Məhəmməd peyğəmbərin meracı (miniatür, XVI əsr)

Məhəmməd peyğəmbərin meracıI Şah Təhmasibin sifarişi ilə 1539–1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına çəkilmiş rəsm əsəridir. Əsərdə müəllifin imzası olmasa da, sənətşünas tədqiqatçılar L. Binyon, İ. Şukin və başqaları onu Sultan Məhəmmədin fırçasına aid edirlər.[1] Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır.[2]

Bu məqalə Sultan Məhəmmədin rəsm əsəri haqqındadır. Məhəmmədlə bağlı rəsmdə təsvir olunan hadisə üçün Merac səhifəsinə baxın.
Məhəmməd peyğəmbərin meracı
Rəssam Sultan Məhəmməd (?)
Tarixi 1539-1543
Üslubu Təbriz miniatür məktəbi
Sifarişçi I Şah Təhmasib
Saxlanıldığı yer Britaniya Milli Kitabxanası

Mövzu

Miniatürün məzmunu Nizami Gəncəvinin "Yeddi gözəl" poemasının giriş hissəsinə aiddir. Orta əsr divan ənənəsinə uyğun olaraq, başqa şairlər kimi Nizami poemalarını dini məzmunlu girişlə başlamışdır. Həmin girişə əsasən Məhəmməd peyğəmbərin göyə qalxması təsvi olunur: Ulduzlu bir gecdə peyğəmbər dünya tamahı ilə vidalaşıb çəhrayı rəngli insan başlı, qanadlı əfsanəvi atın — Buraqın belində göyün yeddinci qatına qalxır. Miniatür üzərində, mövzu üçün əsas götürülmüş mətndən aşağıdak beytlər yazılmışdır:

" Alınca tanrının əmrindən soraq,
Olmadı halqalı kəməndə yağı.
Minib də Buraqa ildırım varı,
O, cumdu göylərə, əldə tatarı.
[3]
"

Təsviri

Əsərdə süjet yüksək sənətkarlıqla təfsir edilmişdir.[4] Bütün personajlar, Məhəmmədin özü, onun mindiyi qadın başlı əfsanəvi at, peyğəmbəri müşayət edən Cəbrayıl və 18 mələk təsviri zərif və ifadəlidir. Qanadlı mələklər havada mürəkkəb fiqurlar cızaraq aşağı yuxarı süzürlər. Onlar, bununla peyğəmbərin sakit uçuşunu təntənə ilə müşayiət edir, onun səfərini zəfər yürüşünə döndərirlər.[5]

Əsərdə mavi səmanın zərif koloriti, peyğəmbərin başı ətrafında zərif şəfəq saçan alov, rəngarəng geyimlər, səmada ahəngdarlıqla naxışlanan buludlar bu təntənəyə xüsusi dəbdəbə və maraq təlqin edir, miniatürdə hökm sürən ümumi emosionallığı gücləndirir.[5]

Tədqiqi

Məhəmmədin göyün yeddinci qatına çıxmasını təsvir edən bu miniatür, Təbriz miniatür məktəbi nümunələri içərisində dini mövzuda yaradılmış azsaylı əsərlərdən biridir.[4] Tədqiqatçı F. Martin əsər haqqında yazır: "Çətin ki, mən öz kitabımda Avropada gördüyüm hər hansı bir dini mövzulu miniatür təsvir edə biləm ki, o, "Məhəmməd peyğəmbərin meracı" qədər yüksək səviyyəli olsun."[1]

Müəllifi

Sənətşünaslar L. Binyon və İ. Şukin imzası olmayan bu miniatürü Sultan Məhəmmədin fırçasına aid edərək yazırlar ki, "cəsarətli və inamlı rəsm, həmçinin fiqurların gözəl təsviri, onun Sultan Məhəmmədə aid olduğunu göstərir."[1]

Bəzi tədqiqatçılar, o cümlədən F. Martin, A. Sakisyan, T. Arnold və başqaları miniatürü Sultan Məhəmmədə aid etməkdən ehtiyat edirlər.[5] Tədqiqatçı Ernst Künhel özünün ilk yazılarında miniatürün Ağa Mirəkin fırçasına aid olması haqqında fikrini bölüşsə də, sonrakı tədqiqatlarında etiraf etmişdir ki, bu miniatürdəki buludların dekorativ yatımı, habelə digər xırda detallar Sultan Məhəmmədin üslubunu xatırladır. Lakin, müəllif elə burdaca qeyd edir ki, bu miniatürn Sultan Məhəmmədə aid edilməsini hələlik lazımı qədər inandırıcı hesab etmək olmaz.[6]

Sənətşanas K. Kərimov miniatürün bədii üslubuna və ifadə tərzinə dair dəlillər gətirməklə əsərin Sultan Məhəmmədin fırçasına mənsub olduğunu sübut etmişdir.[7] N. Zamanov isə yazır ki, "Bu əsərə xas olan ifadə gözəlliyi, kolorit zənginliyi, kompozisiyanın dinamik mahiyyəti, mələklərin spesifik təsviri və s. xüsusiyyətlər Sultan Məhəmmədin başqa əsərləri ilə tutuşdurduqda "Məhəmməd peyğəmbərin meracı" miniatürünün məhz onun fırçasının məhsulu olduğuna inanırsan.[5]

İstinadlar

  1. Керимов, 1970. səh. 27
  2. "Khamsah of Nizami". bl.uk. Britaniya Milli Kitabxanası. 2016-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2017.
  3. Gəncəvi, Nizami. Yeddi gözəl. Bakı. 1941. 10.
  4. Zamanov, 1981. səh. 49
  5. Zamanov, 1981. səh. 50
  6. Künhel, Ernst. Doğu islam memleketlerinde miniatür. Ankara: TTK Basımevi. 1952. 85.
  7. Керимов, 1970. səh. 31

Ədəbiyyat

  • Zamanov, Nadir. Nizami poeziyası və təsviri sənət (Azərbaycan SSR EA Memarlıq və İncəsənət İnstitutu). Bakı: Elm. 1981. səh. 190.
  • Керимов, К. Султан Мухаммед и его школа (Azərbaycan SSR EA Memarlıq və İncəsənət İnstitutu). Москва. 1970. səh. 190.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.