Mənim bir arzum var

Mənim bir arzum var (ing. I have a dream) — amerikalı hüquq müdafiəçisi, 1964-cü il Nobel Sülh Mükafatı laureatı Martin Lüter Kinqin 1963-cü il 28 avqust tarixində Vaşinqtona yürüş zamanı Linkoln memorialının qarşısında 200-300 min nümayişçinin önündə etdiyi məşhur çıxışı. Bu çıxışında o, gələcəkdə ağların və qaradərililərin bərabər hüquqlara malik olduğu bir Amerika görmək istədiyini ifadə etmişdir.

Martin Lüter Kinq çıxışı zamanı

Bu çıxış natiqlik sənətinin incilərindən hesab edilir. Öz üslubuna görə zənci baptist moizəsinə bənzəyir və İncilə, ABŞ İstiqlal Bəyannaməsinə, Qulların azad edilməsi haqda manifestə və ABŞ Konstitusiyasına allüziyalarla zəngindir.

Millətimizin azadlığı uğrunda mübarizə tarixində azman bir hadisə kimi qalası bu nümayişdə sizinlə bir yerdə olduğuma görə xoşbəxtəm! Yüz il bundan əvvəl, rəmzi olaraq abidəsinin kölgəsinə yığışdığımız böyük amerikalı Avraam Linkoln Azadlıq bəyannaməsini imzaladı. Bu əlamətdar sənəd haqsızlığın dözülməz əsarəti altında inləməkdə olan milyonlarla qul zəncilərin qəlbində ümid işığı yandırdı. Bu, köləliyin uzun gecəsindən sonra sevincə açılan dan yerinə bənzəyirdi. Ancaq indi, yüz il keçəndən sonra müdhiş fakt qarşısında qalmışıq. Belə ki, zənci xalqı hələ də azadlıqdan məhrumdur.

Yüz il ötsə də, zəncilərin həyatı yenə də ayrı-seçkilik və ögeylik buxovları ilə düyünlənib.

...

Ümidvaram ki, günlərin bir günü ölkəmiz "bütün insanlar bərabər yaranıblar" prinsipi ilə yaşamaq naminə qəddini düzəldib yüksələcəkdir. Bir gün gələcək ki, Corciyanın qırmızı təpələrində keçmiş qul balaları ilə quldar balaları qardaşlıq süfrəsində bir-birilə çörək kəsəcəklər! Arzum budur ki, haqsızlıq və sıxıntılar içində çabalayan Missisipi ştatı günlərin bir günü azadlıq və ədalət vahəsinə çevrilsin! Arzum budur ki, mənim dörd uşağım günlərin bir günü elə bir ölkədə yaşasınlar ki, onlara dərilərinin rənginə görə yox, şəxsiyyətlərinə görə qiymət versinlər! Belə bir arzum var... Arzum budur ki, bu gün qubernatoru dişlərini qıcadıb bizi "məhv etmək" niyyətində olan Alabama ştatını sabah ağlı-qaralı oğlanların-qızların əl-ələ verib bacı-qardaş kimi gəzib-dolandığı məkan kimi tanısınlar. Bu gün belə bir arzum var!...

Elə bir günün arzusundayam ki, onda çöllər qabaracaq, dağlar enəcək! Dərə-təpə yerlər hamarlanacaq, dolama yollar düz gedəcək və "Tanrı möcüzəsi zühur edəcək və hamı bunu öz gözü ilə görəcək!"

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.