Mədəniyyətin funksiyaları
Geniş mənada mədəniyyət , yəni onun hər iki təzahür formaları – maddi və mənəvi mədəniyyət məkan və zaman çərçivəsində insanları birləşdirərək dünyanın təkmilləşdirilməsinə doğru yönəldilir. Bu mənada mədəniyyətin ən vacid vəzifəsini insanları vahid bəşəriyyət timsalında birləşdirərək konkret ictimai funksiyaların reallaşdırılmasını təmin etmək təşkil edirdi. Tarixi inkişaf prosesində mədəniyyətin bir sıra funksiyaları formalaşmışdır: ətraf aləmə uyğunlaşma funksiyası; dərketmə funksiyası, informativ funksiya, kommunikativ funksiya, requlyativ funksiya, insan qruplarının inteqrasiyası funksiyası, sosiallaşma funksiyası. Bu funksiyaların hər birinin qısa şərhə ehtiyacı olduğundan onların hər biri üzərində dayanaq.
Mədəniyyətin funksiyaları
Mühitə uyğunlaşma funksiyası
Mühitə uyğunlaşma funksiyası – ən qədim funksiyalardan hesab edilərək iki mühüm şəraiti – təbii (təbiət) və sosial şəraitə uyğunlaşmanı nəzərdə tutur. Əgər ən qədim əcdadlarımız üçün heyvan dərisi, od mədəniyyətin qədim, ilkin nümunələri hesab edilirdisə, müasirlərimiz üçün bunu kosmik libaslar, məsələn, skafandr və ya dərin su üçün nəzərdə tutulan batiskado əvəz edir. Bütün bunlar son məqamda insanın təbiətə, mühitə uyğunlaşması funksiyasını yerinə yetirir. Lakin qeyd edildiyi kimi, insan təkcə təbiətin deyil, həm də cəmiyyətin üzvüdür. Burada isə, mədəniyyət çərçivəsində uyğunlaşma vasitələri hazırlanır: dövlət qərar və strukturlarından başlamış müdafiə və hücuma hazırlıq alətlərinin mövcudluğuna qədər – hər şey insanın mənafe və uyğunlaşmasına aid edilir. cəmiyyətdə uyğunlaşmanın mütləqləşdirilməsi «sosial darvinizm» doktrinasının əsasını qoymuşdur.
Dərketmə
Dərketmə (qnoseoloji) funksiyası -öz təzahürünü elmdə, elmi axtarışlarda tapır. Bu özünü müasir elmitexniki tərəqqidə daha qabarıq təzahür etdirir. Bu funksiya ikili istiqamətə malikdir: bir tərəfdən, biliklərin sistemləşdirilməsi, təbiət və cəmiyyətin inkişaf qanunlarının açılmasına yönəldilibsə, digər tərəfdən, insanın özü-özünü dərketməsinə yönəldilir. Göründüyü kimi, birinci istiqamət ikincisini daha da üstələyib. İnsan öz qəlbi və ruhunun kəşfindən çox, dünya və cəmiyyətin qanunlarını, onu əhatə edən aləmin sirlərini kəşf edə bilmişdir. Özümüz haqqında bir çox şeyləri bilmirik: məsələn, ekstrasenslərin müəmmalı xüsusiyyətləri; cadugərlik və magiyanın mövcudluq sirləri, telepatiya hadisəsinin izah edilə bilməməsi, telekinez (məsafə çərçivəsində fikirlərin ötürülməsi), gələcəyi görə bilməyi və digər insan potensiyasının açılmamış sirləri hələ bizlər üçün maraq doğurur. Bütün bunlar bir neçə illər məkanımızda dilə gətirilməyən problemlər olmuşdur. İnsanın özündə möcüzə gizlətmədiyi həmişə təlqin olmuşdur. Lakin, əslində insan öz sirli daxili aləmi ilə maraq dairəsindədir. Əgər elə olmasaydı insan əsərləri ilə dünya sivilizasiyasına möhtəşəm sənət nümunələri bəxş etməzdi.
İnformativ funksiya
İnformativ funksiya – tarixi varisliyin və sosial təcrübənin ötürülməsinə xidmət edir. Bəşəriyyətin mədəniyyətdən başqa mənəvi sərvətləri ötürən və geniş yayan digər bir sahəsi yoxdur. Mədəniyyət nə genetik,nə də bioloji yolla ötürülür. Mədəniyyət öz təbiətinə görə tarixi mahiyyət kəsb edir. Onun bu günü keçmişə əsaslanaraq gələcəyi formalaşdırır. Məhz mədəniyyətin köməkliyi ilə sosial təcrübə bir nəsildən digərinə ötürülür. Əgər söhbət ayrıca tarixi dövr və mərhələdən gedirsə onda mədəniyyət vasitəsilə informasiya hər hansı bir ölkədən digərinə, bir xalqdan başqasına çatdırılır. Məhz bu xüsusiyyətinə görə mədəniyyəti bəşəriyyətin «qeyri-genetik yaddaş»ı adlandırmaq olar. İnformasiyanın məkan və zaman çərçivəsində ötürülməsi kanalı təkcə mənəvi mədəniyyətlə deyil, həm də maddi mədəniyyətlə izah edilir.
Kommunikativ funksiya
Kommunikativ funksiya – bilavasitə informativ funksiya ilə qarşılıqlı əlaqədədir. İnsanın bütün fəaliyyət istiqamətlərini (istehsal, ideoloji, siyasi, dini və s.) söz müşayiət edir. Dilin özü mədəniyyətin məhsulu olub, insanlar arasında hərtərəfli münasibətlər yaradaraq, həm də bu və ya digər mədəniyyətin vasitəçisi rolunu oynayır. Ünsiyyət prosesi həm incəsənətin spesifik dili ilə (musiqi, rəqs, kino, teatr və s), həm də elmin dili ilə (riyazi rəmzlər, kimyəvi formullar və s.) həyata keçirilir. Əgər tarixin müxtəlif çağlarında ünsiyyət vasitəsi kimi nəsildən-nəslə, insandan-insana şifahi, qrafik formada işarə sistemləri ötürülürdüsə, müasir dövrdə yeni nəqliyyat vasitələrinin, texnika, kütləvi informasiya vasitələrinin (mətbuat, radio, televiziya, kino, audio və video yazılar, internet) inkişafı nəticəsində informasiyaların ötürülməsində yüksək irəliləyişlər əldə edilmişdir. Texniki vasitələr bir tərəfdən ünsiyyəti genişləndirirsə, digər tərəfdən onu mərükkəbləşdirir, çətinləşdirir. Bu, ilk növbədə insanların maddi və ya mənəvi dəyərlərlə canlı ünsiyyətin qurulması şəraiti ilə izah edilir. Məsələn, muzey əşyası ilə tanış olmaq üçün tamaşaçının ekspozisiya zalına getməsi o qədər də vacib deyil. Ona tamaşaçı həm televiziya, həm də video çəkilişi ilə tamaşa edə bilər. Musiqiyə qulaq asmaq üçün konsert və ya filarmoniyaya getmək vacib deyil, ona maqnitofon və ya kasetlərdə qulaq asmaq mümkündür. Beləliklə, kommunikativ imkanların genişlənməsi mədəniyyətlərin milli xüsusiyyətlərinin kölgədə qalması və vahid ümumbəşəri sivilizasiyanın formalaşmasının təminatçısıdır.
Requlyativ (və ya normativ) funksiya
Requlyativ (və ya normativ) funksiya – bu cəmiyyətin bütün insanlara tələb və normalar sistemi ilə yanaşılmaısnı bildirir. Yəni insanların bütün fəaliyyət sahələrində – əmək, məişət, qruplararası münasibətlərdə və s. cəmiyyət insanlar üzərində bir sıra tələb və normalar qoyur ki, bu da çox vaxt mədəniyyətlə tənzimlənir. Mədəniyyətin köməkliyi ilə insan və ya insan qruplarının davranışı cəmiyyətin onların üzərinə qoyduğu norma və prinsiplərə uyğunlaşdırılır. Bu funksiya əxlaq və hüquq kimi normativ sistemlərlə möhkəmləndirilir. Beləliklə, mədəniyyət insanın gündəlik fəaliyyətini də tənzimləyir. Mədəniyyətin requlyativ funksiyası əxlaqın müxtəlif sahələri nəticəsində həyata keçirilir: bunlardan ən aliləri əxlaqi, mənəvi dəyərlərdir. Bunlar da, yəni əxlaqi dəyərlər tarixin gedişində dəyişərək xalqdan-xalqa ötürülür. Dünya inkişaf etdikcə əxlaq normaları qarşılıqlı zənginləşir və daha da ümumbəşəri əhəmiyyət kəsb etməyə başlayır. Yəni insanlar indi daha aydın surətdə dərk etməyə başlamışlar ki, hamı bir gəminin sərnişinləri olub, baş verən neqativ hadisələrə qarşı mübarizə apara bilirlər. Əxlaq normalarının əsas tənzimləyicisi kimi, hələ ən qədimlərdən kilsə, müsəlmançılığın tarixindən başlayaraq isə, islam, Qurani-Kərim, məscidlər olmuşdur. Bunların hər birindəki müddəa və göstəricilər ümumbəşəri xarakter kəsb edirdi. Mədəniyyətin requlyativ funksiyasını ifadə edən əsas səviyyələrdən birini də, yuxarıda qeyd olunduğu kimi, hüquq normaları təşkil edir. Əgər əxlaq normaları özünü dini mətn və sənədlərdə, ədəbiyyatlarda təzahür etdirirsə, hüquq normaları konstitusiya və qanunlarda təsbit olunur. Bu cəhətinə görə, həmin normalar təkcə əxlaqi, mənəvi mahiyyət deyil, həm də hüquqi əhəmiyyət və məzmun kəsb edir. Ona görə də, müxtəlif xalqların hüquq normalarındakı fərq əxlaqi normalardakı dərslərdən xeyli müqayisə olunacaq səviyyə kəsb edir ki, bu da ilk növbədə, hər bir millətin, xalqın konkret tarixi, temperamenti ilə izah olunur. Mədəniyyətin normativ tərəfini əks etdirən digər səviyyələrdən birini də adət və ənənələr təşkil edir. Adət həyatın müxtəlif sahələrində və şəraitində nəsildən-nəslə ötürülən normaların möhkəm və davamlı davranış sistemidir. Müəyyən nümunəvi forma kəsb edərək adətlər daha davamlı və konservativ xarakterə malik olub, əsrlərdən əsrlərə ötürülür. Mərasim və ənənələr isə daha çox dini məzmun kəsb edir. Bu, dindarların kilsə, məscid və ya digər xüsusi ayinlərin kollektiv şəkildə simvolik fəaliyyətləridir. Bütün bunlarla yanaşı, mədəniyyətin requlyativ funksiyası məişətdə, təbiətdə, digər insanlarla münasibətlərdə öz normalarını müəyyənləşdirir.
Aksioloji (qiymətləndirici) funksiya
Aksioloji (qiymətləndirici) funksiya – mədəniyyətin bu funksiyası insanların hələ Sokrat tərəfindən verilmiş «xeyir nədədir?» sualının cavabının tapılmasında təzahür edir. Bəşər tarixində bütün zəka sahibləri bizi əhatə edən «faydalı» və «zərərli» olanların təsnifatının verilməsinə çalışmışlar. Praktiki fəaliyyət prosesində insan intellekti vasitəsilə dəyərlərin təsnifatı verilmiş və qiymətləndirilmişdir. Təcrübə zənginləşdikcə bir çox dəyərlər nəzərdən keçirilmiş, bəziləri sıradan çıxmış, yeniləri meydana gəlmişdir. Müxtəlif xalqlarda «xeyir», «şər» anlayışları özünü müxtəlif dəyərlərdə təzahür etdirdi. Lakin bütün bunlara baxmayaraq insan bütün zamanlarda nəyin xeyirli və zərərli olduğunu həmişə anlamışdır. İnsan qruplarının inteqrasiyası funksiyası, dünyəvi, bəşəri sivilizasiyaların zənginliyinin yaradılmasına xidmət edən milli mədəniyyətlərin qarşılıqlı zənginləşməyə xidmətini nəzərdə tutur. Mədəniyyət millətlərin differensiasiyasının mühüm amili olmaqla yanaşı, həm də insan qruplarının birləşməsi, zənginləşməsi meyarı kimi də çıxış edir. Millətlərarası mübadilə prosesi inkarı – inkar kimi dialektik qanunun müddəalarına uyğun müxtəlif tarixi dövr və mərhələlərin, xalq və millətlərin qarşılıqlı əlaqəsini yaratmaqla, onların «simfonik» vəhdətini formalaşdırır. Dediklərimizin ən mühüm sübutlarından biri müasir mədəniyyətin nəhəng elmi-texniki tərəqqisinin təzahürüdür.
Sosiallaşdırma (humanistləşmə) funksiyası
Sosiallaşdırma (humanistləşmə) funksiyası – mədəniyyətin müəyyən şəxsiyyət tipinin formalaşdırılması ilə izah edilir. Bu formalaşma cəmiyyətin maraqlarına uyğundur. Orta əsrlərdə bu tip cəngavər, sosializm quruluşunda isə, kommunizm qurucusu sayılan fəal mübariz idi. Bundan belə bir nəticə çıxır ki, mahiyyətcə bu funksiya cəmiyyətin yeganə və əsas vəzifələrinin yerinə yetirilməsinə xidmət edir. Beləliklə, cəmiyyət insanı bioloji varlıqdan şüurlu, ağıllı ictimai adama çevirir. Ona görə də insanın sosiallaşması prosesi fərd tərəfindən müəyyən edilən bilik, norma və dəyərlərin mənimsənilməsini praktiki fəaliyyətdə tətbiqini nəzərdə tutulur. Ona görə də mədəniyyətin humanistləşmə funksiyası iki mühüm proseslə müşayiət olunur: sosiallaşma prosesi (yəni ictimai münasibətlərin mənimsənilməsi) və fərdiləşmə prosesi (yəni bu münasibətlərin fərdi formada, təkrarolunmaz şəkildə mənimsənilməsi). İctimai inkişafda ideal vəziyyət kollektiv və şəxslər, fərdlər arasında mütənasibliyin mövcudluğu ilə izah edilir. Beləliklə, cəmiyyətdə mədəniyyətin yuxarıda sadalanan funksiyaları şərti məzmun kəsb etsə də, hər halda onları məhdudlaşdırmaq və ya nəzərə almamaq da qeyri-mümkündür. Belə ki, onlar bir-birilə sıx vəhdət təşkil edərək vahid bir prosesin əsas meyarları rolunu oynayırlar.
Mənbə
- M.J.Manafova, N.T.Əfəndiyeva, S.A.Şahhüseynova. "Mədəniyyət tarixi və nəzəriyyəsi". Ali məktəblər üçün dərslik. (Əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri).