Məhəmmədəli Rüşdi

Məhəmmədəli Rüşdi - Təbriz tamaşaçılarının xüsusi rəğbət bəslədikləri sənətkar olub. Populyar və şöhrətli aktyor realist oyun üslubunda istifadə etdiyi ifadə vasitələrinin təbiiliyi, cazibədarlığı və səmimiyyəti ilə geniş kütlənin rəğbətini qazanıb. Səhnədə 25 ildən çox aktyorluq edib və Təbrizdə milli teatrın inkişafında hər cür məhrumiyyət və əzablara mətanətlə sinə gərib.

MƏHƏMMƏDƏLİ RÜŞDİ
Doğum tarixi
Doğum yeri Təbriz, Cənubi Azərbaycan
Fəaliyyəti Aktyor

Həyatı

Məhəmmədəli Rüşdi 1906-cı ildə Təbrizdə dünyaya göz açıb. Atası müəllim idi və buna görə də oğlunu ziyalı görmək üçün ona mükəmməl təhsil verib. O, Təbrizdə darülmüəllimi bitirdikdən sonra müxtəlif təhsil ocaqlarında dərs verib. Müəllimlik edə-edə həm məktəblərdə hazırlanan tamaşalarda, həm də şəhərin müxtəlif həvəskar teatr dəstələrində kiçik rollar oynamağa başlayıb. Əvvəlcə qız rollarında səhnəyə çıxıb. Tədricən qabiliyyəti və bacarığı, səhnədə sərbəst və inamla davranması ilə maraq doğuran aktyora daha sanballı rollar tapşırılıb.

Məhəmmədəli Rüşdi dramatik rollarda, realist səpkili psixoloji obrazların ifasında daha uğurla, daha inamla çıxış edib. İfadə vasitələri sadəliyi, koloriti və anlaşıqlı olması, xalq folklorundan gələn zərif, incə yumoru ilə fərqlənib. Qorxmaz, İmamverdi, Babakişi ("Od gəlini", "1905-ci ildə", "Sevil", Cəfər Cabbarlı), Cəmşid ("Xəyanət və vəfa", Rza Quluzadə Şərqli), Rüstəm ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Doktor Əflatun ("Damədi fərari", Jan Batist Molyer. Bu, dramaturqun "Zorən təbib" komediyasıdır), Rüstəm bəy, Süleyman ("Məşədi İbad", "Arşın mal alan", Üzeyir bəy Hacıbəyov), Ayrapet ("Namus") rolları Təbriz tamaşaçılarının rəğbətinin qazanıb.

Fədakar aktyor rejissorluqla da məşğul olub. Qrim sənətinin incəliklərinin dərindən öyrənə bilib və aktyor yoldaşlarının əksəriyyətini mürəkkəb obrazların ifasında məhz Məhəmmədəli Rüşdi qrim edib. Yaradıclığının daha səmərəli dövrü Təbrizdəki Sovet Mədəniyyət Evinin dram dəstəsi ilə bağlı olub. Təbriz Dövlət Dram Teatrının yaradıcılarındandır.

Mənbə

  • İlham Rəhimli. Təbriz Azərbaycan Teatrı. Bakı: Çaşıoğlu, 2005, səh. 146-147.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.