Məişət ekologiyası

Məişət ekologiyası — İnsan populyasiyasının mövcudluğu və inkişafını təmin edən, əhalinin sağlamlığının qorunması və inkişafına xidmət edən, adamların fiziki və mənəvi qüvvələrinin rekreatsiyasına şərait yaradan, onların təkrar istehsalını təmin edən, adamları mənəvi-psixoloji cəhətdən formalaşdıran və insanla ətraf mühitin qarşılıqlı təsir qanunauyğunluğu əsasında reallaşan sosial-bioloji, mənəvi-psixoloji şəraiti əhatə edən mikromühit kimi dəyərləndirilir.[1]


"Məişət ekologiyası" anlayışı

Sakit Hüseynov. Məişət ekologiyası

Professor Sakit Hüseynov yazır ki, məişət ekologiyası anlayışı, başqa canlıların özünəməxsus yaşama yeri, insanın öz yaşama yeri, sosial-fəlsəfi baxımdan məişət şəraiti anlayışı kimi müəyyənləşdirilir. Bu mənada məişət ekologiyasını mənalandırarkən — insanın yaşma yeri olan mənzil-məişətin ekologiyası nəzərdə tutulur.[2]

Yaşamaq üçün hər bir canlı orqanizmin özünəməxsus yer seçməsi, oradan qida, su və s. tapması, zaman həddi ilə bağlı olan fəaliyyəti, müəyyən səbəbdən bir yaşayış yerini başqa yaşayış yeri ilə dəyişməsi, canlı orqanizmlərin həyat tərzi adlanır. Orqanizmin xarici aləmin, obyektiv təsirinə — işığa, temperatura, küləyə, yağışa, qara münasibəti də onun həyat tərzinə aiddir. Bu münasibətləri də ekologiya öyrənir.[3]

Professor Sakit Hüseynov göstərir ki, məişət ekologiyası insan ekologiyasının qorunmasında, onun fəaliyyətində mühüm zəruri əhəmiyyət kəsb edir. Buna görə də insan ekologiyasının qorunması digər amillərlə yanaşı, həm də məişət ekologiyasının normal təşkil olunması və yaxşılaşdırılmasından asılıdır. Məisət ekologiyasının normal təşkili və inkişaf səviyyasi isə əhalinin təmiz içməli su, keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsindən — rahat mənzil şəraitinin yaradılmasına qədər mürəkkəb və zəruri şərtlərin yerinə yetirilməsini tələb edir.[4]

Məişət ekologiyasına təsir edən amillər çoxcəhətlidir. Mövcud elmi ədəbiyyatın təhlili və yaşadığımız real həyatın sosiloji cəhətdən araşdırılması nəticəsində məisət ekologiyasının çirklənməsi və gərginləşməsinin qarşısını almaq üçün görüləcək tədbirləri tipoloji cəhətdən şərti olaraq aşağıdakı kimi qruplaşdırmaq olar:

  • 1. Ətraf mühit obyektlərinin təbii və antropogen təsirlər nəticəsində çirklənməsinin qarşısını almaq üçün (su, atmosfer havası və torpağın çirklənməsinin qarşısının alınması, bərk məişət tullantılarının zərəsizləşdirilməsi və s.) kompleks tədbirlərin həyata keçirilməsi.
  • 2. Müstəqil respublikamızın mənafeyini nəzərə almaqla ekoloji hüququn beynəlxalq tələblər səviyyəsində inkişaf etdirilməsi.
  • 3. Əhalinin bütün yaş qrupları arasında ekoloji tərbiyənin genişləndirilməsi və ekoloji mədəniyyətin formalaşdırılması.[5]

Məişət ekologiyasının qorunmasında bütün tədbirlərin həyata keçirilməsi ilə yanaşı, indiki şəraitdə əhali arasında ekoloji tərbiyənin genişləndirilməsinin mühüm əhəmiyyəti vardır.[6]

İstinadlar

  1. Sakit Hüseynov. Məişət ekologiyası. Bakı, 1996, s.27
  2. Sakit Hüseynov. Məişət ekologiyası. Bakı, 1996, s.22
  3. Sakit Hüseynov. Məişət ekologiyası. Bakı, 1996, s.22
  4. Sakit Hüseynov. Məişət ekologiyası. Bakı, 1996, s.154
  5. Sakit Hüseynov. Məişət ekologiyası. Bakı, 1996, s.154
  6. Sakit Hüseynov. Məişət ekologiyası. Bakı, 1996, s.155
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.