Mərəköçdü
Mərəköçdü (az-əbcəd. مره کؤچدو) — Azərbaycanda daşla oynanılan strategiya oyunu. Hər bir oyunçu 3 mərə (oyuq) və 21 daşla oyuna başlayır.
Tarixi
Mərəköçdü oyunun tarixi çox qədimlərə gedib çıxır. Metin Anda görə oyun Asiya mənşəlidir. 1979-cu ildə "Beynəlxalq Mədəniyyət Jurnalı"nda Türkiyədə manqala, Azərbaycanda mərəköçdü adlandırılan oyunun mətni verilmişdir.[1][2]
Oyunun qaydaları
Bu oyunu iki və ya dörd uşaq oynayır. Dairə şəklində hər uşağa üç mərə düzəldirlər. Hərə 21 balaca daş götürür, daşları iki-iki saymaqla mərə-mərə paylayıb yığır. Say belədir:
- Dana, dana,
Qır dana,
İki öküz,
Bir dana.
Hər mərəyə yeddi daş yığırlar. Qürrə atıb oyuna başlayırlar. Püşk düşən uşaq daşlardan mərənin içində birini saxlayır. Qalanlarını mərələrə paylayır. Adamın sayına görə daş udmaq olar. Müqabil tərəfin mərələrində bir və ya üç daş varsa, oyunçunun paylayan daşı da bir və ya üç daşlı mərələrdə qurtarır, deməli, daşlar cütləşirsə o, həmin daşları udmuş olur.
İlk udulmuş daşa metrik deyirlər. Hansı uşaq başqa bir uşaqdan yeddi və ya çox daş udsa, daşlar və bir mərə onun olur, o birinin mərəsi və daşları azalır. Belə-belə hər kəsin bütün mərələri boşaldıqda o, sıradan çıxır.
Oxşar oyunlar
- Manqala. Anadolu türklərində 12 və ya 14 oyuqlu strateji oyun.
- Doqquz Qorqol/Qumalaq. Mərkəzi Asiya xalqlarında 9 oyuqlu strateji oyun. 2020-ci ildə manqala ilə birlikdə Türkiyə, Qazaxıstan və Qırğızıstanın UNESCO-da qeyri-maddi mədəni irsi olmuşdur.
İstinadlar
- TÜRKİYE VE AZERBAYCAN’DAKI ÇOCUK OYUNLARI VE OYUNCAKLARININ KARSILASTIRMALI İNCELEMESİ. DİDEM BAYAR ÇELEBİ. MUGLA ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ
- Oyun ve Bügü. Türk kültüründe oyun kavramı. Metin And.