Məktəb medalları
Məktəb medalları — Orta məktəb şagirdlərinin təhsil müddətindəki biliyinin qiymətləndirilməsi üçün verilən medallar. Əsasən qızıl və gümüş medaldan ibarətdir.
İlk medallar
Orta məktəb şagirdlərinin təhsil müddətindəki biliyinin qiymətləndirilməsi üçün medalların verilməsi ənənəsi hələ XIX əsrdə olub. Rusiyada məktəb medallarının tarixi 1828-ci ildə "Məhəllə, qəza məktəbləri və gimnaziyalarının əsasnamələri"nin qəbulu ilə başlayıb.
SSRİ medalları
Azərbaycanın da daxil olduğu SSRİ-də isə məktəb medallarının verilməsi qaydaları ittifaqın İcraiyyə Komitəsinin 1247 saylı qərarı ilə 1945-ci ilin mayın 30-dan tətbiq edilib.
İlk qızıl və gümüş medallar 583 qızıl və 925 gümüş probundan hazırlanırdı. Dairəvi formada, diametri 32 mm olan medallar həmin vaxt ittifaq respublikalarında mövcud olan 16 variantda ştamplanırdı. Əsl qızıl medallar demək olar ki, həmin illərdə hazırlananlar hesab edilə bilər. Çünki 1954-cü ildə qənaət məqsədilə qızıl medalların istehsalında ilk texniki dəyişiklik edilir və medaldakı qızılın probu 375-ə enməklə keyfiyyəti aşağı salınır. Gümüş medalların tərkibi isə olduğu kimi saxlanır.
1960-cı ildə məktəb medallarının yeni nümunəsi tətbiq edilir. Medalların diametri 40 mm-dək böyüdülür, amma əvəzində onların tərkibindəki qiymətli metalların çəkisi azaldılır. Qızıl medallarda qiymətli metalların çəkisi 0,3 qrama, gümüş medallarda isə 0,2 qrama çatır. Bu qiymətli metalların yerini isə qızıl medallarda tompaklar (mis ilə sink ərintisi; bürünc növü), gümüş medallarda melxior (nikellə misdən alınan gümüşə oxşar ərinti) tutur. Beləliklə, medallarda qiymətli metallar yalnız toz halında qalmış olur.
Qızıl medal | ||||
---|---|---|---|---|
İli | Diametri | Tərkibi | Ustə çəkilmə | Qiymətli metal |
1945 | 32 mm | qızıl 583 | qızıl 900 | 10,45 qram |
1954 | 32 mm | qızıl 375 | qızıl 900 | 5,87 qr. |
1960-cı ildən başlayaraq | 40 mm | Tompak | qızıl | 0,3 qr. |
Gümüş medal | ||||
İli | Diametri | Tərkibi | Ustə çəkilmə | Qiymətli metal |
1945 | 32 mm | gümüş 925 | - | 15,0 qram |
1954 | 32 mm | gümüş 925 | - | 15,0 qr. |
1960-cı ildən etibarən | 40 mm | melxior | gümüş | 0,2 qr. |
1968-ci ildə gümüş medalla təltif etmə dayandırılır. 1977-ci cildə SSRİ Konstitusiyasının dəyişdirilməsi ilə əlaqədar ittifaqa daxil olan respublikaların da əsas qanunları yenidən qəbul edildiyindən ölkələrin gerblərinə yeni beş ulduzlu simvollar əlavə edilir. Bu dəyişiklik qızıl medalda da öz əksini tapır.
1985-ci ilin avqustun 6-dan SSRİ Nazirlər Şurası 17 illik fasilədən sonra gümüş medalı qızıldan kiçik dəyişikliklə fərqləndirməklə bərpa edir. SSRİ dağıldıqdan sonra isə əksər ölkələrin artıq öz məktəb medalları olur.
Azərbaycan Respublikasının medalları
Gümüş medal (Azərbaycan SSR) |
Azərbaycanda orta məktəbi müvəffəqiyyətlə bitirən məzunlara qızıl və ya gümüş medalların verilməsi 1990-cı illərin əvvəllərində dayandırılıb. 1992-ci ildə qəbul edilən "Təhsil haqqında" qanunda 11-ci sinif məzunlarına qızıl və ya gümüş medalların verilməsi məsələsi öz əksini tapmadığından şagirdlərin belə medallarla təltifinə də son qoyulub. Uzun müzakirələrdən sonra yalnız 2009-cu ildə qəbul edilən "Təhsil haqqında" qanunda bu məsələ yenidən bərpa edilib.
Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunması qaydaları "Təhsil haqqında" qanunun 19.8-ci maddəsinə uyğun hazırlanıb. Bu qaydalara əsasən, ümumtəhsil məktəbində təhsil aldığı müddətdə təhsildə xüsusi nəticələr ilə yanaşı, nümunəvi davranışı ilə fərqlənən tam orta təhsil səviyyəsi məzunlarının namizədliyi qızıl və ya gümüş medalla təltif olunmaq üçün təqdim edilə bilər. Respublika fənn olimpiadalarının yekun mərhələsində, rayon (şəhər), ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülmə də təhsil alanın qızıl və ya gümüş medalla təltif üçün namizədliyinin verilməsi zamanı nəzərə alınacaq. Təhsil alanların qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılacaq və müvafiq qərar qəbul ediləcək.
Qızıl və ya gümüş medal almaq üçün o şagirdlərin namizədliyi verilə bilər ki, onların ümumi orta təhsil səviyyəsinin 75 faizi "əla" qiymətlərlə bitirilsin, tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı, 75 faizi "əla" olmalıdır. Eyni zamanda, qızıl medal almaq istəyən məzunun X və XI siniflərdə bütün fənlər üzrə illik qiymətləri "beş" olmalıdır.
Yerli təhsili idarəetmə orqanları şagirdlərin qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi barədə Pedaqoji Şuranın qərarını və həmin təhsil alanların fərdi siyahısını hər il mayın 20-dən gec olmayaraq, Təhsil Nazirliyinə təqdim etməlidirlər.
Qızıl və ya gümüş medalla təltif olunmaq üçün namizədliyi verilən təhsil alanlardan attestata yazılan yekun qiymətləri yalnız "əla" olanlar qızıl medala, attestata yazılan yekun qiymətlərindən maksimum ikisi "yaxşı" (tədris dili və riyaziyyat istisna edilməklə) olanlar isə gümüş medala layiq görüləcəklər. Məzunların qızıl və ya gümüş medalla təltifi Təhsil Nazirliyinin əmri ilə rəsmiləşdiriləcək. Qızıl və ya gümüş medala layiq görülmüş təhsil alanların adları oxuduqları məktəbin "Şərəf kitabı"na yazılacaq. Qızıl və ya gümüş medal təntənəli şəraitdə təqdim ediləcək.
Medalların təsviri artıq bəllidir. Medalın üzərində Azərbaycanın dövlət gerbi olacaq, "əla nailiyyətlərə görə", "xüsusi nailiyyətlərə görə" sözləri yazılacaq. Medalların yan tərəfindən isə "qızıl medal və ya "gümüş medal" sözlərinin yazılması nəzərdə tutulur.