Məmməd Cəfər
Məmməd Cəfər (Cəfərov Məmmədcəfər Zeynalabdin oğlu; 9 may 1909, Naxçıvan – 11 may 1992, Bakı) — tənqidçi, ədəbiyyatşünas, nasir,Azərbaycan Yazıçılar Birliyinin üzvü (1939), filologiya elmləri doktoru (1961), professor (1963), Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü (1976), Azərbaycan SSR Əməkdar elm xadimi (1982).[1]
Məmməd Cəfər | |
---|---|
![]() | |
Doğum tarixi | 9 may 1909 |
Doğum yeri | |
Vəfat tarixi | 11 may 1992 (83 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | ədəbiyyatşünaslıq |
Mükafatları |
![]() ![]() ![]() ![]() |
![](../I/%C6%8Fli_Tud%C9%99_and_M%C9%99mm%C9%99d_C%C9%99f%C9%99r_(House).jpg.webp)
Həyatı
Məmmədcəfər Cəfərov 9 may 1909-cu ildə Naxçıvan şəhərində anadan olub. İlk təhsilini burada aldıqdan sonra 1928-1932-ci illərdə Naxçıvan Pedaqoji Texnikumunda oxuyub. Daha sonra 1932-1935-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsində təhsil alıb. O, 1935-1938-ci illərdə həmin universitetin Ərəb ədəbiyyatı kafedrasının aspirantı olub.[1]
Əmək fəaliyyəti
Məmmədcəfər Cəfərov ADPU-nun Dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirməklə yanaşı, 1932-1935-ci illərdə "Gənc işçi", "Maarif işçisi" qəzetlərinin redaksiyalarında şöbə müdiri olub. O, 1938-1939-cu illərdə Ədəbiyyat fakültəsinin dekanı, 1939-1941-ci illərdə Bakı İkiillik Müəllimlər İnstitutunda baş müəllim vəzifəsini icra edib. BDU-nun Rus ədəbiyyatı kafedrasında dosent, həmçinin "Ədəbiyyat qəzeti" redaksiyasında şöbə müdiri (1941–1943) olub.[1]
Məmmədcəfər Cəfərov 1943-1945-ci illərdə Quba Müəllimlər İnstitutunda elmi işlər üzrə direktor müavini, eyni zamanda 1945-1949-cu illərdə "Ədəbiyyat qəzeti"nin redaktoru olub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı olan Cəfərov Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi (1945–1951) olaraq fəaliyyət göstərib.[1]
Məmmədcəfər Cəfərov Bakı Dövlət Universitetinin 1951-1953-cü illərdə Rus ədəbiyyatı kafedrasının müdiri, 1959-1979-cu illərdə Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, 1979-1981-ci illərdə həmin institutun direktoru olub. Akademik Azərbaycan EA Ədəbiyyat, Dil və İncəsənət Bölməsinin akademik-katibi (1981-1987) və 1987-1992-ci illərdə Azərbaycan Elmlər Akademiyası Əlyazmalar İnstitutunun baş elmi işçisi vəzifələrində çalışıb.[1]
Akademik fəaliyyəti
Məmmədcəfər Cəfərov ədəbi fəaliyyətə 1937–1938-ci illərdə "Kommunist", "Yeni yol" və "Ədəbiyyat qəzeti"ndə N. Q. Çernişevski, A. İ. Gertsen, V. Q. Belinski, Anri Barbüs, M. Qorki və V. Mayakovski kimi sənətkar yazıçılar haqqında dərc etdirdiyi məqalələrlə başlamışdır. Dövri mətbuatda vaxtaşırı çıxan elmi, ədəbi-tənqidi-publisist və bədii əsərləri onu elmi, ictimai və publisist fikrimizin mötəbər xadimi kimi tanıdır. Onun yaradıcılığı çoxcəhətli və geniş əhatəlidir: Azərbaycan-rus ədəbi əlaqələri, Azərbaycan, rus və Avropa klassik ədəbi irsi, dərsliklər, ədəbiyyat tarixləri və ali məktəblər üçün mühazirələri onu tənqidçi, ədəbiyyatşünas-alim, pedaqoq kimi səciyyələndirir.
İlk bədii əsəri "Snayper İlyas" (B., Azərnəşr, 1942) oçerklərindən başqa əsərlərini "Zurnaçı", "M. N.", "Dəmdəməki", "Zorən təbib", "M. Zeynaloğlu" imzaları ilə çap etdirmişdir. Aspirant və dissertantlara elmi rəhbərlik etmiş, elmlər namizədi və elmlər doktorları yetişdirmiş, akademik Feyzulla Qasımzadə ilə birlikdə orta məktəb üçün XIX–XX əsrlər ədəbiyyat dərsliyini yaratmışdır. 30 ilə yaxın pedaqoji fəaliyyəti ərzində rus ədəbiyyatı, Qərb ədəbiyyatı, estetika və tənqid tarixi, mətbuat tarixi, Azərbaycan ədəbiyyatı tarixi kurslarını yaratmış və tədris etmişdir. Onun ədəbi-tənqidi və publisist əsərləri keçmiş SSRİ xalqlarının dillərində nəşr olunmuşdur. "Mirzə Ələkbər Sabir" və "Cəlil Məmmədquluzadə" kitabları rus, ingilis, fransız, ərəb, fars, ispan, türk dillərində buraxılmışdır. O, 1970-1974-cü illərdə ali məktəblər üçün 3 cildlik "XIX əsr rus ədəbiyyatı tarixi" kitabını nəşr etdirib.[1]
Akademik "M.F.Axundovun ədəbi-tənqidi görüşləri" (1950), "Füzuli düşünür" (1959), "Hüseyn Cavid" (1960), "Azərbaycan ədəbiyyatında romantizm" (1963), "Mütəfəkkirin şəxsiyyəti" (1967), "Nizaminin fikir dünyası" (1982) və s. tədqiqatların müəllifidir. Alimin rəhbərliyi ilə onlarla elmlər namizədi və elmlər doktoru tədqiqat aparıb. Məmmədcəfər Cəfərovun 30-dan artıq kitabı, 750-yə qədər məqaləsi işıq üzü görüb.[1]
Vəfatı
Məmmədcəfər Cəfərov 11 may 1992-ci ildə Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn edilib.[1]
Mükafatları
- Azərbaycan SSR Dövlət mükafatı — 1976[2];
- "Azərbaycan SSR Əməkdar elm xadimi" fəxri adı — 2 dekabr 1982[1][3];
- iki dəfə "Şərəf nişanı" ordeni;[1]
- "Lenin" ordeni;[1]
İstinadlar
- "Cəfərov Məmmədcəfər Zeynalabdin oğlu" (Azərbaycan). science.gov.az. 16-09-2021 tarixində arxivləşdirilib.
- Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1976-cı il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1976-cı il tarixli Qərarı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- Respublikanın elmi işçilərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 2 dekabr 1982-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
Xarici keçidlər
- Akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyi LDU-da qeyd edilib.
- Məmməd Cəfər Cəfərov-110
- Bir xatiratın izi ilə...