Məleykə Abbaszadə
Abbaszadə Məleykə Mehdi qızı (23 fevral 1953, Bakı) — Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri.
Məleykə Abbaszadə | |
---|---|
Vəzifədədir | |
12 aprel 2016-cı ildən | |
5 oktyabr 2000 – 12 aprel 2016 | |
Əvvəlki | Faiq Nağıyev |
Sonrakı | Vəzifə ləğv edildi. |
1994 – 5 oktyabr 2000 | |
Sədr | Kamran İmanov (1993–1995) Faiq Nağıyev (1995–2000) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 fevral 1953 (71 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | riyaziyyatçı, siyasətçi |
Atası | Mehdi Mustafayev |
Uşaqları |
Nərgiz Birk-Petersen Nigar Abbaszadə(1976–2020) |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Məleykə Abbaszadə 1953-cü ildə Bakı şəhərində dünyaya gəlib.[1] 1970-ci ildə Bakı şəhərində orta məktəbi bitirib M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin həmin ildə yaradılmış hesablama riyaziyyatı və kibernetika fakültəsinə daxil olub. 1975-ci ildə universiteti bitirib və Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutuna baş laborant vəzifəsinə təyin edilib. 1975–1977-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzində akademik N. N. Moiseyevin şöbəsində tədqiqatçı-stajor işləyib, 1977–1987-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda elmi işçi vəzifəsində çalışıb. 1988-ci ildə Kiyev şəhərində Ukrayna Elmlər Akademiyası V. M. Qluşkov adına Kibernetika İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb. 1987–1989-cu illərdə Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutunda hesablama texnikası və informatika tədrisi metodikası şöbəsinin müdiri vəzifəsində, 1989-cu ildən M. Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb. 1990-cı ildə Azərbaycan "İstedad" assosiasiyası sədrinin birinci müavini seçilərək 1994-cü ilin avqust ayına qədər bu vəzifədə işləyib.
Fəaliyyəti
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə 1994-cü ilin avqust ayında Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sədrinin birinci müavini, 2000-ci ilin oktyabr ayından isə TQDK-nın sədri vəzifəsinə təyin olunmuşdur.[2]
M. Abbaszadənin rəhbərliyi ilə 1994-cü ildə Komissiyada fənlər üzrə daimi fəaliyyət göstərən, bütün pedaqoji ictimaiyyətə açıq olan elmi-metodiki seminarlar təşkil edilmiş, sonrakı il Komissiyada bütün fənlər üzrə ekspert şuraları və testlər bankı yaradılmış, tələbə qəbulunun elmi-statistik təhlilinin aparılması və araşdırmanın nəticələrinin nəşr edilib. TQDK-nın nəzdində abituriyentlərə kömək məqsədilə hazırlıq kursları təşkil edilmişdir.
M. Abbaszadənin rəhbərliyi altında "Abituriyent" jurnalı yaradılmışdır. 1994-cü ildən başlayaraq qəbul imtahanlarının nəticələrinin elmi-metodiki təhlilinə həsr olunan "Abitiriyent" jurnalının yekun 12-ci buraxılışında dərc edilən məqalələrin müəllifi, jurnala əlavələr kimi nəşr edilən 100 yaxın adda müxtəlif dərs və metodiki vəsaitlərin həmmüəllifidir.
2000-ci ildə M. Abbaszadənin Milli Koordinator olduğu "Seçkilərlə əlaqədar məlumatın ötürülməsi üçün şəbəkənin yaradılmasına yardım" Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) ilə Azərbaycan Hökumətinin birgə layihəsi çərçivəsində "Seçkilər" Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi yaradılmış, 2000-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərdə tətbiq olunmuş və hal-hazıradək respublikada keçirilən seçkilərdə həmin Sistem fəaliyyət göstərir.
M. Abbaszadə 2003-cü ilin noyabrında Bakı şəhərində "İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və Elektron idarəetmə" mövzusunda Beynəlxalq forumun təşkilatçısı olmuşdur.
M. Abbaszadə 2007-ci il sentyabrın 16-dan 21-dək Bakı şəhərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assessment) "Milli qiymətləndirmə sistemlərinin və təhsil standartlarının qarşılıqlı asılılığı" mövzusunda 33-cü Beynəlxalq Konfransının təşkilatçısı olmuş, 2008-ci ildə IAEA-nın İcraiyyə Komitəsinin üzvü seçilmişdir.
M. Abbaszadə İAEA (İnternational Association for Educational Assessment – Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiya) və UNESCO-nun 2005-ci ildə birgə dərc etdiyi Təhsildə Qiymətləndirmə üzrə beynəlxalq ekspertlərin siyahısına daxil edilmişdir.
M. Abbaszadə 60-dək elmi məqalənin, ali məktəblər üçün iki dərs vəsaitinin müəllifidir.
Mükafatları
25 fevral 2013-cü ildə Azərbaycan Respublikasında təhsilin qiymətləndirilməsi sahəsində müasir texnologiyaların səmərəli tətbiqinə görə Məleykə Mehdi qızı Abbaszadə "Şöhrət" ordeni ilə təltif edilmişdir[3].
21 fevral 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şərəf" ordeni ilə təltif edilib[4].
Ailəsi
İki övladı, dörd nəvəsi var.
Qızı Nərgiz Birk-Petersen 2012 Avroviziya Mahnı Müsabiqəsinin aparıcılarından biri olub[5][6].
İstinadlar
- "Arxivlənmiş surət". 2023-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-07.
- "539 - M. M. Abbaszadənin Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri təyin edilməsi haqqında". e-qanun.az. 2023-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-07.
- "M.M.Abbaszadənin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-28.
- "M.M.Abbaszadənin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-21.
- "Məleykə Abbaszadənin qızı suallara aydınlıq gətirdi". 2012-07-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-05-24.
- ""Eurovision-2012"-nin aparıcısı Məleykə Abbaszadənin qızıdır". 2012-05-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-05-24.
Xarici keçidlər
- TQDK-Rəhbərlik Arxivləşdirilib 2006-09-14 at the Wayback Machine