Müasir fəlsəfə
Müasir fəlsəfə — XIX əsrin sonlarından bu günə qədər olan fəlsəfi fikirlərdir. Bu dövrün filosofları indiyə qədər var olan bir çox fəlsəfi fikirləri qəbul etməklə yanaşı bir çox yeni fəlsəfi fikir də yaratmışdır. Bu dövrdə Ziqmund Freydin "freydizmi" , Ogüst Kontun " pozitivizmi" , Ralf Uold Emersonun "Transsendentalizmi" kimi fikirlərlə yanaşı "Postanarxizm" və "SSRİ fəlsəfəsi" kimi bir çox fəlsəfi fikirlər meydana gəlmişşdir.
Freydizm
Psixologiyada nəzəriyyədir. Fəlsəfi konsepsiya kimi psixoanalizin əsaslandırılması Ziqmund Freydin adı ilə bağlıdır. Avstriyalı həkim– psixiatr Z. Freyd (1856–1939) psixoanalizi fəlsəfi antropoloji prinsip səviyyəsinə qaldırdı.
Freydə görə, şüurlu "mən" iki obyektiv qüvvənin– "o" ilə cəmiyyət qaydalarının mübarizəsi meydanına dönür. "Kütlə psixologiyası və insan "mən"inin analizi" əsərində isə Freyd sosial əlaqələrin təbiətindən söz açır. Kütlə psixologiyasının spesifik cəhətini onun qeyri– şüuru, təhtəlşüur olaraq lider və başçıya pərəstiş etməsində görür. "Moisey və monoteizm" əsərində dinə qarşı çıxış edərək iki əks qüvvənin– həyatla ölümün əbədi mübarizəsinin psixoloji əsaslarını şərh edir.
Təhtəlşüur haqqında Freyd təlimi psixoanalizin elə müddəalarına əsaslanmışdır ki, burada psixoloji narahatlıqlar, zədələr, affektlər, arzuların həyata keçməməsi və s.– nin insanı ömrü boyu izləməsi göstərilir. Bunlar özünü nevroz formasında təzahür etdirir.
Freydə görə, ona qədərki fəlsəfənin ən böyük günahı o idi ki, təhtəlşüur problemi onun tədqiqat predmeti olmamışdır. Tədqiqat predmeti əql, şüur olmuşdur. Doğrudur, Freyd etiraf edirdi ki, şüurun öyrənilməsi vacib şərtdir. Əslində şüur dünyada insanın oriyentasiya götürməsinə imkan verir, özünün "Mən"– ni (ego) formalaşdırmağa şərait yaradır. Lakin "Mən"– dən başqa fərdin şüuru, insan psixikası, Freydə görə, özünə daha iki strukturu daxil edir: "Fövqəl– Mən" (Super ego)– psixikası daxilinə keçirilmiş sosial əhəmiyyətli motivlər, requlyatorlar və həmçinin "o" (İd) təhtəlşüurun "mikrodünyası".
Freydin təlimini inkişaf etdirən şagirdləri içərisində K. Yunq (1875–1964) özünəməxsus yer tutur. Əgər Freydin xidməti təhtəlşüurun "mikrodünyası"nın təhlili idisə, Yunq da öz növbəsində təhtəlşüuru öyrənərək onun ayrı– ayrı yaratdıqları (arxetipləri) ilə struktur, obrazlar mədəniyyəti üçün ümumi oxşarlığını göstərmişdir. O, elmi dövriyyəyə "kollektiv təhtəlşüur" anlıyışını gətirmişdir. "Psixoloji tiplər" əsərinin girişində Yunq Platon və Aristotelin iki, tamamilə bir– birindən fərqli olan insan naturası olması haqqında Heynenin qeydlərini təhlil edir. Bunlardan biri xəyalpərvər naturadır, mistik Platon naturasıdır ki, öz qəlbinin gizli yerlərindən xristian ideyalarını və ona müvafiq gələn simvolları yaradır. Aristotel naturası isə praktikdir, hər şeyi qaydaya salandır. Həmin ideyalardan və simvollardan möhkəm ehkamlar və kult sistemi yaradır.
Yunq pisxoloji tipləri iki böyük qrupa bölür: bunlar introversiya tipi və ekstraversiya tipləridir. Fərddə müxtəlif funksiyalar: 1. təfəkkür; 2. emosiya; 3. hiss; 4. intuisiya hökm sürür.
Psixoloji tiplər ümumi psixik proseslərlə şərtlənir ki, bunu da K. Yunq "kollektiv təhtəlşüur" adlandırmışdır. Fərdi şəxsiyyət psixoloji prosesin hissəsi, kəsiyi, yaxud nümayəndəsidir ki, o, hər bir canlıda onun anadangəlmə xassəsi kimi əks olunmuşdur. Fərdin obraz tərzinin anadangəlmə xüsusiyyətləri Yunqa görə, instinkt adlanır. O yazırdı ki, obyektin bu psixi xüsusiyyətini arxetip kimi ifadə etməyi məsləhət gördüm. Arxetip anlayışı nə deməkdir? Yunq buna belə bir izahat vermişdir. Arxetip "ibtidai obraz" olub burada kollektiv təhtəlşüurun məzmunu şüurda açıq ifadə ounan meyllərlə və baxışlarla təmsil olunmuşdur.
Yunqun dərin məzmunlu əsərlərindən biri "Psixoloji tiplər"dir. Demək olar ki, insan haqqında, onun psixoloji mahiyyəti haqqında bundan güclü və kamil tədqiqat əsəri təsəvvür etmək çətindir.
Yunq yaradıcılığının son dövründə üzünü Şərq fəlsəfəsinə tutub Tibet və Çin fəlsəfə kitablarına psixoloji şərhlər yazdı. Hətta kimyagərliyin yeni psixoloji izahını verdi.
Freydizmi yeni dövrdə yeni Freydizm kimi təbliğ edən alman- amerikan filosofu, sosioloqu Erix Fromm (1900–1980) olmuşdur. Fromm freydizmin sosial tənqidi ilə məşğul olmuşdur. O, faşizmi sosial hadisə kimi tədqiq edən "Adolf Hitler
Nekrofilinin klinik hadisəsi" (1978) əsərini və "Azadlıqdan qaçış" (1941), "Məhəbbət sənəti" (1956), "Ümidlər inqilabı" (1968), "Malik olmaq, yaxud mövcud olmaq" (1976) və s. əsərləri ilə məşhur olmuşdur. Frommun diqqət mərkəzində fərdin subyektiv– şəxsi fəaliyyəti kimi yox, ontoloji fakt kimi götürülmüş insanın mövcudluğunun ziddiyyətləri durur. Fromm aşağıdakı dixotomiyaları fərqləndirməyə çalışır: insanların həyatının təşkilinin patriarxal və matriarxal prinsipləri; avtoritar və humanist şüur; xarakterin istismarçı və reseptiv (üzü yola) tipləri; malikolma və varlıq fərdin həyatının iki üsulu kimi və s. Fromma görə, müasir sivilizasiya insanların fərdi, eqoist cəhətləri ucbatından məhv olacaqdır. "Malikolma ehtirası" sinfi münasibətlərə doğru aparır. Kommunistlərin sinfi mübarizəsi də doğru deyildir. Çünki qeyri– məhdud təlabat prinsipi həyatın məqsədi kimi göstərilir. Hamı daha çox şeyə malik olmağa cəhd edir. Bu isə şübhəsiz siniflərin yaranmasına və onların arasındakı mübarizə isə özlüyündə qlobal miqyasda xalqlar arasında müharibələrə səbəb olacaqdır. "Acgözlük və sülh bir– birini inkar edir". Böyük həyat müəllimləri Budda və Xristos öz sistemlərində mərkəzi yeri ona vermişdilər ki, mülkiyyətə malik olmadan yaşamağı öyrənmək vacibdir.
Pozitivizm
XIX əsrdə meydana çıxan fəlsəfi cərəyanlardan biri də pozitivizmdir, banisi fransız filosofu və sosioloqu Ogüst Kont hesab olunur.
Pozitivizm konkret elmləri həqiqi, gerçək biliyin yeganə mənbəyi sayır və fəlsəfi tədqiqatın idraki əhəmiyyətini inkar edir, nəzəri spekulyativliyi, biliklər əldə etməyin vasitəsi kimi abstraktlaşdırmanı qəbul etmirdi. Mahiyyətinə görə pozitvıizm müəyyən münasibətlərdə ifrat məntiqi nəticələrə gətirib çıxarmış empirisizmdir.
Bu cərəyanın idealarına əsasən, cəmiyyətdə baş verən hər hansı bir hadisəni və hər hansı bir insanın hərəkətini onun yaşadığı mühitə baxaraq başa düşmək olar. Misal üçün, pozitivizm cərəyanının ən görkəmli nümayəndələrindən biri olan Emile Durkheim (fransız) hər kəsə bir individual hərəkət kimi görsənən intihar hadisəsini cəmiyyət tərəfindən təsirləndiyini və ortaya çıxdığını apardığı empirik araşdırmalarla sübut etmişdir, amma təbii ki bütün intihar hadisələri cəmiyyətin təsirindən baş vermir. Durkheim araşdırmalarının nəticəsində müəyyən etmişdir ki, sosial-iqtisadi və yaxud siyasi böhran keçirən, sosial və ya dini dəyərlərin insanların həyatına ifrat dərəcədə təsir edən, insanın azadlığının nəzərə çarpacaq dərəcədə məhdud olduğu cəmiyyətlərdə intihar hadisələrinin sayı adətən yüksək olur. Durkheimin bu möhtəşəm və müasir dünyamızda da ekspertlər tərəfindən istinad edilən araşdırması sosiologiya elminin problemləri dərk etmək cəhətdən nə dərəcədə dəyərli elm olduğunu sübut edir.
İstifadə olunan metodlar statistik məlimatları tədqiqat, intervyular və uzun müddətli zamanda bir qrupun tədqiqat metodlarıdır.
Pozitivizmin inkişafında üç mərhələ fərqləndirilir:
I mərhələ
I mərhələnin nümayəndələri O. Kont, E. Litter, P. Laffit (Fransa), Con Stüart Mill, Herbert Spenser (İngiltərə) olmuşlar. Qnoseologiya — idrakın inkişafının 3 mərhələsi qanunu (Kont), və məntiq problemləri ilə (Mill) yanaşı pozitivistlər sosiologiyaya da mühüm yer vermişlər
II mərhələ
II mərhələnin — Empiriokritisizmin meydana gəlməsi XIX əsrin 70–90-cı illərinə təsadüf edir və obyektiv, real predmetləri hətta formal olaraq qəbul etməyən Max və Avenariusun adları ilə bağlıdır. Maxizmdə idrak problemləri subyektivizmə keçən ifrat psixologizm mövqeyindən şərh olunurdu.
III mərhələ
III mərhələ kimi- Neopozitivizmin meydana gəlməsi Vyana dərnəyinin (O. Neyrat, R. Karnap, M. Şlik və s.) və Berlin empirik fəlsəfə cəmiyyətinin (Reyxenbax, F. Krauz və s.) fəaliyyəti ilə bağlıdır ki, bunlar da bir çox cərəyanları — məntiqi atomizmi, məntiqi pozitivizmi, ümumi semantikanı özündə birləşdirmişdir. Bu mərhələnin nümayəndələri simvolik məntiq, elmi tədqiqatın strukturu və s. fəlsəfi problemlərə əsas yer verərək, psixologizmi rədd edir, "elm məntiqinin" riyaziyyatla yaxınlaşdırılması, qnoseoloji problemlərin formallaşdırılması yolu ilə getmişlər.
Transsendentalizm
Transsendentalizm 1830–1860-cı illərdə ABŞ-də ədəbi-fəlsəfi hərəkatdır.
1836-cı ildə ABŞ-də Transsendental klubun əsasını qoymuş idealist filosof və yazıçılar qrupuna Ralf Uold Emerson , C. Ripli T. Parker M. Fuller, Henri Devid Toro və başqaları daxil idi. Transsendentalistlər sensualizmə mənfi münasibətini bildirir, Kant və Fixtenin, Yakobinin və Şleyermaxerin fəlsəfəsi ilə öz əlaqəsini qeyd edirdilər.
Onların dünyagörüşünə Amerikan puritanizminin etik-sosial ideyaları, Platonun, ingilis romantik şairlərinin – C. Kolric, U. Vordsvortun "Göl məktəbi", Karleylin və Jan Jak Russonun baxışları dərin təsir göstərmişdir.
Romantizm və xırda burjua demokratizmi mövqelərindən kapitalizmin amansızlığını tənqid etmiş, sosial münaqişələrin həllində mənəvi özünütəkmilləşdirməyə diqqət yetirmiş, təbiətlə yaxınlaşmağa çağırmışlar.
Bir çox transsendentalistlər ABŞ-da köhnəliyə qarşı fəal çıxış etmişlər. 1841-ci ildə C. Ripli yazıçı H. Qotorn və başqaları ilə birlikdə Boston yaxınlığındakı "Bruk Farm" adlı furyerist koloniya təşkil etmişlər. Baxışları Ralf Uold Emersonun "Təbiət" əsərində tam şəkildə ifadə olunmuş transsendentalistlər Amerika ədəbiyyatı və fəlsəfəsinin inkişafında müəyyən iz qoymuşlar.
Postanarxizm
Postanarxizm postmodernizm və poststruktualizmin qarışığından yaranmış anarxist fəlsəfi cərəyan. Postanarxizm sadə bir fikir olmayıb, Jak Lakan, Jil Dilöz, Mişel Fuko kimi poststruktualist müəlliflərdən, Ernesto Laklau, Şantal Muff və Jak Rensiyer kimi postmarksist müəlliflərin fikirlərinin birliyindən doğmuş, Emma Qoldman, Maks Ştirner, Fridrix Nitsşedən bəhrələnmişdir. Postanarxist filosoflar əsasən klassik anarxizmi tənqid edən anarxist şəxslərdir. Termin 1987-ci ildə postanarxist filosof Hakim Bey tərəfindən elmə gətirilmişdir.
Əsas xarakteristikası
- Diskursdakı subyektin yerinin dəyişməsi
- Repressiv hipotezin tənqidi
- Qərb düşüncəsindəki ikili müxalifətin ləğvi
- Cinsi rolların feminist poststruktualizm mövqeyindən dekonstruksiyası.
SSRİ fəlsəfəsi
SSRİ fəlsəfəsi — XX əsr fəlsəfə tarixində demək olar ki, tədqiq olunmamış dövrlərdən biri də sovet dövrü fəlsəfəsidir. 70 il ərzində Sovet İttifaqı adlanan böyük bir ölkədə yayılan və inkişaf edən fəlsəfədən danışmamaq doğru olmazdı. Bu ölkədə nəinki müharibələr, dəhşətli sosial eksperimentlər aparılmış, həmçinin fəlsəfə ilə də məşğul olmuşlar. Sovet quruluşunun hazırkı tənqidçilərinin fikrincə, sovetlər birliyində 10 illərlə fəlsəfə olmamış, intellektual həyat məhv olmuş, ancaq mərkəzi paytaxt şəhərlərində qadağan olunmuş söhbətlər aparılmışdır. Əlbəttə bütün bunlar ağ yalandır. Əslində Sovetlər İttifaqında başdan– başa savadsızlığın ləğvi, əyintilərlə olsa da mədəni inqilabın həyata keçirilməsi mümkün olmuşdur. Bəzilərinin bəyənmədikləri alimlərin əksəriyyəti aristokrat ailələrindən deyil, sadə fəhlə və kəndli ailələrindən çıxmış adamlar olmuşdur. Əslində sovet dövrü bütövlükdə fəlsəfi təhlil baxımından mürəkkəb, maraqlı və həm də dramatik olmuşdur.
XX əsrin 20–30-cu illərində bir sıra görkəmli alim–filosofların məcburi mühacirətə yollanması (onlar bolşeviklərin ideoloji doktrinaları ilə razılaşmırdılar) heç də fəlsəfi həyata son qoymadı. Sovetlər birliyində qalıb işləyən və eləcə də yetişməkdə olan yeni filosof nəsilləri çox çətin bir siyasi dövrdə yaşamalarına, bəzi fikirləri açıq şəkildə deyə bilmədiklərinə, hətta öz ideyalarına görə həyatlarını belə qurban verməklərinə baxmayaraq, fəlsəfə elmini inkişaf etdirmişlər. Əslində hamı xaricə gedə bilməzdi. Yaxud da hamı dissident ola bilməzdi. Bundan başqa, həmin dövrdə yaşamış alimlərin demək olar ki, əksəriyyəti marksizmin həqiqi fəlsəfə olduğuna bütün varlıqları ilə inanmışdılar. Tarixin dəfələrlə sübut etdiyi kimi, həyat öz iradəsini çox zaman diktə etmək qüdrətinə malik olduğundan, həmin dövr alimləri də zamanın göstərişlərinə tabe olmuşdular. Sovet dövrü fəlsəfəsi, onun inkişaf mərhələləri və işlədiyi əsas mövzuları necə səciyyələndirmək olar? Hər şeydən əvvəl, bu dövrü üç mərhələyə bölmək lazımdır.
I mərhələ
Birinci mərhələni şərti olaraq 1922–1930-cu illərlə əlaqələndirmək mümkündür. Bu dövr diskusiya və mübahisələr dövrü hesab olunur. Bu dövr mübahisəsinə V.İ.Leninin 1922-ci ildə çapdan çıxan "Mübariz materializmin əhəmiyyəti haqqında" əsəri daha çox səbəb olmuşdur. Sonralar Leninin fəlsəfi vəsiyyəti hesab olunan bu əsərdə əsas ideya mübariz materializm anlayışında ifadə edilmiş fəlsəfənin marksist partiyalılığı ideyasıdır. Filosofların qarşısına vəzifələr qoyulurdu. Bu, kütlələr içərisində dialektik materialist dünyagörüşünü, xüsusən ateizm təbliğatını gücləndirməkdən, müasir ictimai inkişafın və elmi tərəqqinin
irəli sürdüyü problemlər baxımından fəlsəfənin, xüsusilə materialist dialektikanın daha da inkişaf etdirilməsindən, Qərb (V. İ. Lenində burjua) fəlsəfəsinin müxtəlif cərəyanları ilə fəal mübarizədən ibarətdir. O, bütün idealistləri– "dinin diplomlu nökərlərini" ifşa etməyi tələb edirdi.
Həmin vaxtdan başlayaraq sovet fəlsəfəsi dialektik materialist xəttini müdafiə etməyə başladı. Doğrudur, həmin fəlsəfədə də bu və ya digər problemlə əlaqədar mübahisələr gedirdi.
Bir sözlə, 20–30-cu illər fəlsəfəsi həyatda çox qızğın diskusiyalar dövrüdür. Onlardan biri cəmiyyət və insanın həyatında bioloji və sosial amillərin münasibətinə həsr olunmuşdur.
Bir sıra alimlər psixik həyata sırf bioloji səviyyənin təzahürü kimi baxırdı. V. M. Bexterov "Kollektiv refleksologiya"nı yaratmışdı ki, digər filosoflar onu sosiologiyanın yeni bir elmi metodu kimi qələmə verirdilər. Həmin dövrdə zoososiologiya və fitososiologiya yaranır və bütün canlıların vahid "sosial mexanizmləri" axtarışı aparılır. Biolojiləşdiricilər içərisindən təbiətşünaslığı sinfi yanaşma ilə birləşdirməyə çalışan "fəlsəfi nihilistlər" yaranmışdı. Onlar istismarçı siniflərin xidmətçisi olan fəlsəfədən xilas olmağa çağırırdılar. Bu üzdən iraq "alimlər" psixika və dünyagörüşü anlayışlarını istismarçıların uydurması hesab edib, fiziologiyanın psixologiyanın yerini almasını tələb edirdilər. Nihilistlər filsofluq edən tarixçilər tərəfindən rədd edildilər.
Digər diskusiya marksist bazis anlayışı ətrafında, üçüncü diskusiya isə Asiya istehsal üsulu təsəvvürləri ətrafında gedirdi. Asiya istehsal üsulunda torpaq üzərində xüsusi mülkiyyətin olmaması, kənd icmasının mühüm əhəmiyyətə malik olması ilə əlaqələndirilirdi. Əslində bu prinsiplər bir sıra istehsal üsulunun tam əlamətləri hesab oluna bilməzdi.
Ümumiyyətlə, həmin dövrdəki nəzəri döyüşlərdə hamıdan çox–həkim, yazıçı, filosof–pozitivist, V. İ. Leninin çoxdankı opponenti Aleksandr Boqdanovun adı daha çox hallanırdı. A. Boqdanov N. İ. Buxarinlə birlikdə "mexanist" adını almışdı. Çünki onlar öz əsərlərində inkişafın dialektik ziddiyyətləri ideyasına əsaslanmır, cəmiyyətdə tarazlığı saxlayan təşkiletmə ideyasına arxalanırdılar. A. Boqdanov "Tektologiya" adlı təşkil elmi yaratdı ki, o da müasir sistem nəzəriyyəsinin əsas ideyalarını qabaqcadan bildirmişdir. O, tektologiyanı proletar mədəniyyətinin fundamenti hesab edirdi və belə düşünürdü ki, proletariat həmin elmə yiyələnmədən cəmiyyətdə heç bir dəyişiklik etməyə çalışmamalıdır. A. Boqdanov proletkulçuluğun əsasını qoyanlardan və nəzəriyyəçilərindən biridir. Onun fikrincə, incəsənətin cəmiyyətdə başlıca rolu proletar kütlələrin mübarizəyə və əməyə hazırlamaqdan ibarətdir. Rusiyada 20-ci illərdə üzə çıxan alimlərdən biri də Mixail Baxtin olmuşdur. 1921-ci ildə "Hərəkət fəlsəfəsinə dair" əsərini yazmışdır. A. F. Losev (1927-ci ildən 1930-cu ilə qədər 8 cildlik əsərlər yazmışdır), Q. Q. Şpet, L. S. Vıqotski və b.-nın mühüm tədqiqatları olmuşdur. 1930-cu ildən başlayaraq rejim ideoloji təqibi gücləndirərək hər cür müstəqil təfəkkürə qarşı repressiyalara başladı. 1929-cu ilə qədər ölkənin fəlsəfi həyatında A. M. Deborinin rəhbərlik etdiyi tədqiqatçılar, eləcə də "Pod znamenem Marksizma" jurnalının ətrafında olanlar aparıcı rol oynayırdılar. Bunlar inqilaba qədər və inqilabdan sonra fəaliyyət göstərən alimlər və partiya xadimləri idi. A. M. Deborin Leninin vəsiyyətlərinə əməl edərək "Mübariz materialist– dialektiklər" cəmiyyətini yaratdı. "Materializm kitabxanası" əsərlərinin nəşrində iştirak edərək Boqdanov və Buxarin kimi mexanistlərlə mübarizə aparmışdır. Lakin 1929-cu ildə Deborin akademik seçiləndən sonra (həmin vaxt Buxarin də seçilmişdi), ona və onun qrupuna Stalinin qəzəbi tutdu. Stalin elan etdi ki, Deborin və onun qrupunun yazdığı nə varsa təzədən nəzərdən keçirilməlidir. Eyni zamanda onların qrupuna "menşeviklik" edən idealizm" damğasını vururdu. Deborindən tələb olundu ki, açıq şəkildə bütün tələbələrini Qırmızı professorlar institutunun yığıncağında tənqid etsin və onları xalq düşməni adlandırsın. Lakin Deborin bu təklifi rədd etdi. Tezliklə jurnalın redaktoru Deborinin yerinə M. B. Mitin təyin olunur. M. B. Mitin 1936-cı ildə əsərlərinin birində deborinçiləri "banda" və "trotskizmin bilavasitə xəfiyyələri" adlandırdı. Nəticədə Deborinin bütün tələbələri və tərəfdarları həbs olunaraq məhv edildilər. Bu andan başlayaraq uzun müddət sovet fəlsəfəsində bir avtoritet təsdiq olundu. Bu da xalqların atası– İ. V. Stalin idi. 1938-ci ildə Stalin yazdığı "ÜİK(b)P qısa tarixi kursu" adlı əsəri çapdan çıxdı. Orada xüsusi fəlsəfə bölməsi var idi ki, həmin bölmə də uzun müddət fəlsəfə sahəsində çalışanlar üçün qanuna çevrildi. İldən–ilə fəlsəfədə bu və ya digər prinsip daha da ehkamlaşdırılır, fikrin hər cür tərəqqisi yerindəcə boğulurdu. Lakin bütün bunlara baxmayaraq elə həmin dövrdə M. Baxtinin, K. Meqrelidzenin əsərləri çapdan çıxmışdır. V. İ. Vernadski gərgin şəkildə noosfera ideyası üzərində işləmişdir. Həmin ideyalar 1975-ci ildə çapdan çıxsa da, elə 30-cu illərin ikinci yarısında yazılmışdı. 40-cı illərdə S. L. Rubinşteyn və A. N. Leontyevin və digər böyük psixoloqlarının fəlsəfi ideyaları formalaşmışdı. Onların sırasına D. N. Uznadzeni də daxil edə bilərik.
II mərhələ
Sovet fəlsəfəsinin tarixinin ikinci mərhələsi 1930–1953-cü illəri əhatə edir. Bu dövr kədərli və şərəfsiz dövr hesab olunur. Doğrudur, bu dövrdə bir sıra formal fəlsəfə strukturları yaranır. Moskva Dövlət Universitetində və Leninqrad Dövlət Universitetində fəlsəfə fakültələri yaranır. 1947-ci ildən "Fəlsəfə Məsələləri" jurnalı çap olunmağa başlamışdır. Bütün bunlara baxmayaraq bu dövr nəzəri tənəzzül dövrü, bu və ya digər müəllifə qarşı çıxmağa məcbur olmaq dövrüdür. Məsələn, "Fəlsəfə tarixi"nin III cildi öldürücü tənqidə məruz qaldı. Müəllifləri sinfi yanaşmaya kifayət qədər fikir verməməkdə təqsirləndirirdilər. Həmin dövrdə bir əsər də olsun zamanın imtahanından çıxa bilməmişdir.
III mərhələ
SSRİ–də fəlsəfənin inkişafının üçüncü mərhələsi Stalinin ölümündən başlayaraq SSRİ–nin dağılmasına qədər davam etmişdir. 60-cı illərdən başlayaraq fəlsəfi fikirdə böyük bir canlanma hiss olundu. Hələ 1956-cı ildən fəlsəfəni müstəqil predmet kimi nəinki humanitar ali məktəblərdə, həmçinin digər universitetlərdə də keçməyə başladılar. 1958-ci ildə "Fəlsəfə elmləri" jurnalı da çap olunmağa başladı. 50-ci illərdən başlayaraq Sovet filosofları beynəlxalq fəlsəfi konqreslərdə iştirak etməyə başladılar.
Həmin dövrdə filosoflar bu həqiqəti dərk etdilər ki, marksizm–leninizmdən əlavə həm də "Marksın özü var və onu oxumaq lazımdır". Bu dövr filosoflarından M. M. Rozental, E. V. İlyenkov, L. A. Mankovski, B. M. Kedrov, N. İ. Lapin, V. A. Vazyulin və b. Marksın düzgün qiymətini verməyə çalışırdılar. Bu dövrdə dialektik məntiq məktəbi (E. V. İlyenkov, Q. S. Batişev, B. P. Bibler (Moskva), J. M. Abdildin (Qazaxıstan), Z. M. Orucov (Azərbaycan), V. A. Bosenko (Ukrayna) və b.), elmlərin metodologiyası sahələri, eləcə də şüur problemləri (A. Q. Spirkin, V. P. Tuqarinov). qnoseologiya problemləri (P. V. Kopnin), dəyərlər (M. S. Kaqan) və s. sahələr inkişaf etməyə başladı.
Bu dövrdə Sovet filosofları rəsmi marsizmin amansız çərçivəsindən xilas olaraq yeni– yeni problemlər axtarışını davam etdirməyə çalışmışlar.