Mürəkkəb cümlə
Mürəkkəb cümlə — iki və daha artıq sadə cümlənin məna və qrammatik cəhətdən birləşməsi nəticəsində əmələ gələn sintaktik vahiddir.
Mürəkkəb cümlə quruluşuna görə sadə cümlədən fərqlənir. Sadə cümlənin bir qrammatik əsası, mürəkkəb cümlənin isə iki və daha artıq qrammatik əsası olur. Məsələn: Göy guruldadı. Yağış yağdı, Yaz gəlir. Təbiət oyanır. Quşların səsi eşidilir -cümlələri mübtəda və xəbərdən ibarət olan sadə cümlələrdir. Həmin cümlələrin birləşməsi yolu ilə mürəkkəb cümlə yaratmaq olar. Məsələn: Göy guruldadı və yağış yağdı. Yaz gəlir, təbiət oyanır, quşların səsi eşidilir. Nümunələrdən göründüyü kimi, bu iki mürəkkəb cümləni təşkil edən sadə cümlələr bir-biri ilə həm mənaca, həm də qrammatik cəhətdən (bağlayıcı və intonasiyanın köməyi ilə) bağlanır və bütövlükdə vəhdət halında birləşərək bitkin bir fikir ifadə edir. İki və daha artıq sadə cümlənin məna və qrammatik cəhətdən birləşməsindən ibarət olan cümlələrə mürəkkəb cümlə deyilir.
Xüsusiyyəti
Mürəkkəb cümlə bizi əhatə edən obyektiv reallığa məxsus daha mürəkkəb bilikləri, obyektiv aləmdəki hadisələr arasında daha mürəkkəb əlaqələri ifadə edir.
Mürəkkəb cümlə nitq mədəniyyətinin nisbətən sonralar yaranmış daha yüksək ifadə vasitəsidir. Əvvəllər insan varlığın ayrı-ayrı cəhətlərini duyub anlamış və onların ifadəsi üçün sadə cümlələrdən istifadə etmişdir. Tədricən hadisələr arasındakı əlaqələr dərk olunduqca, onların ifadə vasitəsi kimi, mürəkkəb cümlələr də yaranıb formalaşmışdır. Bunun üçün əvvəlcə sadə cümlələr bərabər hüquq əsasında birləşərək tabesiz mürəkkəb cümlələri əmələ gətirmiş, tədricən hadisələr arasında ziddiyyət, səbəb, şərt, nəticə və s. əlaqələr dərk olunduqca, yeni qrammatik formalar yarandıqca tabeli mürəkkəb cümlələr də yaranmışdır.
Danışan şəxs sadə cümlələrdən istifadə edərkən ayrı- ayrı fakt və hadisələri qeyd edir, lakin onları bilavasitə əlaqələndirmir. Məsələn: O işləyir. Bu yatır – cümlələrində müxtəlif hadisələr qeyd edilmişdir və cümlələrin ardıcıl düzülüşünə baxmayaraq, hadisələr arasında əlaqə yoxdur. O işləyir, bu isə yatır – cümləsində vəziyyət tamamilə başqadır: burada artıq iki hadisə bilavasitə əlaqələndirilmiş, birisi işləyərkən başqasının yatması faktı qeyd edilmiş və hadisəyə modal münasibət bildirilmişdir.
Sadə cümlə kimi, mürəkkəb cümlə də məna və intonasiya cəhətdən bitkin olur, lakin sadə cümlədən fərqli olaraq, mürəkkəb cümlələr daha mürəkkəb quruluşa malik olur. Mürəkkəb cümlə ona görə quruluşca mürəkkəbdir ki, onun iki və daha artıq predikativ mərkəzi olur. Hər bir komponent sadə cümlənin məzmununa müvafiq məzmun ifadə edərək digər komponentlə məna və intonasiya cəhətdən vahid bir tam kimi birləşmiş olur. Mürəkkəb cümlələr yalnız mənaca deyil, qrammatik cəhətdən də vahid bir tam kimi çıxış edir.
Mürəkkəb cümlənin tərkib hissələri şərti olaraq "cümlə" adlandırılır. Həqiqətən də mürəkkəb cümlənin hər bir tərkib hissəsi öz xüsusiyyətlərinə görə sadə cümləyə bənzəyir: sadə cümlələrdə olduğu kimi, mürəkkəb cümlələrin də hər bir tərkib hissəsi baş və ikinci dərəcəli üzvlərdən ibarət olur; mürəkkəb cümlənin də hər bir tərkib hissəsi müxtəsər və ya geniş cümlə şəklində formalaşır; mürəkkəb cümlənin də hər bir tərkib hissəsi cüttərkibli və ya təktərkibli "cümlə" şəklində formalaşır. Bu uyğunluqlara baxmayaraq, mürəkkəb cümlənin ayrı-ayrı tərkib hissələrini həqiqi mənada "cümlə" adlandırmaq olmaz. Çünki tərkib hissələr ayrı-ayrılıqda məna bütövlüyünə və vahid bitkinlik intonasiyasına malik olmur. Səslər qovuşaraq qovuşuq səs, sözlər birləşərək mürəkkəb söz əmələ gətirdiyi kimi, cümlələr də müxtəlif üsullarla məna və qrammatik cəhətdən, vahid intonasiya əsasında birləşərək daha iri sintaktik vahidlər – mürəkkəb cümlələr əmələ gətirir. Biz bunu hər hansı bir mürəkkəb cümləni tərkib hissələrinə ayırıb iki müstəqil cümlə şəklində işlətməklə də görə bilərik; məs.: Mən bilirəm, sən neyləmək istəyirsən – cümləsini iki müstəqil cümləyə ayırsaq, əvvəlki intonasiyadan və məna bütövlüyündən əsər-əlamət qalmaz; Mən bilirəm. Sən neyləmək istəyirsən?
Mürəkkəb cümlənin tərkib hissələri ona görə şərti olaraq "sadə cümlə" adlandırılır ki, biz sadə cümlənin strukturuna yaxşı bələdik və həmin əsasda mürəkkəb cümlələri daha dəqiq, daha ətraflı təhlil edib öyrənə bilərik.
Feli sifət, feli bağlama və məsdər tərkibləri bir sadə cümlənin ifadə etdiyi fikrə bərabər fikir ifadə edir. Lakin tərkiblər budaq cümlə deyil, sadə cümlənin mürəkkəb üzvü kimi izah edilir. Ona görə də eyni bir fikrin həm içərisində tərkib olan sadə cümlə, həm də mürəkkəb cümlə şəklində ifadəsi mümkündür; məs.: Adildən belə sərt sözlər eşitdiyi birinci dəfə idi – Birinci dəfə idi ki, Adildən belə sərt sözlər eşidirdi – cümlələrindən birincisi sadə, ikincisi mürəkkəbdir və bu cümlələrdə eyni fikir ifadə edilmişdir.
Mürəkkəb cümlənin konkret məzmunu ilə qrammatik mənası fərqli olur. Deyirlər, çox yaşayan ilanın ziyanı da çox olar (C. Bərgüşad) cümləsinin ümumi məzmunu xalq təcrübəsi əsasında çox yaşayan ilanın çox zəhər toplaması, daha ziyankar olması faktıdır. Qrammatik məna isə baş cümlədəki kontakt sözün – deyirlər sözünün obyekt cəhətdən aydınlaşdırılması (tamamlıq budaq cümləsi tələb etməsi) ilə bağlıdır. Mürəkkəb cümlənin ümumi məzmunu ilə qrammatik mənası fərqli olmaqla yanaşı, bir-biri ilə sıx bağlıdır.
Qrammatik məna tərkib hissələr arasındakı zaman münasibəti, birləşdirmə, qarşılaşdırma, bölüşdürmə, aydınlaşdırma mənaları, şərt, nəticə, səbəb, məqsəd, tərz, obyekt, məkan, kəmiyyət əlaqələri və s. ilə bağlıdır. Bunların bir qismi (zaman, qarşılaşdırma, səbəb, nəticə və s.) mürəkkəb cümlənin hər iki növündə özünü göstərir, bir qismi isə (şərt, obyekt, tərz, dərəcə və s.) mürəkkəb cümlənin tabeli növünə aiddir.
Mürəkkəb cümlənin semantik cəhəti – məzmunu da tədqiqat baxımından maraqlı və əhəmiyyətlidir. Müəyyən bir nitq şəraitində və ya mətn daxilində hər hansı bir mürəkkəb cümlənin ifadə etdiyi məzmun, onun aktuallaşdırma, aktual üzvlənmə imkanları cümlənin funksional aspektidir. Sadə cümlənin aktuallaşdırma imkanları üzvlərin sırası və intonasiya ilə reallaşırsa, mürəkkəb cümlədə bunlarla yanaşı, komponentlərin – tərkib hissələrin sırası da mühüm amildir. Dildə adətən emosionallığın az olduğu cümlələrdə birinci tərkib hissə "məlum olan"ı – temanı, ikinci tərkib hissə "yeni"ni – remanı ifadə edir; məs.: Bizim məhəllədə hamı Ziba xalanın xətrini istəyirdi, çünki xeyrə-şərə yarayan arvad idi (Elçin) – cümləsində birinci tərkib – baş cümlə tema, ikinci tərkib hissə – səbəb budaq cümləsi remadır. Əgər bu cümlədə tərkib hissələrin yerini dəyişərək, həmin cümləni: Xeyrə-şərə yarayan arvad idi, ona görə də bizim məhəllədə hamı Ziba xalanın xətrini istəyirdi – şəklinə salsaq, yenə də birinci tərkib temadan, ikinci tərkib remadan ibarət olacaqdır. Birinci cümləyə aktuallaşdırma baxımından: Ziba xala necə arvad idi?, ikinci cümləyə: Nə üçün hamı Ziba xalanın xətrini istəyirdi? sualını vermək olar.
Əsas fikrin – "yeni"nin ikinci pozisiyada verilməsini bir çox hallarda yeni fikrin parsel şəklində verilməsi ilə də izah etmək olar; məs.: Səksəkəli hisslər təzədən qəlbimə dolsun. Ağrı versə də...(N.Novruz)