Məntiqi modelləşdirmə
Məntiqi-Riyazi Model ilə Nəzəriyyənin Münasibəti Haqqında
Məlum olduğu kimi, klassik riyaziyyat gerçək aləmin fəza formaları və kəmiyyət münasibətləri haqqında elmdir. Riyazi modellər isə obyektlər arasındakı müəyyən əlaqə və asılılıqları formal cəhətdən təsvir edir. Bu isə bir riyazi nəzəriyyəyə bəzən başqa bir nəzəriyyənin modeli kimi baxmağa əsas verir. Model özlüyündə yeni nəzəriyyə ilə köhnə nəzəriyyə arasında əlaqə forması olmaqla, bir nəzəriyyədən başqa nəzəriyyəyə keçid vasitəsi kimi çıxış edə bilir. Riyazi nəzəriyyələrin özü də riyazi model kimi başa düşülə bilər. Hər hansı bir riyazi nəzəriyyədən o zaman istifadə oluna bilər ki, bu nəzəriyyə müəyyən obyektlər sisteminin öyrənilməsində həmin sistemin riyazi modeli olsun. Əgər riyazi nəzəriyyə verilmiş sistem üçün riyazi model ola bilməzsə, onda o, həmin sistemi öyrənməkdə istifadə oluna bilməz. Məsələn, müasir riyazi nəzəriyyələr bir çox biyoloji hadisələrin modelləşdirilməsi üçün yararsızdır. Ona görə də biyoloji hadisələrin modelləşdirilməsi üçün yeni riyazi nəzəriyyələr yaradılmalıdır.
İxtiyari prosesin riyazi modelləşdirmə metodu ilə öyrənilməsi üçün onun riyazi təsvirini vermək vacib və ilkin şərtdir. Bu təsvir məhz riyazi modeldir. Bəzi tədqiqatçıların fikrincə, riyazi model anlayışı daha geniş mənada başa düşülməlidir, çünki həm maddi obyektlərin kəmiyyət təsviri kimi çıxış edən riyazi nəzəriyyələr, həm də müəyyən riyazi nəzəriyyə ilə izomorf olan formal məntiqi sistemlər riyazi model hesab oluna bilərlər. Riyaziyyatın mücərrəd təbiəti gerçəkliyin müxtəlif sahələrinin kəmiyyət xarakteristikalarının aşkar edilməsində onun əvəzsiz idraki vasitə kimi çıxış etməsinə səbəb olur. Kəmiyyət baxımından riyazi nəzəriyyələr riyazi strukturlar, müxtəlif elm sahələrində öyrənilən hadisə və proseslərin ideal mücərrəd model kimi çıxış etməsinə imkan verir. İndiki zamanda müxtəlif elm sahələrinin riyaziləşdirilməsi, riyazi modellərin elmi idrakda rolunun daha da artmasına səbəb olmuşdur. Digər tərəfdən riyazi nəzəriyyələrin deduktiv quruluşu, onlarda aksiomatik metodun geniş tətbiq tapması riyaziyyatın digər formal məntiqi deduktiv sistemlərlə sıx əlaqəsini sübut edir. Bu xüsusiyyət riyazi nəzəriyyələrin formal məntiqi sistemlərə nəzərən model formasında çıxış etməsinə əsas verir. Məhz bu baxımdan riyazi strukturlar elmin ən müxtəlif sahələrində model rolunu ifa etmək iqtidarındadırlar. Riyazi nəzəriyyənin özünün model kimi çıxış etməsi bir tərəfdən riyaziyyatın tədqiqat obyektinin gerçəkliyin kəmiyyət münasibətlərinin universallığı, mücərrədliyi ilə digər tərəfdən onun deduktiv məntiqi quruluşunun xüsusiyyətləri ilə bağlıdır. Riyazi nəzəriyyələr formal məntiqi struktura yaxınlığı sayəsində, məntiqi qnoseoloji təhlildə, əyani bir model kimi çıxış edirlər. Məsələn, müəyyən şərtlər daxilində Evklid həndəsəsinə qeyri-Evklid həndəsəsinin, hesaba çoxluqlar nəzəriyyəsinin çoxluqlar nəzəriyyəsinin özünə isə riyazi analizin təxmini modeli kimi və s. baxmaq olar. Belə hallarda riyazi modellər adətən nəzəriyyənin interpretasiyası (izahı) kimi çıxış edirlər. Bu nəzəriyyələrin həqiqiliyi ictimai praktika vasitəsilə yoxlanılır. Sırf məntiqi yolla inkişaf etdirilmiş mücərrəd riyazi nəzəriyyələr sonralar heç də gözlənilmədən özlərinə bilavasitə əməli tətbiq sahələri tapa bilirlər. Bunu qeyri-Evklid həndəsəsinin və riyazi məntiqin timsalında aşkar etmək olar. Belə ki, qeyri-Evklid həndəsəsi nisbilik nəzəriyyəsinin, riyazi məntiq isə müasir kibernetikanın nəzəri əsasını təşkil etmişdir. İdeal modelin növlərindən olan məntiqi riyazi modellər, daha geniş imkanlara malikdir.Məntiqi riyazi modelləri aşağıdakı növlərə ayırmaq olar.a)riyazi təsvir modeli. Riyazi modelin bu növü maddi obyektlərin və ya proseslərin kəmiyyət xarakteristikasının müəyyən riyazi aparatlar vasitəsilə verilməsi ilə əlaqədardır. Riyazi təsvir modelinin evristik gücü model şəklində tətbiq olunan riyazi aparatın nəticələrinin şərhinin öyrənilən obyektin məlum olmayan əlamətlərinin müəyyən edilməsinə səbəb olmasındadır. Qeyd etməliyik ki, bu halda belə bir obyekt formasında digər bir riyazi struktura, aparat da çıxış edə bilər. Belə modelləşdirmə faktiki olaraq iki nəzəriyyənin izomorfluğunun müəyyən edilməsinə istinad edir.b)riyazi şərh modelləri. Bu növ riyazi modellər formalizə olunmuş sistemlərin riyazi nəzəriyyənin şərhi kimi çıxış etməsi ilə əlaqədardır.Formallaşdırılmış sistemlərin riyazi nəzəriyyələrin model şərhi kimi çıxış etməsi modellər nəzəriyyəsi tərəfindən tədqiq edilir. v) riyazi model analoqlar. Bu növ modellərə gəldikdə göstərmək lazımdır ki, burada müəyyən elmi – idraki məqsədlərə görə iki elmi nəzəriyyənin bir-birini qarşılıqlı surətdə əvəzetmə xüsusiyyətləri nəzərdə tutulur. Riyazi modellər haqqında irəli sürülən mülahizələr, əldə edilən elmi təsəvvürlər elmi idrakda, ideal riyazi modellərin çıxış etdiyi üç situasiyanı təhlil etməyə imkan verir. Alınan nəticələr elmi idrakda ideal model ilə nəzəriyyənin münasibətinin məntiqi-qnoseoloji təhlili baxımından ümumiləşdirilə bilər. Belə ki, burada ideal model öyrənilən maddi obyektin riyazi təsviri kimi çıxış edən, riyazi nəzəriyyəyə, riyazi struktura və maddi sistemə uyğun gəlir. Bu üç situasiyadan üçüncüsü baxılan tədqiqat sxemi çərçivəsindən kənarda qalır. İdeal modelin nəzəriyyə şəklində çıxış etməsində ən xarakterik hal birinci situasiya ilə elmi nəzəriyyələrin izomorfluğu ilə sıx bağlıdır. Məhz bu halın tədqiqi ideal, o cümlədən də riyazi model ilə nəzəriyyənin münasibətinin məntiqi qnoseoloji təhlilinə zəmin yaratmış olar.Riyazi modelin əsas əlamətlərinin müəyyən edilməsi, formalizə etmənin, formal sistemlərin təbiətinin araşdırılmasını nəzərdə tutur.Riyazi nəzəriyyələrin təhlili göstərir ki, əslində riyaziyyatda formalizə etmə təmayülü mücərrədləşdirmə səviyyəsinin artmasından başqa bir şey deyildir. Belə ki, qrup nəzəriyyəsi daha yüksək mücərrədləşdirmə səviyyəsinə malik olduğu halda, həqiqi ədədlər nəzəriyyəsi daha konkret və əyanidir. Belə olan surətdə aydındır ki, həqiqi ədədlər nəzəriyyəsi qrup nəzəriyyəsinin şərhi olub, daha konkretdir və əyani xarakter daşıyır və nəticə etibarilə qrup nəzəriyyəsinə nəzərən riyazi model formasında çıxış edir.
Bu baxımdan qrup nəzəriyyəsinin, həqiqi ədədlər nəzəriyyəsinə nisbəti, nəzəriyyənin modelə olan nisbəti kimidir. Qrup nəzəriyyəsi ilə həqiqi ədədlər nəzəriyyəsinin münasibətinin belə anlaşılmasına əsaslanaraq bu münasibətin məntiqi-qnoseoloji təhlilindən aldığımız nəticələri ümumən ideal model və nəzəriyyənin münasibətinə şamil etmiş olarıq.Modelin mühüm əlamətlərindən biri onun öyrənilən obyektlə nəzəriyyə arasında aralıq mövqe tutmasıdır. Həm nəzəri, həm praktik halında model gerçəkliyin bu və ya digər dərəcədə əyani, obrazlı, konkret ifadəsi olduğu halda, nəzəriyyə tədqiq obyektinin nisbətən mücərrəd, ümumi in’ikasıdır. Bu fikirləri baxdığımız hala tətbiq etsək görərik ki, burada tədqiq obyekti gerçəkliyin kəmiyyət xarakteristikası müəyyənliyi, bu obyekti əks etdirən nəzəriyyə qrup nəzəriyyəsi, model isə həqiqi ədədlər nəzəriyyəsi şəklində çıxış edir. Bu üçlüyün münasibətində həqiqi ədədlər nəzəriyyəsi, mücərrəd qrup nəzəriyyəsinə nisbətən daha konkret, daha əyani və obrazlıdır. Tədqiq obyekti gerçəkliyin kəmiyyət müəyyənlikləri ilə onun mücərrəd inikası qrup nəzəriyyəsi arasında yerləşdirilən modelin-həqiqi ədədlər nəzəriyyəsinin tədqiqi məhz nəzəriyyənin qrup nəzəriyyəsinin mükəmməlliyini, elmi-nəzəri dərinliyini müəyyənləşdirir. Nəzəriyyənin məntiqi qnoseoloji təhlilinin verilməsi isə müxtəlif təfəkkür formalarının analiz və sintezinin, induksiya və deduksiyanın (nəzəri-idrakın ümumi yolu olan mücərrədlikdən konkretliyə yüksəliş prosesi çərçivəsində) qarşılıqlı əlaqəsinin tədqiqi deməkdir. Bu proses nəzəri analiz əsasında aparılır. Nəzəri analizdə induksiyanın və deduksiyanın qarşılıqlı surətdə bir-birinə keçməsi, tədqiqat predmetinin vəhdətini ifadə edə bilən mürəkkəb bir formada vasitələnir. Mücərrədlikdən konkretliyə yüksəlişin əsas xüsusiyyəti onun genetik çıxarılış kimi çıxış etməsidir.Nəzəriyyə o, cümlədən riyazi nəzəriyyə mücərrədlikdən konkretə yüksəliş üçün xarakterik olan təfəkkürün analiz və sintez, induksiya və deduksiya kimi məntiqi formalarının dialektik tərzdə bir-birinə qarşılıqlı keçidi və çulğaşmasıdır. Baxdığımız konkret halda riyazi nəzəriyyə kimi qrup nəzəriyyəsi məhz analiz və sintezin, induksiya və deduksiyanın, qarşılıqlı dialektik vəhdəti əsasında nəzəri fikrin mücərrədlikdən konkretliyə yüksəlişini təcəssüm etdirir.Nəzəri fikrin bu hərəkəti həqiqi ədədlər nəzəriyyəsindən qrup nəzəriyyəsinə keçidi tə’min etdiyi kimi, gerçəkliyin kəmiyyət müəyyənliklərini öyrənmək sayəsində həqiqi ədədlər nəzəriyyəsinə keçid də eyni qanunauyğunluqlar əsasında mümkündür. Doğrudanda həqiqi ədədlər nəzəriyyəsinin ilkin obyekt və əməliyyatlarını qrup nəzəriyyəsinin müvafiq obyekt və əməliyyatları ilə müqayisə etsək, ikinci nəzəriyyənin birincidən abstraktdan konkretə yüksəlmə vasitəsilə alındığını görərik. Öz növbəsində həqiqi ədədlər nəzəriyyəsinin özü induksiya və deduksiyanın, analiz və sintezin abstraktdan konkretə yüksəlmə əsasında həyata keçən dialektik prosesin nəticəsidir. Burada prinsipial fərq ondan ibarətdir ki, hər iki hal üçün eyni olan abstraktdan konkretə yüksəliş müxtəlif vasitələrlə həyata keçirilir. Həqiqi ədədlər nəzəriyyəsinin yaranmasında induksiya və deduksiya, analiz və sintezin qarşılıqlı dialektik hərəkəti hissi-əyani konkretdən mücərrədləşmə yolu ilə fikri konkretliyə yüksəlişi tə’min etdiyi halda, həqiqi ədədlər nəzəriyyəsindən qrup nəzəriyyəsinə keçid zamanı bu yüksəlmə çoxcəhətliliyin dar vəhdəti kimi çıxış edən hissi-əyani konkretlikdən çoxcəhətliliyin daha geniş vəhdəti olan fikri konkretliyə keçid kimi xarakterizə olunur. Bu fərq əsasında qrup nəzəriyyəsi və həqiqi ədədlər nəzəriyyəsi müvafiq olaraq nəzəriyyə və riyazi model halında çıxış edirlər. Riyazi model ilə riyazi nəzəriyyənin münasibətinin məntiqi-qnoseoloji təhlili göstərir ki, ideal modellə nəzəriyyə arasında mühüm keyfiyyət fərqi onların hər ikisində istifadə olunan ideallaşdırma, formalaşdırma və abstraktlaşdırmanın müxtəlif üsullarla həyata keçirilməsindədir. Burada həqiqi ədədlər nəzəriyyəsi riyazi model növü kimi riyazi təsvir modelini təmsil edir: formal məntiqi sistem olmaq e’tibarilə ideal modelin riyazi nəzəriyyənin şərhi kimi çıxış etməsinə gəldikdə göstərmək lazımdır ki, burada formal məntiqi sistem riyazi şərh modeli kimi çıxış edir. İdeal modelin bir növü kimi çıxış edən riyazi model ilə nəzəriyyənin münasibəti barədə aşağıdakı xülasəni vermək olar:1)Modelləşdirmədə ideal model formasında çıxış edən nəzəriyyə ilə buna izomorf olan nəzəriyyə arasındakı fərq onların hər ikisi üçün səciyyəvi olan abstraktdan konkretə yüksəlmədə abstraktlaşdırmanın müxtəlif vasitələrlə və müxtəlif tərzdə realizə edilməsindən ibarətdir.2)İzomorf iki nəzəriyyədən hansının ideal model, hansının isə nəzəriyyə kimi çıxış etməsi tədqiqatın məqsədindən asılıdır. Belə ki, idrakın konkretdən abstrakta hərəkətində daha mücərrəd elmi nəzəriyyə, abstraktdan konkretliyə keçiddə isə daha əyani, daha konkret nəzəriyyə model rolunu oynayır. Məsələn, məqsəd riyazi nəzəriyyələrin məntiqi strukturunun tədqiqidirsə, onda ideal model kimi daha mücərrəd olan formal məntiqi nəzəri sistem çıxış edir. Qrup nəzəriyyəsi ilə həqiqi ədədlər nəzəriyyəsinin yuxarıda təhlil etdiyimiz münasibətində məqsəd riyazi nəzəriyyənin real şərhi idi; bu isə daha konkret və məzmunlu həqiqi ədədlər nəzəriyyəsinin ideal model formasında çıxış etməsini şərtləndirir. 3) Müasir riyaziyyatda işlədilən riyazi model anlayışı aksiomatik nəzəriyyələrin araşdırılmasında tətbiq edilən interpretasiya metodu ilə sıx bağlıdır. Aksiomatik nəzəriyyələrdə formal və məzmunlu təkliflər arasındakı uyğunluq kimi təzahür edən interpretasiya bu nəzəriyyələrin birinin digəri üçün model kimi qəbul edilməsində mühüm əhəmiyyətə malikdir. Xüsusi halda məzmunlu aksiomatikaya malik olan nəzəriyyənin modeli olan formal aksiomatik nəzəriyyənin ziddiyyətsizliyi məhz interpretasiya zəminində yoxlanılır.