Müsavat Partiyası

Müsavat Partiyası – Azərbaycanda hal-hazırda fəaliyyət göstərən ən yaşlı siyasi partiya. Əsası 1911-ci ildə İstanbulda muhacirətdə olan Məhəmməd Əmin Rəsulzadənin təlimatı ilə əmisi oğlu Məhəmməd Əli Rəsulzadə, habelə Abbasqulu KazımzadəTağı Nağıyev tərəfindən Bakıda qoyulmuşdur.

Müsavat Partiyası
Loqonun şəkli
Sədri Arif Hacılı
Qurucu Abbasqulu Kazımzadə
Məhəmməd Əli Rəsulzadə
Tağı Nağıyev
Sədr müavinləri Fərəc Kərimli
Nemət Kərimli
Osman Kazımov
Razim Əmiraslanlı
Səxavət Soltanlı
Quruluş tarixi 1911 (quruluş)
6 noyabr 1992 (bərpası)
Qeydiyyat tarixi 8 noyabr 1992
Birləşən Difai Partiyası (1917)
Türk Ədəmi-Mərkəziyyət (1917)
Ana Torpaq Partiyassı (1995)
Doğru Yol Partiyası (1995)
Bölünmə Milli Konqres Partiyası (1998-2023)
Müasir Müsavat Partiyası (2001)
Azərbaycan Demokratiya və Rifah Partiyası[lower-alpha 1] (2021)
Sələfi Hümmət Partiyası
Baş qərargah Binəqədi rayonu
İdeologiya Liberalizm
Üzvlüyü Demokratik Konqres (1994-1995)
SİSDUH (1998)
Birləşmiş Müxalifət Hərəkatı (1998-2000)
Bizim Azərbaycan Bloku (2003-2005)
Azadlıq Bloku (2005-2006)
Beşlər (2007)
AXCP-Müsavat Bloku (2010)
İctimai Palata (2010-2014)
Demokratik Qüvvələrin Milli Şurası (2013-2014)
Üzv sayı 5 mindən çox[1] (2023)
Şüar Vaxtdır, Müsavat!
Bu vətən bizimdir!
Milli Məclisdə
0 / 125
Ali Məclisdə
0 / 45
Bələdiyyə sədrləri
0 / 1.605
Bələdiyyə üzvləri
0 / 15.156
Saytı musavat.org.az
Bayrağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müsavat ərəb sözüdür və Azərbaycan dilinə bərabərlik kimi tərcümə olunur.

İlk dövr (1911–1920)

Müsavat Partiyası 1911-ci ildə Məhəmməd Əmin Rəsulzadənin İstanbuldan göndərdiyi təlimata əsasən Abbasqulu Kazımzadə, Məhəmməd Əli RəsulzadəTağı Nağıyev (qısaca bir neçə keçmiş Hümmət Partiyası üzvü) tərəfindən yaradılmışdır. 1911-ci ildə əsası qoyulandan 1917-ci ildə Fevral inqilabına qədər Müsavat Partiyası gizli olaraq fəaliyyət göstərmişdir. Bu ilk mərhələdə Müsavat Rusiya imperiyasında və Yaxın Şərqdə yaşayan müsəlman və türk-dilli millətləri milli azadlıq və demokratik müxtariyyət idealları ətrafında birləşdirməyə çalışmışdır.[2]

Müsavat Partiyasının I qurultayı

Müsavat Partiyasının ilk proqramı 9 maddədən ibarət olub, İslami xarakter daşıyıb. 1913-cü ildən, Məhəmməd Əmin Rəsulzadə Bakıya qayıtdıqdan sonra Müsavat Partiyasının proqramı təkmilləşdirilib, Türkçülük fikirləri ilə dolğunlaşdırılıb. 1915-ci ilin oktyabr ayında Məhəmməd Əmin Rəsulzadənin redaktorluğu ilə nəşrə başlayan "Açıq söz" qəzeti həm də Müsavat Partiyasının orqanı kimi çap olunub. Qəzet mətbuat tariximizdə "Türk ədəbi dili ilə" çap olunan ilk mətbu orqandır.

Müsavatın islamçı ideologiyası ətrafında qurulmasına və onun rəhbəri olan Məhəmməd Əmin Rəsulzadənin türkçülük düşüncələrinə rəğbət bəsləməsinə baxmayaraq, Birinci dünya müharibəsinin ilk illərində Müsavat Partiyası Çar rejimini dəstəkləmişdir.[3]

Birləşmə

1917-ci il iyunun 17-də müsavatçılar, Difai Partiyası Gəncə Milli Komitəsinin aparıcı şəxsləri Nəsib bəy Yusifbəylinin, Həsən bəy Ağayevin, Şəfi bəy Rüstəmbəylinin, Xasməmmədli və Şeyxzamanlı qardaşlarının yaratdıqları Türk Ədəmi-Mərkəziyyət Firqəsi ilə birləşərək "Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat"ın əsasını qoymuşlar.[4] Birləşmiş partiyanın gərərgahı 1918-ci il Bakıda baş verən qanlı mart hadisələrinədək bu şəhərdə yerlməşmişdir.

I Qurultay

Müsavatın ilk qurultayı 1917-ci il oktyabrın 26–31-də Bakıda, "İsmailiyyə" binasında keçirilib.

Qurultayda partiyanln ilk Mərkəzi Komitəsinə üzvlər seçilmişdir:

125 deputatlıq Zaqafqaziya Seymində Müsavat 30 deputatla təmsil olunub.

1918-ci il mayın 28-də Tiflisdə Müsavat Partiyası bir neçə azsaylı partiya ilə birgə Azərbaycan İstiqlalını elan etdi. 44 nəfərlik Milli Şuranın sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə seçildi.

Partiyanın şöbələri nəinki Azərbaycanın bütün qəzalarında və hətta Rusiyanın Həştərxan, Stavropol şəhərlərində, Ukraynanın, GürcüstanınErmənistanın paytaxtlarında, Türküstanın mərkəzi Daşkənddə, Cənubi Azərbaycanın mərkəzi Təbrizdə, İranın Gilan vilayətinin mərkəzi Rəştdə və Türkiyənin paytaxtı İstanbulda təşkil olundu.

II Qurultay

Müsavat Partiyasının II qurultayı

Müsavat Partiyasının II qurultayı 1919-cu ilin dekabrında keçirildi (qurultay dekabrın 2-dən 12-dək davam etmişdir). Respublikanın bütün bölgələrindən qurultayda 140 nümayəndə təmsil olunurdu. Qurultayı giriş sözü ilə Məhəmməd Əmin Rəsulzadə açıb və partiyanın Mərkəzi Komitəsinin fəaliyyəti haqqında məruzə ilə çıxış edib.

Qurultayın Siyasi Komissiyasına Məmməd Yusif Cəfərov, Musa bəy Rəfiyev, Məmmədhəsən Hacınski, Nəsib bəy Yusifbəyli, Xəlil bəy XasməmmədovMəhəmməd Əmin Rəsulzadə seçilmişdir. Mandat Komissiyasına isə Cavad bəy Məlik-Yeqanov, Məhəmməd Əmin RəsulzadəƏbdülvahab Məmmədzadə seçilmişdir. Qurultayın birinci iclası gecə saat 10-a dək davam etmiş, ikinci gün isə qurultaya Şəfi bəy Rüstəmbəyli sədrlik etmişdir. İkinci gün qurultayın Rəyasət Heyəti aşağıdakı tərkibdə seçilmişdir:

Müsavat Partiyasının II qurultayının seçdiyi Rəyasət Heyəti

II qurultayda müvafiq qərarlar qəbul edilib:

  1. Qafqaz konfederasiyası;
  2. Denikin təhlükəsi;
  3. Dağıstan məsələsi.

Qurultayda Partiya Proqramına baxılıb. 67 maddəlik Partiya Proqramı iki hissədən ibarət idi: Birinci hissə – Nəzəriyyə və uzaq məqsəd; İkinci hissə – Əməliyyə və yaxın məqsəd.

Proqramın birinci hissəsində göstərilirdi ki, əsas amalımız olan Azərbaycan İstiqlalını bütün namus və vicdanımızla qorumalıyıq.

Proqramın ikinci hissəsi Şəkli idarə; Həqqi-əhliyyət; İqtisad və maliyyə işləri; Torpaq məsələsi; İşçi məsələsi; Ədliyyə məsələsi; Ruhani idarəsi məsələsi; Maarif məsələsi. bölmələrindən ibarət idi:

İkinci qurultayda Məhəmməd Əmin Rəsulzadə yenidən Müsavat Partiyasının sədri seçilib.

Gizli Müsavat (1920–1926)

XI Qızıl Ordu Azərbaycanı işğal edən kimi, "Müsavatın" daxilində parçalanma baş verdi, solçular qolu üstünlüyü əldə etdilər, keçmiş rəhbərlik ölkəni işğaldan qurtara bilmədiyinə görə şiddətli tənqid edildi. Yeni solçu "Müsavatın" təşəbbüs qrupuna Əbdül Vahab Məmmədzadə (Yurtsevər), Məmməd Sadıq Quliyev, Rasim Qasımov, Seyid Zərgər və daha 21 nəfər daxil oldu[5].

29 aprel 1920 il tarixində Müsavat Partiyasının fövqəladə konqresi keçirildi. Orada Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi və işğalçıların ölkədən çıxarılması uğrunda mübarizəyə başlamaq qərarına gəlindi[6].

Birinci gizli təşkilat

İşğala qarşı gizli müqavimətin təşkil edilməsi üzrə iş 1920–1922-ci illər ərzində aparıldı. Fəaliyyət iki istiqamət üzrə aparılırdı: Azərbaycanın dövlət müstəqilliyinin bərpasının təbliği və işğalçılara qarşı silahlı üsyanın təşkili.

1922-ci ildən başlayaraq, gizli təşkilat "İstiqlal" adlı qəzet yayımlamağa başlamışdır. Onun cəmi 18 nömrəsi işıq üçün görmüş, hər sayı 30–50 nüsxədən ibarət idi. Bundan başqa, gizli mətbəədə partiyanın proqramı və müxtəlif vərəqələr dərc edilib yayılırdı.

Strukturu

  1. Mirzəbala Məmmədzadənin sədrlik etdiyi Mərkəzi Komitə (MK);
  2. Əbdül Vahab Məmmədzadənin sədrlik etdiyi Bakı Komitəsi (BK);
  3. Hərbi təşkilat;
  4. Bakı və qəzalarda fəaliyyət göstərən yerli təşkilatlar.

Bakıda üçlüklər tərəfindən idarə edilən dörd rayon təşkilatı olmuşdur. Bundan başqa Səlyanda və Lənkaranda da yerli təşkilatlar fəaliyyət göstərirdilər.[5]

Hərbi təşkilat

Müsavatçılar silahlı üsyan yolu ilə işğala son qoymaq məqsədilə MK nəzdində hərbi təşkilat yaratmışdırlar. Ona 1923-cü ilə qədər Dadaş Həsənov (Həsənzadə) rəhbərlik etmişdir[7]. Bundan sonra təşkilatı Məmməd Sadıq Quliyev, Əhməd Hacınski, İbrahim Axundzadə, Əli Hüseyn Dadaşev və İsfəndiyar Vəkilov idarə edirdilər. Hərbi təşkilat 1922-ci ildə SSRİ tərkibinə qatılmağın əleyhinə Azərbaycanı bürümüş üsyanları təşkil etmişdir.

Dadaş Həsənov və başqalarının istintaq işi.

Hərbi təşkilatın aşağıda göstərilən şöbələri olmuşdur[5]:

  1. Yeni üzvlərin cəlb edilməsi ilə məşğul olan təşkilat şöbəsi;
  2. Qızıl Ordu hissələri haqqında kəşfiyyat xarakterli məlumatların əldə edilməsi ilə məşğul olan operativ şöbə;
  3. Üsyançıları silah və sursatla təchiz edə biləcək təchizat şöbəsi;
  4. Azərbaycanın dövlət müstəqilliyin bərpası ideyalarını; işğalçılara qarşı silahlı üsyana qalxmağın və strateji obyektlərin ələ keçirilməsinin vacibliyini təbliğ edən təşviqat şöbəsi. Bu şöbənin fəalları həm də Qızıl ordunun əsgər və zabitlərinin öz tərəflərinə cəlb edilməsi işini həyata keçirirdilər.

Eyni zamanda BK nəzdində də hərbi təşkilat fəaliyyətdə idi. Ona Nurulla Qulubəyov (təşviqat işləri), İbrahim Axundzadə (təşkilat məsələləri), Nurulla Rzabəyov (təchizat), Mövsüm İbrahimov (rabitə), İbrahim Atakişiyev (hərbi qruplarla iş) başçılıq edirdilər[5]. Təşkilatın fəaliyyətində həm də Mövsüm Bəydəmirov və Nəsrulla Rzabəyli də fəal iştirak edirdilər.

BK nəzdində olan hərbi təşkilatın rəhbərləri Bakını sektorlara bölmüşdürlər, onların hərəsində özəklər yaradılmışdır. Üsyan başlayan kimi bu özəklərin rəhbərləri milləti səfərbər etməli idilər.

O zaman Qızıl Ordu hissələrində aparılan təbliğat nəticəsində müsavatçılar öz tərəflərinə çoxlu zabit cəlb edə bilmişdirlər. 1923-cü ildə "Müsavatın" gizli hərbi təşkilatının özəkləri hərbi məktəbdə, Aviasiya məktəbində, Az. SSR Konvoy komandasında, Gəncədə yerləşən Azərbaycan diviziyasının 3-cü alayında olmuşdu.[5]

Gizli hərbi təşkilat həm də öz adamlarının vasitəsilə Qəzəl orduya məxsus məxfi məlumatları da əldə edə bilirdi, onlar Dadaş Həsənova və Əhməd Hacınskiyə ötürürdü.

Müsavat partiyası Mərkəzi Komitəsi 1922-ci ildə Məhəmməd Əmin Rəsulzadənin xaricə qaçırılması haqqında qərar qəbul etdi. Bu məxfi əməliyyatı Müsavat Partiyası MK qərarı ilə 1922 ildə Dadaş Həsənov, Rəhim Vəkilov və tanınmış tatar maarifçisi Musa Bigiyev həyata keçirə bilmişdirlər[7].

Sonu

Gizli "Müsavat" Gürcüstanın müstəqillik hərəkatı ilə əlaqə yaradaraq bolşeviklərə qarşı birgə silahlı üsyan planını hazırlamışdır[8]. 1921-ci ildə Mirzəbala Məmmədzadə üç dəfə Tiflisdə olmuş, Gürcüstanın gizli hərəkatının rəhbərlərindən biri olan Silvestr Cibladze ilə bu barədə razılığa gəlmişdir. Daha sonra Əlövsət Nəcəfov, Dadaş Həsənov və Əli Yusifzadə gürcülərlə əlaqədə olmuşdurlar[5]. Ancaq son olaraq onlarla birlikdə üsyan qaldırmaq planlarını həyata keçirmək imkanı olmadı.

Azərbaycan Dövlət Siyasi İdarəsi (ADSİ) Azərbaycan və gürcü Sovetlər əleyhinə birliyin yaradılması cəhdlərini izləyərək müsavatçılara ağır zərbələr endirmişdir: Əbdül Vahab Məmmədzadə, Rəhim Vəkilov, Kərbəlayı Vəli Mikayılov və başqaları həbs edilmişdirlər[9]. "İstiqlal" qəzetinin mətbəəsi aşkar edilmiş onun fəaliyyətinə son qoymuşdur. M. Məmmədzadə isə İrana mühacirətə qaçmışdır.

İkinci gizli təşkilat

Şiddətli təqiblərə baxmayaraq, müsavatçılar dağıdılmış təşkilatın fəaliyyətini bərpa edə bilmişdirlər. Onlar 1923-cü ilin noyabrında Dadaş Həsənovun evində toplantılarını keçirdilər[9]. Burada tərkibində D. Həsənonun, Ə. Hacınskinin, Əbülfəz Babayevin, Əbdül Əbdülzadənin, Əli Yusifzadənin olduğu MK-nın yeni heyəti seçildi. MK sədri Dadaş Həsənov (1897–1927), katibi isə Əhməd Hacınski təyin olmuşdur[5][9][10].

Müsavat Partiyasının MK sədri Dadaş Həsənov (№ 4), katibi Əhməd Hacınski (№ 1) və başqaları ADSİ 2 №-li həbsxanasında.

1924 ilin ərzində gizli təşkilat əsasən repressiya olunmuş müsavatçıların ailələrinə yardım etmək üçün maddi vəsaitlərin tapılması ilə məşğul olmuşdur.

1925-ci ilin əvvəlindən başlayaraq gizli təşkilat öz işini fəallaşdırmışdır. O zaman Dadaş Həsənovun evində keçirilən toplantıda ikinci gizli "Müsavatın" yeni MK tərkibi təsdiqlənmişdir. Onun tərkibində D. Həsənov (sədr), Ə. Hacınski (katib), Ə. Babayev, M. H. Vəliyev (Baharlı) və R. Vəkilov olmuşdurlar[9].

Həmçinin, BK-nın da yeni tərkibi elan edilmişdir. Onun üzvləri Mir Əbdül Qəni Mir Qasımov, Qəzənfər Sultanov (Pedaqoji institutun tələbəsi), Süleyman İsrafilov (Tibb institutunun tələbəsi), Həbib Məmmədov (N. Nərimanov adına texnikum müəllimi) olmuşdurlar.

Həmin vaxt müsavatçıların qəzalarda da işləri fəallaşmışdır. "Müsavatın" Qarabağ təşkilatı güclənmiş və 1925-ci ilin yayında Şuşada onun toplantısı keçirilmişdir[11]. Orada Dadaş Həsənov da iştirak etmişdir.

Hərbi təşkilat fəaliyyət göstərsə də, silahlı üsyan planları müvəqqəti olaraq təxirə salınmışdır. Daha çox təbliğat işləri həyata keçirilirdi. O zaman müsavatçılar öz tərəfinə təkcə bitərəfləri və istiqlal tərəfdarlarını deyil, həm də kommunistləri çəkirdilər[5]. Ona görə bolşeviklərin arasında çoxlu gizli müsavatçı fəaliyyət göstərirdi. Bunu Kommunist partiyasının içəridən dağıdılması üçün edirdilər.

D. Həsənovun rəhbərlik etdiyi ikinci gizli "Müsavat" təşkilatı türk (Azərbaycan) xalqının tarixinin, milli və mədəni dəyərlərinin təbliğinə, eləcə də millətin vətənpərvərlik ruhunda tərbiyələndirilməsinə xüsusi yer ayırırdı. Onun ən yaxın silahdaşı və dostu Əhməd Hacınski 1925-ci ilin noyabrında bu istiqamətdə işlərin görülməsi üçün müsavatçıların maarifçilik dərnəklərində və təhsil müəssisələrində həyata keçirməyə başladıqları "Gəncliyin partiyadan kənar tərbiyyələndirmə təlimatı" adlı xüsusi bir plan hazırlamışdır[5]. Bu proqramda xalqın milli şüurunun artmasına nail olmaq üçün humanitar fənlərin tədrisinin necə tədris edilməsi təfərrüatı ilə izah edilirdi. Bununla bərabər, müsavatçılar mühacirətdə olan Məhəmməd Əmin Rəsulzadənin kitablarını və müxtəlif mövzulara həsr edilmiş vərəqələri də yayırdılar.

Azərbaycanda 1925–1931-ci illərdə gizli təşkilatın maarifçilik fəaliyyəti gəncliyin çoxlu sayda vətənpərvərlik dərnəklərinin yaranmasına gətirib çıxartdı[12]. Eyni zamanda, bu istiqamətdə işlər Sovet hökumətinin nəzarətində olan tədris müəssisələrində də gedirdi. Bunun nəticəsində gəncliyin arasında türk millətçiliyin yayılması qeydə alınmışdır.

İkinci gizli Müsavat Partiyasının fəallarına oxunan hökmün surəti

Daha sonra gizli təşkilat Bakıda 1926-cı ildə keçirilməsi planlaşdırılan türkoloji konfransa da münasibət bildirmişdir. Belə ki, konfransla əlaqədar qərara alınmışdır ki, "Müsavat" bu tədbiri ümumiyyətlə dəstəkləyir, ancaq ərəb əlifbasının latın əlifbası ilə əvəz edilməsi qəbul olunmazdır[9]. Bu barədə yayılmış vərəqədə müsavatçılar qeyd edirdilər ki, əlifba dəyişikliyinə ehtiyac vardır, ancaq məsələ burasındadır ki, bu iş bolşeviklər tərəfindən həyata keçirilir. Onlar isə bunu türk dünyasını parçalamaq və onun birləşməsinə imkan verməmək üçün edir; başqa sözlə, öz siyasi məqsədlərini güdürlər. Musavatçıların fikrincə, yeni əlifba təkcə Azərbaycanda yox, həm də bütün türk dünyasında qəbul edilməli, hamı üçün eyni olmalı idi. Ancaq məsələnin bu cür qoyuluşu bolşeviklərin siyasətinə uyğun deyil idi. Buna görə də müsavatçılar hesab edirdilər ki, hazırda yeni əlifbanın qəbul edilməsinə qarşı olmaq və bu məsələni gələcəkdə bütün türk xalqları ilə birlikdə həll etmək lazımdır.

Sonu

1926-cı ilin əvvəllərində ADSİ ikinci gizli "Müsavatın" üzvlərinin siyahısını əldə edərək və onların fəaliyyətlərini izləyərək onları həbs etmişdir[5].

D. Həsənovdan sonra gizli təşkilata 1926-cı ilin iyulunda həbs edilmiş Ə. Babayev başçılıq etmişdi. Bundan da sonra rəhbərlərdən yalnız M. H. Baharlı və R. Vəkilov azadlıqda qalmış və çox sərt repressiyalara baxmayaraq öz fəaliyyətlərini davam etdirmiş, BK-nın yeni heyətini yarada bilmişdirlər. Onun tərkibində Mir Əbdül Qəni Mir Qasımov, Qəzənfər Sultanov, Süleyman İsrafilov və Həbib Məmmədov olmuşdurlar. Beləliklə, gizli təşkilatın fəalları Azərbaycanda "Müsavatın" tamamilə darmadağın edilməsinə imkan vermək istəmirdilər. Ancaq az sonra onlar da həbs olundular.

Gizli təşkilatın darmadağın edilməsi əməliyyatı 1926-cı ilin oktyabr ayına qədər davam etmiş və ümumi sayla 34 nəfər həbs edilmişdir[9]. Onları 1923-cü ildə ləğv edilmiş birinci gizli təşkilatın və onun hərbi qolunun bərpa edilməsində, casusluq fəaliyyətində, xarici dövlətlərə kəşfiyyat xarakterli məlumatların ötürülməsində, AK(b)P-ni və dövlət strukturları içəridən dağıtmaq cəhdlərində, Azərbaycanda hakimiyyəti ələ keçirmək cəhdində ittiham etmişdirlər.

28 fevral 1927-ci il tarixli ADSİ kollegiyasının məhkəmə iclasının qərarı ilə Dadaş Həsənov, Mövsüm İbrahimov, Cavad Axundov və Mir Bağır Seyid Pzayev güllələnməyə, gizli təşkilatın qalan üzvləri isə altı ildən on ilə qədər sürgünə məhkum edilmişdirlər. Onlar Moskvanın Butırka adlanan siyasi həbsxanasına göndərildilər, sürgündə onların bir çoxları həlak oldu. Qərar 6 aprel 1927-ci il tarixində yerinə yetirilmişdir[5].

Mühacirət dövrü (1922–1989)

Azərbaycanın işğalından sonra xaricə güclü mühacir axını başlandı. Siyasi mühacirləri təşkilatlandırmaq zərurəti yarandı. İşğaldan sonra xaricə gedən Azərbaycan siyasi mühacirləri Tehran, Gilan, Təbriz, Astara, Ərdəbil, Trabzon, İstanbul və başqa şəhərlərdə mühacir cəmiyyətləri yaratsalar da bu cəmiyyətlər qısa müddətdən sonra fəaliyyətlərini dayandırmışdılar. Yalnız Müsavatın görkəmli nümayəndələrinin, xüsusilə Məhəmməd Əmin Rəsulzadənin xaricə mühacirətindən sonra müxtəlif ölkələrə səpələnmiş Azərbaycan mühacirlərini bir təşkilat ətrafına toplamaq mümkün oldu. Məhəmməd Əmin Rəsulzadə 1922-ci ildə Türkiyəyə gələrək, ilk növbədə, Müsavat Partiyasının Xarici Bürosunu təşkil etdi. Müsavat Partiyasının Xarici Bürosu ilk vaxtlar öz komitələrini partiya üzvlərinin daha çox məskunlaşdığı Türkiyəİranda yaratdı. Bu komitələr geniş fəaliyyətə başladılar[13].

Strukturu

İstanbulda fəaliyyət göstərən Xarici Büronun sədri Məhəmməd Əmin Rəsulzadə, katibi Mirzə Bala Məmmədzadə, xəzinədarı Xəlil bəy Xasməmmədov idi. Onlar Xarici Büronun Rəyasət Heyətini təşkil edirdi. Büro üzvləri Şəfi bəy RüstəmbəyliMustafa Vəkilov Rəyasət Heyətinin üzvləri ilə birlikdə onun icraiyyə orqanına daxil idilər ki, bunları da "beşlik" adlandırırdılar. Məmmədsadıq AxundzadəAbbasqulu Kazımzadə Büronun üzvləri idilər. Bu dövrdə partiyanın İranda Cəfər Cəfərov (sədr), Məhəmməd Əli Rəsulzadə və Qulam Şərifovdan ibarət Tehran (RəştƏnzəli təşkilatları da bu komitəyə tabe idilər), Teymur bəy Məlik-Aslanovun sədrliyi ilə Təbriz komitələri (ƏrdəbilAstara təşkilatları bu komitəyə tabe idilər) fəaliyyət göstərirdi.

Fəaliyyəti

Müsavat Partiyası Gürcüstan və Şimali Qafqaz milli təşkilatları ilə ittifaqa girmiş, ilk əvvəl Qafqaz İstiqlal Komitəsi təşkil etmiş, sonra isə istiqlalın bərpa ediləcəyi təqdirdə Qafqaz işlərini idarə edəcək Qafqaz Konfederasiyası Şurasını yaratmağa nail olmuşdu. Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Müsavat Partiyasının xaricdə fəaliyyətinin genişlənməsi Sovet hakimiyyəti dairələrində böyük narahatlıq doğururdu. 1925-ci ildə Sovet İttifaqının xarici işlər komissarı G. V. Çiçerin Bakıda keçirilən IV Sovetlər qurultayındakı çıxışında demişdi:

" Son zamanlar müsavatçıların Türkiyədə fəaliyyətlərinin gücləndiyini qeyd etməmək olmaz - Biz dəfələrlə Türkiyə hökumətinə müraciət edərək, Sovet hökuməti əleyhinə intriqalara etirazımızı bildirmişik və buna, nəhayət, son qoyulmasını tələb etmişik. "

Bu dövrdə Türkiyənin beynəlxalq vəziyyətinin pis olması və böyük dövlətlərin bu dövlətə təzyiqinin artması onu eyni vəziyyətdə olan Sovet İttifaqı ilə yaxınlaşdırırdı. Sovet İttifaqımn tələbi ilə Türkiyədə müsavatçıların fəaliyyəti xeyli dərəcədə məhdudlaşırdı. 1931-ci ildə müsavatçılar Türkiyəni tərk etməyə məcbur oldular. Polşa hökuməti Azərbaycan mühacirlərini qəbul etdi. Müsavat Partiyasının lideri Məhəmməd Əmin Rəsulzadə himayəyə alındı. İrandakı müsavatçılar içərisində fars və türk təmayülləri arasında mübarizə gedirdi. Fars meyilli qüvvələrə parlamentin sabiq üzvü molla Mirzə Səlim Axundzadə başçılıq edirdi. İran hökumətinin nümayəndələri fars meyilli qüvvələrin təsir dairəsini genişləndirmək məqsədilə onlara maddi yardım göstərirdilər. Türk təmayüllü qüvvələrə isə Məmmədsadıq Quliyev rəhbərlik edirdi. Mirzə Bala Məmmədzadə İstanbula getdikdən sonra M. Quliyev Xarici Büronun Cənubi Azərbaycandakı nümayəndəsi təsdiq olunmuşdu[13].

Fikir ayrılıqları

1931–1932-ci illərdən sonra Azərbaycanın daxilində və xaricdə Müsavat təşkilatlarının fəallığının zəifləməsi müşahidə olunurdu. Bu, bir tərəfdən, Azərbaycan Dövlət Siyasi İdarəsinin müntəzəm olaraq keçirdiyi həbs və sürgünlərlə, digər tərəfdən isə, Müsavatın Xarici Bürosu və Azərbaycan Milli Mərkəzi daxilindəki fıkir ayrılığının və ixtilafların dərinləşməsi ilə əlaqədar idi. Belə ki, Müsavatın Xarici Bürosunun və Azərbaycan Milli Mərkəzinin İstanbul qrupunda Mustafa bəy Vəkilov, Şəfi bəy Rüstəmbəyli, Xəlil bəy Xasməmmədov və digərləri Məhəmməd Əmin Rəsulzadəyə müxalif mövqedə dururdu. Getdikcə dərinləşən ixtilaflar Müsavat mərkəzlərinin fəaliyyətini çətinləşdirdi. Vəziyyəti nizamlamaq məqsədilə 1928-ci ildə partiyanın rəhbər orqanı olan Divanın yenidən formalaşdırılması qərara alındı. Yeni Divan ayrı-ayrı partiya mərkəzlərinin təmsilçilərindən ibarət olmalı idi. Əksəriyyətin qəbul etdiyi qərara qarşı çıxdıqlarına görə Ş. Rüstəmbəyli, X. Xasməmmədov, M. Axundzadə İstanbul təşkilatından xaric edildilər, lakin tezliklə nüfuzlu partiya üzvlərinin səyi ilə partiyada parçalanmasının qarşısı alındı. İlk vaxtlar ixtilafların səbəbi, formal olaraq, Müsavatın Xarici Bürosunun və Azərbaycan Milli Mərkəzinin İstanbuldan Parisə və yaxud Varşavaya köçür

ülməsi məsələsində yaranmış fikir ayrılığı kimi qələmə verilsə də, əslində, bu mübarizə partiyaya rəhbərlik, onun rəhbər xadimlərinin təsir dairəsinin müəyyən edilməsi ilə bağlı idi. Getdikcə güclənən təşkilatdaxili çəkişmələr 1934-cü ildə bir qrupun partiyadan xaric edilməsi ilə nəticələndi[13].

Varşava konfransı

1936-cı ilin avqustunda Varşavada Milli Müsavat Xalq Partiyasının qurultay səlahiyyətli konfransı keçirildi. Konfransda Məhəmməd Əmin Rəsulzadə "Milli hərəkatda birgə" mövzusunda hesabat məruzəsi ilə çıxış edərək, partiyanın həm Azərbaycanın daxilində, həm də mühacirətdə öz taktiki xəttini düzgün müəyyənləşdirdiyini bildirdi. O, "şəxslər müvəqqəti, ideologiya əbədidir" tezisini əsas tutaraq, müsavatçıları ideologiyaya sadiqliyə çağırdı. Konfrans partiya sıralarının təmizlənməsi məsələsini müzakirə edərək, ilk növbədə, partiya rəhbərliyinin Mir Əziz Seyidli və Şəfi bəy Rüstəmbəylinin partiyadan xaric olunması haqqında vaxtilə çıxardığı qərarı təsdiq etdi. Sonra isə Nağı Şeyxzamanlı, Xəlil bəy Xasməmmədov və Səlim Ağasıbəyli partiya sıralarından xaric olundular. Konfrans partiyanın 7 nəfərdən ibarət Divanını seçdi, Divan üzvlüyünə sonradan daha iki nəfərin cəlb olunması haqqında qərar qəbul edildi. Partiyanın əvvəlki proqramının qəbulundan keçən müddət ərzində milli və beynəlxalq sahədə baş verən fövqəladə hadisələri özündə əks etdirən "Yeni Proqram Əsasları" müzakirə edilərək qəbul olundu. "Yeni Proqram Əsasları"nda partiyanın məqsədləri 1917-ci il proqramına nisbətən daha aydın ifadə olunurdu. 1917-ci il proqramındakı "Milli istiqlal və ya muxtariyyətə malik olmayan bir millət hürriyyət və mədəniyyətini hifz etməz" tezisi yeni proqramda təkmilləşdirilərək, "Müstəqil Azərbaycan Xalq Cümhuriyyəti rus istilasından qurtulacaq, qeydsiz-şərtsiz müstəqil bir dövlət halında yaşayacaqdır" şəklində ifadə olunmuşdu. "Yeni Proqram Əsasları"nda müsavatçılığın "böyük türk kültürünə bağlı, milli, mədəni və insani dəyərləri mənimsəyən, hürriyyət, cümhuriyyət və istiqlal idealına sadiq Azərbaycan vətənpərvərliyindən" ibarət olduğu göstərilirdi. Birinci proqramında millətin siniflərdən ibarət olduğunu və Müsavatın zəhmətkeş xalqın mənafeyini müdafiə etdiyini bildirən Partiya "Yeni Proqram Əsasları"nda fərdlə ümuminin mənafelərinin uzlaşdırılması, hər cür sinif və zümrə hakimiyyətinin rədd edilməsini nəzərdə tutan daha mükəmməl nəzəriyyə irəli sürürdü. "Yeni Proqram Əsasları"nda sözdə sülhsevər cildə girən Sovet hökumətinin iç üzü açılıb göstərilir, bolşevizmin əleyhinə olan beynəlxalq təşkilatlarla əlaqə yaradılmasının, Azərbaycanın istiqlal mübarizəsinin bütün dünyada beynəlmiləl məsələ səviyyəsinə qaldırılmasının zəruriliyi qeyd olunur, həmçinin, Milli İstiqlalı bərpa etmək və onu hər cür təhlükələrdən qorumaq üçün siyasi müqəddəratları eyni olan Qafqaz xalqları ilə konfederasiya əsasında bağlılığın vacibliyi nəzərə çatdırılırdı. Varşava konfransı müsavatçılığın ideoloji cəhətdən dolğunlaşmasında və partiyadaxili ixtilafların aradan qaldırılmasında mühüm rol oynadı. Belə ki, 1936-cı il konfransından sonra partiya daxilində ixtilafların olması ilə bağlı heç bir fakt məlum deyil. Aprel işğalından sonra Müsavat PartiyasıTürkiyə, İran, FransaPolşada məskunlaşan müsavatçıları və digər Azərbaycan mühacirlərini vahid təşkilat ətrafında birləşdirməyə nail olmuşdu. Müsavat Partiyasının Xarici Bürosu və Azərbaycan Milli Mərkəzi Azərbaycan mühacirlərinin bolşevizmə qarşı mütəşəkkil mübarizəsini təmin etmiş, ölkə daxilində fəaliyyət göstərən müsavatçılarla əlaqələr yaradaraq, onların sovet hakimiyyəti əleyhinə mübarizəsini istiqamətləndirmişlər. Partiya, eyni zamanda, bolşevizmə qarşı mübarizə aparan xalqların mühacirətdəki nümayəndələri ilə birlikdə antisovet təşkilatların yaradılmasına çalışmış və bu təşkilatların işində fəal iştirak etmişdir[14].

Müasir dövr (1989–cari)

1989-cu ilin oktyabrın 29-da bir qrup insan Azərbaycan Milli Demokrat Partiyası "Yeni Müsavat"ı yaradırlar. 1990-cı ilin iyunun 29-da partiya adını Azərbaycan Milli Müsavat (Xalq) Partiyası olaraq dəyişir.

1991-ci ilin iyununda Müsavatın qurultayında Nəsib Nəsibzadə Mərkəzi İcraiyyə Komitəsinin sədri seçilir. 1992-ci ildə Müsavatın bərpa mərkəzi yaradılır. Partiyanın adı Müsavat Partiyası olaraq dəyişdirilir.

1992-ci ilin noyabrında Müsavat Partiyasının III Bərpa Qurultayı keçirilmiş və İsa Qəmbər Partiyanın 5-ci başqanı seçilmişdir.

2000-ci ildə AXCP daxilində bölünmə baş vermiş, partiya klassiklər və islahatçılar qanadına bölündü. Mirmahmud Mirəlioğlu liderliyində klassiklər qanadında fəaliyyət göstərən (daha sonralar özlərini Rəsulzadə-Elçibəy fraksiyası adlandıran) 22 nəfər sonralar partiyadan uzaqlaşdırılmışdı. Daha sonra Rəsulzadə-Elçibəy fraksiyası Müsavat Partiyasına müraciət edərək partiyaya qəbul olundular. Fraksiyaya Arzu Səmədbəyli, İsa Bağırov, Novella Cəfəroğlu, Oktay Qasımov, Qubad İbadoğlu, Ülvi Həkimov kimi şəxslər daxil idi.

2010-cu ildə AXCPMüsavat birləşmək qərarı almışdı, lakin daha sonra bu birləşmə gerçəkləşmədi.[15]

Partiya 2013-cü ildə üzv sayının 100 000 nəfərdən çox olduğunu bildirib.[16]

27 sentyabr 2014-cü ildə Səttar Bəhlulzadə adına Mədəniyyət Evində Müsavat Partiyasının qurultayı keçirilmişdir. Qurultay zamanı baş tutan başqanlıq seçkilərində 449 nəfər seçici, 3 namizəd iştirak etmiş və 228 səs yığan Arif Hacılı partiyanın 6-cı başqanı seçilmişdir. Digər namizədlərdən Qubad İbadoğlu 200, Tural Abbaslı isə 19 səs yığmışdır.[17]

2023-cü ildə Ədliyyə Nazirliyi Müsavat Partiyasının qeydiyyata alınmaqla bağlı müraciətinə mənfi cavab verib.[18]

Rəhbərlik

Müsavat Partiyasının 14 nəfərdən ibarət olan Divanı mövcuddur. Müsavat Partiyasının həmçinin Gənclər Komitəsi və Qadınlar Şurası mövcuddur.

Seçkilərdə

Müəssislər Məclisi

Seçki Rəhbər Nəticə
Səs % Yer
1917
Məhəmməd Əmin Rəsulzadə
Məhəmməd Əmin Rəsulzadə
615 816
1.34 %
10 / 767
Yeni

Noyabrın 26–29-da Türk Ədəmi-Mərkəziyyət Firqəsi "Müsavat" blok şəklində qatıldığı Rusiya Müəssislər Məclisinə seçkilərdə 615 816 (1.34%) səs toplayaraq 10 deputat yeri qazanmışdı.

Dumalar

Seçki Rəhbər Nəticə
Səs % Yer
Bakı
(1917)
Məhəmməd Əmin Rəsulzadə
Məhəmməd Əmin Rəsulzadə
18 384
25.25 %
14 / 109
Yeni

Milli Məclis

Seçki Başqan Majoritar Proporsional Cəmi
Səs % Mandat Səs % Mandat
1995
İsa Qəmbər
İsa Qəmbər
0 / 100
0 / 125
2000
2 / 100
140 5464.85
0 / 25
2 / 125
2005
5 / 125
5 / 125
201047 942[lower-alpha 2]2.01
0 / 125
0 / 125
2015
Arif Hacılı
Arif Hacılı
24 9950.88
0 / 125
0 / 125
202038 8141.55
0 / 125
0 / 125

Ara seçkilər

Seçki Sədr Səs Mandat
#  %
1995 İsa Qəmbər
0 / 20
4 fevral 1996
1 / 15
2006
0 / 10

Bələdiyyə seçkiləri

Seçki Sədr Səs Yer
#  % ±
1999 İsa Qəmbər
2004
2009[19]
3 / 15.591
2014 Arif Hacılı
2019

Ara bələdiyyə seçkiləri

Seçki Sədr Səs Bələdiyyə üzvü
#  %
2006[20] İsa Qəmbər
8 / 1.901

Rəmzlər

Himn

Bayrağına göy qurşağı göy rəngini verdi, Bayraqdan uca təkcə bir Allahdı, Müsavat!
İllər boyu gah meydana, gah zindana girdin, Zalım elə bildi daha dustaqdı Müsavat!

Əsdi qara yellər başın üstündə, çox əsdi, Kəsdi qara yellər, sənin haqq yolunu kəsdi, amma nə oraq biçdi səni, nə çəkic əzdi, Sümbül kimi bir də dikəlib, qalxdı Müsavat!

Dünya bulanıb bir durulan vaxt olacaqdı, Zalımlara divan qurulan vaxt olacaqdı, Sənsiz bu Vətən torpağı bədbaxt olacaqdı, Sənsən bu Vətən torpağının baxtı, Müsavat!

Bəsdir bəzədik çölləri başdaşlarımızla, Bəsdir suladıq gülləri göz yaşlarımızla, Dar gündə tutaq əl-ələ qardaşlarımızla, Dərdi-qəmi boğ, gün kimi doğ, vaxtdı Müsavat!

Sözləri: Ramiz Rövşən.
Musiqisi: Cavanşir Quliyev.

Müsavatın himni 25 oktyabr 1997-ci il tarixdə partiyanın V (Proqram) Qurultayında qəbul olunub.[21]

Bayrağı və emblemi

Müsavat Partiyasının bayrağı mavi rəngdədir. İlk dəfə 1919-cu ildə Partiyanın II qurultayında bayrağın bu rəngdə olmağı qəbul edilib. Mavi bayraq bir zamanlar Elxanilər dövründə (XIII əsrdə) Azərbaycan torpaqları üzərində dalğalanıb. Mavi bayraq həm də Elxanilərin zəfər yürüşlərini əks etdirirdi.[21][22]

" Partiyanın embleminin müəllifləri görkəmli rəssamlar Elçin MəmmədovTərlan Qorçiyevdir. Emblemdəki "Müsavat" sözünün baş hərfi olan "M" qoşa dağ şəklində təqdim olunur; arxadakı dağ qara rəngdədir. Qara dağ Türklər üçün əhəmiyyətli simvollardan biridir. Öndəki dağ isə Müsavatın simvolu olan mavi rəngdədir. "M" hərfinin strukturu, qoşa dağın görünüşü tarazlıq ideyasını ifadəli göstərir. Tarazlıq ideyasından isə Müsavatın əsas prinsiplərindən birinə – Milli Təsanüdə çıxmaq olar. Çünki Təsanüd həm də müxtəlif sosial təbəqələrin mənafelərində tarazlaşdırma nöqtələri tapmaqdır. Emblemdəki iki üçbucaqdan Platon və Fərabi kimi filosofların fəlsəfəsinə də çıxmaq olar. Bu filosoflar deyirdilər ki, bütün başqa həndəsi fiqurlar (həndəsi fiqurlara uyğun cisimlər) üçbucaqların müxtəlif birləşmələrindən törənmişdir, yəni varlıqda olanların təməli həndəsi fiqur prinsipinə uyğun gəlir
"

Qərargahı

Müsavat Partiyası 2003-cü ilə kimi Azərbaycan prospekti 37 ünvanında yerləşən binada fəaliyyət göstərib, amma 2003-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərindən sonra partiya şəhərin mərkəzindəki qərargahını itirməli oldu. Müsavat hazırda Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3097-ci məhəllədəki 4 mərtəbəli binanın iki mərtəbəsində fəaliyyət göstərir. Bu binaya köçən zaman otaqlar normal olmadığından Müsavat rəhbərliyi bir qədər xərc çəkərək, otaqlara "əl gəzdirib" təmir işləri apardılar, amma hazırda da qərargahın bir sıra yerləri bərbad vəziyyətdədir. Partiya hər ay kommunal xərclərlə birgə 1000 manata qədər dövlət rüsumu ödəyir[23]

Qeydlər

  1. Rəsmi dövlət qeydiyyatında olmayan siyasi parti.
  2. Müsavat Partiyası Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə birgə AXCP-MÜSAVAT Seçki Bloku şəklində seçkilərə qatılmışdır.

Mənbə

Ədəbiyyat

  • İbrahimli X., Azərbaycan siyasi mühacirəti (1920–1991), B., 1997,
  • Oruclu M, Azərbaycanda və mühacirətdə Müsavat Partiyasının fəaliyyəti (1911–1992), B., 2001.

İstinadlar

  1. modern.az. "Ədliyyə Nazirliyi daha iki partiyanı qeydə aldı - SİYAHI". modern.az (az.). 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-11.
  2.  (ing.) Smith, Michael G. "Anatomy of a Rumour: Murder Scandal, the Musavat Party and Narratives of the Russian Revolution in Baku, 1917-1920". Journal of Contemporary History. 36 (2). 2001: 216–218.
  3.  (ing.) Mostashari, Firouzeh. On the Religious Frontier: Tsarist Russia and Islam in the Caucasus. I.B.Tauris. 2006. 144. ISBN 1850437718.
  4.  (rus.) Гусейнов, Мирза Давуд. 1: Программа и тактика // Тюркская демократическая партия федералистов "Мусават" в прошлом и настоящем. Baku. 1927.
  5. Заключительное постановление по делу уполномоченных ЦК, БК, Военного центра и военной организации "Мусават" / Дело Дадаша Гасанова и других. Архивный номер 500518, т. 7, машинопись, оригинал, 1926 // Архив Службы Государственной Безопасности Азербайджанской республики.
  6. Məmmədzadə M. Milli Azərbaycan hərəkatı. Bakı, "Nicat", 1992, c. 148–149 s.
  7. Yurtsever E. Gizli "Müsavat" teşkilatının harakteristik vazıfaları // "Azerbaycan" jurnalı, № 2–3 (27–28), İstanbul, 1954, s. 18.
  8. Мамулиа Г. К вопросу антибольшевистского восстания в Грузии 1924 г. и его последствий для грузинского вопроса в Европе Arxivləşdirilib 2013-09-22 at the Wayback Machine // Журнал "Прометей".
  9. Айдын Али-заде. "Мусават". Aзербайджанское подполье в борьбе за независимость страны Arxivləşdirilib 2019-03-30 at the Wayback Machine // Журнал "Уроки истории". Международный Мемориал.
  10. Зейналов Э. Мечты, мечты – где ваша сладость?.. Arxivləşdirilib 2018-06-25 at the Wayback Machine
  11. Quliyev V. Mənim babam kim olub? Bakı: Şuşa nəşriyyatı, 2001, s. 148.
  12. Yaqublu N. Müsavat partiyasının tarixi. Bakı: Adiloğlu, 2012, s. 136.
  13. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı 2004. s. 231
  14. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı 2004. s. 232
  15. "Arxivlənmiş surət". 2020-07-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-07-12.
  16. "Hansı partiyanın nə qədər üzvü var? - ARAŞDIRMA". 2023-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-20.
  17. Röya Rəfiyeva. "Arif Hacılı Müsavat Partiyasının yeni başqanı oldu - VİDEO" (az.). musavat.com. 2014-09-28. 2021-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-28.
  18. "Ədliyyə Nazirliyi Müsavat Partiyasına da "yox" dedi". 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-19.
  19. "Siyahıya YAP liderlik edir". 2021-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-26.
  20. "Bələdiyyə üzvlüyünə 20 siyasi partiyanın təmsilçiləri və 692 nəfər bitərəf seçilib". 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-13.
  21. "MÜSAVAT PARTİYASININ EMBLEMİ" (az.). musavat.org.az. 2014-04-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-20.
  22. Elnur Məmmədli. "Partiyaların simvolları – ARAŞDIRMA" (az.). lent.az. 2009-05-12. 2014-04-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-20.
  23. Elnur Məmmədli. "Partiyalarımız hara sığınır? – ARAŞDIRMA" (az.). lent.az. 2010-02-04. Archived from the original on 2010-02-06. İstifadə tarixi: 2014-04-20.

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.