Müqtəda əs-Sədr

Müqtəda əs-Sədr (ərəb. مقتدى الصدر; 4 avqust 1974[1], Nəcəf) — İraqın Ali dini liderləri Əli əs-Sistani və Əbdüləziz əl-Hakimlə yanaşı, ölkənin ən xarizmatik dini və siyasi liderlərindən biri və şiə müqavimətinin simvoludur.

Müqtəda əs-Sədr
Doğum tarixi 4 avqust 1974(1974-08-04)[1] (49 yaş)
Doğum yeri
Fəaliyyəti klirik[d]
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Müqtəda əs-Sədr 1973-cü il avqust ayının 12-də İraqın Bağdad şəhərində anadan olub. O, Böyük Ayətullah Məhəmməd Sadiq əs-Sədrin 4-cü oğludur.

Müqtəda əs-Sədrin atası Məhəmməd Sadiq şiə dünyasının tanımış şəxsiyyətlərindəndir. O, və digər iki oğlu 1999-cu ildə Səddam Hüseynin hakimiyyəti dövründə Nəcəf şəhərində qətlə yetirilirlər. Müqtədanın atasının Böyük Ayətullah Sistani ilə dini görüşlərdə fikir ayrılığı mövcud idi. Bununla belə iraqlılar bu qətlin arxasında Səddam Hüseynin olduğunu hesab edirdilər. Müqtədanın 1980-ci ildə qətlə yetirilən babası Böyük Ayətullah Məhəmməd Baqir əs-Sədr S. Hüseynə müxalif olan və İranla analoji olaraq, İraq İslam Respublikasının yaradılmasının tərəfdarı idi. Məhəmməd Baqir əs-Sədr İraq-İran müharibəsi zamanı İranın dini lideri Ayətullah Xomeynini dəstəklədiyinə görə, Səddam Hüseyn tərəfindən öldürülmüşdü.

Fəaliyyəti

Müqtəda atası sağ ikən Nəcəf şəhərindəki dini seminariyada təhsil alırdı. Seminariyada təhsil aldığı illərdə Müqtəda "Molla Ətari" deyə çağırılırdı. Ancaq dini təhsilini tamamladığına görə, dini rütbə əldə edə bilməyən Müqtəda ABŞ əleyhinə çıxışları ilə dünyada tanınmağa başlayır. Bununla yanaşı, o, şəxsən fitva verməyə icazəsi olmadığından dolayı İraqın iranlı ayətullahı Kazım əl-Hərini ilə məsləhətləşirdi. Gənc olmasına baxmayaraq, İraqın qabaqcıl din adamlarının yetişdiyi ailənin üzvü olduğuna görə, əhəmiyyətli dərəcədə bir gücə malikdir. Natiqlik qabiliyyətinin zəif olmasına baxmayaraq, istəyi və xarizmasının köməyi ilə böyük şiə kütlələrini arxasınca apara bilir. Müqtəda "Müctəhid" olma məsələsində təkid etmirdi. Bununla belə Məhəmməd Sədrin maddi imkanlarından başqa dini və siyasəti də ehtiva edən çevrəsi Səddam Hüseynin devrilməsindən sonra getdikcə güclənir. Sədr qrupunun bünövrəsi, əsasən yoxsul şiələrdən ibarətdir. Bağdaddakı Sədr səmti Sədr ailəsinin qalası kimi tanınır. Atasının qətlə yetirilməsindən sonra Müqtəda atasının yolunu davam etdirərək, özünü onun xeyriyyə və sosial işlər şəbəkəsinə həsr edir.

Bundan bir müddət sonra Müqtəda əs-Sədrin tərəfdarları Səddam Hüseynin devrilməsindən sonra yaranan boşluğu doldurmaq üçün hərəkətə keçirlər. Başda ABŞ olmaqla koalisiya qüvvələrinin İraqı işğal etməsindən sonra işğala qarşı mübarizə aparan Müqtəda əs-Sədr özünü tanıdır. Paytaxt Bağdadın işğal edilməsindən iki gün sonra uzun illər İngiltərədə yaşayan və İraqa qayıdan şiə din xadimi Əbdülməcid əl-Xoyinin qətlində günahlandırılır. Ancaq Müqtəda əs-Sədr ona qarşı sürülən ittihamları rədd edir.

Əs-Sədrin Əbdülməcid əl-Xoyi ilə münasibətləri Əlinin Nəcəf şəhərində yerləşən məqbərəsində idarəçiliyi ələ almaq üstündə meydana gəlmişdi. Belə ki, sözügedən məqbərə şiə zəvvarların başlıca ziyarət etdiyi məkanlardan biri sayılırdı ki, bu da öz növbəsində külli miqdarda gəlir demək idi. Müqtədanın Əli əs-Sistani ilə də münasibətləri yaxşı deyildi. Belə ki, Əli əs-Sistani Kərbəla şəhərində xüsusi nüfuza sahib idi və şəhərə "nəzarət edirdi". Müqtəda isə burada da pay sahibi olmaq niyyətini gizlətmirdi. Bunun nəticəsində 2003-cü ilin oktyabrında əs-Sədr tərəfdarları Kərbəla şəhərində nəzarəti ələ almağa çalışır. Ancaq Müqtədanın "Mehdi Ordusu" əs-Sistaninin "Bədr Ordusu"nun güclü müqaviməti ilə qarşılaşır. Yaranan gərginlik nətəcəsində "Mehdi Ordusu" məğlub olur və xeyli itki verir.

Müqtəda əs-Sədr daha sonra İraqın müvəqqəti hökumətinin fəaliyyətinə qarşı tənqidi fikirlər səsləndirməyə başlayır. Bir müddət keçdikdən sonra, daha dəqiq desək 2003-cü ilin sentyabrında Müqtəda ABŞ tərəfindən təyin edilmiş Müvəqqəti Birlik Hökumətinin yürütdüyü siyasətə müxalif olduğunu deyərək, "kölgə" hökumət yaratdığını bəyan edir.

Müqtədaya atasından böyük bir miras qalmışdı. Bu miras xeyriyyə qurumları əsasında formalaşmışdı ki, Müqtədanın atası sağ ikən şəxsi vəsaiti ilə məscidlərə, xəstəxanalara və universitetlərə yardım edirdi. Atasının xeyriyyə işini davam etdirmək qərarına gələn Müqtəda İraqda hərbi əməliyyatların başa çatdığı elan edildikdən sonra paytaxt Bağdadın yenidən qurulması üçün öz köməyini təklif edir. O, paytaxtdakı məktəb və xəstəxanaların bərpası işində yaxından kömək göstərmək istədiyini bildirir.

2003-cü ilin aprelində Müqtədanın tərəfdarları Bağdadın Sədr-Siti səmtində bir sıra ictimai xidmətləri həyata keçirməyə başlayırlar. Bu xidmətlərə xəstələrin və yaralıların xəstəxanalara çatdırılması, şəhərin və atmosferin təmizlənməsi, humanitar yardımın paylanması, gecə vaxtı şəhərdə patrul xidmətinin yerinə yetirilməsi və yol hərəkəti qaydalarının tənzimlənməsi kimi bir sıra işlər daxil idi. Tədricən şəhərin şiə məhəllələrinin bütün idarəsi əs-Sədr administrasiyasının əlində cəmləşir. Bununla paralel olaraq, Müqtəda əs-Sədr İraqın müxtəlif şəhərlərindən olan şiələrin də qoşulması ilə hərəkatın hərbi qanadı olan "Mehdi Ordusu"nu formalaşdırır. M.əs-Sədrin fəaliyyətini İraq əhalisinin 10–30%-i dəstəkləyirdi ki, bu da bir neçə milyon nəfər mənasına gəlirdi. Müqtəda əs-Sədr 2003-cü ildə İraqın koalisiya orduları tərəfindən işğalına heç bir münasibət bildirməyən ölkənin şiə alimlərini kəskin dillə tənqid edir. O, digər şiə din xadimlərini İraqın siyasi gələcəyinin müəyyən edilməsində fəal surətdə rol oynamasını istəyirdi.

2004-cü ildə isə "Mehdi Ordusu" İraqın Nəcəf şəhərində koalisiya qüvvələrinə qarşı silahlı mübarizəyə başlayır.

Koalisiya qüvvələri ilə əs-Sədr tərəfdarları arasında nisbi sakitlik qısa müddət davam edir və yerini silahlı toqquşmalara buraxır. Artıq 2004-cü ilin martında müvəqqəti hökumət Müqtəda əs-Sədrə məxsus əl-Hövzə qəzetinin fəaliyyətinə xitam verir. Bu hadisədən qısa bir müddət sonra Müqtədanın ən yaxın köməkçilərindən olan Mustafa Takubi həbs edilir. M. Takubinin həbsi əs-Sədr tərəfdarlarının bir həftə davam edən nümayişləri ilə müşayiət olunur. Bu dövrdə Müqtəda əs-Sədr "Mehdi Ordusu"nun 2003-cü ildən başlayan formalaşma işini başa çatdırmışdı. Artıq 2004-cü ildə ordudakı əsgərlərin sayı 10 min nəfərə çatırdı. "Mehdi Ordusu" Bağdadda və İraqın cənubunda şiələrin daha çox yaşadığı əyalətlərdə koalisiya qüvvələrinə qarşı silahlı mübarizəyə başlayır.

2007-ci ilin fevralında Müqtəda əs-Sədr İraqı tərk edərək, İrana üz tutur. Buna İraq təhlükəsizlik qüvvələrinin dini liderin həbs edilməsi üçün Bağdad şəhərində əməliyyatlar keçirməsi səbəb olur.

2008-ci ilin mart ayının 31-də Bağdadda kommendant saatı ləğv edilir. Hökumət bu addımı M. əs-Sədrin tərəfdarlarına hərbi əməliyyatları dayandırmaq barədə göstərişindən sonra atır.

Müqtəda əs-Sədrin "Mehdi Ordusu" ilə koalisiya və müvəqqəti hökumətin qoşunları arasında döyüşlər 2008-ci ilin avqust ayının 28-ə qədər davam edir. 2008-ci ilin avqustun sonlarında isə

Bağdaddakı şiə döyüşçülərinin lideri Müqtəda əs-Sədr yaydığı bəyanatla özünün hərbiləşdirilmiş təşkilatı olan "Mehdi Ordusu"nun fəaliyyətini dayandırğını elan edir. O, bəyanatında bu qərara tabe olmayan tərəfdarlarının "Mehdi Ordusu"nun üzvü sayılmayacağını bildirir. Bu, Müqtədanın bu tarixdən sonra silahlı deyil, siyasi mübarizəyə qoşulacağı kimi şərh olunur. Bundan əvvəl – 2008-ci ilin iyununda isə "Mehdi Ordusu" ələ keçirdiyi və əs-Sədrin dayaq nöqtələrindən olan Amara şəhərini döyüşsüz təhvil vermişdi.

Hazırda Türkiyənin paytaxtı Ankara şəhərində olan Müqtəda əs-Sədrin olduğu yer məxfi saxlanılır. Türkiyənin XİN rəsmiləri M. əs-Sədrin İrandan Türkiyəyə gətirilməsinin səbəbini İraqdakı təhlükəsizlik və stabillik mövzusu ilə bağlı Türkiyənin vasitəçilik edəcəyi sülh prosesinin müzakirə edilməsi ilə əlaqələndirirlər.[2]

İstinadlar

  1. Muktada al- Sadr // Munzinger Personen (alm.).
  2. "Müqtəda əs-Sədr". 2013-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-09-16.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.