Məmməd Mövsümzadə

Məmməd Mirzə oğlu Mövsümzadə — kimya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü

Məmməd Mövsümzadə
Məmməd Mirzə oğlu Mövsümzadə
Doğum tarixi
Doğum yeri Bakı
Vəfat tarixi (77 yaşında)
Vəfat yeri Bakı
Vətəndaşlığı Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahələri neft kimyası,üzvi kimya
Elmi dərəcəsi kimya elmləri doktoru
Mükafatları "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı "Şərəf nişanı" ordeni "Əmək veteranı" medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı

Həyatı

Məmməd Mirzə oğlu Mövsümzadə 1906-cı il dekabrın 25-də Bakı şəhərinin Nardaran kəndində anadan olmuşdur.[1]

1925-ci ildə orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Universitetinin (ADU) pedaqoji fakültəsinin təbiət şöbəsinə qəbul olunmuşdur. 1929-cu ildən başlayaraq ADU-nun "Üzvi kimya"kafedrasında laborant vəzifəsində işləmiş, 1930-cu ildə isə universiteti bitirdikdən sonra həmin kafedrada assistent vəzifəsinə keçrilmişdir. 1931-1995-ci illərdə o,Azərbaycan Kənd Təsərrüfatı və Pambıqçılıq İnstitutunda, Neftayırma və Sənaye Texnikumlarında kimya müəllimi və laboratoriya müdiri vəzifəsində çalışmışdır.

Elmi fəaliyyəti

1932-ci ildən başlayaraq Məmməd Mövsümzadə Azərbaycan Neft İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) "Üzvi kimya" kafedrasında müxtəlif vəzifələrdə çalışmış və 1947-ci ildən etibarən isə kafedraya rəhbərlik etmişdir.

Neft məhsullarının pirolizi sahəsində apardığı tədqiqatlar əsasında o, 1938-ci il sentyabrın 25-də namizədlik dissertasiyası müdafiə etmiş və kimya sahəsində alimlik dərəcəsi almış ilk azərbaycanlılardan biri olmuşdur.

Kimya elmləri namizədi M.Mövsümzadə 1938-1940-cı illərdə SSRİ Elmlər Akademiyası Kimya İnstitutunun Azərbaycan filialının baş elmi işçisi, 1939-cu ildə institutun "Üzvi kimya"kafedrasının dosenti olmuş və 1948-ci ilədək texnologiya fakültəsinin dekanı vəzifəsində işləmişdir.

Böyük Vətən müharibəsi illərində əmək cəbhəsində göstərdiyi fədakarlığa görə M.Mövsümzadə 1945-ci ildə Böyük Vətən müharibəsində "Fədakar əməyə görə" medalı, 1946-cı ildə isə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

Apardığı uğurlu tədqiqatların nəticəsi olaraq M.Mövsümzadə 1945-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1946-cı ildə kimya elmləri doktoru alimlik dərəcəsi və 1947-ci ildə üzvi kimya ixtisası üzrə professor elmi adı almışdır. Elmi tədqiqatlarını davam etdirən alim 1967-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasına müxbir üzv seçilmişdir.

Professor M.Mövsümzadənin uzun illər ərzində həyata keçirdiyi elmi-pedaqoji fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir: "Şərəf nişanı" ordeni,V.İ.Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq "Fədakar əməyə görə" yubiley və "Əmək veteranı"medalları, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanları,"Azərbaycan SSR Əməkdar elm xadimi" və "Fəxri kimyaçı" fəxri adları.

Həyatının çox hissəsini kimya elminin inkişafına, savadlı kadrların yetişdirilməsinə həsr etmiş görkəmli alim və böyük pedaqoq, kimya elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Məmməd Mirzə oğlu Mövsümzadə 1984-cü il dekabrın 7-də Bakı şəhərində vəfat etmişdir.

İstinadlar

  1. "Arxivlənmiş surət". 2014-07-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-11.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.