Luiş di Kamoeş
Luiş di Kamoeş (Luiş Vaş di Kamoeş; port. Luís Vaz de Camões, 1524/1525, Lissabon – 10 iyun 1580, Lissabon) – XVI əsrdə yaşamış portuqal şairi, “Luziadalar” epik poemasının müəllifi, ədəbi portuqal dilinin yaradıcısı. Poemada Portuqaliya tarixinin şanlı səhifələrini, xüsusilə də, Vasko da Qamanın Hindistan sahillərinə səyahətini vəsf etmişdir.
Luiş de Kamoens | |
---|---|
Luís de Camões | |
Doğum tarixi | 1524/1525 |
Doğum yeri | Lissabon |
Vəfat tarixi | |
Vəfat yeri | Lissabon |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Milliyyəti | portuqal |
Təhsili | |
Fəaliyyəti | şair, dramaturq, yazıçı, hərbi qulluqçu |
Əsərlərinin dili | portuqal dili, ispan dili |
Vikianbarda əlaqəli mediafayllar |
Kamoeş çoxlu lirik şerlərin, sonetlərin, satira və komediyaların müəllifidir. Onun həyatı milli tarixin hadisələri ilə bağlı olmuşdur. Bu tarix onun poeziyasının özülünü təşkil edir. O dörvün Portuqaliyasının tarixi qısa müddət ərzində qüdrətli imperiyadan hərbi məğlubiyyətlərə düçar olan bir ölkəyə çevrilməsinin faciəsi idi.
Həyatı
Kamoeşin bioqrafiyasının əsas problemi
Kamoeşin həyatı haqqında dəqiq və etibarlı məlumatlar çox azdır. Hətta doğum tarixi 1550-ci ilə aid əsgərlərin siyahısında onun 25 yaşlı kimi qeyd edilməsinə əsasən müəyyən edilmişdir[1]. Lissabon Hind Evinin həmin qeydiyyat reyestrində yazılmışdı: "Luiş de Kamoeş, Simon Vaj de Kamoeşin və Ana de Sanın oğlu, Lissabon, Mouraria sakinidir, 25 yaşı var, silahdaşıyandır (skvayr) və atasının zəmanəti ilə hərbçi S.Pedro doş Burqaleslə səyahət edir"[2].
Lakin bəzi səbəblərdən, çox güman ki, hələ Afrikada olduğundan Kamoeş S.Pedro doş Burqaleslə səyahət edə bilməmişdi.
Kamoeşin 1639-cu ildə yazılmış ilk bioqrafiyasının müəllifi olan Manuel Faria e Souza (port. Manuel de Faria e Sousa, 1590-1649) şikayət edirdi ki, Kamoeş haqqında etibarlı məlumatlar azdır və yazırdı ki, "Qədim Yunanıstanın bir çox şəhərləri Homerin vətəni sayılmaq istədikləri kimi, Kamoeşin beşiyi adlanmaq uğrunda da Portuqaliya şəhərləri (Koimbra, Santaren (şairin anası əslən bu şəhərdən idi), Lissabo]) mübarizə aparırlar"[3].
Tədqiqatçıların sərəncamında olan məlumatlar Kamoeşin doğum tarixi kimi 1517-ci (şairin yaxın dostu Manuel Korreanın iddiası[4]), 1523-cü, 1524-cü, 1525-ci illəri göstərməyə imkan verirdi. Şairin ilk bioqrafı olmuş Manuel Faria e Souza əvvəlcə 1517-ci ili əsas götürsə də, 1550-ci ildə tərtib edilmiş Hindistana göndərilən əsgərlərin siyahısında Kamoeşin 25 yaşında olması haqqında məlumat aşkar edildikdən sonra o fikrini dəyişmişdi[3].
Uşaqlığı və gəncliyi
Kamoeşin həyatı haqqında məlumatlar çox az və ziddiyyətlidir. Hesab edilir ki, ailənin yeganə övladı olan Kamoeş 1524-cü ildə, çox güman ki, Lissabonda və ya Koimbredə doğulmuşdur[5]. O qədim və zəngin qalisiyalılar nəslindən[6] idi. Bu nəslin nümayəndəsi cəsur hərbçi və şair-trubadur Vasko Pires de Kamoeş 1370-ci ildə siyasi səbəblərdən Portuqaliyaya qaçmışdı[3].
Kamoeşin ana tərəfdən babası olan Antao Vasko da Qamanın nəslindən dona Giomar[7] ilə evlənmişdi. Bəzi məlumatlara görə, Kamoeşin anası dona Ana (port. Ana de Sá e Macedo) erkən vəfat etmişdi və şairin atası Simon (port. Simão Vaz de Camões) ikinci dəfə evlənmiş, gəmi kapitanı qismində Hindistana getmişdi. Qoa yaxınlığında o qəzaya uğrayaraq həlak olmuşdu.
Kamoeşin uşaqlığı qayğıkeş ögey anasının və asket alim olan əmisi don Bentonun sayəsində xoşbəxt keçmişdi. Kamoeş Koimbredə əvvəlcə monastır məktəbində, daha sonra, 1537-1542-ci illərdə universitetdə təhsil almış[7], dilləri öyrənmiş, qədim və yeni latın, yunan, ispan, italyan və portuqal poeziyasını dərindən mənimsəmişdi.
Sevgi münasibətlərinə görə əmisi ilə münaqişə edən Kamoeş elmi dərəcə almadan universiteti tərk edir. Təxminən 1542-ci ildə əmisi ilə barışan gənc şair həyatını qurmaq üçün Lissabona gəlir və burada qraf Noronyanın evində müəllim işləməyə başlayır.
1544-cü kilsədə kraliçənin qulluqçusu yüksək vəzifəli əyanın qızı Katerina de Ataidenı görən Kamoeş dəlicəsinə ona vurulur. Onu tez-tez görmək istəyi ilə o kral sarayına düşməyə çalışır və qraf Noronyanın köməyilə buna nail olur. Şair, dramaturq, rejissor və saray aktyoru kimi Kamoeş sevdiyi qızı tez-tez görmək imkanı əldə edir. Onun sevgisinin sirri açılır, Katarinanın ailəsi buna etiraz edir. Rəqibləri və ona paxıllıq edənlər şairi müxtəlif intriqalara çəkirlər və 1549-cu ilin əvvəlində Kamoeş kralın göstərişi ilə Lissabondan sürgün edilir.
Hərbi xidmət və həbs
Lissabondan qovulandan sonra köməksiz vəziyyətə düşmüş şair hərbi xidmət keçməyi qərara alır. Seuta qarnizonuna göndərilən Kamoeş təsadüfi toqquşmalarda cəsarətlə döyüşürdü və belə döyüşlərdən birində sağ gözünü itirmişdi. İki il davam edən hərbi xidmətdən sonra o 1551-ci ildə Lissabona qayıdır.
Lakin dini mərasim zamanı o yüksək vəzifəli bir əyanı ağır yaralıdığından həbs edilir. 9 ay davam edən istintaqdan sonra şair kral III Juan tərəfindən əfv edilsə də, onun qarşısına Portuqaliyanı tərk edərək Hindistana yola düşmək şərti qoyulmuşdu[8]. 1553-cü ildə o "San-Bento" gəmisində Qoaya yola düşür[7][9].
Həbsdə olarkən və 6 ay ərzində Qoaya üzərkən Kamoeş sonralar ona şöhrət qazandırmış “Luziadalar”ı yazmağa başlayır.
Kamoeş Hindistan və Makaoda
Hindistanda o bir neçə döyüşdə iştirak etmiş, bir ildən çox Qoada yaşamış, şerlər yazmış, Məkkəyə səyahət etmişdi.
Kamoeşin Afrika və Hindistanda yaşadığı macəra dolu həyatı özü də etiraf etdiyi kimi, “bir əlində qələm, digər əlində qılınc” ilə yaşamışdır [4].
Müstəmləkənin yeni vitse-kralı Fransişku Barretunun vəzifəsinin icrasına başlaması münasibətilə Kamoeş özünün “Filodemu” pyesini səhnələşdirir. 1556-cı ildə koloniyadakı adət-ənənələri lağa qoyan və kütlələrin istismarını ifşa edən "Hind cəfəngiyyatı" (port. Disparates da India) satirasına[6] görə Barrettu Kamoeşi Portuqaliyanın digər müstəmləkəsi olan Makaoya sürgün edir. Burada Kamoeş inzibati vəzifəyə təyin edilir.
Makaoda Kamoeş “Luziadaları” bitirir. Lakin müstəmləkənin müvəqqəti komendantlarından biri onu vəzifə səhlənkarlığında ittiham edir. Lakin Qoaya gəlib çıxmış şair məhkəmə araşdırması tələb edir və bəraət alır.
1561-ci ildə Qoada olarkən o öz köhnə sevgilisinin vəfatı haqqında xəbər alır və çoxlu kədərli şerlər yazır.
1567-ci ildə Lissabona qayıtmaq üçün Hindistanı tərk etsə də, təxminən iki il Mozambikdə ləngiməli olur.
1570-ci ildə Kamoeş nəhayət ki “ağrıyan ürəyi və boş pul kisəsi” ilə vətəninə qayıda bilir.
Vətəninə qayıdan Kamoeş “Luziadalar” poemasını bitirərək 1572-ci ildə onu nəşr etdirir və oxumaq üçün kral Sebastyana təqdim edir. Kral poemanı bəyənir və şairə kiçik məbləğdə pensiya (15 000 reis) təyin edir[1].
Vəfatı
Kamoeşin həyatının son illəri 1578-ci ildə kralın və onun bütün ordusunun Mərakeşdə Alkaser-Kibir yaxınlığında baş verən döyüşdə məhv edilməsi sarsıdıcı xəbəri ilə müşayiət olunur. Kamoeş Portuqaliyanın müstəqilliyini itirərək İspaniya tərəfindən birləşdirilməsinə az qalmış, 10 iyun 1580-ci ildə taun xəstəliyindən yoxsulluq içində vəfat edərək ianələr hesabına dəfn edilmişdi[10].
Əfsanəyə görə, ölümündən bir qədər qabaq Kamoeş demişdi: "Mən öz vətənimdə onunla birlikdə ölürəm"[11]. Bununla da, şairin ölümündən bir ay sonra başlamış Portuqaliya irsi uğrunda müharibənin gözləntisinə eyham vurulur. Bu müharibədə İspaniya qalib gəlmiş və İspaniyanın kralı II Filipp I Felipe adı altında həm də Portuqaliya taxtına çıxmışdı.
Kamoeş Müqəddəs Anna kilsəsində dəfn edilmişdir. Onun ölümündən 16 il sonra don Qonsalo Kutinyo Kamoeşin qəbrinin yerləşdiyi güman edilən yerdə başdaşı qoymuşdur. Başqa versiyaya görə isə, o taundan vəfat etdiyindən taundan ölənlərin basdırıldığı qardaş qəbrində dəfn edilmişdir[12].
1755-ci il Lissabon zəlzələsi Müqəddəs Anna kilsəsini dağıtmışdı[11]. Başqa bir əfsanəyə görə, əsən külək şairin qalıqlarını ölkənin dörd bir yanına yaymışdı[12].
XIX əsrdə dövlət səviyyəsində Kamoeşə göstərilən diqqət artır. 1855-ci ildə isə Kamoeşin güman edilən nəşini yığıb dəfn etdilər, 1880-ci ildə isə ölümünün 300 illiyi qeyd edilməzdən öncə onun və Vasko da Qamanın qalıqları Lissabonun Belen rayonunda yerləşən Jeronimuş monastırına köçürülmüşdür. Vasko da Qamanın nəşi olan tabut kral Sebastyanın qəbrindən solda, Kamoeşin tabutu isə solda dəfn edilmişdir.
Yaradıcılığı
Universitetdə oxuduğu dövrdə Kamoeş şer yazmağa başlamış və ilk şerləri şair Sa de Mirandanın təsiri altında yazılmışdı.
Bütün dünyada "Luziadalar" poemasına görə tanınsa da, Portuqaliyada onu lirik poeziyasına görə (sonetlər, redondilyalar(mahnılar), elegiyalar, kançolar (himnlər), odalar, ekloqlar) sevirlər və şairin lirik poeziyası başqa dillərə demək olar ki, tam olaraq tərcümə edilməmişdir[13].
Kamoeşin poeziyasının unikallığı ondan ibarətdir ki, o ekvatoru keçmiş ilk böyük avropalı şairdir və tanış olmayan insanların və yerlərin təsviri ilə bağlı filoloji problemləri həll etməli olmuşdu. Kamoeşin yazdığı “Aquele moço fero” odası və “Aquela cativa” mahnısı müasir avropalı şairin qeyri-avropalı xanıma olan məhəbbəti haqqında ilk şerlər sayılır[14].
”Rimas” və sonetlər
Kamoeşin lirik poeziyasının ilk toplusu olan “Qafiyələr” (port. Rimas, XVI əsrin yazılışında Rhytmas) şairin ölümündən sonra Lissabonda yazıçı Fernan Rodrogeş Lobo Soropitanın səyləri nəticəsində 1595-ci ildə dərc edilmişdi[10].
Bu topluya 58 sonet, 75 redondilya, 8 ekloq, 4 elegiya, 5 oda, 10 kanço və 3 poema daxildir[14].
Kamoeş məhəbbət lirikasının əsas mövzusu məhəbbətin neoplatonik konsepsiyasıdır. "Kim sevirsə, sevgilisində əriyir" sonetini bu yanaşmaya nümunə kimi qeyd etmək olar: təsəvvürünün gücü ilə sevən öz sevdiyinə çevrilir, ruhu onun ruhuna qovuşur: "əgər mənim ruhum onun ruhunu özünə qəbul etdisə, bədənim daha nə istər?"[10].
Kamoeşin fəlsəfi lirikasında insanla dünyanın ziddiyyəti, taleyin oyunları, zamanın hər şeyi dağıdan gücü, qorxunc xaos kimi mövzular üstünlük təşkil edir. Bəziləri hətta onun lirikasını İntibah çərçivəsindən çıxararaq onu barokkonun ilk cücərtiləri kimi qəbul edirlər[10].
Kamoeşin sonet və kansonlarında Petrarkanın nümunələrinin, odalarında isə antik müəlliflərin və trubadurların, sekstinlərində provansal poeziyasının təsiri duyulur. Kamoeş lirikanı dərinləşdirməklə, antiteza və paradokslar tətbiq etməklə redondilya formasını zənginləşdirmişdir[3].
Kamoeşin yaradıcılığı ilə bağlı bir problem də ondan ibarətdir ki, heç kəs onun dəqiq neçə sonet yazdığını bilmir. Əgər 1595-ci ilə aid ilk nəşrdə 65 sonet dərc edilmişdisə, sonrakı nəşrlərdə sonetlərin sayı 300-ü keçərək Teofil Braqanın nəşrində 380-ə çatmışdı. Lakin XIX-XX əsrlərdə Kamoeşin irsi ciddi tədqiq edildikdən sonra ona aid olan sonetlərin sayı 200-dək endirilmişdi. Onun irsinin nüfuzlu tədqiqatçısı Jorje de Sena isə hesab edir ki, dərc edilən sonetlərdən ancaq 119-u Kamoeşə aiddir, XX əsrin ortalarına aid tədqiqatlardan sonra isə bu rəqəm 48-dək düşmüşdür.[3].
Kamoeşin sonetləri 14 misradan ibarətdir: iki dördmisralıq katren və iki üçmisralıq terset. Maraqlıdır ki, onun sonetləri nə “fransız”, nə də “italyan” qafiyəsinə uyğun gəlmir və Petrarkanın sonetləri üçün səciyyəvi şəkildə qafiyələnir, yəni abba abba cde cde, abba abba cdc dcd və ya abba abba cde dce sxemlərindən biri tətbiq olunur. Sa de Miranda və Antonio Ferreyranın sonetlərinin başqa sxemlə qurulduğunu nəzərə alsaq, iddia edə bilərik ki, Kamoeşin sonetləri o dövrün portuqaliyalı şairlərinin deyil, Petrarkanın təsiri altında olmuşdur.
Komediyaları
Kamoeş autu janrında üç komediya yazmışdır: “Kral Selevk”, “Filodemu” və “Amfitrionlar”.
Şairin sağlığında məlum olmayan və ilk dəfə 1654-cü ildə nəşr edilən “Kral Selevk” bir aktdan ibarətdir və beş şerdən ibarət redondilya kimi yazılmışdır. Bəzi tədqiqatçılar “Kral Selevk”in Kamoeşə aid olmasını şübhə altına alırlar. Komediyada portuqal və ispan dillərindən istifadə edilmişdir.
“Filodemu” komediyası Hindistanda yazılmış və vise-kral Fransişku Barretaya həsr edilmişdi. Beş aktdan ibarət bu psixoloji komediyanın mövzusu qulluqçu Filodemunun ağasının qızı Dioniziyaya olan məhəbbətidir.
“Amfitrionlar” komediyası 1587-ci ildə nəşr edilmişdi, Plavtın “Amfitrion” pyesinin motivlərinə əsaslanırdı və kiçik redondilyalar formasında yazılmış bu komediyada məhəbbətin gücü tərənnüm edilir. Qul Sozinin sosial statusunun vurğulanması üçün onun sözləri kastil dilində verilmişdir.
"Luziadalar"
“Luziadalar” poemasının adı Portuqaliyaya qədim romalılar tərəfindən verilmiş ada (Luzitaniya) istinad edir və müəllifin milli epos yaratmaq niyyətindən xəbər verir. Şairin bu işin öhdəsindən layiqincə gəldiyini söyləmək olar. Belə ki, poemanı ingilis dilinə tərcümə edən Kapitan ser Riçard Frensis Berton onu “Portuqal Odisseyası”, Xorxe Luis Borxes isə “Luzitan Eneidası” adlandırmışdı, Teofil Braqa isə hesab edirdi ki, “Luziadalar” portuqal ruhunun ən geniş təcəssüm tapdığı əsərdir[3].
Qədim əfsanəyə görə, Luzitaniya adı Baxusun oğlu və ya dostu Luzun adından götürülmüşdür, belə ki, Luzun nəslinin davamçıları məhz Portuqaliyada məskunlaşmışdılar.
Poemada hadisələr dörd əsas “səhnə”də cərəyan edir: 1. Hindistana qəhrəmanlıq dolu səyahət; 2. Mifologiya; 3. Portuqaliyanın tarixi; 4. Müəllif qeydləri.
Poema 10 mahnıdan, 1102 oktavdan (səkkizmisralı bənd) ibarətdir.
Poemanın unikallığı ondan ibarətdir ki, bu eposda portuqal xalqının qürurunu təşkil edən Portuqaliya tarixinin şanlı səhifələri tərənnüm olunur və mərkəzi yeri Vasko da Qamanın Hindistana yeni yol tapması tutur. Başqa heç bir Avropa xalqı belə eposa malik deyil.
"Luziadalar" poeması da inkvizisiya senzurasına məruz qalmışdı. 1584-cü ildə çapdan çıxmış ikinci nəşrdən başlayaraq 1609-cu ilədək çap edilmiş bütün nəşrlərdə mifoloji personajlara münasibətdə "Allah" sözünün üzərindən xətt çəkilmiş, erotik hesab edilən bəndlər çıxarılmışdı[10].
Xatirəsi və təsiri
- Kamoeşin ölüm günü (iyunun 10-u) Portuqaliyada Portuqaliya günü kimi qeyd edilir[15]. Portuqaldilli ölkələrin ən nüfuzlu ədəbi mükafatı onun şərəfinə adlandırılmışdır;
- Kamoeşin həyatı bir çox yazıçı və dramaturqları onun haqqında əsər yazmağa ilhamlandırmışdı: Antonio de Kastilyo, Qalm, Delanda. Almeyda Qarretanın “Kamoeş” poeması xüsusilə məşhurdur və son bəndlərdə o şairin acı taleyinə görə bütün portuqaliyalıları ittiham edir;
- Kamoeş portuqaliyalı rəssam Dominqo Sekeyranın 1825-ci ildə çəkdiyi ilk romantik portuqal tablosunun personajıdır (indi itirilmişdir);
- Kamoeş Qaetano Donizettinin "Portuqaliya kralı Don Sebastyan" operasının personajıdır;
- Kamoeş şairə Elizabet Barrettin 1843-cü ildə nəşr edilmiş "Katarinadan Kamoeşə" poemasının qəhrəmanıdır;
- Amerikan şairi və yazıçısı Herman Melvillin "Kamoeş" adlı şeri var;
- Makaoda Kamoeşə həsr edilmiş muzey var;
- Hindistanın Qoa şəhərində Kamoeşin iki heykəli var;
- Merkuridə Kamoeş adlanan krater mövcuddur;
- Yazıçı Jül Vernin "Kapitan Qrantın uşaqları" romanında huşsuz Paqanel ispanca öyrənmək istəsə də səhvən Kamoeşin "Luiziyadaları"nı oxuyaraq ispanca öyrəndiyini düşünürdü. Qlenarvan bunu bilən kimi Paqanelə bildirir ki, Kamoeş ispan deyil, portuqaldır.
- Koko de mer (dəniz kokosu) və ya Seyşel qozu və ya Maldiv qozu (Lodoicea maldivica) Avropa ədəbiyyatında ilk dəfə "Luziadalar"da təsvir edilmiş və zəhər əleyhinə zərdab kimi vəsf edilmişdir[16].
İstinadlar
- Г.Бердников. История всемирной литературыв девяти томах. Том 3. М., «Наука», 1985, стр. 400
- L.White. The Collected Lyric Poems of Luis de Camoes. 2008, Prinston University Press, p.3
- "Геннадий Клочковский. "Луис де Камоэнс"". 2013-05-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-29.
- "Luís de Camões. The Lusiad or The Discovery of India, an Epic Poem. Editor: E. Richmond Hodges". 2021-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-30.
- "Камоэн, Луиш Важ де". 2021-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-29.
- "Камоэнс Луим. Литературная энциклопедия". 2008-10-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-29.
- "Даты жизни и творчества Луиша Важа Де Камоэнса". 2014-07-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-29.
- "Камоэнс Луиш. Литературная энциклопедия". 2008-10-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-29.
- L.White. The Collected Lyric Poems of Luis de Camoes. 2008, Prinston University Press, p.4
- Г.Бердников. История всемирной литературыв девяти томах. Том 3. М., «Наука», 1985, стр. 401
- L.White. The Collected Lyric Poems of Luis de Camoes. 2008, Prinston University Press, p.6
- ""Конец Европы"". 2021-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-30.
- L.White. The Collected Lyric Poems of Luis de Camoes. 2008, Prinston University Press, p.1
- L.White. The Collected Lyric Poems of Luis de Camoes. 2008, Prinston University Press, p.2
- Праздники 10 июня
- Сейшельские Острова/Энциклопедия "Вокруг Света"
Ədəbiyyat
- Камоэнс Л. де. Сонеты. Пер. с португ. и предисл. В. Левика. — М.: Худож. лит., 1964. — 96 с. Тираж 30 000 экз.
- Камоэнс Л. де. Лирика. / Пер. с португ. Сост. Е. Голубевой и И. Хохловой; Предисл. С. Ереминой; Примеч. С. Ереминой и В. Резниченко. — М.: Худож. лит., 1980. — 303 с. Тираж 30 000 экз.
- Камоэнс Л. де. Лузиады; Сонеты. Пер. с португ. / Редкол.: Н. Балашов, Ю. Виппер, К. Долгов и др.; Вступ. статья и коммент. О. Овчаренко; Сост. раздела «Сонеты» Е. Голубевой, И. Хохловой. — М.: Худож. лит., 1988. — 503 с.
- John Adamson. Memoirs of the life and writings of Luis de Camoens
- Жуковский В. А. Сочинения в трёх томах. — М.: Худ. литература, 1980. (Т. 2. — драматическая поэма «Камоэнс»)
- Камоэнс в русской литературе: Писатели о писателях / Сост. и автор вступ. ст. Т. В. Балашова; Отв. ред. Ю. Г. Фридштейн. — М.: Рудомино, 2002. — 245 с.