Müəmma
Müəmma — klassik Şərq ədəbiyyatında geniş yayılmış formalardandır. Müəmmanı "mənzum tapmaca" da adlandırırlar. Məlum olduğu kimi, müəmmalardan bir çoxu əbcəd hesabı əsasında yazılır. Belə ki, bəzən rəqəm söylənilir, onun müqabili olan hərf nəzərdə tutulur, bəzən də hərf söylənilir, onun müqabili olan rəqəm nəzərdə tutulur. Orta və Yaxın Şərq ədəbiyyatında İ.Nəsimi və M.Füzulinin müəmmaları daha məşhurdur. Müəmmalarda şair fikrini müxtəlif sözlər, təşbehlər, rəmzlər içərisində bir növ gizlədib ifadə edir. Müəmmalarda əsas fikri, mətləbi tapmaq üçün fikirləşmək lazımdır.
Aşıq yaradıcılığında, xüsusən də deyişmələrdə müəmmalardan geniş istifadə olunmuşdur. Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Hüseyn Şəmkirli, Aşıq Ələsgər və Molla Cumanın müəmmaları məşhurdur.
Ustadlar müəmmalardan müxtəlif məqsədlərlə, xüsusən də aşıq və sinədəftərlərlə deyişmə-qarşılaşma zamanı imtahan-sorğu vasitəsi kimi istifadə etmişlər.[1]
İstinadlar
- Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-13.