Məmmədəli Əliyev
Məmmədəli Əliqulu oğlu Əliyev (ədəbi təxəllüsü Sail; 8 mart 1936, Bakı – 1983) — tanınmış müğənni, "Kor ərəbin mahnısı"nın ilk ifaçısı.
Məmmədəli Əliyev | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 8 mart 1936 |
Doğum yeri | |
Vəfat tarixi | 1983 |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Müğənni |
Həyatı
Erkən yaşlarında atasını itirir, anası Xədicə xanım hər gün 7 uşağı evdə tək qoyub işləmək məcburiyyətində qalır. Məmmədəli kiçik yazşlarından oxumağı sevərdi, bu səs ona səsiylə ün qazanmış toy xanəndəsi atası Dərviş Əliqulu kişidən keçmişdi.
Bir gün oxumağından məktəbdə də xəbər tutdular. Bir tədbir olan kimi gəlirdilər anasının üstünə ki, qoy, Məmmədəli oxusun. Müəllimləri anasına tapşırırdı ki, nəbadə oğlunu başqa sənətin dalınca düşməyə qoyasan. Ondan yaxşı xanəndə çıxar. Bu sözü qonşuları Əhməd Bakıxanov da deyirdi.
Gözəl səsindən əlavə, Məmmədəlinin şeir, qəzəl yazmağı da vardı. Şeirlərini "Sail" (dərdli avara) təxəllüsü ilə yazardı. Bu imzayla 300-ə yaxın şeir, qəzəl, müxəmməs, təmsil, qoşmalar yazmışdı.
1940–1941-ci illərdə Əhməd Bakıxanov Məmmədəlini və bacısı Töhfəni öz ansamblına gətirdi.
1942-ci ildə Məmmədəlini cəbhəyə göndərdilər. 1945-də yaralanıb qayıtdı. Sonra Milli Dram Teatrına işləməyə getdi.
Həmin illərdə Məmmədəlinin ürəyinə bir sevda da hakim kəsilmişdi. Xalası qızı Böyükxanıma vurulmuşdu, amma sözləri bir-birinə xoş gəlmədiyindən bir yerdə yaşaya bilməyəcəklərini başa düşüb sevgililər ayrılırlar.
Məmmədəli Əliyev teatrda işləyərkən ikinci dəfə ailə qurur. Teatrda görüb sevdiyi Zəhraxanım da aktrisa idi. Bu evlilikdən 5 uşaqları olur.
Məmmədəli Əliyev 22 il teatrda çalışır. Əksər tamaşalarda oxuyur. "Xosrov və Şirin"də Ozanı, "Qatır Məmməd"də Aşığı, "Vaqif"də Xanəndəni, "Hind gözəli"ndə Arabaçını, "Şeyx Sənan"da Kor Ərəbi oynayır. Kor Ərəbin mahnısı bir səs-küy qoparır ki, gəl görəsən… Deyirdi, mən o mahnını oxuyub qurtaran kimi Bülbül səhnəyə çıxdı, əllərimi sıxıb dedi ki, sağ ol Məmmədəli, nə gözəl oxudun!
Bu rol üzərində M. Əliyev çox ciddi çalışmışdı. Tamaşanın müvəffəqiyyətlə hazırlanmasında görkəmli reyissor Adil İsgəndərovun ciddi əməyi vardı. Tamaşanın musiqisini bəstəkar Fikrət Əmirov yazmışdı. Bu mahnı hələ əsərin məşqləri zamanı tamaşanın müvəffəqiyyətli olacağından xəbər verirdi. Doğrudan da "Şeyx Sənan" nəinki Bakıda, eləcə də Tbilisi və Yerevan qastrollarında böyük uğurlar qazanır.
Bir dəfə bu rolu oynarkən Məmmədəlinin əlindəki ağac əlindən düşüb yox olur. Kor rolu oynadığı üçün aktyor gözünü açıb heç yeri axtara bilmir. Gözlərini bir nöqtəyə zilləyərək, əlini yerə sürtə-sürtə ətrafı nə qədər axtarırsa, ağacı tapa bilmir. Pərdə bağlanandan sonra da ağacı nə qədər axtarırsa, tapa bilmir. Nəhayət, ağacı səhnənin altında olan zirzəmidən tapıb gətirirlər. Demə, ağac səhnədəki bayraq sancmaq üçün nəzərdə tutulmuş kiçik dairəvi deşikdən aşağı düşübmüş.
Sonralar Rauf Kazımovski Kor Ərəbin mahnısını ayrıca kino lentinə çəkir, televiziya vasitəsilə göstərirlər. Fikrət Əmirov də bu lenti özü ilə Amerika səfərinə aparır.
Məmmədəli Əliyev deyirdi:
- Yaradıcılığımın iki parçası mənim həm təsəlli yerimdi, həm də ağrımdı. Biri "Hind gözəli"ndəki Arabaçının mahnısıdır. Hərçənd oxuduqlarımdan ən babatından söz düşəndə mən də, qeyriləri də Kor Ərəbin mahnısını xatırlayır, amma nəsə hiss eləyirəm ki, ürəyimdə o Arabaçının mahnısını daha artıq sevirəm. Çünki o mahnıda yanğı, kövrəklik, hiss daha güclüdür. Elə bil öz ömrümdür.
Məmmədəli Əliyev səhnədə can verməyi arzulasa da, kamına çatmır, ömrünün sonlarına yaxın teatrdan uzaqlaşır. O, səhnədən qocalıb getmir, yaş artandan, səsdən qalandan sonra musiqidən əl çəkmir. Hələ səhnəyə çox çıxa bilərdi. Özü gedəndən bir az sonra lent yazıları gözdən, qulaqdan uzaq düşür, amma hər halda könüllərdən iraq düşməyir.
Məmmədəli Əliyev səhnədən uzaqlaşandan sonra yenidən hərbi işə qayıdır. 1968-ci ildə Elmlər Akademiyasına işə düzəlir. Hərbi kafedranın müdiri olur. Müharibədə olduğu üçün hərbi işdən başı çıxırdı.
Məmmədəli Əliyev 1983-cü ildə vəfat edib.
Ailəsi
Müğənni Töhfə Əliyevanın qardaşı, İlqar Sailin atasıdır.