə romantizm epoxasının özündə yazıcılar iki cəbhəyə ayrılırdılar. Onların bir hissəsi həyata fəlsəfi yüksəklikdən baxırdı. Digər hissəsi isə konkret həyat faktlarına, tarixiliyə daha artıq meyl edirdilər. Birincilər romantiklər, ikincilər isə maarifçi realistlər sayıla bilər. Lakin bu bölgü çox şərtidir.
Maarifçi realizm termini sovet elmində 60-70-ci illərdə daha ətraflı əsaslandırılmışdır. Bu maarifçilik epoxasına marağın artması və maarifçi ədəbiyyatın spesifik tarixi mərhələ kimi təqdimi ilə bağlı idi. Bu realizmin əsas xüsusiyyətləri XVIII əsr maarifçilərinin Volter, Didro kimi müəlliflərin nəsrində özünü göstərmişdir. Lakin maarifçilər teatr və dramaturgiyaya da əsas sosial tərbiyə janrları kimi baxırdılar. Azərbaycan maarifçiliyinin də əsas janrı dramaturgiya olmuşdur.
Bu realizmin əsas əlaməti onun müsbət, şüurlu insanı tərbiyənin və təhsilin məhsulu kimi anlamasıdır. Elə buradan da maarifçi realizm termininə yaxın olan pedaqoji roman anlayışı yaranmışdır. Maarifçi yazıçılar öz əsərlərində düzgün tərbiyə sistemini və onun nəticəsi olan şüurlu vətəndaşların obrazlarını yaratmağa çalışırdılar.
İlkin maarifçilik mərhələsində hələ Burjua cəmiyyətinin qəddar və yırtıcı təbiəti ortaya çıxmamışdı. Onu görə sosial ədalətsizliyin azalmasında düzgün tərbiyə amilinə xüsusi əhəmiyyət verilirdi. Maarifçi realizm üçün cəmiyyətin ziddiyyətlərini, insanların qüsurlarını tərbiyəsizliyin, savadsızlığın nəticəsi kimi təqdim olunması səciyyəvi idi. Azərbaycan ədəbiyyatında maarifçi realizmin ən bariz nümayəndəsi A.A.Bakıxanov və M.F.Axundov idi. Sonuncunun pyeslərinin finalında Çar üsul idarəsinin jandarmları gəlib konfliktə müdaxilə edir və yerli əhalidən daha Maarifli qüvvə kimi ədaləti bərpa edirlər, qanunsuz hərəkətlərin qırçısını alırlar.
Beləliklə, sivilizasiyalı adam daha ədalətli hesab olunur. Bu xalis maarifçi təsəvvür idi, ədalət problemini birbaşa savad və tərbiyə ilə bağlayırdı. M.F.Axundov pyeslərində Çar məmurları həm də birmənalı mütərəqqi qüvvədirlər. Böyük ədib inanırdı ki, Rusiya tərkibinə daxil olmaq Azərbaycan xalqının sürətli tərəqqisinə xidmət edəcək.
Müsəlman şərqində maarifçi realizm
Müsəlman şərqində maarifçilik dünyagörüşünün ayrılmaz tərəfi Qərb xalqlarının siyasi, mədəni və iqtisadi tərəqqi yoluna nümunə kimi baxmaq, Avropa sənaye inqilabları istiqamətində inkişafın qaçılmazlığına inam idi. Sovet hakimiyyəti qurulana qədər Azərbaycanda bu qərbçi maarifçilik üstünlük təşkil edirdi. Lakin islami maarifçilik də var idi.
Azərbaycanda maarifçi realizm
Sovetləşmədən sonra Azərbaycanda marksist maarifçilik yayılmağa başladı. Terminoloji fərqlərə baxmayaraq marksist maarifçilik də Avropanın ateist maarifçiliyinin bir forması idi. Birmənalılıq, ümumiyyətlə, maarifçi realist qəhrəman konsepsiyasının mühüm əlaməti idi. Maarifçi realizmdə romantiklərdə olduğu kimi mənfi surətlər canlı adamdan çox müəyyən əxlaqi qüsurların birmənalı timsalıdırlar. Hacı Qara xəsislik rəmzidir. Maarifçi qəhrəmanlarda mənfi sifətlər müəyyən şəxsi motivlərlə deyil, mütləq bir keyfiyyət kimi, mütləq ideyanın timsalı kimi mövcuddur. Kapitalist cəmiyyəti inkişaf etdikcə, Burjua inqilabları qanlı proses kimi davam etdikcə maarifçi müsbət qəhrəmanların məhdudluğu ortaya çıxdı. Aydın oldu ki, maarif sosial tərəqqiyə də, sosial şərə də xidmət edə bilər. Rusiyada və sonradan Azərbaycanda marksizmin yayılması mütərəqqi hadisə idi. Amma marksist maarifçiliyin hər iki ölkədə qanlı nəticələri də oldu.
Ona görə maarif və düzgün tərbiyə sosial tərəqqi yaradan mühüm prosesdir. Lakin maarifin çiçəklənməsi birbaşa cəmiyyətdə sosial ədalətin artmasına səbəb olmur. Maarifçiliyin böhranı insanın və cəmiyyətin inkişaf mexanizmi barədə belə sadəlövh təsəvvürlərin dağılmasının nəticəsioldu. Şər işlər görməkdə savadlı adamların savadsızlardan daha təhlükəli olduğu aydınlaşdı.
Azərbaycan ədəbiyyatında maarifçi realizmin prinsipləri C.Məmmədquluzadə, N.Nərimanov, N.B.Vəzirov kimi ədiblərin də yaradıcılığında özünü göstərmişdir. Yalnız Birinci Dünya müharibəsi başlanandan sonra cəbhələrdə milyonlarla adamlar qırıldı və bu, müsəlman maarifçilərin gözündə Avropa sivilizasiyasının müsbət obrazını məhv etdi. Avropa tərəqqi yoluna inam sarsıldı və maarifçi dünyagörüşü az-az aradan çıxdı.
Mənbə
- Rəhim Əliyev. Ədəbiyyat nəzəriyyəsi. Bakı, 2008,