MPEG
MPEG (ing. Motion Pictures Experts Group, rus. Экспертная группа по движущемуся изображению) – 1. Rəqəmsal video və audio informasiyanın sıxılması və ötürülməsi məqsədilə Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən formalaşdırılmış mütəxəssislər qrupu. 1988-ci ildə yaranıb.
2. Hərəkətli görüntülərin sıxılması və canlandırılması üçün MPEG qrupu tərəfindən işlənib hazırlanmış açıq (yəni istifadə üçün ödəniş tələb olunmayan) standart. MPEG standartının dörd variantı mövcuddur: MPEG-1, MPEG-2, MPEG-3 və MPEG-4. Bu variantlar bir-birindən rəqəmsal videonun keyfiyyətinə (sıxma zamanı görüntünün keyfiyyətində itki ola bilir) qoyulan tələblərə və buraxılış zolağının eninə görə fərqlənir.
MPEG-in bir neçə müxtəlif standartı mövcüddur. Onların arasından daha geniş istifadə olunanı bunlardır: MPEG-1, MPEG-2, və MPEG-4. Bu standartlar bir-birindən sıxma dərəcəsinə, habelə çıxışdakı görüntü keyfiyyətinə görə fərqlənir. MPEG faylında səs bu qaydada kodlaşdırılır: insan qulağının ayırd edə bilmədiyi bütün səslər atılır. Səs axınının bu cür emalının hesabına filmdəki səs cığırının ölçüsü azalır. Bundan başqa, MPEG-in bəzi növləri bir neçə səs cığırını dəstəkləyir, məsələn, filmə baxarkən onun ingilis versiyasından azərbaycan versiyasına, yaxud əksinə keçmək olar. Bu müasir DVD (Digital Versatile Disk) qurğularında olduqca geniş istifadə edilir.
Ədəbiyyat
- İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Mənbə
- "Uşaqlar üçün ensiklopediya. İnformatika.", Bakı, "Şərq-Qərb", 2008, səh.308