Mülki-Arslan nahiyəsi
Mülki-Arslan nahiyəsi | |
Arslanlı mülkü | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Vilayət | Naxçıvan qəzası (Osmanlı) |
Salınma tarixi | 1583 |
Banisi | Osmanlı İmperiyası |
Dağılma tarixi | 1604 |
Milli tərkibi | Azərbaycan türkləri |
Tarixi
XVI əsrdə Naxçıvan ölkəsinə daxil olan nahiyələrdən biri də Mülki-Arslan nahiyəsi olmuşdur. AMEA-nın müxbir üzvü A. Bağırovun fikrincə bu ad Azərbaycan Atabəylər dövlətinin başçısı Müzəffərəddin Özbəyin (1210–1225) oğlu Qızıl Arslanın adı ilə bağlıdır[1]. Tədqiqatçı qeyd edir ki, atasının ölümündən sonra Naxçıvanın hakimi olmuş Qızıl Arslana (1225–1229) məxsus torpaq sahələri və kəndlər "Mülki-Arslan" adlandırılmışdır. Qeyd edək ki, tədqiqatçı bu fikri ifadə edərkən tarixdə daha çox Xamuş ləqəbi ilə qalmış Qızıl Arslanı nəzərdə tutmuşdur.
Tarix üzrə fəlsəfə doktoru E. Kəlbizadənn fikrincə də bu ərazinin adının formalaşmasının Atabəylər dövrü ilə bağlı olduğu şəksizdir.[2] Lakin "Mülki-Arslan" sözündəki "Arslan" hissəsinin məhz Qızıl Arslan Xamuşla niyə əlaqələndirilməsi maraq doğurur. Qeyd edək ki, Azərbaycan Atabəylər dövlətinin mövcudluğu illərində Eldənizlər sülaləsində 2 Qızıl Arslan olmuşdur. Bunlardan biri Şəmsəddin Eldənizin Möminə Xatından olan ikinci oğlu Müzəffərəddin Qızıl Arslan (1186–1191), digəri isə Eldənizlərin sonuncu — 5-ci hökmdarı Müzəffərəddin Özbəyin İraq Səlcuqlu Sultanı III Toğrulun qızı Məlikə Xatından olan oğlu Qızıl Arslan Xamuşdur[3]
I Qızıl Arslanın daha böyük ərazilərin hakimi və Atabəylər dövlətinin hökmdarı, II Qızıl Arslanın isə xarəzmşahlar və monqollar dönəmində qısamüddətli Naxçıvanın hakimi olması faktını nəzərə alsaq, bu əsaslandırmanı məntiqi qəbul etmək lazımdır.
Səfəvilər dövrü
Bu nahiyə şimaldan Məvaziyi-Xatın, şərqdən Dərəşahbuz, cənubdan Naxçıvan nahiyələri, qərbdən Qarabağlar sultanlığı ilə həmsərhəd olmuşdur. Nahiyənin ərazisi, təqribən, 320 km2 -dən artıq olmuşdur.[2]
Osmanlıların birinci idarəçiliyi dövrü (1590–1603)
Osmanlıların idarəçiliyi dövründə Mülki-Arslanlı nahiyəsi 5 kənd, 2 məzrəədən ibarət idi. Payız, Gərməçataq, Buzğav, Qaraquş, Lizberd kəndləri, Xızırxana və Kahalar məzrəəsi nahiyənin ərazisində yerləşirdi[4] Bu nahiyə şimaldan Məvaziyi-Xatın, cənubdan Naxçıvan, qərbdən Qarabağ, şərqdən isə Dərəşahbuz nahiyələri ilə sərhədlənmişdir. Ərazisi 244 km2 -ə yaxın olmuşdur.[2]
Mənbə
- Kəbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII–XVIII əsrin I yarısı), Naxçıvan:Əcəmi, 2016, 200 s., s. 87
İstinadlar
- Bağırov A. Naxçıvanın oykonimləri (1590–2007-ci illərin məlumatları əsasında). Bakı:Nurlan,2008, 336 s., s. 166
- Kəbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII–XVIII əsrin I yarısı), Naxçıvan:Əcəmi, 2016, 200 s., s. 87
- Bünyadov Z. Azərbaycan Atabəyləri dövləti (1136–1225). Bakı:Şərq-Qərb, 2007, 312 s., s. 212.
- Bağırov A. Naxçıvanın oykonimləri (1590–2007-ci illərin məlumatları əsasında). Bakı:Nurlan,2008, 336 s., s. 216.