Mühüd Orucov
Mühüd Qurban oğlu Orucov (d. 13 iyul 1984; Qazax, Azərbaycan — ö. 2 aprel 2016; Tərtər,Talış,Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (kapitan).Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat Tabor Komandiri. 2016-cı ildə Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
Mühüd Orucov | |
---|---|
Mühüd Qurban oğlu Orucov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Fərəhli,Qazax, Azərbaycan |
Vəfat tarixi | (31 yaşında) |
Vəfat yeri | Azərbaycan |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Rütbəsi | Kapitan |
Təltifləri |
Həyatı
Kapitan Orucov Mühüd Qurban oğlu 1984-cü il iyul ayının 13-də Qazax rayonunun Fərəhli kəndində doğulub.
Təhsili
1991-ci ildə K.Kərimov adına orta məktəbin 1-ci sinifinə daxil olub. 1999-cu ildə C.Naxçıvanski adına hərbi liseyə daxil olub və 2002-ci ilədək təhsilini həmin liseydə davam etdirib. 2002-ci ildə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və 2006-cı ildə həmin məktəbi qoşun kəşfiyyatı ixtisası üzrə bitirib.
Ailəsi
Mühüd Orucov ailəli idi, Anar və Vüqar adlarında əkiz oğlanları yadigar qalıb.
Hərbi xidməti
2006–2007-ci ildə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit ixtisası kursunu bitirib. 2007-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qərarı ilə "N" saylı hərbi hissədə kəşfiyyat bölüyünün kəşfiyyat taqım komandiri vəzifəsinə təyin edilib. Elə həmin ildə öz arzusu ilə Xüsusi Təyinatlı Qüvvələr kursunu keçmək üçün ezam olunub və kursu müvəffəqiyyətlə bitirib. Qısa zaman ərzində Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat tabor komandiri vəzifəsinədək yüksəlib. 2014-cü ilin avqust ayında uğurlu əməliyyatdan sonra Prezident İ.Əliyev M.Orucovla görüş zamanı ona xatirə olaraq saat bağışlamışdır.
Aprel döyüşləri
İştirak etdiyi məxfi əməliyyatlardan həmişə uğurla qayıtmış, onun sayəsində bir neçə düşmən təxribatının qarşısı vaxtında alınmışdır. Döyüş yoldaşları onu "Mixaylo" adlandırırdı. Son döyüşü 2016-cı ilin aprel döyüşlərində oldu.
Ölümü və dəfn mərasimi
Kapitan Mühüd Orucov 2016-cı il aprelin 2-dən 3-nə keçən gecə Talış yüksəkliyi uğrunda gedən qızğın döyüşlər zamanı düşmənin atdığı tank mərmisinnin partlaması nəticəsində qəhrəmancasına şəhid oldu. Aprelin 9-u Mühüd Orucov doğulduğu Qazax rayonunun Fərəhli kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açılıb və kapitan Orucov uğrunda şəhid olduğu torpağa tapşırılıb.
Təltifləri
Mühüd Orucov dəfələrlə Azərbaycanı xaricdə uğurla təmsil etmiş, fəxri diplomlara və sertfikatlara layiq görülmüşdür. M.Orucov zabit kimi xidməti dövründə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" (1918–2008) yubileyi, "Qüsursuz xidmətə görə" III dərəcəli, "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" (1918–2013) yubileyi, "Hərbi xidmətdə fərqlənməyə görə" II dərəcəli medallarla təltif edilmişdir. Kapitan Mühüd Orucov xidməti dövründə Azərbaycan Silahlı Qüvvələrin Ali Baş komandanı və Müdafiə Naziri tərəfindən dəfələrlə təltif olunub. Şəhid kapitan Mühüd Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib.
İstinadlar
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi kapitan Mühüd Orucov, baş-leytenant Elvin Namazov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olumuşdur.