Münxen Lüdviq-Maksimilian Universiteti

Münxen Lüdviq-Maksimilian Universiteti (alm. Ludwig-Maximilians-Universität München) — Almaniyada, Münxen şəhərində yerləşən ali təhsil müəssisəsi. Almaniyanın ən tanınmış elmi-tədqiqat mərkəzlərindən biri olan universitet öz fəaliyyətində şəffaflıq, yaradıcı yanaşma və novatorluq prinsiplərinə üstünlük verir.

Münxen Lüdviq-Maksimilian Universiteti
LMU
Ludwig-Maximilians-Universität München
Loqonun şəkli
48°09′03″ şm. e. 11°34′49″ ş. u.
Əsası qoyulub 1472
Tip Dövlət
Tələbə sayı 48857
Şəhər Münxen
Ölkə
Sayt lmu.de
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

İnqolştadt şəhərindəki binası

Münxen Lüdviq-Maksimilian Universiteti 1472-ci ildə İnqolştadt şəhərində Roma Papasının dəstəyi ilə bavariyalı Hersoq Lüdviq tərəfindən təsis edilib. İlk olaraq təhsil ocağının tərkibində dörd fakültə - İncəsənət (hazırkı Fəlsəfə fakültəsi), Tibb, Hüquq və İlahiyyat fakültələri fəaliyyət göstərib. Universitet islahatlar dövründə Martin Lüter və onun tərəfdarlarına qarşı mübarizədə böyük rol oynayıb. Sonralar universitet 200 ildən çox Yezuitlər ordeninin təsiri altında olub.

1800-cü ildə Kral I Maksimilianın qərarı ilə ali məktəb Almaniyanın Landshut şəhərinə köçürülüb. Universitetin köçürülməsində əsas məqsəd ali məktəbi yezuitlərin təsirindən azad etmək və yezuitlərə meyilli müəllim heyətini digərləri ilə əvəzləmək olub. 1802-ci ildən universitet bavariyalı Hersoq Lüdviq və Kral I Maksimilianın şərəfinə Lüdviq-Maksimilian Universiteti kimi tanınıb. 1825-1826-cı illərdə universitetin tələbələrinin sayı artaraq təxminən min nəfərə çatıb.

1826-cı ildə Kral I Lüdviqin əmri ilə bu ali təhsil müəssisəsi Münxen şəhərinə köçürülüb. XIX əsrin ikinci yarısında ali məktəbin həyatında dəyişikliklər baş verir. Universitetdə keçirilən məşğələlərin sayı artırılır və buraya yüksək ixtisaslı müəllimlər cəlb edilir. 1840-cı ildə universitet hazırda yerləşdiyi binaya köçürülür.

1900-cü ildə şotlandiyalı Mariya Qordon və Aqnes Kelli Münxen Lüdviq-Maksimilian Universitetinin doktorluq dərəcəsini alan ilk qadın alimləri olublar. Münxen Lüdviq-Maksimilian Universitetinin aspirantı adını almış ilk alman qadını isə Adel Hartman olub.

Müasir vəziyyəti

Münxen Lüdviq-Maksimilian Universiteti XX əsrdə əsaslı şəkildə genişlənməyə başlayır. Universitetin ərazisində yeni fakültələr (baytarlıq, pedaqoji və s.) yaradılır. Universitetdə Avropa ərazisində yeganə olan Biotexnologiya Mərkəzi, astronomiya və aqrofizika elmi-tədqiqat institutları və aynalı teleskopu olan rəsədxana fəaliyyət göstərir.

Münxen Lüdviq-Maksimilian Universitetinin institutları və tədqiqat mərkəzləri Münxendə və ona yaxın qəsəbələrdə yerləşir. Universitetin əsas binaları əsasən Qeşvister-Şol-Plaç ərazisində yerləşir. Digər binalar - Hay-Tek Kampusu, Pedaqogika və Psixologiya fakültəsinin yerləşdiyi Şvaynxenbau binası, universitetin klinikaları, kimya və biotexnologiya kampusları və s. Qrosxarden rayonu ərazisində fəaliyyət göstərir.

Hazırda universitetdə 18 fakültə və 41 tədqiqat mərkəzi fəaliyyət göstərir.

Katolik İlahiyyat fakültəsi universitetin ilk fakültələrindəndir. Fakültənin tərkibinə Martin Qrabman adına Orta Əsrlər İlahiyyatı və Fəlsəfəsi üzrə Elmi-Tədqiqat, Ekumenik Tədqiqatlar (əsasən müxtəlif xristian kilsələri arasında dialoqun təşkili məsələləri ilə məşğul olur) və Münxen Pravoslav institutları daxildir.

Protestant İlahiyyat fakültəsi 1968-ci ildə təsis edilib. Yarandığı gündən fakültə almandilli ölkələr arasında ilahiyyat elminin tədqiqi ilə məşğul olan ən güclü elmi tədqiqat fakültələrindən birinə çevrilib.

Hüquq fakültəsində xüsusi sahələr üzrə çoxlu sayda kurslar təklif edilir, həmçinin ilk dövlət imtahanını verənlərə beynəlxalq və Avropa biznes hüququ sahəsində təhsilini davam etdirmək imkanı yaradılır. Bundan əlavə, elmi dərəcəsi olan əcnəbi tələbələr alman hüququ üzrə dərəcə də ala bilər.

Biznesin İdarə olunması fakültəsi Münxen İdarəetmə Məktəbi kimi də tanınır. Fakültə Almaniyanın ən yaxşı biznes məktəblərindən biri hesab edilir. Fakültədə xeyli sayda milli və beynəlxalq idarəçilik (master) proqramları mövcuddur.

İqtisadiyyat fakültəsi 2010-2011-ci tədris ilindən başlayaraq öz tələbələrinə ingilis dilində ikiillik magistr proqramları təqdim edir. Bu proqramlar əsasən universitetin İqtisadi Tədqiqatlar Mərkəzinə dəvət edilmiş beynəlxalq tədqiqatçılar tərəfindən tədris edilir.

Tibb Fakültəsi tibb üzrə Almaniyanın cənub ərazisində mövcud olan ən böyük təhsil müəssisəsidir. Onun tərkibinə Münxen Hospital Universiteti daxildir.

Baytarlıq Tibb fakültəsi də Almaniyanın cənubunda yerləşir. Fakültə bu ərazidə mövcud olan yeganə baytarlıq təlimi və tədqiqatı mərkəzidir. Fakültənin tədris proqramında qida gigiyenası və baytarlıq səhiyyəsi ilə yanaşı, kliniki və parakliniki təlimlərin keçirilməsi də nəzərdə tutulur.

Tarix və Sənətşünaslıq fakültəsi cənubi Almaniya ərazisində incəsənət elmlərinin tədrisi üzrə təxminən 25 proqram təqdim edən yeganə təhsil ocağıdır. Onun tərkibinə İncəsənət Tarixi, İncəsənət Pedaqogikası, Musiqi Pedaqogikası, Musiqişünaslıq institutları və Münxen Teatr Akademiyası daxildir.

Fəlsəfə, Elm Nəzəriyyəsi və Dinşünaslıq fakültəsində təhsil əsasən fəlsəfə ixtisası üzrə dərəcə proqramları istiqamətində aparılır. Burada həmçinin dini proqramların da tədrisi həyata keçirilir.

Psixologiya və Pedaqogika fakültəsi üç institutdan ibarətdir. Fakültədə pedaqogika, Təhsil və Sosiallaşma, Məktəb və Təlim üzrə Tədqiqat, Profilaktika, Reabilitasiya və İnteqrasiya üzrə Tədqiqat institutları fəaliyyət göstərir.

Mədəniyyətşünaslıq fakültəsində Cənubi, Cənub-Şərqi Avropa və Asiya ölkələrinin mədəniyyətlərini öyrənmək üçün filoloji, arxeoloji, antropoloji və sosioloji vasitələri tətbiq edən fənlər tədris olunur.

Dilçilik və Ədəbiyyatşünaslıq fakültəsi tələbələrin sayına görə universitetin ən böyük fakültələrindəndir. Fakültə müxtəlif institutları və əlavə departamentləri özündə birləşdirən üç şöbədən ibarətdir.

Birinci şöbə Alman Filologiyası, Müqayisəli Ədəbiyyat, Nordik Filologiyası və Alman Dili institutlarını əhatə edir. İkinci şöbə yunan və latın filologiyası, roman dilləri filologiyası, italyan filologiyası, slavyan filologiyası, dil və kommunikasiya və Albanologiya proqramlarını təqdim edir. Üçüncü şöbəyə İngilis filologiyası və Amerika institutları daxildir.

İctimai Elmlər fakültəsi tələbələrinin sayına görə üçüncü yerdə dayanır. Fakültədə sosiologiya, politologiya, jurnalistika və kommunikasiya sahələri üzrə 10 əsas və ikinci dərəcəli proqramlar əsasında tədris aparılır.

Riyaziyyat, İnformatika və Statistika fakültəsi bakalavr, magistr səviyyələri və diplom verilməsi üzrə proqramlar təklif edir. Fakültə riyaziyyat, informatika və statistika şöbələrindən ibarətdir.

Fizika fakültəsi universitetin nüfuz qazanmasında xüsusi rol oynayan fakültələrdəndir. 2010-cu ildə "Times Higher Education World University Rankings"in reytinq cədvəlinə əsasən universitet fizika sahəsi üzrə Almaniyanın ən yaxşı ali təhsil müəssisəsi hesab edilib. Almaniya Tədqiqat Fondundan (DFG) maliyyə dəstəyi alan fakültənin xeyli sayda tədqiqat mərkəzləri var.

Kimya və Əczaçılıq fakültəsinə Biokimya və Əczaçılıq şöbələri daxildir. Fakültə Hay-Tek kampusunda yerləşir.

Biologiya fakültəsi iki şöbədən ibarətdir. Şöbələrdən birində botanika elmi üzrə kurslar təklif edilir. Burada biologiya elminin prinsipləri, genetika, mikrobiologiya, sistematik zoologiya, həmçinin sistematik botanika və mikologiya elmləri tədris olunur. Digər şöbə isə antropologiya, insan genetikası və zoologiya elmləri ilə məşğul olur.

Yer və Ətraf Mühit Elmi fakültəsi coğrafiya, yer və ətraf mühit elmləri bölmələrindən ibarətdir. Fakültənin devizi "Qlobal, regional və lokal dəyişikliklərin tədqiqi, anlaşılması və planlaşdırılması"dır.

Ali məktəbin tədqiqat mərkəzlərindən olan Reyçel Karson adına Ətraf Mühit və Cəmiyyət Mərkəzi Münxen Universiteti ilə Alman Muzeyinin birgə təşəbbüsü əsasında yaradılıb. Mərkəz Almaniyanın Tədqiqat və Təhsil Nazirliyi tərəfindən dəstəklənir. Mərkəzin məqsədi ətraf mühitin qorunması üzrə aparılan siyasi və elmi debatlarda bəşəriyyətin rolunu gücləndirmək məqsədilə tədqiqat və müzakirələrin aparılmasıdır.

Digər əsas mərkəz kimi Tətbiqi Siyasi Tədqiqatlar Mərkəzinin adını çəkmək olar. 1995-ci ildə yaradılan mərkəz Almaniyada Avropa və beynəlxalq məsələlər üzrə fəaliyyət göstərən siyasi tədqiqatlar institutlarındandır.

Universitetdə həmçinin Yaponiya, Beynəlxalq Səhiyyə, Nanoelmlər, Neyroelm-Beyin və İdrak mərkəzləri və s. fəaliyyət göstərir.

Kitabxana sistemi

Münxen Lüdviq-Maksimilian Universitetində mükəmməl kitabxana sistemi mövcuddur. Məktəbin kitabxana sistemi əsas və 130-a qədər kiçik kitabxanaya bölünür. Burada ümumilikdə təxminən 6,5 milyon cild kitab mövcuddur. Universitetin əsas kitabxanasında 2,4 milyon cild kitab, 3 mindən çox qədim əlyazma və 1900-cü ilə məxsus 4 minə yaxın qədim şəkillər saxlanılır. Kitabların böyük əksəriyyətinin elektron versiyası yaradılıb. Bundan əlavə, ali məktəbin müəllim və tələbələri Bavariya Dövlət Kitabxanasından, Münxen Texniki Universitetinin kitabxanasından, həmçinin digər yerli və dövlət kitabxanalarından istifadə etmək imkanına malikdirlər.

Kontingent

2002-ci ildən etibarən universitetin prezidenti Bernd Huberdir. Universitetdə ümumilikdə 14 minə yaxın əməkdaş çalışır. Onların 714 nəfərini professor-müəllim heyəti təşkil edir.

Münxen Lüdviq-Maksimilian Universitetinin müəllimləri arasında 1918-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülən kvant nəzəriyyəsinin banisi Maks Plankın adını çəkmək olar. Ümumilikdə universitetin fizika, tibb və kimya sahələri üzrə 13 Nobel mükafatı laureatı var.

2011-2012-ci tədris ili üzrə Münxen Lüdviq-Maksimilian Universitetində 48857 tələbə təhsil alır. Onlardan 6615 nəfəri əcnəbi tələbələrdir. Hər il təxminən 5 min gənc mütəxəssis Münxen Lüdviq-Maksimilian Universitetinin məzunu olur. Universitetdə təhsil almaq istəyən əcnəbi tələbələr üçün irəli sürülən ilk və əsas şərtlərdən biri alman dilini mükəmməl bilməkdir. Bu məqsədlə universitetin tərkibində əcnəbilər üçün alman dili kursu təşkil edilir. Məşğələlər əsas hazırlıqla paralel, həmçinin tətil vaxtları keçirilir. Alman dili kursu 6 səviyyəyə bölünür. İlk səviyyələrdə dərs yükü həftədə 13-20 saat, sonuncu səviyyələrdə isə 4-20 saat təşkil edir.

Təhsil ocağında tədris ili iki semestrə bölünür. Fakültələr üzrə qəbul müxtəlif vaxtlarda həyata keçirilir. Qış semestri oktyabrın ortalarında başlayır və fevralda başa çatır. Yay semestri apreldən iyul ayına qədər davam edir. Qış semestrində təhsil üçün ərizələr oktyabrın, yay semestrində isə aprelin əvvəlinə qədər qəbul edilir.

Münxen Lüdviq-Maksimilian Universitetində 1400 alim doktorluq dərəcəsi almaq və təxminən 100 nəfər isə universitetdə çalışmaq hüququ əldə etmək üçün dissertasiya müdafiə edib. Ali məktəbdə dərslər 150 istiqamət üzrə aparılır. Burada demək olar ki, bütün humanitar fənlər, o cümlədən riyaziyyat və təbiət elmləri tədris olunur. Universitet hüquq, iqtisadiyyat, ilahiyyat, tibb, psixologiya, pedaqogika, sosiologiya, tarix və filologiya elmləri sahəsində mütəxəssis hazırlığı ilə məşğul olur. Eyni zamanda ali məktəbdə Albaniya və Misir tarixi, mədəniyyəti, Cənub-Şərqi və Şərqi Avropa ölkələrinin iqtisadiyyatı kimi nadir ixtisaslara da yer verilib. Bununla yanaşı, universitetdə tibb üzrə elmi-tədqiqat işlərini həyata keçirən klinika fəaliyyət göstərir.

Yataqxanaları

Münxen şəhərində 42 tələbə yataqxanası var. Bu yataqxanalar 9 min tələbə üçün nəzərdə tutulub. Lakin şəhərdə 9 universitetin fəaliyyət göstərdiyini, ümumilikdə həmin universitetlərin 100 min tələbəsinin olduğunu nəzərə alsaq (bunun 48 mini Münxen Lüdviq-Maksimilian Universitetinin payına düşür), yataqxanaların yetərli sayda olmadığı aydın görünür. Məhz buna görə də tələbələrin əksəriyyəti əsasən mənzil kirayələyirlər.

Büdcəsi

2010-2011-ci tədris ilində Münxen Lüdviq-Maksimilian Universitetinin illik büdcəsi 482,4 milyon avro olub. Ali məktəbin gəlirlərinin 303,2 milyonu dövlət yardımlarının, 117,6 milyonu isə xarici maliyyə mənbələrinin payına düşüb. Universitetin xərclərinin 27,2 milyonunu təhsil haqqı, 21,1 milyonunu əməliyyat xərcləri, 12,3 milyonunu təmir və tikinti, qalan 1 milyonunu isə digər məsrəflər təşkil edib.

Xarici əlaqələri

Münxen Lüdviq-Maksimilian Universiteti Avropa Tədqiqat Universitetləri Liqasının, Vyana Beynəlxalq Universitetinin, Almaniya Akademik Mübadilə Xidmətinin (DAAD) və Bavariya Beynəlxalq Akademik Mərkəzinin təsisçi üzvüdür. Universitet, həmçinin Avropa Birliyinin maliyyələşdirdiyi Erasmus Mundus proqramında fəal iştirak edir.

Reytinqi

Ali məktəb apardığı elmi tədqiqat işləri ilə nəinki Almaniyada, eləcə də bütün Avropada böyük nüfuz qazanıb və yüksək nailiyyətlərə imza atıb.

500 ildən artıq tarixə malik bu universitet tələbələrinin sayına görə ölkənin ən böyük ikinci ali təhsil ocağı hesab edilir.

Münxen Lüdviq-Maksimilian Universiteti dünya universitetləri arasında da özünəməxsus yer tutur.

"Academic Ranking of World Universities"dəki yeri:[1]
2003[2]2004[3]2005[4]2006[5]2007[6]2008[7]2009[8]2010[9]2011[10]2012[11]2013[12]2014[13]2015[14]
48515151535555525460614952
"Times Higher Education World University Rankings"dəki yeri:
2015/16[15] 2014/15[16] 2013/14[17] 2012/13[18] 2011/12[19] 2010/11[20]
2929303127--

Məşhur məzunları

Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:

  • Teodor Henş – fizika üzrə Nobel mükafatı laureatı;
  • Qerd Binninq – fizika üzrə Nobel mükafatı laureatı;
  • Verner Qeyzenberq – fizika üzrə Nobel mükafatı laureatı;
  • Maks fon Lauz – fizika üzrə Nobel mükafatı laureatı;
  • Vilhelm Konrad Rentgen – fizika üzrə Nobel mükafatı laureatı;
  • Vilhelm Vin – fizika üzrə Nobel mükafatı laureatı;
  • Konrad Lorenz – tibb üzrə Nobel mükafatı laureatı;
  • Karl Ritten fon Friş – tibb üzrə Nobel mükafatı laureatı;
  • Feodor Linen – tibb üzrə Nobel mükafatı laureatı;
  • Adolg Butennadt – kimya üzrə Nobel mükafatı laureatı;
  • Henrix Viland – kimya üzrə Nobel mükafatı laureatı;
  • Rixard Vilştetter – kimya üzrə Nobel mükafatı laureatı;
  • Adolf fon Bayer – kimya üzrə Nobel mükafatı laureatı.

Mənbə

İstinadlar

  1. "ARWU - University of Munich". Shanghai Ranking Consultancy. 2014. 2015-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2015.
  2. "Academic Ranking of World Universities 2003". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  3. "Academic Ranking of World Universities 2004". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  4. "Academic Ranking of World Universities 2005". 2015-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  5. "Academic Ranking of World Universities 2006". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  6. "Academic Ranking of World Universities 2007". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  7. "Academic Ranking of World Universities 2008". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  8. "Academic Ranking of World Universities 2009". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  9. "Academic Ranking of World Universities 2010". 2015-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  10. "Academic Ranking of World Universities 2011". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  11. "Academic Ranking of World Universities 2012". 2013-04-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  12. "Academic Ranking of World Universities 2013". 2019-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  13. "Academic Ranking of World Universities 2014". 2015-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  14. "Academic Ranking of World Universities 2015". 2015-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-25.
  15. "THE World University Rankings (2015-2016)". Times Higher Education. 2016-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 mart 2016. (#apostrophe_markup)
  16. "THE World University Rankings (2014-2015)". Times Higher Education. 2015-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
  17. "THE World University Rankings (2013-2014)". Times Higher Education. 2013-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
  18. "THE World University Rankings (2012-2013)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
  19. "THE World University Rankings (2011-2012)". Times Higher Education. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
  20. "THE World University Rankings (2010-2011)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)

Xarici keçidlər

  • uni-muenchen.de — Münxen Lüdviq-Maksimilian Universitetinin rəsmi saytı
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.