Mülayim enliklərin iqlimi
Mülayim enliklərdə radiasiya şəraitlərində fəsillər üzrə böyük fərq müşahidə edilir. Yayda səth örtüyünün radiasiya balansı bir qədər böyükdür və buludluluq az olan rayonlarda tropik enliklərdə olan şəraitə yaxınlaşır, qışda o, materiklərdə mənfidir.
Mülayim enliklər həmçinin qütb və arktik cəbhələrdəki intensiv tsiklonik fəaliyyət sahəsidir. Odur ki, burada hava rejimi çox dəyişkəndir. Həm qütb, həm də subtropik enliklərdən hava axınları tez-tez daxil olur və nəticədə temperatur kəskin dəyişir.
Şimal yarımkürəsində materik və okeanların kəskin dəniz və kontinental iqlimdən ibarət olması səbəbindən sirkulyasiya şəraitlərində böyük müxtəliflik mövcuddur.
Cənub yarımkürəsində okeanların üstünlüyü nəticəsində mülayim enliklərdə kontinental iqlim tipi praktiki olaraq yoxdur.
Materiklərin qərb və şərq kənarlarının mülayim enliklərində əhəmiyyətli dərəcədə iqlim fərqi mövcuddur. Qərb sahillərinin iqlimi dəniz hava kütlələrinin üstünlüyünün təsiri altında olduqlarından dənizdən kontinentala keçiddir. Odur ki, tez-tez onu sadəcə olaraq dəniz iqlimi adlandırırlar. Şərq sahillərində, xüsusən də Asiyada musson iqlim tipi müşahidə olunur.
B.P.Alisov mülayim qurşaqda dörd iqlim tipi ayırır: kontinental, materiklərinin qərb hissələrinin dəniz iqlimi, materiklərin şərq hissələrinin musson iqlimi və okeanik iqlim.
Mülayim enliklərin kontinental iqlimi. Bu iqlim tipi Avrasiya materikində və Şimalı Amerikada mövcuddur. O isti yay və dayanıqlı qar örtüklü soyuq qışla səciyyəvidir. Temperaturun illik amplitudası böyükdür və materikin daxili hissələrinə getdikcə artır. Nəmlənmə şəraiti cənubdan şimal, qərbdən şərq istiqamətində dəyişir.
Avrasiya mülayim enliklərinin cənub hissəsində qışda yüksək təzyiq rejimi üstünlük təşkil edir. İqlimşünaslıq xəritələrində bu enliklərdə Avropanın cənub hissəsinə istiqamətlənmiş məşhur qış Asiya antisiklonunun qolu ilə mərkəzi yerləşir. Bu səbəbdən qar örtüyü qalın deyil, Zabaykaliyedə antisiklonun mərkəzinə yaxında isə sərt qışa baxmayaraq cüzi kəmiyyətlərə çatır.
Yayda Avrasiyanın cənub hissəsinin mülayim enliklərində həm də subtropik tipli antisiklonlar tez-tez olur, bu səbəbdən də hava isti və quru keçir. Yay yağıntıları çoxdur, lakin yayın yüksək temperaturu nəticəsində buxarlanma böyük olduğu üçün lazımi miqdarda deyil. Odur ki, mülayim enliklərin cənub hissəsində nəmlənmə lazımi qədər deyil. Ümumiyyətlə, burada ildə 200–450 mm yağıntı düşür. Nəticədə, Moldovadan başlayaraq, Ukrayna, Rusiyanın Avropa hissəsinin cənubunda və sonra Ural və Monqolstan da daxil olmaqla çöllər uzanır və yayda tez-tez quraqlıq şəraiti yaranır. Xəzəryanı çöllər yarımsəhraya keçir. Uraldan arxada, Turan ovalığının şimal hissəsində (Qazaxıstan) hətta səhraya, yəni daimi quru iqlim (arid) vilayətinə keçir. Xersonda (46.6° ş.e., 32.6° ş.u.) iyulda orta temperatur +23° S, yanvarda -4o S-dir; illik yağıntı cəmi 380 mm-dir. Axtubada (48.3o ş.e., 46.1o ş.u.) temperatur iyulda +25o S, yanvarda -9o S-dir; illik yağıntı 240 mm-dir. Balxaşda (46.9° ş.e., 75.0° ş.u.) temperatur iyulda +24° S, yanvarda -15° S; illik yağıntı 127 mm-dir. Eyni enlikdə, şərqə getdikcə qış temperaturu aşağı düşür və yağıntılar azalır, həm də landşaftlar çöldən yarımsəhranı keçərək səhraya kimi dəyişir.
Avrasiyanın mülayim qurşağının daha yüksək enliklərində yay daha az istidir, amma yenə də bir az istidir, qışı daha sərtdir. Yağıntının illik miqdarı böyükdür (300–600 mm). Kontinentallıq da qərbdən şərqə doğru artır. Temperaturun illik amplitudu artır, yağıntılar isə azalır. Qar örtüyü burada qalındır və uzun müddət qalır. Bu zona qarışıq və ya iynəyarpaqlı meşələridir. Zonanın bir neçə məntəqəsinin şəraitini müqayisə edək. Moskvada (55.8° ş.e, 37.6° ş.u.) iyulun orta temperaturu +18° S, yanvarda isə -10° S-dir; illik yağıntı 600 mm-dir. Kazanda (55.8° ş.e., 49.1° ş.u) iyulda temperatur +20° S, yanvarda -13° S; illik yağıntı 425 mm-dir. Novorsibirskdə (55.0° ş.e., 82.9° ş.u) iyulda temperatur +19° S, yanvarda -19° S; illik yağıntı 425 mm-dir. Maksimum yağıntı hər yerdə yayda düşür.
Daha şimalda Skandinaviyadan Sakit okeana kimi uzanan tayqa zonası yerləşir. Bu zonada da eyni qanunauyğunluğa görə iqlim qərbdən şərqə doğru dəyişir, lakin qışı daha sərt olur. Tayqa zonasının cənub sərhəddi şərq istiqamətində daha aşağı enliklərə enir. Zabaykalyedə tayqa iqlimi artıq çöl iqlimi ilə sərhəddir. Yarpaqlı meşə zonası tayqa ilə çöl arasında yox olur. Şimalda tayqa və onun iqlimi Taymıra çatır. Yayda tayqa zonası aşağı enliklərdəki kimi istidir, lakin qış daha soyuqdur. Qışın sərtliyi hesabına tayqa zonasının şərq hissəsi daha böyük kontinentallığa malik olur. Yağıntı ümumiyyətlə yarpaqlı meşə zonasındakı qədərdir və hətta Şərqi və Sibir-də bataqlışmaya səbəb olur. Yeniseyskdə (58.4° ş.e., 92.1° ş.u.) iyulun orta temperaturu +18° S, yanvarda -22° S; illik yağıntı 460 mm-dir. Yakutskda (62.0° ş.e., 129.6° ş.u) iyulda temperatur +19° S, yanvarda -44° S; illik yağıntı 190 mm-dir. Məhz Yakutiyada kontinentallıq ən böyük kəmiyyətə çatır.
Şimali Amerikanın mülayim enliklərində eyni kontinental iqlim tipi də mövcuddur. Materikin qərbinin daxilində səhra və çöl, şərqində isə yarpaqlı meşələr üstünlük təşkil edir.
Kontinental iqlimin xüsusi növü mülayim enliklərin dağ rayonlarının iqlimidir. Tyan-Şanın dağ rayonlarında Turan ovalığına və Pamirə nisbətən yağıntılar boldur. Əlverişli relyef şəraitində yağıntı 2000 mm-dən artıqdır və qərbdən şərqə doğru azalır. Əlbəttə, burada temperatur ovalığa nisbətən aşağıdır. Məsələn, Prejevalskdə (42.4° ş.e., 78.4° ş.u., 1744 m) iyulda temperatur +17° S, yanvarda -7.1° S-dir. Sayan və Altayın yüksək dağlıq vilayətlərində yüksəklikdən və relyefdən asılı olaraq temperatur rejimi çox müxtəlifdir. Yağıntılar küləkdöyən yamaclarda (Qərbi Altayda 1500 mm və artıq) bir qədər çoxdur, cənub yamaclarda və qapalı çökəkliklərdə (Altayda, 200 mm) çox deyil. Sayanda qərb və şimali-qərb yamaclarda illik yağıntının miqdarı 1000 mm-dən çoxdur. Odur ki, küləkdöyən yamaclarda qalın qar örtüyü toplanır və qar xətti aşağı enir.
Şimal Amerikada Kaskad dağlarının küləkdöyən yamaclarında yağınta böyük miqdardadır və 2000 mm-dən artıqdır. Tsiklonik fəaliyyət qış mövsümünə təsadüf etdiyindən qar örtüyü bəzi yerlərdə 5 m-ə çatır.
Monqlostanın yüksək çöllərində və yarımsəhralarında iqlimin xüsusi şəraiti müşahidə olunur. 700–1200 m və daha yüksəkliklərdə yay isti, qış isə soyuq keçir və az qar yağır. Yağıntı əsasən yayda düşür, çünki qışda bu rayon Asiya antisiklonunun mərkəzi hissəsidir. Ulan-Batorda (47.9° ş.e., 106.8° ş.u., 1309 m) iyulda orta temperatur +17° S, yanvarda isə -28° S-dir; sutkalıq temperatur amplitudu çox böyükdür. Yağıntılar (ildə 243 mm) əsasən may-sentyabr aylarında düçür.
Mülayim enliklərdə materiklərin qərb hissələrinin iqlimi: Avrasiya və Şimali Amerikanın mülayim enliklərində qış və yayda materikə dəniz hava kütləsinin gəlməsi kəskin üstünlük təşkil edir. Odur ki, burada iqlim, okean təsirinin güclü əlaməti olduğu üçün dəniz iqlimidir. O, çox isti olmayan yayı və mülayim dayanaqsız qar örtüklü qışı ilə səciyyələnir. Yağıntılar kifayət qədərdir və mövsümlər üzrə bərabər paylanıb. Bu, landşaftın enliyarpaqlı meşə və çəmənlərdən ibarət olmasını təyin edir.
Şimalı Amerikada Kaskad və Qayalı dağların olması nəticəsində bu iqlim tipi nisbətən ensiz sahil ərazisi ilə məhdudlaşır. Qərbi Avropada bu iqlim tipi materikin içərilərinə doğru yayılır və tədricən kontinentallıq artır. Məsələn, Parisdə (48.8° ş.e., 2.5° ş.u.) iyulda orta temperatur +18° S, yanvarda isə +3° S-dir; illik yağıntı 613 mm-dir. Daha yüksək enliklərdə, Bergendə (60.4° ş.e., 5.3° ş.u.) oroqrafiyanın təsiri ilə 1730 mm yağıntı düşür. Skandinaviya dağlarının arxasında, yarımadanın daxilində və şərqində iqlim kontinental olur. Məsələn, Stokholmda temperatu iyulda +16° S, fevralda -3° S, illik yağıntıların cəmi yay maksimumu şəraitində 540 mm-dir. Landşafta görə bu artıq tayqa zonasının cənubudur. Avropada Berlindən şərqə iqlim kontinentalv olur. Bu tip iqlim də ən böyük miqdarda yağıntı Avropada dağların küləkdöyən yamacına düşür. Alpın bir neçə stansiyasında ildə 2500 mm-dən çox yağıntı düşür.
Şimali Amerikanın qərb hissəsində dəniz iqlimi Sitka (Alyaska, 57.1° ş.e., 135.3° q.u.) üçün səciyyəvidir. Burada avqustun orta temperatur +13° S, yanvarda 0° S; illik yağıntı cəmi 2343 mm-dir. Kaskad dağlarının yamaclarına daha çox yağıntı düşür - 3000 mm-dən 6000 mm-ə qədər. Belə böyük miqdarda yağıntının düşməsi aydın surətdə topoqrafiyanın təsiri ilə əlaqədardır.
Mülayim enliklərdə materiklərin şərq hissələrinin iqlimi. Asiya şərqində iqlim tipi mussondur. Mülayim enliklərin mussonları tropik və subtropik mussonların davamıdır və şimali Saxalin enliyinə qədər müşahidə edilir. Kamçatkanın cənubu ondan azaddır, amma Oxot dənizi və şimali Kamçatka üzərində isə ancaq musson meyli aşkar olunur. Beləliklə, mülayim musson iqlimi Primorsk vilayətində, Çinin şimali-şərqində, Yaponiyanın şimalında və Saxalində müşahidə olunur.
Qışda materiklərin kenarı Asiya antisiklonunun periferiyasında olduğundan, burada Şərqi Sibirdən gələn soyuq hava üstünlük təşkil edir. Odur ki, qış az buludlu, quru, çox soyuq hava üstünlük təşkil edir. Yayda Asiyanın şərqi üzərində bol yağıntılı olur. Yayda Asiyanın şərqi üzərində bol yağıntılı tsiklonik fəaliyyət hakimdir. Məsələn, Xabarovskda (48.5° ş.e., 135° ş.u.) iyulun orta temperaturu +21° S, yanvarda -22° S-dir və ildə 596 mm yağıntı düşür ki, onun da ancaq 99 mm-i qış dövrünə aiddir. Yaponiyada vəziyyət mürəkkəbdir, beləki burada cəbhəvi yağıntılarla müşayət olunan tsiklonlar qışda daha tez-tez formalaşır. Yağıntılar oroqrafiyaya görə həmdə güclənirlər. Yayda, əksinə tsiklonik fəaliyyət şimala geri çəkildiyindən nisbətən minimal yağıntı müşahidə olunur. Nəticədə, qış yay fəslinə görə az yağıntılı deyil. Sapporada (43.1° ş.e., 141.4° ş.u.) avqustun orta temperaturu +21° S, yanvarda isə -6° S-dir; illik yağıntı 1078 mm-dir, onu 560 mm qışda, 518 mm isə yayda düşür.
Rusiya Primoryasının şimal rayonlarında küləyin musson rejimi zəif və ya olmur, qış güclü tsiklonik fəaliyyət nəticəsində yumşaqdır və yağıntılar il ərzində bərabər paylanır. Məsələn, Kamçatkadakı Klyuçi stansiyasında (56° ş.e., 160°ş.u.) iyulun orta temperaturu +15° S, yanvarda isə -17° S; illik yağıntı 562 mm-dir. Onun 314 mm qış dövründə düşür.
Kanadanın Atlantik sahillərində və Nyufaundlenddə musson sirkulyasiyası zəifdir və ya olmur. Qış Asiyanın şərqinə nisbətən soyuq deyil, yay isə istidir. Misal üçün, Qallfaksda (44.6° ş.e., 63.6° q.u.) iyul və avqust aylarının orta temperaturu +18° S, yanvarda isə -4° S-dir; illik yağıntıv 1386 mm-dir və mövsüm üzrə nəzərəçarpacaq dərəcəd bərabər paylanır.
Cənubi Amerikada materiklərin mülayim enliklərində şərq hissələrinin iqliminə bütün Pataqoniyanı, təqribən 38° –dən 52 °C.e. qədər və And dağlarının ətəklərindən Atlantik okeana qədərini aid etmək olar. Yerli coğrafi şəraitin özünəməxsus olması okeana bilavasitə yaxın yarımsəhra iqlimi yaradır. Səbəbdə odur ki, Sakit okeanın dəniz hava kütləsinin Pataqoniyaya təsirini And bağlayır, öz növbəsində isə atlantik mənşəli soyuq hava kütləsi cənubdan bura sərbəst daxil olur. Atlantik hava bəzən Pataqoniyaya daxil olduqda əvvəlcə soyuq Folklend axını üzərindən keçdiyindən sayanıqlı stratifikasiyalı olur. Odur ki, çox böyük yağıntı 120–200 mm təşkil edir, özü də yay aylarında daha az olur, üç ayda cəmi 20–0 mm-dir. Yanvar ayında orta aylıq temperatur şimalda +20° S, cənubda +10° S-dir; yəni Şimal yarımkürəsində həmin enliklərdəki səhralarla müqayisədə yay soyuqdur. İyul ayının orta temperaturu +5° S-yə enir, deməli qış Şimal yarımkürəsinin tropiklərdən kənar səhralarından daha mülayimdir.
Mülayim enliklərin okeanik iqlimi: Hər iki yarımkürənin mülayim enliklərində böyük sahəni Atlantik və Sakit okeanları, Hind okeanı isə Cənub yarımkürəsinin mülayim enliklərini tutur. Qərb hava daşınması okean üzərində, materiklər üzərindəkindən üstündür, xüsusən də Cənub yarımkürəsində küləyin sürəti çateriklər üzərindəkindən böyükdür. Cənub yarımkürəsinin subtropik antisiklonlar və subantarktik enliklər arasındakı zonasında tez-tez dərin tsiklonların mərkəzi keçir, küləyin orta sürəti 10–15 m/san olur. Qasırğalar burada tez-tez və davamiyyətlidir. Eyni enliklərdə temperaturun paylanması okeanlar üzərində materiklər üzərindəkinə nisbətən zonal xarakterlidir. Qışla yay arasında fərq az təzahür edir. Soyuq yayla bağlı okean adalarında tundra landşaftları vardır, amma aşağı enliklərindəki materiklərdə hələ tundra yoxdur. Belə ki, Aleut və Komandor adaları tundra ilə örtülüb (55°-52° ş.e.). Cənub yarımkürəsində Folklend adaları 52 °C.e.-də cənubi Georgi adası, cənubi Orkney adaları və başqaları tundra ilə örtülüb.
Şimal yarımkürəsinsdə qışda okeanların qərb hissəsi, tez-tez materiklərdən soyuq hava kütləsinin soxulması ilə bağlı şərq hissələrinə nisbətən nəzərə çarpacaq dərəcədə soyuqdur. Yayda fərq azdır. Okeanların mülayim enliklərində buludluluq böyük və yağıntılar çoxdur, xüsusən də qütb enliklərində. Şimal yarımkürəsinin hər iki okeanlarının 40° və 60° ş.e. zonaları arasında avqustun orta temperaturu +22° ilə +8° S arasındadır. Fevralda Atlantik okeanında +15° S-dən -10° S-yə qədər dəyişir. Ümumiyyətlə 40° və 60° –cı enliklər arasında temperatur fərqi qışdan yaya azalır. İllik ampilutuda 10°-15° S-dir. Cənub yarımkürəsində bu okeanların 40° və 60 °C.e. arası zonalarındas orta temperatur fevralda +15° S-dən 0° S-yə qədər, avqustda isə +10° S-dən -10° S-yə qədərdir. Burada qərb küləkləri üstünlük təşkil edib çox güclü və dayanıqlıdır, tez-tez qasırğalar olur.