Məmməd Məmmədov (jurnalist)

Məmməd Məmmədov (tam adı: Məmməd Yarəli oğlu Məmmədov; d.4 iyul 1962; Şərur, Çərçiboğan k. − ö. 21 may 2011) — 2010-cu ilin noyabr ayında üçüncü dəfə Ali Məclisin deputatı seçilmişdi. Azərbaycan Respublikasının əməkdar jurnalisti[1] olmuşdur.

Məmməd Məmmədov
Məmməd Yarəli oğlu Məmmədov
Doğum tarixi
Doğum yeri Çərçiboğan, Şərur rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (48 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Uşaqları Vüsar, İqrar
Təhsili Naxçıvan Dövlət Universiteti

Həyatı

Məmməd Məmmədov 1962-ci il iyul ayının 4-də Şərur rayonunun Çərçiboğan kəndində anadan olmuşdur. 1969–1979-cu illərdə Çərçiboğan kənd orta məktəbində ilk təhsilin alıb, 1979-cu ildə Naxçıvan Dövlət Universitetinin (o vaxtkı Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun) tarix ixtisasına qəbul olunub və 1983-cü ildə ali təhsilini başa vurmuşdur. Həmin ildən doğulduğu kənddə tarix müəllimi kimi əmək fəaliyyətinə başlayıb. 1998–2002-ci illərdə Naxçıvan Dövlət Universitetində "Hüquqşünaslıq" ixtisası üzrə ikinci təhsilini almışdır. Məmməd Məmmədov orta məktəbdə oxuduğu illərdən jurnalistliyə böyük həvəs göstərmiş, şagird ikən "Şərq qapısı"nda, rayon qəzeti "İşıqlı yol"da müxtəlif mövzuda yazıları dərc olunub. Jurnalistikaya marağı onu elə bu sahəyə yönləndirmişdir. 2011-ci il may ayının 21-də vəfat etmişdir.[2]

Ailəsi

Ailəli idi. İki oğul övladı var:

  • Vüsar
  • İqrar

Fəaliyyəti

1990-cı ildə "Təşviqatçı" jurnalının Naxçıvan üzrə xüsusi müxbiri kimi jurnalistlik fəaliyyətinə başlamışdır. 1991-ci ildə isə müəllimlikdən birdəfəlik uzaqlaşmışdır. Çərçiboğan kənd orta məktəbinin müəllimliyindən Azərbaycan KP MK-nın ictimai-siyasi mətbu orqanı olan "Sovet kəndi" qəzetinə xüsusi müxbir vəzifəsinə qəbul olunmuşdur. 1991–1992-ci illərdə "Bərəkət", 1992–1996-cı illərdə "Həyat" qəzetlərinin Naxçıvanda zona müxbiri işləmişdir. Mətbuatdakı oxucu marağına səbəb olan yazıları ilə əlaqədar olaraq 1996-cı ilin yanvar ayından Azərbaycan Respublikası Milli Məclisinin orqanı olan "Azərbaycan" qəzetində əmək fəaliyyətinə davam etmişdir. "Azərbaycan" qəzetinin Naxçıvan Muxtar Respublikasındakı xüsusi müxbiri olaraq mətbuatda yazılarına davam etmişdir. Bu dövrdə muxtar respublikanın ictimai-siyasi, mədəni-sosial, iqtisadi həyatının dolğun və əhatəli şəkildə işıqlandıraraq Azərbaycan oxucusuna blokada həyatını və naxçıvanlıların yaşayışını bütün təfəərrüatları ilə çatdırmış, düşmənlə üz-üzə olan bölgədə həyata keçirilən uğurlu dövlət siyasəti və naxçıvanlıların mübarizliyindən yüzlərlə məqalələr yazmışdır. Məhz bu cür uğurlu yazıları nəticəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 6 aprel 2000-ci il tarixli sərəncamı ilə Naxçıvan MR Ali Məclisinin və Nazirlər Kabinetinin orqanı olan "Şərq qapısı" qəzetinə Baş redaktor təyin edilmişdir. 2000-ci ilin aprel ayından 2007-ci ilin fevral ayına qədər "Şərq qapısı"nda Baş redaktor kimi ağır və məsuliyyətli vəzifədə çalışmışdır. 2007-ci ilin mart ayından ömrünün sonunadək AMEA-nın Naxçıvan Bölməsində Tarix, EtnoqrafiyaArxeologiya İnstitutunun ən yeni tarix şöbəsinin müdiri və "Azərbaycan" qəzetinin Naxçıvan Muxtar Respublikası üzrə xüsusi müxbiri işləmişdir. Məmməd Məmmədov 2000-ci illərdən müstəqillik dövrümüzdə Naxçıvanda ictimai-siyasi proseslər və region mətbuatının inkişaf tarixi ilə bağlı elmi tədqiqatlar aparırdı. Bunun nəticəsi olaraq 2005-ci ilin dekabrında "Naxçıvan Muxtar Respublikasında ictimai-siyasi proseslər (1988–2005-ci illər)" mövzusunda dissertasiya müdafiə edərək tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Sonrakı illərdəki ardıcıl tədqiqatları, məqalə və kitabları nəzərə alınaraq Məmməd Məmmədova 2011-ci ildə dosent elmi rütbəsi verilmişdir. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, "Dialoq Avrasiya" beynəlxalq yaradıcılıq təşkilatının üzvi idi. Türkiyənin Antalya, Tunceli, VanƏrzurum, İranın TehranTəbriz şəhərlərndə keçirilən beynəlxalq toplantılarda iştirak etmiş, müxtəlif məzmunlu məruzələrlə çıxışlar etmişdir. Azərbaycan yazıçılarının doqquzuncu qurultayının nümayəndəsi olmuşdur.

Deputat kimi

Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən Məmməd Məmmədov ikinci və üçüncü çağırışlarda Naxçıvan MR Ali Məclisinin deputatı olmuş, 2010-cu ilin noyabr ayında üçüncü dəfə Ali Məclisin deputatı seçilmişdi.

Kitabları

Məmməd Məmmədovun, həmçinin ictimai-siyasi, elmi-publisistik mövzularda kitablar da yazmışdır:

  • "Naxçıvan kiçik Azərbaycandır" (1998);
  • "Şərqin qapısı Naxçıvan" (2001);
  • "Önrümün 40-cı baharı" (2002);
  • "Heydər Əliyev çörəyi" (2004);
  • "Mənim qəzetli dünyam" (2006);
  • "Siyasətdə Naxçıvan dərsləri" (2009);
  • "Naxçıvan: dövlət müstəqilliyi uğrunda mübarizənin dayağı" (2011)

Monoqrafiya

Haqqında

Özünün tərtib etdiyi "Mənim həyat məktəbim" kitabı ölümündən sonra çap olunmuşdur. Ölümündən bir il sonra onun haqqında yüksək poliqrafik dizayn və əhatəli xatirə və yazılardan ibarət olan "Mətbuatda yaşayan işıq" adlı xatirə-kitab nəşr edilmişdir.

Mükafatları

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fərdi jurnalist yazıları müsabiqəsinin qalibi olmuş, jurnalistikadakı peşəkar əməyi nəzərə alınaraq ona 2002-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi mükafatı təqdim olunmuşdur. 2005-ci ildə Naxçıvan Muxtar Respublikasının əməkdar jurnalisti, 2010-cu ildə isə Azərbaycan Respublikasının əməkdar jurnalisti fəxri adlarına layiq görülmüşdür.

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. Azərbaycan Respublikasının mətbuat işçilərinə fəxri adların verilməsi haqqında Arxivləşdirilib 2021-09-18 at the Wayback Machine Azərbaycan Respublikasının Prezidentinin 21 iyul 2010-cu il tarixli, 1036 nömrəli Sərəncamı. e-qanun.az
  2. "Öz yazdıqlarını yaşayan insan…". 2021-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-21.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.