Məhəmməd ibn Əbu Sac
Əbu Übeydullah Məhəmməd ibn Əbu Sac — Əbu Sac Divdadin oğlu, sərkərdə.
Əbu Übeydullah Məhəmməd ibn Əbu Sac | |
---|---|
محمد بن أبي الساج | |
889 – 901 | |
Əvvəlki | Əbu Sac Divdad |
Sonrakı | Divdad ibn Məhəmməd |
Şəxsi məlumatlar | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | Bərdə |
Fəaliyyəti | rəhbər[d] |
Atası | Əbu Sac Divdad |
Hakimiyyətə gəlməzdən öncə
879-cu ildə Əmr ibn Leysin xidmətində Məkkə səfiri olaraq fəaliyyətə başlamışdı. Daha sonraları Ənbar və Rəhba şəhərlərinin valiliyinə gətirilmişdir. 884-cü ildə Əhməd ibn Tulunun ölümündən sonra İshaq ibn Kundac əl-Xəzəri ilə ittifaqa girərək oğlu Xumaraveyxə qarşı döyüşsə də məğlub oldu və daha sonra Xumaraveyxin tərəfinə keçərək 1 il Mosul vilayətini əlində saxladı. 889-cu ildə İshaq tərəfindən məğlub edilərək Bağdada qaçdı və həmin il əl-Müvəffəq tərəfindən Azərbaycana vali olaraq göndərildi.
Azərbaycanda
Azərbaycana gələn kimi ilk işi Marağada üsyan edən Abdullah Həmdaninin üsyanını yatırmaq oldu. 893-cü ilin mayında ona yalandan bağışlanmaq vəd verib edam etdirən Məhəmməd Marağanı öz paytaxtı etdi. Lakin əsasən Bərdədə otururdu.
Ermənilərlə münasibətlər
885-ci xəlifə əl-Mötəmid bölgəyə Bizans işğalından qorunmaq üçün Baqratuni sülaləsindən I Aşotu hökmdar kimi təyin etmişdi.[1] Onun ölümündən sonra taxta oğlu I Smbat (Baqratuni) çıxmışdı. Məhəmməd də öz növbəsində Smbata vassal statusunun simvolu olaraq xəlifə adından tac və hədiyyə göndərmişdi. Lakin 895-ci ildə erməni ordusunun Arran və Gürcüstana hücumuna cavab olaraq Məhəmməd Dəbil və Naxçıvan torpaqlarını da öz ərazisinə qatmışdı, lakin məğlub olaraq yenidən sülh imzaladı[2]. 898-ci ildə özünü müstəqil elan edəndən sonra yenidən Ermənistana hücum edən Məhəmməd bu dəfə Qarsı ələ keçirib Smbatın həyat yoldaşını əsir götürdü, oğlu Divdadı Dəbilə hakim qoydu. 899-cu ildə Smbatın oğlu Aşot (gələcək hökmdar II Aşot) müqabilində girov dəyişimi etdi. Aşot Məhəmmədin sarayında yaşamağa başladı. Həmin il Vaspurakan hakimi Aşot-Sarkis Artsrunini də özündən asılı hala salmışdı. Həmin il Tiflisi ələ keçirdi. 900-cü ildə Vaspurakanı işğal edərək birbaşa öz torpaqlarına qatdı.
Müstəqilliyi
898-ci ildə "Afşin" titulunu qəbul edərək özünü xilafətdən müstəqil elan etmişdi. Bərdədə tapılan sikkələrin üzərində "afşin" titulu var. Lakin daha sonra yenidən xəlifəyə tabe oldu. 901-ci ildə mart ayında Bərdədə xəstəlikdən vəfat etdi. Yerinə oğlu Divdad ibn Məhəmməd keçdi.
Ailəsi
Divdad ibn Məhəmməd və Əbül-Müsafir Fəth adlı iki oğlu vardı.
İstinadlar
- Nina Qarsoiyan (2004). "The Independent Kingdoms of Medieval Armenia". Armenian People form Ancient to Modern Times, cild. I : The Dynastic Periods: From Antiquity to the Fourteenth Century. Palgrave Macmillian. ISBN 978-1403964212., səh. 244
- Madelung, W. (1975). "The Minor Dynasties of Northern Iran". In Frye, R.N. The Cambridge History of Iran, Volume 4: From the Arab Invasion to the Saljuqs. Cambridge: Cambridge University Press. pp. 198–249. ISBN 0-521-20093-8.səh 229