Məhəmməd xan Təkinski

Məhəmməd xan Təkinski (1880, Aşqabad qəzası[d], Rusiya imperiyası18 mart 1938) — Azərbaycanlı siyasətçi, diplomat, dövlət xadimi. İxtisasca ali təhsilli hüquqşünasdır.

Məhəmməd xan Təkinski
bayraq
Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər nazirinin müavini
bayraq2
11 oktyabr 1919 27 aprel 1920
Əvvəlkiİsmayıl xan Ziyadxanov
Şəxsi məlumatlar
Doğum tarixi 1880
Doğum yeri
Vəfat tarixi 18 mart 1938(1938-03-18)
Təhsili
Fəaliyyəti diplomat, vəkil
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Məhəmməd xan Təkinski 1879 və yaxud 1880-ci ildə Mərkəzi Asiyada Axal-Təki vadisində rusların türkmənlərlə müharibəsi zamanı anadan olsa da, Naxçıvanda böyüyüb boya-başa çatmış, Kəngərlilər nəslinin nümayəndələrindən biri olan Ehsan xanın oğulluğu olmuşdur.[1] Son illərə qədər onun doğum tarixi dəqiq məlum olmasa da, tədqiqatçı Ataxan Paşayevin Odessa vilayətinin dövlət arxivində apardığı araşdırmalar nəticəsində Təkinskinin İmperator Novorosiysk Universitetinin hüquq fakültəsinin tələbəsi olarkən hazırlanmış şəxsi işini aşkarlaması bu suallara aydınlıq gətirmişdir. Tədqiqatçı A. Paşayev "Məhəmməd xan Təkinski kimdir?" adlı məqaləsində yazır ki, Tiflis şəhəri birinci gimnaziyanın şagirdləri haqqında verilmiş məlumatda M. Təkinskinin atasının adı qrafasında "Ehsan xan Təkinski", qəyyumu adlı qrafada "Cəfərqulu xan Naxçıvanski" göstərilmiş, milliyyəti "türkmən", dini etiqadı "müsəlman", təvəllüdü "1879-cu il" qeyd olunmuşdur.[2] 1881-ci il yanvar ayının 12-si günü baş vermiş rusların türkmənlərlə Göytəpə qalasını ələ keçirmək uğrunda apardıqları mübarizə zamanı bütün qohumları rus əsgərləri tərəfindən məhv ediləndə, onu bir saman tayasının yanında rus ordusunun polkovniki olan II Ehsan xan tapmış və oğulluğa götürmüşdür. AMEA Naxçıvan Bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin yazdığına görə sonralar Naxçıvana gələn II Ehsan xan bu uşağı da özü ilə bərabər gətirmişdir. Gələcəkdə Azərbaycan tarixində özünəməxsus rol oynayacaq Məhəmməd xan Təkinski Cəfərqulu xan, Rəhim xan və Hüseyn xan Naxçıvanskilərin əhatəsində böyümüşdür.

Təhsili

Novorosiysk Universiteti tələbələri. Sağdan oturan 2-ci Məhəmməd xan Təkinski

Tiflis birinci kişi gimnaziyasını, 1908-ci ildə isə Odessada yerləşən İmperator Novorosiysk Universitetinin hüquq fakültəsini bitirən Məhəmməd xan Təkinskininin 1918-ci ilə qədərki fəaliyyəti ilə bağlı məlumatlar demək olar ki, yox səviyyəsindədir. Bu universitetdə Naxçıvanın XX əsr tarixində rol oynamış digər görkəmli simalar – Azərbaycan Xalq Cumhuriyyətinin Batumdakı konsulluğunun katibi olmuş Əziz bəy Qədimbəyov, Əliqulu xan Kəlbəlixanov, Hidayət bəy Sultanov, Həmid bəy Şahtaxtılı da təhsil almışlar.[1][3]

Moskvada Rusiya Dövlət Hərbi Tarix Muzeyində və Sankt-Peterburqdakı Rusiya Dövlət Tarix Arxivində araşdırmalar aparan M. Quliyev onun gimnaziyanı başa vurduqdan sonra Rusiya ordusunda hərbi qulluqda olduğunu, Odessa vilayətinin dövlət arxivində tədqiqatlar aparan A. Paşayev isə Novorosiysk Universitetinin hüquq fakültəsini bitirdikdən sonra Güney Qafqazda hüquq-mühafizə orqanlarında fəaliyyət göstərdiyinin güman edildiyini yazmışdır.[2] Tədqiqatçı bunu Məhəmməd xanın 1918-ci il iyul ayının 15-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Gəncədə yaratdığı Fövqəladə Təhqiqat Komissiyasına andlı iclasçı kimi cəlb olunması ilə əsaslandırmışdır.[4]

Ölümü

Məhəmməd xan Təkinskinin ölümü tarixi də son illərə qədər naməlum olaraq qalsa da, tədqiqatçı Ədalət Tahirzadə tərəfindən tərtib olunmuş "1937–1938-ci illərdə güllələnən (həbs olunan) şəxslər" siyahısında onun da adına rast gəlinir. Onun adının qarşısında "18.03.1938*, 58 yaş" yazılıb. Siyahının əvvəlində isə tədqiqatçının belə bir qeydi var: "Bu işarə güllələnmə tarixini bildirir".

Siyasi fəaliyyəti

Fövqəladə Təhqiqat Komissiyası 1918-ci ildə Azərbaycan hökuməti tərəfindən Birinci Dünya müharibəsinin əvvəlindən başlayaraq bütün Zaqafqaziya boyunca müsəlman əhaliyə və onların əmlakına qarşı törədilən zorakılıq, talan və soyğun faktlarının araşdırılması məqsədilə yaradılmışdı. Komissiyanın tərkibinə Məhəmməd xan Təkinski ilə yanaşı Ələkbər bəy Xasməmmədov, Andrey Fomiç Novatskiy, Nikolay Mixayloviç Mixaylov, Aleksandr Kluqe, İsmayıl bəy Şahmaliyev, Aley Adamoviç Aleksandroviç, Çeslav Boleslavoviç Klossovskiy, V. V. Qudvil, Abbas Əli bəy Hacı İrzayev və başqaları daxil olmuşlar.[4]

Azərbaycan hökumətinin 11 oktyabr 1919-cu il tarixli qərarı ilə Məhəmməd xan Təkinski xarici işlər nazirinin müavini təyin edilmişdir.[5]

Diplomatik fəaliyyəti

Yeddicildlik Azərbaycan tarixinin beşinci cildində isə Azərbaycan Respublikası Dövlət Arxivinin sənədinə əsasən[6] Məhəmməd xan Təkinski həm də Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin deputatı kimi göstərilir. Kitabda yazılır: "Azərbaycan parlamentininın üzvü Məhəmməd xan Təkinski 1919-cu il yanvarın 29-da İrəvana səfir təyin edilmişdir".

1919-cu ilin yanvarında isə yəqin ki, fövqəladə dərəcədə cəsarəti, inadkarlığı, analitik təhlil qabiliyyətinin yüksəkliyi nəzərə alınaraq o Ermənistana Azərbaycan Xalq Cumhuriyyətinin nümayəndəsi kimi göndərilir və həmin ilin oktyabrına qədər bu vəzifəni yerinə yetirir. Kitabın müəlliflərindən biri "Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan" məqaləsində Təkinskinin Naxçıvanın qorunması uğrunda apardığı diplomatik mübarizələrlə bağlı yazır: "Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi Naxçıvanla bağlı hərbi səciyyəli müəyyən işləri görə bilməsə də bəzi diplomatik-siyasi yollardan istifadə edirdi. M. Təkinski Naxçıvanla bağlı AXC hökuməti sədrinə yazırdı ki, əgər Ermənistan Qarabağın Azərbaycana keçməsinə razılaşarsa, ingilislər Şərur-Naxçıvan rayonunu ona verəcəklər. Onun fikrincə, əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan Şərur və Naxçıvanı ermənilərə vermək olmazdı. Naxçıvan bölgəsində ermənilərin özbaşınalıqlarının qarşısının alınmasında da M. Təkinskinin böyük əməyi olmuşdur. O, bu məsələlərlə əlaqədar məlumat hazırlayaraq Xarici İşlər Nazirliyinə göndərirdi".

2019-cu ildə Ermənistan Milli Təhlükəsizlik Xidməti Təkinskinin məxfi yazışmalarını açıqlayıb. Milli Təhlükəsizlik Xidməti bildirirdi ki, xan Təkinski səfir təyin olunan kimi Ermənistanın təhlükəsizlik orqanları onu izləyib, onun şifrəli teleqramlarını ələ keçirib və deşifrə edib. Ermənistan MTX-nın iddialarına görə xan Təkinski Ermənistan ordusunun Naxçıvan istiqamətindəki yerdəyişmələri, Ermənistanın cənub və digər regionlarındakı hərbi-siyasi vəziyyət barədə informasiyaları Bakıya ötürüb, həmçinin Ermənistanda yaşayan azərbaycanlılarla gizli əlaqələr saxlayıb, onları üsyana təhrik edib. Məxfi yazışmaların bir hissəsi silahlı qüvvələrə aid olub, qoşunların sayı, silahları və digər mühüm elementlər barədə məlumatlar göstərilib. Səfiri izləyən Ermənistan hökuməti Azərbaycandan onun geri çağırılmasını tələb edib. Nəticədə Xan Təkinskinin səfir fəaliyyəti 1919-cu ilin oktyabr ayında başa çatıb.

1919-cu il oktyabr ayının birində isə Xan Təkinski Azərbaycan Xalq Cumhuriyyəti Xarici İşlər nazirinin müavini təyin edilir. Xarici işlər nazirinin müavini olarkən Məhəmməd xan Təkinski Bakıda Polşanın Qafqazdakı nümayəndəsi Vatslav Ostrovskin, Britaniyanın Zaqafqaziyadakı ali komissarı Oliver Uordrop, Polşanın Bakıya gəlmiş fövqəladə missiyası ilə danışıqlarda Azərbaycan Xalq Cumhuriyyətinin xarici siyasətinin təmsilçisi kimi iştirak edir. Cumhuriyyətin süqutuna qədər bu vəzifəni yerinə yetirən Məhəmməd xan Təkinskinin 1920-ci ilin aprelindən sonrakı taleyi naməlumdur.[1]

İstinadlar

  1. Hacıyev İ. Kəlbizadə E. Naxçıvanlı diplomatlar. Naxçıvan:Əcəmi, 2017, 128 s., s.6
  2. Paşayev, Ataxan. "Məhəmməd xan Təkinski kimdir?". Xalq qəzeti. 18 iyul 2010. 2023-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-17.
  3. Tahirzadə, Ədalət. "Ukraynada bir ay. 2. Odessa". Azərbaycan müəllimi. 19 oktyabr 2012. 2021-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-07.
  4. Гаджиев И., Кальбизаде Э. Из истории дипломатии. Saarbrücken:Lambert Academic Publishing, 2017, 64 c.
  5. Qanunverici aktlar, 1998. səh. 698
  6. ARDA, f. 970, siy. 1, iş 149, v. 13

Ədəbiyyat

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.