Məqsud Şeyxzadə
Məqsud Şeyxzadə — milliyyətcə azərbaycan türkü olan Özbəkistan şairi. Yeni özbək ədəbiyyatının əsasını qoyanlardan biri. Fuad Şıxıyevin qardaşıdır. Qazax rayonunun Yuxarı Salahlı kəndindəndir, Ağdaş şəhərində anadan olub.
Məqsud Şeyxzadə | |
---|---|
Məqsud Məsum bəy oğlu Şeyxzadə | |
| |
Doğum tarixi | |
Doğum yeri | Ağdaş, Rusiya imperiyası |
Vəfat tarixi | (58 yaşında) |
Vəfat yeri | Daşkənd, Özbəkistan SSR, SSRİ |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Milliyyəti | Azərbaycan türkü |
Təhsili | |
Fəaliyyəti | yazıçı, şair |
Fəaliyyət illəri | 1930-cu ildən |
Əsərlərinin dili | Özbək dili |
Janr | poeziya |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Məqsud Şeyxzadə 1908-ci ildə keçmiş Yelezavetpol (Gəncə) quberniyası Ərəş qəzasının mərkəzi Ağdaşda, əslən Qazaxın Salahlı kəndindən olan feldşer Məsim Şıxıyevin ailəsində doğulmuşdur.
Atası Məsim 1901-ci ildə Tiflisdə feldşerlik məktəbini və 1928-ci ildə Moskva Tibb İnstitutunu terapevt ixtisası üzrə bitirmişdir. Eyni zamanda bir ədəbiyyat aşiqi idi. Bəlkə də elə bu səbəbdən Məqsud Şeyxzadə könlünü erkən yaşlardan ədəbiyyata vermişdi. Məqsud Şeyxzadənin ilk sinif müəllimi Muxtar Əfəndizadə olmuşdur. Bütün ədəbiyyat dərsliklərində "Özbək yazıçısı və şairi" kimi tanıdılan qürbət məhkumu Məqsud Şeyxzadənin Azərbaycan 1918-ci ildə müstəqilliyinə qovuşanda hələ 12 yaşı vardı. O vaxtlar atasından aldığı türklük eşqi və müstəqillik duyğuları ilə şeirlər yazırdı. Gələcəkdə bu eşq ona bəxtiyarlıqdan daha çox sürgün, mərhumiyyət və işgəncələr verəcəkdi.
Atasının Ağdaşda açdığı məktəbdə oxuyarkən Nəriman Nərimanov bu şəhəri ziyarət edir. Məktəbin əlaçı şagirdi olan Məqsud şeir oxumaq üçün kürsüyə çıxır. Oxuduğu şeirlər Nərimanovun çox xoşuna gəlir. Nərimanov sonralar həmin şeirlərin üçünü 21 dekabr 1921-ci ildə "Kommunist" qəzetində dərc etdirir. Bir müddət sonra Məqsud Şeyxzadə Ağdaşdan Bakıya yola düşür. Bakı Pedaqoji Məktəbində o vaxtların iki sevilən müəllimi dərs deyirdi - Hüseyn Cavid və Abdulla Şaiq. Məqsud onlardan vətən eşqi, millət eşqi, ədəbiyyat eşqi və türklüyün gerçək üzünü öyrənir. Sonralar Özbəkistanda yaşayanda "Mirzə Uluqbəy" əsərini qələmə alarkən Hüseyn Cavidin ona olan təsirlərindən də söz açır.
Məktəbi bitirər-bitirməz Dərbəndə göndərilir. Orada həm müəllimlik edir, həm də şeirlər yazır. Qəzetlərdə "Azad dağlar qızına", "Şeyx Şamil", "Bu axşam" və "Sahildə" adlı şeirləri dərc olunur. Dərbənddə yaşamasına baxmayaraq, tez-tez Bakıya gəlir. Həm Bakı Pedaqoji İnstitutunda oxuyur, həm də Mayakovski, Nazim Hikmət kimi şairlərlə tanış olur. 1927-ci ili Məqsud Şeyxzadənin qaranlıq illərinin başlanğıcı saymaq olar. Dağıstanın Sovet İttifaqına daxil olub-olmaması mövzusunda aparılan müzakirələrin ən fəal iştirakçılarından biri də Məqsud Şeyxzadə olur. Çox keçmir ki, Stalinin cəlladları tərəfindən yaxalanır və milliyyətçi damğası ilə həbsə atılır. Sonra isə sürgün edilir. Məqsud Şeyxzadəyə türklüyün odlu, alovlu müdafiəçilərinin yaşadığı Krım və Qafqaza getmək qadağan olunur. Atası onu Özbəkistanın paytaxtı Daşkəndə göndərir.
Məqsud Şeyxzadə Daşkənddə ətrafına özü kimi düşünən insanları toplayır və mübarizəsini davam etdirir. Bir müddət "Qızıl Özbəkistan", "Şərq həqiqəti" və "Leninçi" qəzetlərində çalışan Maqsud Şeyxzadə 1938-ci ildə yenidən müəllimlik etməyə başlayır, Nizami adına Daşkənd Pedaqoji İnstitutunda dərs deyir. O, ən gözəl əsərlərini Daşkənddə yazıb. "Üçüncü kitab", "Cümhuriyyət", "Cəlaləddin Mengüberdi" kimi əsərləri özbək türkcəsində nəşr olunub. Məqsud Şeyxzadə 1952-ci ildə yenidən millətçilikdə günahlandırılaraq həbs edilir. Daşkənd məhkəməsi ona 25 il həbs cəzası kəsir. O, Sibirə göndərilir.
Stalin ölən kimi Məqsud Şeyxzadənin anası Fatma xanım SSRİ Ali Sovetinin Rəyasət Heyətinə oğlunun əfv olunması üçün məktub göndərir. 1954-cü ildə Məqsud azad olunur. Amma Daşkənd artıq köhnə Daşkənd deyildi. Bütün dostları ondan uzaq gəzməyə başlayır. Bir-iki dostundan başqa heç kəs ona salam vermir, hətta yazdığı əsərlərin qəzet və dərgilərdə yayımlanmaması üçün əllərindən gələni edirlər. Xruşovun məşhur çıxışından sonra vəziyyət dəyişir və Məqsud Şeyxzadə köhnə vaxtlardakı kimi ədəbiyyat sahəsində görünməyə başlayır. O, böyük sevinc içində "Daşkəndnamə" adlı əsər yazır. Bu əsər dərc edildikdən sonra böyük əks-səda doğurur.
1958-ci ildə Daşkənddə təşkil olunmuş Asiya Afrika Yazıçılar Konqresinə qatılan Nazim Hikmət, Əziz Nesin, Melih Cevdet Anday kimi türkiyəli solçu şair və yazıçılarla əlaqə yaradır.
Maqsud Şeyxzadə 1967-ci ilə, ölümünə qədər içindəki vətən həsrətini, vətən eşqini yazaraq təsəlli etməyə çalışır. Bəzən Uluq bəyə, bəzən də Xarəzm türklərinin məşhur lideri Cəlaləddin Xarəzmşaha baş vurur. Kitabları həm özbəkcə, həm də türkcə (Azərbaycan Türkcəsi) nəşr edilir. "Mirzə Uluqbəy" adlı əsəri ekranlaşdırılır. Məqsud Şeyxzadənin əsərləri sonuncu dəfə 1971-1974-cü illərdə altı cild şəklində nəşr olunub.
Qardaşı Fuad Şıxıyev (1913-1977) texnika elmləri doktoru idi. Odessa Milli Dənizçilik Universitetinin hidrotexnika fakültəsinin yaradıcılarından biri olmuşdur.
Xatirəsi
Məqsud Şeyxzadə haqqında Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə "İki xalqın qüruru" sənədli filmi çəkilmişdir.[1][2] 2018-ci ildə Daşkənddə şairin 110 illik yubileyi qeyd olunmuşdur.[3]
İstinadlar
- AzərTAc. "Daşkənddə Maqsud Şeyxzadə haqqında "İki xalqın qüruru" adlı sənədli film hazırlanır" (az.). AzərTAc. 21.08.2018. 2020-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-17.
- П.Ахмедов. "В Ташкенте идут съемки документального фильма "Гордость двух народов" о жизни и творческой деятельности Максуда Шейхзаде" (özbək). Kultura.uz. 22.08.2018. 2019-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-17.
- CBC. "В Ташкенте отметили 110-летие основоположника узбекской драматургии азербайджанца Максуда Шейхзаде" (rus). Youtube.com. 17.12.2018. 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-17.
Mənbə
- Шайхзода Максуд. Атокли халг шаири. «Ленин учкуни», 1956, 18 маy (özb.)
- Шайхзода Максуд. Шоир калби дунени тинглар (Танланган асарлар) // Тошкент, «Nihol», 2008. 28 б. (özb.)