Mövlud bayramı

Mövlud bayramıMəhəmməd peyğəmbərin (s) doğum gününün qeyd olunması.

Mövlud ərəbcədən tərcümədə "doğum yeri", yaxud "doğum vaxtı" deməkdir.

Tarixçilərin bəzisi Məhəmməd peyğəmbərin "fil ili"ndə - 570, yaxud 571-ci il rəbiüləvvəl ayının 12-də, bəziləri isə rəbiüləvvəl 17-də dünyaya göz açdığını yazırlar.

Peyğəmbər "tarixin gur işığında" doğulmuşdur, yəni bir çox tarixi şəxsiyyətlərdən fərqli olaraq İslam peyğəmbərinin bütün həyat yolu təfsilatı ilə öyrənilmişdir. Onun doğum tarixi ilə bağlı bir neçə günlük fərqi isə aradan qaldırmaq məqsədilə 1981–ci ildə Ayətullah Xomeyninin təklifi ilə[mənbə göstərin] , 1989-cu ildən isə Türkiyə Diyanət Vəqfi Peyğəmbərin doğumunu "Doğum həftəsi" altında bir həftə - rəbiüləvvəl ayının 12-dən 17-dək bayram etməyi daha uyğun hesab etmiş və bu fikir digər müsəlman ölkələri tərəfindən rəğbətlə qarşılanmışdır. Müsəlmanlar həmin həftəni dünyanın hər yerində bayram edirlər. Buna "Mövlud", yaxud "Mövlud bayramı" deyirlər.

Ümumiyyətlə, islamda bəzi gecələr müqəddəs, qiymətli gecələr sayılır: Qədr gecəsi, Merac gecəsi, Mövlud gecəsi belə gecələrdəndir. Mövlud gecəsi Peyğəmbərin doğulduğuna səmimi-qəlbdən sevinənlərin günahlarının bağışlanmasına dair çoxlu hədislər nəql olunur.

Əsrlər boyu Mövlud gecəsinin öz ənənələri təşəkkül tapmışdır. Bu gecə müsəlmanlar oyaq qalır, Quran oxuyur, sədəqə çıxarır, günahlarının bağışlanması üçün Allaha dualar edirlər, qəlblərə xoş bir duyğu, sevinc, arxayınlıq hakim kəsilir.

Lakin Mövlud gecəsinin fəlsəfəsi bununla bitmir. Burada məqsəd ondan ibarətdir ki, müsəlmanlar Məhəmməd peyğəmbərin keçdiyi həyat yoluna bir daha nəzər salsınlar, onun yüksək insani keyfiyyətlərindən, əxlaqi dəyərlərindən ibrət götürə bilsinlər.

Qurana görə, Peyğəmbər adi insandır[1], möminlərə şəfqətli və mərhəmətlidir[2], yaxşı əməl sahiblərinə cənnətdən müjdə verən, pis əməl sahiblərini cəhənnəm əzabından xəbərdar edəndir[3], möminlərə onların özlərindən daha yaxındır[4]. Allah onu insanlar arasında seçmiş, özünə rəsul-elçi etmiş, doğru yolu göstərən sonuncu rəhbərlik kitabı Quranla aləmlərə rəhmət olaraq peyğəmbər göndərmişdir. Odur ki, Quranda buyurulur: "Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik." [5]. Allah onu gözəl əxlaqına görə insanlara təqlid nümunəsi kimi vəsf edir: "Allahın Rəsulu Allaha, Qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl nümunədir"[6]. Peyğəmbərə iman gətirməklə, onun dediklərinə əməl etməklə, onu müqəddəs tutmaqla insan böyük savab qazanır, axirətdə yüksək dərəcələrə və əbədi səadətə nail olur.

Mövlud bayramı bütün bunları insanlara bir daha xatırladır, onları əməli salehliyə, xoşxasiyyətliliyə, gözəl əxlaqa çağırır.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.