Münxen Texniki Universiteti

Münxen Texniki Universiteti (alm. Technische Universitat München) — Almaniya Federativ Respublikasında, Bavariya vilayətinin Münxen şəhərində yerləşir və Avropanın ən nüfuzlu elmi-tədqiqat mərkəzkərindən biridir. Universitet dəqiq və texniki elmlər üzrə ixtisaslaşıb. Almaniyanın təhsil sistemində xüsusi mövqeyə malik ali məktəb Bavariyanın texniki sahə üzrə yeganə universitetidir.

Münxen Texniki Universiteti
TUM
Technische Universität München
Loqonun şəkli
48°08′53″ şm. e. 11°34′05″ ş. u.
Əsası qoyulub 1868
Tip Dövlət universiteti
Rektor Volfqanq A. Herman
Tələbə sayı 26.302
Şəhər Münxen
Ölkə
Ünvan Arcisstraße 21, Münxen, Bavariya, 80333
Sayt tum.de
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Universitetin Münxen şəhərindəki əsas korpusu

Münxen Texniki Universitetinin əsası 1868-ci ildə qoyulub. Həmin vaxt Bavariya kralı II Lüdviqin Politexnik Məktəbi adlı təhsil müəssisəsinin yaradılması haqqında sənəd imzalayır. 1877-ci ildə adı rəsmi şəkildə dəyişdirilərək Bavariya Kral Texniki Ali Məktəbi, 1970-ci ildə isə universitet statusu qazanaraq Münxen Texniki Universiteti adlandırılıb.

Burada 1901-ci ildə ali məktəbdə dissertasiya şurası fəaliyyətə başlayır və elmi dərəcələr verilməyə başlanır. 1930-cu ildə Kənd Təsərrüfatı Ali Məktəbi və "Veyenştefan" pivə zavodu məktəbə birləşdirilir. 1937-ci ildə Maksim Şmidt Nimfenburqda universitetin binasını yaratmaq layihəsini hazırlayır, lakin İkinci dünya müharibəsi onun planlarını yarıda qoyur. İkinci dünya müharibəsi zamanı ali məktəb fəaliyyətini dayandırır, məktəbin 80%-i dağıntıya məruz qalır. Məktəbdə dərslər 1946-cı ildən başlayır, universitetin yeni binaları, kitabxanası tikilir. 1957-ci ildə Qarxinq şəhərində universitet şəhərciyi tikilir. 1967-ci ildə universitetin tibb fakültəsi açılır, İzar çayının sağ sahilində klinika istifadəyə verilir.

1995-ci ildə kimyaçı professor Volfqanq Herman Münxen Texniki Universitetinin prezidenti təyin edilir. Onun rəhbərliyi altında universitet sürətlə inkişaf edir. 2000-ci ildə Münxen Texniki Universitetində Veyenştefan Həyat və Qida Elmləri, Torpaq istifadəsi və Ətraf mühit Mərkəzi yaradılır. İki il sonra - 2002-ci ildə Sinqapurda universitetin Elm və Texnologiya üzrə Alman İnstitutu fəaliyyətə başlayır. 2004-cü il martın 2-də Hans Mayer-Leybnits adına Forschungsreaktor Münxen II aparıcı neytron mənbəyi olan tədqiqat mərkəzinin açılışı baş tutur. 2009-cu ildə Münxen Texniki Universitetinin Təhsil Məktəbi yaradılır.

2006-cı ilin noyabrından başlayaraq Münxen Texniki Universiteti Karlsrue, Lüdviq və Maksimilian Elit universitetləri ilə birgə "Gələcək konsepsiyası" proqramının iştirakçısıdır. Bu konsepsiyaya əsasən universitet 2011-ci ilədək hər il 30 milyon avro məbləğində dövlət yardımı alacaq.

İnfrastruktur

Universitetin 3 binası mövcuddur. Əsas binası Münxenin mərkəzində, digər binası Münxen şəhərindən 35 km şimaldakı Vayxanştefanda yerləşir. Sonuncu korpusu isə 1957-ci ildə Münxen şəhərindən 10 km şimalda olan Qarxinqdə tikilib.

İzar çayının sağ sahilində universitetin tibb klinikası, Münxenin mərkəzi hissəsində ürək xəstəlikləri üzrə mərkəz və "Şvabinq" uşaq klinikası fəaliyyət göstərir.

Ali təhsil ocağı müxtəlif sahələr üzrə kitabları, jurnalları, audio, audiovizual və digər materialları əhatə edən böyük kitabxana sisteminə malikdir. Bu sistemə 10 kitabxana daxildir.

Büdcəsi və təhsil haqqı

2006-cı il mayın 18-də Bavariyada "Ali təhsil haqqında" qanuna dəyişikliklər edilib. 2006-cı ilin 1 iyun tarixindən isə qanun qüvvəyə minib. Həmin qanunun 101-ci maddəsinə əsasən, 2007-ci ildən başlayaraq əyalətdəki təhsil müəssisələrində təhsil ödənişli olub. 2009-2011-ci illərdə Münxen Texniki Universitetində tələbələrin təhsil haqqı bir semestr ərzində 500 avro təşkil edir. Qeydiyyatdan keçmək üçün isə tələbə 42 avro ödəməlidir. 2009-cu ilədək burada tələbələrdən 50 avro dəyərində inzibati ödəniş tələb olunurdu, lakin həmin il aprelin 1-dən bu ödəniş ləğv edilib.

Münxen Texniki Universitetində tələbələrə müxtəlif təqaüd təklif edilir. Təqaüdün məbləği orta hesabla bakalavrlar üçün 580 avro, magistr və doktorantlar üçün isə 1050 avro təşkil edir. Münxendə yaşayış yeri tapmaq tələbələr üçün xüsusilə oktyabr və noyabr aylarında çətindir. Tələbələr əsasən xüsusi evlərdə kirayədə qalırlar. Tələbə xidməti idarələri gənclərə bir sıra yataqxanalar təklif edir. Burada otaqların aylıq qiyməti 300-600 avro arasında dəyişir.

Təhsil sistemi

Münxen Texniki Universitetində yüksək standartlara cavab verən və daim yeniliklərlə müşayiət olunan təhsil sistemi qurulub.

Universitetdə fəaliyyət göstərən 13 fakültədə 26 min nəfərə yaxın tələbə təhsil alır. Onların təqribən 20 faizini əcnəbi tələbələr təşkil edir. Tədris alman və ingilis dillərində aparılır. Tələbələrə ilk iki kursda ümumi fənlər tədris olunur. İkinci kursdan sonra ixtisas üzrə təhsil almağa imkan verən aralıq diplomu təqdim olunur. Sonra tələbələr ixtisas üzrə seçim edir və ixtisas çərçivəsində 18 fənn seçilməlidir. Bunlardan 5-6-sı məcburi, digərlərini isə müstəqil olaraq seçirlər. Bundan əlavə, tələbələr tərəfindən hər hansı xarici dil və ya fakultativ kurs kimi 5 predmet seçimi edilməlidir və öz ixtisası üzrə 2 kurs işi daxil olmaqla 4 praktiki iş yerinə yetirilməlidir. Yalnız bu mərhələləri keçdikdən sonra diplom işi yazıla bilər. Onu da qeyd edək ki, 1 semestr təhsilin qiyməti təqribən 542 avro təşkil edir. Təhsil ili magistratura pilləsi üzrə bütün fakültələrdə 2 il təşkil edir, lakin bakalavr pilləsi üzrə bir neçə fakültə (maşınqayırma, memarlıq, kimya və.s) 4 il (8 semestr), bəzi fakültələr(elektrotexnika və informasiya texnologiyalar, informatika, tibb və.s.) isə 3 il (6 semestr) təşkil edir. Almaniyanın digər universitetlərində olduğu kimi qış semestri oktyabr ayının 1-dən martın 31-dək, yay semestri isə aprel ayının 1-dən sentyabrın 30-dək davam edir. Semestrlər ərzində tətil müddəti akademik tədris ilinin üçdə birini təşkil edir.

Onu da qeyd edək ki, tələbələr yaşayış üçün fərdi evlərdən və xüsusilə də yataqxanalardan istifadə edirlər.

Təhsil səviyyəsi

Münxen Texniki Universiteti Münxen şəhərində İzar çayının və A9 avtobanının yaxınlığında yerləşir. Universitetin korpuslarını Münxen U-Bahn, Qarxinq-Hoxbrük, Qarxinq və Qarxinq-Forshunqzentrum metro stansiyaları birləşdirir. Münxen füsunkar gözəlliyə malik sakit və təhlükəsiz şəhərdir. Demək olar ki, şəhərin gecə həyatı mövcud deyil.

Bir çox alman universitetləri kimi, Münxen Texniki Universitetinin də kampusu yoxdur. Lakin Qarxinq şəhərində yerləşən universitetin ərazisi gündən-günə böyüyür və kampusu xatırladır. Münxen Texniki Universitetinin əsas binası Münxen şəhərinin mərkəzindədir. Münxendə həmçinin ali məktəbin tibb kampusu, Veyenştefan ərazisində Həyat və Qida Elmləri Mərkəzi yerləşir.

Fakültələri və tədqiqat mərkəzləri

Universitetdə 133 proqram təklif edən 13 fakültə mövcuddur.

Universitetin memarlıq, inşaat, elektronika və informasiya texnologiyaları, iqtisadiyyat, tibb, bədən tərbiyəsi, təhsil üzrə MTU Məktəbi Münxen əsas korpusunda; kimya, kompüter elmləri, mexanika, riyaziyyat və fizika fakültələri Qarhinq korpusunda; qida və ətraf mühit mərkəzi Freyzinq yaxınlığındakı Vayxanştefan korpusunda fəaliyyət göstərir.

Ali təhsil müəssisəsində nanoelmlər və nanotexnologiya institutu, biotibbi mühəndislik korporativ araşdırma mərkəzi, qida elmləri korporativ tədqiqat mərkəzi, yarımkeçiricilərin tədqiqatı üzrə Valter Şotki İnstitutu və digər elmi-tədqiqat mərkəzləri var. İnformasiya texnologiyaları, elektrotexnika, fizika və kimya sahələri üzrə elmi-tədqiqat işlərinin aparılmasına xüsusi önəm verilir.

Onu da qeyd edək ki, Rudolf Dizel, Vili Messerşmit, Karl fon Linde daxil olmaqla 6 Nobel mükafatçısı hazırda universitetdə tədris və elmi-tədqiqat prosesində fəal iştirak edirlər.

Sadalanan fakültələrlə yanaşı, universitetdə FRM-II Reaktor tədqiqatları, Texnika və yarımkeçiricilər fizikası departamenti (Valter Şottki İnstitutu), Avropa Cənub Rəsədxanasının qərargahı, Maks Planka institutları (atrofizika, fəza, plazma, kvant optikası), Valter Maysner (aşağı temperatur fizikası), Leybnits Rexenzentrum institutları, Bavariya Tətbiqi Energetik Tədqiqatlar, Reaktorların təhlükəsizliyi, Qlobal tədqiqatlar və digər elmi-tədqiqat mərkəzləri fəaliyyət göstərir.

Münxen Texniki Universiteti 140-dan çox ölkənin ali məktəbləri ilə əməkdaşlıq edir, tələbə və müəllim mübadiləsi aparır. Sinqapur Milli Universiteti, Nanyanq Texnoloji Universiteti ilə əməkdaşlıq çərçivəsində universitetin Almaniya Elm və Texnologiya İnstitutu fəaliyyət göstərir. Münxen Texniki Universiteti Danimarka, Vyana, Corciya, Dehli, Sisindorn Beynəlxalq texniki universitetləri, Stenford, İllinoys, Kornell, Tsinxua, Tokio, Melburn və dünyanın digər nüfuzlu universitetləri ilə beynəlxalq əlaqələr qurur, birgə layihələr həyata keçirir.

Münxen Texniki Universitetinin idarə olunması İcra Şurası, Dekanlar Departamenti, Mərkəzi Elmi Müəssisələr İdarəsi tərəfindən həyata keçirilir. Ali məktəbin prezidenti professor Volfqanq Hermanndır. Ali məktəbdə 460 nəfər professor, 4160 nəfər akademik heyət, 2801 nəfər inzibati heyət çalışır. Münxen Texniki Universitetində ümumilikdə 25000 nəfər tələbə qeydə alınıb. Onların 4000-nə yaxını dünyanın müxtəlif ölkələrindən gəlmiş əcnəbi tələbələrdir. Münxen Texniki Universitetində də dünyanın digər ali məktəblərində olduğu kimi, müxtəlif tələbə təşkilatları, birliklər, idman komandaları fəaliyyət göstərir, gənclərin dərsdən sonrakı asudə vaxtlarını səmərəli keçirmələri üçün rəngarəng tədbirlər təşkil olunur.

Almaniya təhsil sistemi hər zaman dünyəviliyi, yüksək səviyyədə təşkil olunması ilə seçilib və digər ölkələr üçün nümunə olub. Müxtəlif dövlətlərdə yeni yaradılan dövlət və özəl ali məktəblər alman prinsiplərini üstün tutaraq ona əməl etməyə çalışıb. Münxen Texniki Universiteti alman təhsil sisteminin ən yaxşı cəhətlərini özündə birləşdirən elmi-tədqiqat mərkəzidir. Xüsusilə dəqiq və texniki elmlər üzrə ixtisaslaşmış Münxen Texniki Universiteti dünyaya çoxlu sayda alimlər, dahi şəxslər, eləcə də saysız-hesabsız elmi nailiyyətlər bəxş edib və bu missiyasını layiqincə yerinə yetirməkdə davam edir.

Tələbə qəbulu qaydaları

Universitetə qəbul üçün DSH 2/3 və ya Test DaF (TDN 4) səviyyəsində alman dili bilikləri lazımdır. İngilisdilli ixtisaslar üçün TOEFL, IELTS səviyyəsi üzrə ingilis dilini bilmək tələb olunur. Bəzi ixtisaslar üçün Studienkolleg-də təlim tövsiyə edilir, hansı ki, təlim çərçivəsində dil kursu, həm də seçilmiş ixtisaslaşma üzrə ödənişli hazırlıq həyata keçirilir. Yay semetri üçün sənəd qəbulu noyabr ayının 15-dən yanvar ayının 15-ə qədər, qış semestri üçün isə mayın 15-dən iyulun 15-ə qədər davam edir. Peşəkar yararlılıq tələb olunan fakültələrə qəbul üçün lazımi sənədləri təqdim etməklə bərabər ixtisas seçimi əsaslandırılmalı və inşa (essay) yazılmalıdır. Seçilmiş ixtisas üzrə təcrübənin olmasını təsdiqləyən sənədin təqdim olunması üstünlük hesab olunur. Belə fakültələrə qəbul iki mərhələ əsasında həyata keçirilir: seçim və müsahibə. Bəzi fakültələr üzrə isə müsabiqə elan olunur. Hər il təqdim olunan yerlərin və ərizələrin sayı müxtəlif olur. Əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Qəbul attestat və gözləmə siyahısında olmanın müddəti əsas götürülməklə qəbul komissiyası tərəfindən aparılır.

Məşhur məzunları

Bu ali təhsil ocağının məzunlarından 18 nəfər Nobel mükafatına layiq görülüb. Fizika elmi üzrə Con Robert Şriffer, Ernst Ruska, kimya üzrə Con Dizenxofer, Volfqanq Ketterel, tibb sahəsi üzrə Ervin Neher, Konrad Bloç və digərlərini göstərmək olar.

Reytinqi

Böyük Britaniyanın "Times Higher Education Supplement – QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Münxen Texniki Universiteti 100 ən yaxşı ali məktəb arasında 55-ci yerdə olub. 2010-cu ildə dünyanın ən nüfuzlu universitetləri arasında, "Times Higher Education World University Rankings"in açıqlamasına əsasən, Münxen Texniki Universiteti 101-ci, "QS-World University Ranking"in 2011-ci il üzrə açıqlamasına görə bütün istiqamətlər üzrə dünyanın ən yaxşı universitetləri sırasında 54-cü, mühəndislik və texnologiya sahəsi üzrə isə 29-cu yerdə qərar tutub. Münxen Texniki Universiteti AvropaAsiya universitetlərini birləşdirən LAOTSE tələbə və müəllimlərin beynəlxalq təşkilatının, TIME (Avropanın Top Sənaye Müəssisələri) şəbəkəsinin üzvüdür.

2006-cı ildə "Gələcək konsepsiyası" proqramı çərçivəsində seçilmiş üç elit ali məktəbdən biridir. Bu proqrama görə universitetə 2011-ci ilədək dövlət tərəfindən 30 milyon avro dəyərində vəsait ayrılıb.

Xarici əlaqələri

Bu ali təhsil müəssisəsi Almaniyanın 9 aparıcı texniki ali məktəbinin birliyi olan TU9 ittifaqının üzvüdür.[1]

Universitetin beynəlxalq əlaqələri yüksək səviyyədə qurulub. Belə ki, ali məktəb dünyanın Corciya, Kornell, Stenford, Tokio, Vyana, İllonoys, Sinqapur, Honq-Konq, Nanyanq və digər 100-dən artıq nüfuzlu universiteti ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində ikiqat diplom, bir neçə semestr ərzində təhsil və həftəlik təcrübə keçmə kimi layihələr həyata keçirilir. Tələbə mübadiləsi proqramlarına, əsasən riyaziyyat, informatika, elektronika və informasiya texnologiyaları fakültələrində xüsusilə önəm verilir. Bu da hazırda həmin ixtisas sahiblərinə olan tələbatdan irəli gəlir. Bu proqramdan hər il təqribən 500 tələbə yaralanmaq imkanı əldə edir.

Sinqapur Milli UniversitetiNanyanq Texnoloji Universiteti ilə əməkdaşlıq çərçivəsində 2002-ci ildə Sinqapurda Elm və Texnologiya üzrə Alman İnstitutu adı altında Münxen Texniki Universitetin filialı fəaliyyətə başlayıb.

Mənbə

İstinadlar

  1. Über TU9 Arxivləşdirilib 2015-08-21 at the Wayback Machine. tu9.de  (alm.)

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.