Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı
Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı və ya "Jen Mironosits" pravoslav kafedral kilsəsi — Bakıda kilsə, Bakı yeparxiyasının mərkəzi. Hal-hazırda kilsədə pravoslav məzhəbinə etiqad edən dindarların ehtiyaclarının ödənməsindən ötrü dörd keşiş və üç dyakon fəaliyyət göstərir. Kilsənin baş keşişi protoierey Leonid Miltıxdır.
Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı | |
---|---|
Кафедральный собор Святых Жен-Мироносиц | |
40°23′23″ şm. e. 49°49′15″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Yasamal rayonu, Şərq massivi, Səlyan kazarmalarının ərazisində |
Aidiyyatı | Rus Pravoslav Kilsəsinin Bakı yeparxiyası |
Memar | Fyodor Vrejbitski |
Sifarişçi | Rusiya İmperiyasının Hərb Nazirliyi |
Tikilmə tarixi | 1908-1909 |
Üslubu | yeni rus memarlığı[d] |
Material | kərpic |
Vəziyyəti | fəaliyyət göstərir |
İstinad nöm. | 3773 |
Kateqoriya | Məbəd |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Kilsə 1909-cu ildə memar M.F.Verjbitskinin layihəsi əsasında rus stilində, məşhur Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin şəxsi maddi yardımı və ianələr hesabına inşa edilmişdir. Kilsənin açılışında o dövrün görkəmli siyasi və din xadimləri, o cümlədən rus çarının Qafqazdakı canişini qraf Vorontsov-Daşkov iştirak etmişdir. İlk zamanlar məbəd 262-ci Salyan piyada ehtiyat alayının tabeliyində idi və onların mənəvi ehtiyaclarını ödəyirdi.
Sovet dövrü
1920-ci ildə Sovet hakimiyyəti dövründə kilsə ilk bağlanan ibadət yerlərindən biri olmuş, onun baş keşişi isə güllələnmişdir. Məbəd kommunist rejimi vaxtı anbara çevrilmiş, bir müddət sonra isə idmançıların ixtiyarına verilərək, idman zalı kimi istifadə olunmağa başlanmışdır.
1990-cı ildə qanlı Yanvar hadisələri zamanı kilsənin dam örtüyünə iki mərmi düşmüşdür. Bunun nəticəsində dam tamamilə dağılmış, döşəmə çökmüş, divarlar isə çatlamışdır.
Müasir dövr
Məbədin yarıdağılmış binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinin sərəncamına verilmişdir. Bakıda Arxiyerey Kafedrasının təsis edilməsindən sonra kilsədə bərpa işlərinin aparılmasına imkan yaranmışdır. Bakı və Xəzəryanı ölkələrin yepiskopu Aleksandr Həzrətlərinin qayğısı və köməyi ilə məbəddə təmir-bərpa işləri aparılmışdır.
Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksinin Azərbaycana səfəri zamanı 27 may 2001-ci il tarixdə bu məbədi müqəddəs elan etmiş və ona baş kafedral kilsə statusu vermişdir. Açılış mərasimində sabiq prezident Heydər Əliyev, hökumət üzvləri, səfirliklərin nümayəndələri və dini icmaların başçıları iştirak etmişlər.
Moskvada yaşayan Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti Aydın Qurbanovun köməkliyi ilə kilsənin ikinci həyatına qovuşdurulması diqqətəlayiq haldır. O, Bakı və Xəzəryanı Yeparxiyanın əsas kilsəsinin dirçəldilməsi üçün tələb olunan maliyyə və maddi vəsaitlərinin əsas hissəsini öz üzərinə götürmüşdür. Azərbaycanın paytaxtında Rus Pravoslav məbədinin bərpa edilməsində göstərdiyi xidmətlərə görə Moskva və Ümumrusiya Patriarxı II Aleksiy Həzrətləri müsəlman xeyriyyəçini "Pravoslav Ordeni" ilə təltif etmişdir.
Sözügedən pravoslav ibadət yerində şəhərin himayəçisi Müqəddəs Varfolomeyin qurumuş cəsədindən olan hissələr saxlanılır.