Luka Henni

Luka Henni (alm. Luca Hänni; 8 oktyabr 1994, Bern[1]) — İsveçrə müğənnisi, bəstəkar və model. O, əsasən 2012-ci ildə Almaniyanın Deutschland sucht den Superstar yarışmasındakı qalibiyyətinə görə tanınır.[2][3][4] Luka Henni "She Got Me" mahnısı ilə İsveçrəni İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və nəticədə 364 xalla dördüncü yeri qazanmışdır.

Luka Henni
alm. Luca Hänni
Luka Henni 2018-ci ildə
Luka Henni 2018-ci ildə
Ümumi məlumatlar
Doğum adı Luka Henni
alm. Luca Hänni
Doğum tarixi
Doğum yeri Bern, İsveçrə
Vətəndaşlığı  İsveçrə
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, bəstəkar, model
Fəaliyyət illəri 2012–h.h.
Janr
Musiqi alətləri vokal, gitara, piano, baraban
Albom şirkəti Universal Music Germany
Əlaqəsi Diter Bolen
lucamusic.ch
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Luka Henni 8 oktyabr 1994-cü ildə İsveçrənin Bern şəhərində anadan olmuşdur. O, bağçada ikən baraban dərsləri almışdır. Doqquz yaşında gitara və pianoda ifa etməyi öyrənmşdir. Məzun olduqdan sonra bir müddət bənna kimi çalışmışdır.

Musiqi karyerası

Deutschland sucht den Superstar 2012

2012-ci ildə Luka Henni Almaniyanın Deutschland sucht den Superstar 2012 məharət yarışmasının 9-cu mövsumunda iştirak etmişdir. Həmin ilin aprel ayında Henni yarışmanın finalına yüksəlmişdir. Finalda Daniele Neqroniyə qarşı mübarizə aparan gənc ifaçı səslərin böyük hissəsini toplayaraq yarışmanın qalibi seçilmişdir. O, yarışmada qalib gələn yeganə milliyyətcə alman olmayan ifaçıdır. Henni mükafat olaraq 500,000 avro məbləğində pul və Universal Music Germany albom şirkəti ilə anlaşma əldə etmişdir.

2012: My Name Is Luca

Onun Diter Bolen tərəfindən bəstələnən ilk sinqlı "Don’t Think about Me" 2012-ci ilin may ayında buraxılmışdır. Elə həmin ayda da mahnı üçün Danimarkada çəkilmiş olan video klip təqdim olunmuşdur. Klip ilk gündən 600,000-dən artıq izləyici qazanmışdır. Henninin "Don’t Think about Me" mahnısı İsveçrə, Almaniya və Avstriya hit-paradlarında zirvəyə yüksəlmişdir. Henni 52 illik fasilədən sonra Alman hit-paradında birincilik qazanan ilk isveçrəli ifaçı olmuşdur.

Lukanın My Name Is Luca adlı debüt albomu 2012-ci ilin 18 may tarixində işıq üzü görmüşdür. Albom İsveçrə və Avstriyada birinci, Almaniyada isə ikinci olmuşdur. Onun "I Will Die for You" adlı ikinci sinqlı 2012-ci ilin avqust ayında təqdim olunmuşdur. Mahnı üçün Barselonada video klip çəkilmişdir. Daha sonra həmin mahnının isveçrəli DJ Mike Candys tərəfindən remiks versiyası da buraxılmışdır. Mahnı İsveçrə hit-paradlarında 37-ci, Avstriyada 46-cı, Almaniyada isə 54-cü yerəyədək yüksələ bilmişdir.

Lukanın ilk turu Almaniyanın Hoyersverda şəhərində 2012-ci ilin oktyabr ayında başlamışdır. O, tur çərçivəsində Almaniya, Avstriya və İsveçrədə 32 konsert proqramı ilə çıxış etmişdir. Tur noyabr ayının 20-də Drezdendə yekunlaşmışdır. İstəkləri nəzərə alaraq Luka əlavə olaraq Sürix, İtendorf və Amrisvildə də çıxış etmişdir.

2013–2015: Mükafatlar, Dance Until We Die

2013-cü ilin mart ayında Luka Henni İsveçrə Musiqi Mükafatları mərasimində xüsusi mükafata layiq görülmüşdür. Həmin ayda o eyni zamanda Alman musiqi mükafatları olan Echo-da "Beynəlxalq yeni ifaçı" kateqoriyası üzrə mükafata namizəd göstərilmişdir. Henni Los-Ancelesdə keçirilən Uşaqların seçimi mükafatları mərasimində Almaniya, Avstriya və İsveçrənin sevimli ulduzu kateqoriyası üzrə mükafata layiq görülmüşdür. Daha sonra onun Living the Dream adlı ikinci albomu satışa buraxılmışdır. İsveçrə albom siyahılarında birinci olmasına baxmayaraq albom Avstriyada 8-ci, Almaniyada isə 17-ci olmuşdur.

2014-cü ilin aprel ayında onun Dance Until We Die adlı üçüncü albomu işıq üzü görmüşdür. Albom İsveçrədə 6-cı yerədək yüksəlməyə nail olmuşdur. Albomda yer alan "I can’t get no sleep" mahnısının piano versiyası sentyabr ayında buraxılmışdır. Almaniyanın DKMS xeyriyyə təşkilatı ilə əməkdaşlığı nəticəsində Luka noyabrda "Only One You" mahnısını ərsəyə gətirmişdir. Mahnıdan əldə olunan bütün gəlirlər DKMS-ə bağışlanmışdır. 2015-ci ilin sentyabr ayında onun When We Wake Up adlı dördüncü studiya albomu təqdim olunmuşdur.

2019-cu ilin mart ayında Luka Henninin "She Got Me" mahnısı ilə İsveçrəni Tel-Əvivdə keçirilən Avroviziya 2019-da təmsil edəcəyi açıqlanmışdır.[5] Luka müsabiqə üçün aparılan uzun məşqlərdən sonra 16 may tarixində baş tutan yarımfinal mərhələsində 4-cü nömrə altında çıxış etmişdir. Nəticədə 232 xalla 4-cü yerdə qərarlaşaraq, final mərhələsinə vəsiqə qazanmışdır. Müsabiqənin finalında bir daha öz mahnısını ifa edən Luka 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 364 xal toplayaraq, 4-cü yeri qazanmışdır. Bu İsveçrənin müsabiqədə 1993-cü ildən bəri ən yaxşı nəticəsi olmuşdur.

Diskoqrafiya

Luka Henni 2014-cü ildə

Albomlar

Albom adı İl
My Name Is Luca 2012
Living the Dream 2013
Dance Until We Die 2014
When We Wake Up 2015

Sinqllar

Mahnı adı İl
"Don't Think About Me" 2012
"The A Team"
"Allein Allein"
"I Will Die for You"
"Shameless" 2013
"I Can't Get No Sleep"
(Christopher S)
2014
"Good Time"
(Christopher S)
"I Can't Get No Sleep (Piano Version)"
"Only One You"
"Set the World on Fire" 2015
"Wonderful"
"WARUM!" 2016
"Powder" 2017
"Signs" 2018
"Bei mir"
"She Got Me" 2019

İstinadlar

  1. Deutsche Nationalbibliothek Record #1023558769 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. "Luca Hänni ist neuer "Superstar"". Hamburger Morgenpost (almanca). 28 aprel 2012. 28 April 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 April 2012.
  3. Stich, Juliane. "Luca Hänni gewinnt DSDS 2012". Augsburger Allgemeine (almanca). 28 aprel 2012. 2012-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 aprel 2012.
  4. "Ein Schweizer ist Deutschlands neuer Superstar". Die Welt (almanca). 28 aprel 2012. 2012-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 aprel 2012.
  5. "Switzerland: Luca Hänni to Eurovision 2019". Eurovoix. 7 mart 2019. 2019-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 mart 2019.
Əvvəlki:
Zibbz
"Stones"
İsveçrə Avroviziya Mahnı Müsabiqəsində

2019
Sonrakı:

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.