Məmməd Əlizadə

Məmməd (Məhəmməd) Əli oğlu Əlizadə (mart 1919, Qaradığa, Zəngəzur qəzasıbilinmir) — Azərbaycan-sovet dövlət xadimi, general-mayor, Azərbaycan SSR ictimai asayişi mühafizə (1965–1968) və daxili işlər (1968–1970) naziri.

Məmməd Əlizadə
19 dekabr 1968 24 mart 1970
Əvvəlkivəzifənin adı dəyişdirilib
SonrakıArif Heydərov
bayraq
Azərbaycan SSR ictimai asayişi mühafizə naziri
bayraq2
5 yanvar 1965 19 dekabr 1968
ƏvvəlkiXəlil Məmmədov
Sonrakıvəzifənin adı dəyişdirilib
bayraq
Naxçıvan MSSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri
bayraq2
1955 1960
Əvvəlkiİbrahim Həsənov
Sonrakıİlhüseyn Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi mart 1919
Doğum yeri
Vəfat tarixi bilinmir
Partiya
Təhsili
Rütbəsi general-mayor

Həyatı

Məmməd Əli oğlu Əlizadə 1919-cu ilin mart ayında Azərbaycan Xalq Cümhuriyyəti Zəngəzur qəzasının (sonralar Qafan rayonu) Qaradığa (Qaradağ) kəndində anadan olmuşdur. Bir il sonra ailəsi ilə Bakıya köçmüş, 1934-cü ildə Ramanada yeddiillik məktəbi bitirərək Lassal adına Bakı Neft Texnikumuna daxil olmuşdur. O, burada təhsillə yanaşı ictimai həyatda da fəal iştirak etmiş və 1936-cı ildə komsomol sıralarına qoşulmuşdur.[1]

1938-ci ildə texnikumu bitirərək Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsinə qəbul olunan Məmməd Əlizadə Böyük Vətən müharibəsinin başlaması səbəbilə təhsilini tamamlaya bilməmiş, üçüncü kurs tələbəsi olarkən Sovet Ordusu sıralarına qoşulmuşdur.[1] O, Bakı zenit-artilleriya məktəbinə daxil olmuş və buranı 1942-ci ildə bitirərək Zaqafqaziya cəbhəsinin Bakıdakı Hava Hücumundan Müdafiə Qüvvələrinin zenit-artilleriya alayında taqım komandiri kimi xidmət etmişdir. Sonra isə Zaqafqaziya Hərbi Dairəsinin zenit-artilleriya alayının batareya komandiri təyin edilmişdir.[2] Müharibə illərində, 1943-cü ildə ÜİK(b)P üzvü seçilmişdir.

Məmməd Əlizadə 1947-ci ildə ordu sıralarından ehtiyata buraxıldıqdan sonra "Orconokidzeneft" trestinin 7-ci mədənində texnik-geoloq vəzifəsinə işə qəbul olunmuşdur. Həmin dövrdə yarımçıq qoyduğu təhsilini davam etdirmiş, 1948-ci ildə Azərbaycan Sənaye İnstitutunu qiyabi olaraq bitirmişdir. Bundan sonra "Orconokidzeneft" trestinin 5-ci mədəninin böyük geoloqu, bir il sonra isə həmin trestdə baş geoloqun müavini təyin edilmişdir.[1]

1950-ci ildə Moskvaya oxumağa göndərilən Məmməd Əlizadə SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin ikiillik Ali Məktəbinə daxil olmuş və 1952-ci ildə buranı bitirdikdən sonra Bakı şəhər Milis İdarəsinin SƏDM (Sosialist Əmlakının Dağıdılması ilə Mübarizə İdarəsi) xidməti şöbəsinin rəis müavini olmuşdur. 1952-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Nazirliyinin Bakı vilayəti 5-ci şöbəsinin rəisi işləmişdir. 1954-cü ilin aprel ayında vəzifəsində irəli çəkilərək Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini təyin edilmişdir. 1955-ci il iyul ayından isə Naxçıvan MSSR Dövlət Təhlükəsizliyi sədri olmuşdur. Sonralar SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsində çalışmışdır.[2]

Məmməd Əlizadə 1965-ci ildə Azərbaycan SSR ictimai asayişi mühafizə naziri təyin edilmiş, 1970-ci ilədək bu vəzifədə (1968-ci ildən daxili işlər naziri) çalışmışdır. O, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuş, 4-cü və 7-ci çağırış Azərbaycan SSR Ali Sovetinə[3] və 5-ci çağırış Naxçıvan MSSR Ali Sovetinə deputat seçilmişdir.[4]

İstinadlar

  1. Мәммәд Әли оғлу Әлизадә // Альбом биографий депутатов Верховного Совета Азербайджанской ССР. 1955. Бакы. 1956. С. 57.
  2. Teyyub Qurban. Mir Cəfər Bağırov və Ağasəlim Atakişiyev // "Ekspress" qəzeti. 30 dekabr 2012. S. 15.
  3. Әлизадә Мәммәд Әли оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Једдинҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1968. С. 127.
  4. Əlizadə Məmməd Əli oğlu // Naxçıvanda seçkilərin tarixi (1937–2002). Ensiklopedik toplu. Bakı: Qanun. 2003. səh. 181.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.