Mərzqat

Mərzqat, Mərzəğat və ya Mərzəkit — keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Mehri (Meğri) rayonunun, hazırkı Sünik mərzinin ərazisində mövcud olmuş kənd. Mehri (Meğri) qəsəbəsindən 12–14 km cənub-şərqdə, Araz çayının sol sahilində, Aldərə kəndinin yaxınlığında yerləşirdi.[1]

Etimologiyası

Toponim fars dilində "tarla, bağ, bostan və s. sahəsini bir-birindən ayıran xətt, sərhəd" mənasında işlənən "mərz" sözü ilə türk dilində "yaşayış məntəqəsi, ev, kənd, şəhər, qala" mənasında işlənən "kat" (qat) sözünün birləşməsindən əmələ gəlmişdir.[2]

Əhalisi

Kənddə 1831-ci ildə 54 nəfər, 1873-cü ildə 255 nəfər, 1886-cı ildə 301 nəfər, 1897-ci ildə 281 nəfər, 1904-cü ildə 766 nəfər, 1914-cü ildə 751 nəfər yalnız azərbaycanlı yaşamışdır.[3]

1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra kənd sakinlərindən sağ qalanlar 1923–1924-cü illərdə tarixi-etnik torpaqlarına qayıda bilmişdir.[2] Burada 1926-cı ildə 34 nəfər, 1931-ci ildə 29 nəfər azərbaycanlı yaşamışdır.[3] Kollektivləşmə ilə bağlı kəndin sakinləri Aldərə kəndinə köçürülmüş və kənd ləğv edilmişdir. Hazırda xarabalıqları qalır.[2]

İstinadlar

  1. Əzəmət Rüstəmli. Zəngəzurun toponimləri — tarixin izi. Bakı. 2016. səh. 130. ISBN 978-9952-8023-9-9.
  2. İbrahim Bayramov, Nazim Mustafa. Həqiqətin onomastikası. Bakı: Şərq-Qərb. 2020.
  3. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) (erməni). Յերեվան: Մելքոնյան ֆոնդի հրատ. 1932.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.