Məhəmmədsadıq Axundov
Axundov Məhəmmədsadıq Molla Ruhulla oğlu (1887, Həştərxan, Həştərxan qəzası[d], Həştərxan quberniyası, Rusiya imperiyası – 1940-cı illər, Bakı, Azərbaycan SSR, SSRİ) — ictimai xadim, jurnalist, publisist, tərcüməçi[1] və teatr tənqidçisi.[2] Rusiya Sosial Demokrat Fəhlə Partiyası "Hümmət" təşkilatının üzvü.[3]
Məhəmmədsadıq Axundov | |
---|---|
Məhəmmədsadıq Molla Ruhulla oğlu Axundov | |
Doğum tarixi | 1887 |
Doğum yeri |
|
Vəfat tarixi | 1940-cı illər |
Vəfat yeri | |
Atası | Molla Ruhulla Məmmədzadə |
Fəaliyyəti | tənqidçi, tərcüməçi, publisist |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Məhəmmədsadıq Axundov Həştərxanda ruhani ailəsində anadan olmuşdur. Bakıda 2-ci dərəcəli[3] rus-müsəlman məhəllə məktəbini (1901) və sənət məktəbinin ikinci sinfini (1903[3] və ya 1905[1]) bitirmişdir. 1905-ci ildə ailəsi ilə Bakıya gəlib, tərəqqipərvər gənclərə qoşulmuş, mətbuatda işləməyə başlamışdır. Dostları arasında A.Çaparidze, S.Əfəndiyev, A.Vışinski kimi məşhur inqilabçılar olmuşdur. Özü yazır ki, o zaman mən "...gizli çıxan "Hümmət"də işləmişəm. Ən çox intibahnamələrin tərcüməsi ilə məşğul olurdum və onların türk dilində tərtib edirdim. Mənim mənzilimdə o zaman hektoqraf gizlədilmişdi, Soltanməcid Əfəndiyev bununla intibahnamələr çap edirdi".[4]
Bolşevik qəzetləri "Qudok" və "Prizıv"da işləyib, inqilabi-publisist məktəbi keçmişdir. "Bakinski raboçi"nin də bir neçə nömrəsinin hazırlanıb buraxılmasında iştirak etmişdir. Bu qəzet bağladılandan sonra "Proletarskaya jizn" qəzetini çıxarmaq üçün M.Axundovun adına icazə alınır, lakin sonra bu icazə hökumət tərəfindən geri götürülür.[5] Rusiya Sosial Demokrat Fəhlə Partiyası "Hümmət" təşkilatının fəal üzvlərindən biri olmuşdur.[3]
Fəaliyyəti
"İrşad" qəzetində jurnalistlik və publisist fəaliyyətinə başlamış, "Kaspi", "Tərəqqi", "İqbal", "Təkamül", "Yeni füyuzat", "Tazə xəbər" və s. dövri mətbuatda iştirak etmişdir. "Ümumi mənfəətli cib dəftərçəsi və müsəlmani-rusi-təqvim" düzəltmiş, "Rəhbəri-sərf' adlı (Qafur Rəşad Mirzəzadə ilə birlikdə) Azərbaycan dilinin qrammatikasına dair iki hissədən ibarət dərslik yazmış (1910–1917), tərcüməçiliklə məşğul olmuşdur.[1][5]
Ü.Hacıbəyovla yaxınlığı "Leyli və Məcnun" operasının ilk tamaşasına dair dərc etdirdiyi rəylə başlanmışdır.[6] Bundan sonra bəstəkarın "Şeyx Sənan", "Əsli və Kərəm", "Şah Abbas və Xurşid Banu" əsərləri, hətta onların təkrar tamaşaları haqqında müntəzəm olaraq yazılarla çıxış etdiyindən, müasirləri onu "Hacıbəyovun xeyirxahı" adlandırırdılar. Bununla belə, Axundov "Ər və arvad" musiqili komediyasına verilən səhnə quruluşunu kəskin tənqid etmişdi. Hacıbəyovun sağlığında onun haqqında dərc olunmuş tərcümeyi-hal səciyyəli ilk yazı, habelə, "Şeyx Sənan" operasının musiqi parçalarından "Ər və arvad" musiqili komediyasında istifadə edildiyinə dair ilk məlumat da Axundova məxsusdur. Axundov həqiqətən çox sevdiyi, "Allah vergisi" saydığı yaradıcılığına valeh olduğu bəstəkarı rus oxucularına "müsəlman aləmində operanın pioneri" kimi təqdim etmiş, Hacı Baba Şərifovun "Mehrimah" operasını "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şah Abbas və Xurşid Banu" əsərlərindən "qəsb və tərtib" edilən oğurluq adlandırmışdır.[7]
Rus və fars dillərini mükəmməl bilir, tərcümə ilə müntəzəm məşğul olurdu. Qərb, rus və Şərq ədəbiyyatından ancaq klassik əsərləri tərcümə etməyin tərəfdarı idi. Bu fikri Lev Tolstoyun "Üç sual" kitabçasının Azərbaycan dilində nəşri münasibətilə çap etdirdiyi məqalədə aydın ifadə edərək yazırdı ki, Tolstoyun çox faydalı olan əsərləri "həm məktəb uşaqlarını və həm də saqqallı uşaqları tərbiyə edir".[8] "Nat Pinkerton", "Şerlok Holms" kimi əsərləri oxucuları "fəsad əxlaqa düçar" edən "ucuz ədəbiyyat" qəbilindən hesab etməsi isə, şəksiz, səhv idi. Tərcümələri içərisində bu əsərlər var: İvan Belokonskinin "Zemstho nədir, camaatdan ötrü nə iş görmüşdür və zemstho nə cür gərək olsun" kitabçası (Bakı: Orucovların mətbəəsi, 1909); "Əlibaba və qırx quldur" (I nəşri: 1910, II nəşri: 1916; hər iki nəşr Bakıda, Orucovlar mətbəəsində buraxılmışdır).[5]
Məhəmmədəmin və Məhəmmədəli Rəsulzadələrin, Seyid Hüseyn Sadıqzadənin yaxın qohumu olan M.Axundov 1911-ci il martın 19-da panislamizmin təbliğində ittiham olunaraq həbs edilmişdir. Evində axtarış zamanı panislamizmin təbliği ilə bağlı heç bir fakt aşkar edilmədiyinə görə iki aydan sonra azad olunmuşdur. M.Axundov Azərbaycan Xalq Cümhuriyyəti illərində müxtəlif ictimai işlərdə çalışmış, "Novxanı" adlı istehlak cəmiyyətinin sədri olmuş, "Mərkəzi müsəlman valideyn şurası"nın katibi seçilmişdir.[3]
Sovet dövrü
Sovet dövründə daha qızğın jurnalist və mütərcimlik fəaliyyəti göstərmişdir. 1923-cü ildə "Şərq qadını" jurnalı nəşr edilməyə başlarkən bu jurnalın məsul katibi təyin edilmiş və bu vəzifəyə xidməti çox səmərəli olmuşdur. O, bir tərəfdən "Şərq qadını"nın ətrafına qadınlardan və kişilərdən ibarət istedadlı müəlliflərin toplanması, jurnalın nömrələrinin dolğun, maraqlı çıxması yolunda çalışır, redaksiyaya gələn rusca yazıları ana dilinə tərcümə edir, o biri tərəfdən də "Nazlı xanım", "Qıyıq" və s. imzalarla hekayələr, tənqidi məqalələr yazıb çap etdirirdi. 1929-cu ildə "Yeni kənd" jurnalına məsul katib vəzifəsinə köçürülmüşdü. Sonra bir müddət Azərnəşrdə şöbə mudiri və mütərcim işləmişdir. İmzaları: "Xadim", "Tamaşaçı", "Estet", "M.S.", "M.S.A." və s.[5]
Ailəsi
Tanınmış ruhani, ictimai xadim və yazıçı Molla Ruhulla Axundovun oğludur. Molla Ruhulla Axundovun vəhşicəsinə öldürülməsi münasibətilə Mirzə Cəlil "Molla Nəsrəddin"də başsağlığı dərc etmişdi. Məhəmmədsadıq Axundov 1912-ci ildə atasının qətlə yetirilməsi ilə əlaqədar mətbuatda dərc olunmuş materiallarla yanaşı bu yazını da 1913-cü ildə buraxdığı "Şəhidi-mərhum fazil əlhac Molla Ruhulla Axundun əhvalatına dair məcmuədir" kitabına daxil etmişdir.[1][3]
Əsərləri
- Ümumi mənfəətli cib dəftərçəsi və müsəlmani-rusi təqvim (naşiri Bəradərən Orucov). Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1910;
- Rəhbəri-sərf. Birinci çap. Bakı: "Baku" qəzetəsinin buxariyyə mətbəəsi, 1910 (həmmüəllif);
- Şəhidi-mərhum fazil əlhac Molla Ruhulla Axundun əhvalatına dair məcmuədir. Bakı: İsa bəy Aşurbəylinin "Kaspi" mətbəəsi, 1913;
- Rəhbəri-sərf. İkinci çap. Bakı: "Məktəb"in elektrik mətbəəsi, 1918 (həmmüəllif).
Tərcümələri
- İ.P.Belokonski. Zemstvo nədir, camaatdan ötrü nə iş görmüşdür və zemstvo nə cür gərək olsun (tərc. ed. M.Axundov; naşir. İ.Aşurbəyli). Bakı: Bəradərən Orucovların mətbəəsi, 1909;
- Əlibaba və qırx quldur. Qəribə bir hekayət (ruscadan tərcümə edəni M.Axundov, naşirləri Orucovlar). Bakı: Orucov qardaşları mətbəəsi, 1910;
- Əlibaba və qırx quldur. Qəribə bir hekayədir (ruscadan mütərcimi M.Axundov, nəşriyyati-bəradərən Orucov). İkinci təb. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1916.
İstinadlar
- Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı: Şərq-Qərb. 2008. səh. 45. 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-17.
- Üzeyir Hacıbəyov Ensiklopediyası. Bakı: Şərq-Qərb. 2007. səh. 21.
- Axundov, Məmmədsadıq // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I. Bakı: "Lider". 2004. səh. 119. ISBN 9952-417-14-2. "Arxivlənmiş surət". Archived from the original on 2022-03-10. İstifadə tarixi: 2021-12-23.
- Ceyran Əbdürrəhimova. Azadlığın carçısı. Bakı: Gənclik. 1967. səh. 63.
- Əziz Mirəhmədov. Azərbaycan jurnalistləri və naşirləri (ensiklopediya). Bakı: Ərgünəş. 2013. səh. 26–28.
- "İrşad", 15 yanvar 1908, № 7
- "Açıq söz", 27 aprel 1916, № 170
- "Tərəqqi", 20 sentyabr 1909, № 213