Məqsəd Nur

Məqsəd Nur 1968-ci ildə anadan olub. 1988-ci ildə "Mingəçevir işıqları" qəzetində peşə fəaliyyətinə başlayıb. Elə həmin il gənclərin həyatından yazdığı bir çox məqalə və reportajlara görə qəzetin illik mükafatını alıb.

MƏQSƏD NUR
Doğum tarixi
Fəaliyyəti yazıçı, jurnalist

Yazar

Həyatı

1989-1993-cü illər arasında Azərbaycanın bir çox aparıcı qəzetlərində hərbi reportyor və fotoreportyor kimi çalışıb. Bu illərdə Qafqazda, Rusiyada və Azərbaycanda baş verən qaynar hadisələrin içindən hazırladığı reportajları, müsahibələri və fotoşəkilləri ilə tanınıb. 1993-1998-ci illər arasında həftəlik "Press-fakt" qəzetinin baş redaktoru və qurucusu olub. Qəzet bu illərdə ədəbi-bədii, ictimai-siyasi, intellektual mühitdə ən öndə gedən və art-sektorun ən avanqard sahələrini təmsil edən tanınmış mətbu orqanlardan biri olub. Məqsəd Nurun ilk ədəbi yazıları da bu qəzetdə yaratdığı "Yarıqaranlıq" rubrikasında dərc edilib. Bu rubrika altında yazılmış ilk miniatür hekayələri o vaxtın ictimai əhvalının mahiyyətini açır, eyni zamanda yazı və düşüncə stereotiplərini dağıdırdı. "Yarıqaranlıq"da yazıçı dövrün qarmaqarışıqlarını əks etdirir, qəhramanlarının psixoloji sıxıntılarını, lokal konfliktlər məngənəsində əziyyət çəkən sadə insanların əzablarını qələmə alırdı.

1993-cü ildə Məqsəd Nur dostu, ədəbiyyatşünas Tehran Əlişanoğlu ilə "YeniSi" ədəbiyyat və mədəniyyət təzahürləri mərkəzini yaradır. Daha sonra, Məqsəd Nurun təşkilatçılığı ilə Azərbaycanda ilk anadilli ədəbiyyat saytı - www.yenisi.net və bu saytın içində ədəbi müzakirələr üçün forum - www.yenisi.net/forums yaradılır. Bu, Azərbaycanda çağdaş və avanqard ədəbiyyat yazarlarını birləşdirən ilk sayt və ədəbi müzəkirələri Azərbaycan dilində internet məkana çıxaran ilk ədəbiyyat forumu idi. Bu gün mərkəzin www.yenisi.net internet ünvanında yerləşən saytında otuzdan çox gənc müəllif birləşir. Sayt hər həftə yeniləşir və forumlarda ədəbi mübahisələr, müzakirələr aparılır.

Məqsəd Nurun əsərləri Azərbaycanın bir çox mətbu orqanlarında, ədəbi nəşrlərində, o cümlədən Özbəkistan (Caxon edebiyyatı), Rusiya (Proza.ru), Türkiyə (Yeddi iklim), Gürcüstanda (Alternativa) dərc edilib. Müəllifin əksər əsərlərinin rus dilinə tərcüməsi daha çox rusdilli internet oxucularının arasında populyarlaşıb:

http://www.proza.ru/avtor/magsad

Əsərləinin internet resursunda tanınmasına və oxucu kütləsi yığmasına görə Məqsəd Nur Rusiyanın məşhur Lib.ru saytının fəxri redaktoru seçilib. Sankt-Peterburqda yerləşən və dünyanın rusdilli internet şəbəkəsində çox tanınan və sayılan Litsovet.ru portalının 7000-dən çox müəllifi sıransında Məqsəd Nur saytın reytinq cədvəlinin 3-cü pilləsinədək irəliləyə bilib. 2006-cı ilin əvvəlində bu saytın "superonluq" adlı müsabiqəsində 7–ci yerə nail olub. Müəllifin ki əsəri –"Gəlmə" və "Vasili Daniloviçin Orkestri" hekayələri Litsovet.ru-nun kitabxanasına daxil edilib.

Məqsəd Nurun ümumi yazı stilistikası və yazı dilindəki musiqi onu bir müəllif kimi fərqləndirir. Bu, azad, sərbəst düşüncə tərzi, o cümlədən milli tərzə və milli köklərə, bağlı fərqli bir prozadır.

Məqsəd Nurun bütün yaradıcılığı beş əsas silsilədə birləşib:

  • 1.Küləkli şəhər
  • 2.Ero-gigiyenik
  • 3.Katastrofiklər
  • 4.Rütubət sevgiləri
  • 5.Sınaqlar

"Tərs kimi" hekayələr toplusunun (2005) və "Şəhər Meri" (2011) romanının müəllifidir.

"Şəhər Meri" (2011) romanı Milli Kitab Mukafatının (2011)qalibidir.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.