Məhəmmədalı bəy Qazılı
Məhəmmədalı bəy Qazılı — Qarabağ bəyi
Məhəmmədalı bəy Qazılı | |
---|---|
Məhəmmədalı bəy Hüseyn bəy oğlu Qazılı | |
Doğum tarixi | |
Doğum yeri | Seyidli kəndi, Şuşa qəzası |
Vəfat tarixi | |
Vəfat yeri | Seyidli kəndi, Şuşa qəzası |
Dəfn yeri | Ağdam Seyidli kəndi |
Həyat yoldaşı | Məşədi Xırda xanım |
Uşaqları |
Mənzər xanım Mələk xanım |
Atası | Hüseyn bəy |
Həyatı
Məhəmmədalı bəy Qazılı 1828-ci ildə Seyidli oymağında anadan olmuşdur. O, Seyidli oymağının Qazılılar nəslindəndir. Atasının adı Hüseyn bəydir. Hüseyn bəy zəmanəsinin hörmətli, müdrik bəylərindən sayılmış, 1842-ci ildə Seyidli oymağında vəfat etmişdir. Ailənin kiçik övladı olan Məhəmmədalı bəyin özündən yaşca böyük Məhəmmədqulu bəy, Əli bəy, Abbas bəy adlı üç qardaşı olmuşdur.[1]
Məhəmmədalı bəyin adı Azərbaycanın, o cümlədən Qarabağın ictimai-mədəni həyatında əhəmiyyətli rol oynamış şəxsiyyətlər sırasındadır. O, xüsusi mədrəsə təhsili almış, Kərbəlanı ziyarət etdiyi üçün Seyidli oymağında Kərbəlayi Məhəmmədalı bəy adı ilə tanınmışdır. Məhəmmədalı bəy yaddaşlarda Qarabağın müdrik, savadlı, səxavətli, qoçaq, qeyrətli bəyi kimi xatırlanır. O, həyatı boyu ağıllı məsləhətləri, xeyirxah əməlləri ilə tanınmış, məhz bu üstün cəhətlərinə görə Xan qızı Xurşidbanu Natəvanın hörmətini, etibarını qazanmış Qarabağ bəylərindən idi. Məhəmmədalı bəyin Seyidli oymağında geniş torpaq sahəsi, təsərrüfatı olmuşdur. Onun Seyidli oymağının əkin və otlaq yerləri sayılan Çərikdə də torpaq sahələri var idi. Məhəmmədalı bəyin Seyidlidəki meyvə bağları adla tanınmışdır.[1]
Məhəmmədalı bəy həyatı boyu Seyidli oymağında yaşamış, təxminən 1873-cü ildə dünyasını dəyişmişdir. Onun məzarı Qarağacı qəbirstanlığındadır.[1]
Ailəsi
Məhəmmədalı bəy iki dəfə ailə həyatı qurmuş, oğlu olmamışdır. Onun birinci evlilik həyatından Gülsabah xanım adlı bir qız övladı dünyaya gəlmişdir. O, ikinci dəfə Seyidli oymağının Kərbəlayi Miralılar nəslindən olan Məşədi Xırda xanım Ağamalı qızı ilə ailə həyatı qurmuş, Mənzər və Mələk adlı qızları anadan olmuşdur. Məhəmmədalı bəyin bu iki qızı yeniyetmə yaşlarında öz istedadları ilə Xurşidbanu Natəvanın diqqətini cəlb etdiyi üçün onun evində təşkil edilən qadın ədəbi məclislərinin iştirakçıları idilər. Sonralar Mənzər xanım Xurşidbanu Natəvanın yaxın rəfiqələrindən sayılmışdır. Mənzər xanım zəmanəsinin oxumuş, savadlı xanımlarından idi. O, deyilənə görə, bir neçə musiqi alətini gözəl çalarmış. Qarmon onun istifadə etdiyi musiqi aləti idi. Mənzər xanımın kiçik bacısı Mələk xanımın da deyilənə görə, gözəl səsi olmuşdur.[1]
Mənzər xanım Seyidlinin Şərifli nəslindən olan Qasım bəy Şərif bəy oğluna ərə getmişdir. Mələk xanım Qarabağın ağır seyidlərindən sayılan Seyid Həşim Seyid Qara Məhəmməd oğlu ilə ailə qurmuşdur.[1]
Tanınmış maarif xadimi, müdrik el ağsaqqalı Məmməd Murtuza bəy oğlu Məmmədovun anası Seyidə xanım Məhəmmədalı bəyin nəvəsidir.
AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov ana tərəfdən Mələk xanımın nəticəsi, Məhəmmədalı bəyin kötücəsdir.[1]
Tədqiqatçı-jurnalist Orxan Zakiroğlu (Baharlı) Məhəmmədalı bəyin nəslindəndir.
Mənbə
- Orxan Zakiroğlu (Baharlı). Qarabağın Seyidli oymağı. I kitab. Bakı, 2017
- Orxan Zakiroğlu (Baharlı). Seyidli oymağının Qazılı nəslinin görkəmli övladları. "Soy" dərgisi, № 5 (37), 2010-cu il
- Orxan Zakiroğlu (Baharlı). Seyidli oymağının Qazılı nəsli. "Qarabağa aparan yol" qəzeti, 13 dekabr 2012-ci il, № 21 (167)
İstinadlar
- Orxan Zakiroğlu (Baharlı). Seyidli oymağının Qazılı nəslinin görkəmli övladları. "Soy" dərgisi, № 5 (37), 2010-cu il