Müqəddəs Tanrı anası kilsəsi (Zakirli)
Müqəddəs Tanrı anası kilsəsi — Xocavənd rayonunun Zakirli kəndində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.[1]
Müqəddəs Tanrı anası kilsəsi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Xocavənd |
Yerləşir | Zakirli kəndi |
Tikilmə tarixi | XII əsr |
Vəziyyəti | qəzalı |
İstinad nöm. | 4325 |
Kateqoriya | Kilsə |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
Tarixi
Kilsə ərazisində ən qədim tarix xaçdaşlardan biri üzərində yazılmış və "1198-ci ilin yayı"na aiddir.[2] Kilsə timpanndakı kitabədə XII əsrdə burada artıq monastırın fəaliyyət göstərdiyini deməyə əsas verir. Kitabədə qeyd edilir ki, vardapet Yakov 1682-ci ildə köhnə kilsəni bərpa etdirmişdir.[3]
Memarlıq xüsusiyyətləri
Müqəddəs Tanrı anası kilsəsi Zakirli kəndinin mərkəzində, alma və armud bağlarının arasında yerləşir. Vaxtilə burada mövcud olmuş qədim monastır kompleksindən dövrümüzə yalnız əsas kilsə binası çatmışdır.[2]
Kilsə xaricdən düzbucaqlı, daxildən isə günbəzli bazilikal formaya malikdir. Kilsə divarları daxildən əhəng məhlulu ilə üzlənmişdir. Tağlar, nişlər və altar karnizlərinin inşasında yaxşı yonulmuş mavi tonlu daşlar, digər divar hörgüsündə isə kobud yonulmuş yerli daşlardan istifadə edilmişdir.[2] Divarların qalınlığı bir metrdən artıqdır. Altar yanlarında yerləşən köməkçi otaqlar, altar və onun iki tərəfindən dama qalxan pilləkənlərin inşaat detalları Ktişvəng monastırının baş kilsəsinin analoji hissələrinin memarlıq detalları ilə oxşarlıq təşkil edir.[2]
Kilsə memarlığının ən diqqətçəkən xüsusiyyətlərindən biri sol tərəfdəki köməkçi otaöın tavanındakı ilan qabartmasıdır. Qabartmanın ilk günlərdən həmin yerdə olması şübhə doğurmur.[2]
Fasadların səthi portal və pəncərə yerləri ilə bölünür. Kilsənin xarici görünüşü onun vaxtilə günbəzlə tamamlandığını deməyə imkan verir. İbadət zalının zal-günbəz kilsələri üçün xarakterik olan həcm-məkan həlli, həmçinin günbəzi saxlamaq üçün inşa edilən günbəzaltı kvadratın mövcudluğu da bu iddianı təsdiq edir.[4] Kilsənin günbəzi ilə bağlı məlumatı təsdiq edən M. Barxudaryan yazır: "Tağlardan yuxarıda günbəz yerləşirdi, dövrümüzdə həmin günbəz dağılmışdır. Ola bilsin ki, burada əvvəllər monastırın başkilsəsi olmuş, sonradan o, adi kilsəyə çevrilmişdir."[3]
Kilsənin ümumi memarlıq xüsusiyyətləri və onun portalının qabarıq dekorasiyası kontrast təşkil edir və ikincinin daha sonrakı dövrə aid olduğunu göstərir.[4] Yarımdairəvi timpann mərkəzində kiçik xaçdaş yerləşdirilmiş, yanlarda isə kilsənin bərpası kitabələri yazılmışdır.[4]
İstinadlar
- "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" (PDF). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2 avqust 2001. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 iyul 2020.
- Mkrtçyan, 1989. səh. 96
- Бархударян, 1982. səh. 73
- Mkrtçyan, 1989. səh. 97
Ədəbiyyat
- Бархударян, С., Свод армянских надписей, Ереван, 1982
- Mkrtçyan, Ş. M., Историко-Архитектурные Памятники Нагорного Карабаха, İrəvan, 1989