Məhəmməd Əli Rəsulzadə

Məhəmməd Əli Əbdüləziz oğlu Rəsulzadə (7 aprel 1882, Novxanı, Bakı qəzası3 fevral 1952, İstanbul) — ictimai xadim, Məhəmməd Əmin Rəsulzadənin əmisi oğlu, jurnalist, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri.[1]

Məhəmməd Əli Rəsulzadə
Şəxsi məlumatlar
Doğum tarixi 7 aprel 1882(1882-04-07)
Doğum yeri
Vəfat tarixi 3 fevral 1952(1952-02-03) (69 yaşında)
Vəfat yeri
Partiya
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında

Məhəmmədəli Rəsulzadə 7 aprel 1882-ci il tarixdə Novxanıda anadan olmuşdur. 1911-ci ilin oktyabr ayında Bakıda Tağı Nağı oğlu və Abbasqulu Kazımzadə ilə birlikdə Müsavat Firqəsini qurmuşdur. 3 fevral 1952-ci il tarixdə İstanbulda vəfat etmişdir.[1]

Fəaliyyəti

Məhəmməd Əmin Rəsulzadə yoldaşları ilə. Soldan sağa: Tağı Nağıyev, Məhəmməd Əli Rəsulzadə, Məhəmməd Əmin Rəsulzadə, Mirzə Məhəmməd Axundov, Nəsib bəy Yusifbəyli, Kərbəlayi Vəli Mikayılov, Abbasqulu Kazımzadə

İlk təhsilini din xadimi olan atasından almış, sonralar maarif xadimi Sultanməcid Qənizadənin rəhbərliyi ilə Bakıda açılmış 2-ci "rus-müsəlman" məktəbində oxumuşdur. Siyasi fəaliyyətə 1902-ci ildə Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə yaranmış və Azərbaycanında Rusiya müstəmləkəçiliyinə qarşı mübarizə aparan "Müsəlman gənclik təşkilatı"nda başlamışdır. 1904-cü ilin axırında Rusiya Sosial Demokrat Fəhlə Partiyası (RSDFP) Bakı Komitəsinin nəzdində Mirhəsən Mövsümov, Məmməd Həsən HacınskiMəhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə yaradılan ilk müsəlman sosial-demokrat təşkilatın əsası bu təşkilatla qoyulmuşdur. Həmin "Hümmət" təşkilatına ilk daxil olanlardan biri də Məhəmməd Əli Rəsulzadə idi. O, "Hümmətin "Təkamül" (1906–1907) və "Yoldaş" (1907) qəzetlərində inqilabi hərəkata dair məqalələrlə çıxış etmişdir.[1]

1907-ci ildə Balaxanı neft rayonunda P. Caparidze, M. Əzizbəyov, İ. Fioletov, S. Əfəndiyev və başqalarının iştirakı ilə təşkil olunan "Neft sənayesi fəhlələrinin ittifaqı"nın sədri P. Caparidze, texniki katibi isə Məhəmməd Əli Rəsulzadə idi.

1911-ci ilin oktyabrında Bakıda gizli şəkildə təşkil olunmuş Müsəlman Demokratik Müsavat Partiyasının müəssislərindən olmuşdur. Partiyanın əsas orqanı olan "Açıq söz" (1915–19) qəzetinin müxtəlif vaxtlarda naşiri və redaktoru Məhəmməd Əli Rəsulzadə idi.

1918-ci il dekabrın 7-də Bakıda təntənəli surətdə açılmış Azərbaycan Parlamentinə gizli səsvermə yolu ilə Bakıdan üzv seçilmiş, 1919-cu ilin əvvəllərində təşkil olunmuş Azərbaycan Xalq Cümhuriyyəti Hökumət mətbəəsinin müdiri təyin olunmuşdur. Məhəmməd Əli Rəsulzadə 1919-cu ilin oktyabrında "Türk Ədəmi-Mərkəziyyət Müsavat Partiyası" Bakı komitəsinin üzvü seçilmişdi.[1]

Məhəmməd Əli Rəsulzadə (ikinci sırada soldan ikinci) azərbaycanlı mühacirlərlə birgə

Aprel işğalından (1920) sonra iki ilə yaxın Moskvada Xalq Millətlər Komissarlığına tabe olan kooperativ təşkilatında işləyən Məhəmməd Əli Rəsulzadə 1922-ci ilin yayında Bakıdan İrana və oradan isə İstanbula mühacirətə getmişdir. M. Rəsulzadə həmin dövrdə İstanbulda nəşr olunan "Yeni Qafqasya", "Azəri türk", "Odlu yurd", "Azərbaycan yurd bilgisi" və s. mətbuat orqanları ilə yaxından əməkdaşlıq etmişdir. Onun Türkiyədə Azərbaycan ədəbiyyatının təbliği sahəsindəki fəaliyyəti də diqqətəlayiqdir. 1952-ci ildən Ankarada nəşr olunan "Azərbaycan" jurnalında "M. Ə. Rəsuloğlu" imzası ilə çoxlu məqaləsi dərc olunmuşdur.[1]

İstinadlar

  1. Məhəmməd Əli Rəsulzadə // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II. Bakı: "Lider". 2005. səh. 310-311. ISBN 9952-417-44-4.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.