Lozanna Federal Politexnik Məktəbi
Lozanna Federal Politexnik Məktəbi (fr. École polytechnique fédérale de Lausanne) — İsveçrənin Vaud kantonunun (bəzi ölkələrdə inzibati ərazi bölgüsü) Lozanna şəhərinin ətraf qəsəbəsi olan Ekublensdə yerləşir.
İsveçrə Federal Texnologiya İnstitutu EPFL | |
---|---|
46°31′13″ şm. e. 6°33′56″ ş. u. | |
Əsası qoyulub | 1853 |
Tip | Dövlət universiteti |
Tələbə sayı |
7000 İşçi heyəti:4000 nəfər |
Şəhər | Lozanna |
Ölkə | |
Sayt | epfl.ch |
Vikianbarda əlaqəli mediafayllar |
Lozanna Federal Politexnik Məktəbi İsveçrənin fransızdilli hissəsində yerləşir. Ölkənin almandilli vətəndaşları üçün Sürixdə İsveçrə Federal Texnologiya İnstitutu fəaliyyət göstərir.
Tarixi
1853-cü ildə yaradılan özəl Lozanna İxtisas Məktəbi 1869-cu ildə Lozanna Dövlət Akademiyasının texniki şöbəsinə çevrilir. 1890-cı ildə Lozanna Akademiyası universitet statusu qazanır və Lozanna Universiteti adlandırılır, texniki şöbəyə isə Lozanna Universitetinin Mühəndislik Məktəbi (École d'Ingénieurs de l'Université de Lausanne) adı verilir. 1946-cı ildən məktəbin adı dəyişdirilərək Lozanna Universitetinin Politexnik Məktəbi (École Polytechnique de l'Université de Lausanne (EPUL)) olur.
1969-cu ildə Lozanna Universitetinin Politexnik Məktəbi Lozanna Universitetinin tərkibindən çıxır və İsveçrə Federal hökumətinin nəzarəti altında fəaliyyət göstərməyə başlayır. Məktəb Lozanna Federal Politexnik Məktəbi adlandırılır. Məktəbin missiyası mühəndis və alimlər hazırlamaq, elm və texnologiyalar sahəsi üzrə ölkədə birincilik əldə etmək, sənaye müəssisələri ilə əməkdaşlıq qurmaqdan ibarət olur. Məktəb İsveçrənin almandilli hissəsində fəaliyyət göstərən İsveçrə Federal Texnologiya İnstitutu, ETH Domen elmi-tədqiqat institutları, Daxili İşlər Federal Şöbəsi ilə əməkdaşlıq edir.
1943-cü ildən Lozanna Federal Politexnik Məktəbi Lozanna şəhərində Avenyu Kortda qədim Hotel Savoy binasında yerləşir. 1971-ci ildə Ekublens şəhərətrafı qəsəbəsində ali məktəbin yeni binasının tikintisinə başlanılır. Binanın rəsmi açılışı 1978-ci ildə baş tutur. Məktəbin bütün bölmə və məktəbləri bu kampusa köçürülür. Ən sonuncu buraya köçən müəssisə 2002-ci ildə Memarlıq departamenti olur.
Lozanna Federal Politexnik Məktəbi CROCUS, Tokamak termonüvə reaktorlarını, P3 bioloji təhlükə vasitələrini idarə edir. 2000-ci ildə Patrik Abişer məktəbin prezidenti seçilir, həmin vaxtdan burada həyat haqqında elmlər inkişaf edir. 2004-cü ildə bu ali təhsil ocağında Texnologiyanın İdarəolunması Kolleci açılır. 2008-ci ildə isə İsveçrə Eksperimental Xərçəng Tədqiqatı İnstitutu (ISREC) Lozanna Federal Politexnik Məktəbinə birləşdirilir.
Büdcəsi və təhsil haqqı
2010-cu ildə Lozanna Federal Politexnik Məktəbinin illik büdcəsi 753000000 İsveçrə frankı dəyərində olub.
Lozanna Federal Politexnik Məktəbində bakalavr və magistr pillələrində təhsil alan tələbələrin 1 semestrlik təhsil haqqı 633 İsveçrə frankı təşkil edir. Bundan əlavə, semestrin başlanğıcında isveçrəli tələbələr 50, əcnəbi tələbələr isə 110 İsveçrə frankı məbləğində vergi ödəməlidirlər. Doktorantura pilləsində təhsil almaq məktəbdə pulsuzdur. Doktorantlardan sadəcə 1200 İsveçrə frankı məbləğində vergi alınır. Təhsilin davam etdirilməsi pilləsində uzunmüddətli proqramlar üçün 1160, qısamüddətli proqramlar üçün isə 580 İsveçrə frankı ödəmək lazımdır.
Lozanna Federal Politexnik Məktəbinin tələbələrə ayırdığı təqaüdün məbləği ildə 5000-16000, İsveçrə hökumətinin əcnəbi tələbələrə ayırdığı təqaüdün məbləği isə ildə 16000-19200 (ölkələrin sırasında Azərbaycan yoxdur, adı olmayan ölkələrdən gələn tələbələrə bu təqaüd verilmir) İsveçrə frankı arasında dəyişir. Bundan əlavə, müxtəlif özəl fondlar tərəfindən də tələbələrə təqaüd və qrantlar təklif edilir.
Universitet bu gün
Lozanna Federal Politexnik Məktəbinin kampusu Ekublens şəhərətrafı qəsəbəsində, Cenevrə gölünün sahilində 55 hektar ərazidə yerləşir. Tələbə şəhərciyi, təxminən, 65 binadan ibarətdir. Burada 1970-1980-ci illərə aid Fundamental Elmlər və Memarlıq, Vətəndaş və Ekologiya Mühəndisliyi, Maşınqayırma və Elektrotexnika məktəblərinin binaları, 1990-cı illərə aid Mühəndislik Elmləri və Texnologiya, Kompüter və Kommunikasiya Elmləri Məktəbləri institutlarının binası, Elmi Park, 2002-2004-cü illərdə modern üslubda tikilmiş Mikrotexnika, Kommunikasiya və Memarlıq institutları, Dəqiq Elmlər Məktəbi və Texnologiyanın İdarəolunması Kollecinin binaları mövcuddur. Ali məktəbin kampusunda 250-dən çox laboratoriya və tədqiqat qrupu var. Məktəbin unikal quruluşu fənlərarası tədqiqatların aparılması və müxtəlif müəssisə və təşkilatlarla əməkdaşlıq əlaqələrinin yaradılmasına imkan yaradır.
Lozanna Federal Politexnik Məktəbinin nəzdində aşağıdakı akademik müəssisələr fəaliyyət göstərir:
Fundamental Elmlər Məktəbi
Fundamental Elmlər Məktəbi (SB) – kimya, riyaziyyat və fizika elmləri üzrə ixtisaslaşıb, dekanı Tomas Rizzodur, məktəb üçpilləli təhsil təklif edir. Məktəbə Analiz və Elmi Hesablama, Kimya Elmləri və Texnologiya, Riyaziyyat, Həndəsə, Cəbr, Topologiya, Enerji və Hissəciklər, Sıxlaşdırılmış Sistemlər Fizikası, Bioloji Sistemlər Fizikası, Fiziki Elmlər, Kvant Elektronikası və Fotonika, Nəzəri Fizika, Sıxlaşdırılmış Sistemlər Hesablama Fizikası, B Riyaziyyat (EHM) institutları, Fənlərarası Elektron Mikroskopiya, Plazma Fizikası Sahəsi üzrə Tədqiqatlar, Kvant Fotonikası mərkəzləri daxildir.
Mühəndislik Məktəbi
Mühəndislik Məktəbi (STI) – elektrotexnika, maşınqayırma, materialşünaslıq və mühəndislik, mikrotexnologiya, biomühəndislik, nanotexnologiya sahələri üzrə ixtisaslaşıb, sənaye müəssisələri ilə əməkdaşlıq edərək savadlı kadrlar hazırlayır, dekanı Demetri Psaltisdir. Məktəbdə Elektrotexnika, Maşınqayırma, Materialşünaslıq, Mikroelektronika, Biomühəndislik institutları fəaliyyət göstərir.
Memarlıq, İnşaat və Ekologiya Mühəndisliyi Məktəbi
Memarlıq, İnşaat və Ekologiya Mühəndisliyi Məktəbi (ENAC) – memarlıq, inşaat, ekologiya və texniki elmlər sahəsi üzrə ixtisaslaşıb, dekanı Mark Parleyncdir. Məktəbin əsas məqsədi dövrümüzün ən mühüm məsələsi olan ekoloji problemlərin innovativ həllini tapmaqdır. Məktəbin Memarlıq, İnşaat-Mühəndislik, Şəhər və Region Quruculuğu, Mühəndislik Ekologiyası institutları var.
Kompüter və Kommunikasiya Elmləri Məktəbi
Kompüter və Kommunikasiya Elmləri Məktəbi (I&C) – informasiya və telekommunikasiya sahələri üzrə ixtisaslaşıb və Avropanın ən böyük informasiya texnologiyaları mərkəzlərindən biridir. Məktəbin dekanı Villi Jenepoeldir, lakin bu ilin payızında dekanın dəyişdirilməsi nəzərdə tutulur. Məktəbdə Kompüter Kommunikasiyaları və Ərizələr, Qeyri-xətti Sistemlər, Təhlükəsizlik və Kriptoqrafiya, Kriptologik Alqoritmlər laboratoriyaları, Nüvə Hesablama Elmləri, Hesablama və Multimedia Sistemləri, Kommunikasiya Sistemləri, Mobil İnformasiya və Kommunikasiya Sistemləri institutları, Qabaqcıl Rəqəmsal Sistemlər, Neyron İnformasiyanın İşlənməsi, Qlobal Hesablama mərkəzləri mövcuddur.
Həyat Elmləri Məktəbi
Həyat Elmləri Məktəbi (SV) – biologiya, əsas elmlər, tibb, informatika və maşınqayırma elmlərinə əsaslanır, dekanı Didye Tronodur. Məktəbin Beyin-Ağıl, Biomühəndislik, İsveçrə Eksperimental Xərçənğ Tədqiqatları, Qlobal Səhiyyə institutları fəaliyyət göstərir.
Sosial və Humanitar Elmlər Məktəbi
Sosial və Humanitar Elmlər Məktəbi (CdH) – humanitar və sosial elmlərin intellektual, tənqidi və praqmatik inkişafı məqsədlərinə xidmət edir. Məktəbin dekanı Françesko Panesedir. Son zamanlar burada regionşünaslıq sahəsinə aid yeni proqramlar qəbul olunub. 2009-2010-cu tədris ilində məktəbdə tələbələrə Asiyanın coğrafiyası, tarixi, mədəniyyəti, sosial vəziyyəti ilə yaxından tanış olmağa imkan verən Müasir Asiya Tədqiqatları Mərkəzi yaradılıb.
Texnologiyanın İdarəolunması Kolleci
Texnologiyanın İdarəolunması Kolleci (CDM) – idarəetmə, texnologiya və sahibkarlıq, marketinq, maliyyə işlənməsi üzrə innovativ təhsil proqramları həyata keçirir. Kollecin dekanı Martin Vetterlidir. Kollecə Texnologiyanın İdarəolunması, Texnologiya və Sahibkarlığın İdarəolunması Proqramı, Sahibkarlıq və Texnologiya Kommersiyalaşmaları, Logistika, İqtisadiyyat və Texnologiyanın İdarəolunması institutları daxildir.
Universitetə qəbul
Lozanna Federal Politexnik Məktəbində oxumaq üçün abituriyentlər qəbul imtahanı vermir, tam orta təhsil haqqında attestatın (İsveçrədə matura, Almaniyada abitur) olması kifayətdir. Məktəbdə maşınqayırma, əsas elmlər, kompüter və kommunikasiya, vətəndaş cəmiyyəti quruculuğu, həyat haqqında, ətraf mühit və memarlıq sahələri üzrə bakalavr və magistr səviyyəsində 13 tam tədris proqramı təklif olunur. Bu proqramlar Boloniya prosesinin tələblərinə cavab verir və bunun nəticəsi olaraq tələbələr mübadilə proqramlarında iştirak etmək imkanı qazanır, onların dərəcələri beynəlxalq səviyyədə tanınır. Məktəb ERASMUS tələbə mübadiləsi proqramında iştirak edir. Məktəbin doktorantları tədqiqatlar aparmaqla yanaşı ideyaları ilə bölüşür, bir-birlərinə qarşılıqlı kömək edir, yüksək səviyyədə ixtisaslaşdırılmış kurslarla təhsillərini bitirirlər. Doktorantlar burada zəngin elmi təcrübə və infrastruktura əldə edir.
Bilik və bacarıqlarını möhkəmləndirmək və təkmilləşdirmək arzusunda olan şəxslər üçün bu ali təhsil ocağında Təhsilin Davam Etdirilməsi Məktəbi fəaliyyət göstərir. Məktəbdə geniş spektrdə mühazirə və seminar kursları mövcuddur. Bu modul proqramlar tək fərdi şəxslər üçün deyil, müxtəlif şirkətlər üçün də nəzərdə tutulub.
Texniki baza
Lozanna Federal Politexnik Məktəbi İsveçrənin NEBIS kitabxanalar şəbəkəsinin üzvüdür. NEBIS kitabxana sisteminə 3 milyondan çox kitab, eləcə də dövri nəşr, jurnal, qəzet, Çin nadir kitablar kolleksiyaları, lüğət və ensiklopediyalar, dərsliklər, elmi nəşrlər, verilənlər bazası, CD və DVD disklər və s. daxildir. Lozanna Federal Politexnik Məktəbinə Memarlıq, Müasir tikinti arxivləri, LMS-LMR (qaya və torpaq mexanikası laboratoriyası), ICOM (polad konstruksiyalar laboratoriyası), LMH (hidravlik mexanizmlər laboratoriyası), LITEP (intermodal daşınma, nəqliyyat və planlaşdırma), CRPP (Plazma Fizikası Tədqiqat Mərkəzi), Topometriya, LANOS (qeyri-xətti sistemlər laboratoriyası), LTT (tətbiqi termodinamika və turbomaşınlar laboratoriyası), LASIQ (coğrafi informasiya sistemləri laboratoriyası), Politexnik, BETON və MCS kitabxanaları daxildir.
2000-ci ilin mart ayından Lozanna Federal Politexnik Məktəbinin prezidenti vəzifəsini tibb və neyrobiologiya üzrə professor Patrik Abişer icra edir. O, həmçinin, 2004-cü ildən Federal Politexnik Məktəbləri Şurasının üzvüdür. Məktəbin akademik işlər üzrə vitse-prezidenti Gillet Filipp, idarəolunması üzrə vitse-prezidenti isə Vetterli Martindir. Məktəbdə 4000 nəfər işçi çalışır.
Lozanna Federal Politexnik Məktəbində 7000-dən çox tələbə təhsil alır. Onların 3700 nəfərini bakalavr, 1600 nəfərini magistrantlar, 1700 nəfərini isə doktorantlar təşkil edir. Son beş ildə qız tələbələrin sayı məktəbdə 30% artıb. Məktəbin müəllim və tələbələrinin 50%-ni əcnəbilər təşkil edir. Burada 107-dən çox millətin nümayəndələrinə rast gəlmək olar. Lozanna Federal Politexnik Məktəbi dünyanın ən kosmopolit universitetlərindən biridir.
İsveçrə dünyanın ən bahalı ölkələrindəndir və burada yaşamaq insanlara çox baha başa gəlir. Lozanna Federal Politexnik Məktəbində tələbələrin yataqxana ilə təmin olunması məsələsi çətindir. Demək olar ki, burada tələbə yataqxanaları yoxdur və tələbələr özləri Lozanna şəhərində kirayə mənzil və otaqlar tapmalıdırlar. Burada 1 otaqda 1 il qalmaq tələbəyə 7000 İsveçrə frankına başa gəlir.
Əlil tələbələr üçün kampusda, eləcə də Vaud kantonunda xüsusi şəraitli yataqxanalar, tədris kabinetləri var və məktəb belə tələbələrə lazımi dəstək göstərir.
Məktəbin kampusunda tələbələrin qidalanması üçün tanınmış Le Korbuzye, Le Parmentye, Le Vinçi, Le Kopernik, La Table de Valloton restoranları və çoxlu sayda kafelər var. Universitetin yeməkxanalarında qidalanmaq üçün tələbəyə ayda 600 İsveçrə frankı lazım olur. Kitab, kompüter, kalkulyator və s. dərs ləvazimatları üçün tələbə, orta hesabla, 1200, geyim və şəxsi əşyalar üçün ildə 2000, nəqliyyat, sığorta və digər xərclər üçün isə ildə 3500 İsveçrə frankı xərcləyir. Ümumilikdə təhsil haqqı və bütün digər xərclər daxil olmaqla tələbəyə 1 ilə 22000 İsveçrə frankı lazımdır.
Lozanna Federal Politexnik Məktəbi tələbələrə geniş palitralı mədəni və idman tədbirləri təklif edir. Bu məqsədlə burada çoxlu sayda qrup və assosiasiyalar yaradılıb. Məktəbdə tələbələrə yüksək səviyyəli tibbi xidmət təklif olunur. Kampusun ərazisində siqaret çəkmək qadağan edilib.
Lozanna Federal Politexnik Məktəbinin məqsədi bütün dünyadan ən savadlı tələbələri cəlb etmək, məzunlarının əmək bazarına çıxışını asanlaşdırmaqdır. Məktəbin məzunları arasında çoxlu sayda dünya şöhrətli alim və iş adamlarına rast gəlmək olar. Lozanna Federal Politexnik Məktəbi dünyada ən aparıcı texnologiya institutlarına çevrilmək üçün səylə çalışır.
Reytinqi
2015/16[1] | 2014/15[2] | 2013/14[3] | 2012/13[4] | 2011/12[5] | 2010/11[6] |
---|---|---|---|---|---|
14 | 17 | 19 | 29 | 35 | 32 |
2015/16[7] | 2014/15[8] | 2013/14[9] | 2012/13[10] | 2011/12[11] | 2010/11[12] |
---|---|---|---|---|---|
31 | 34 | 37 | 40 | 46 | 48 |
Universitetin məşhur məzunları
- Frank Ribud — "Danone" şirkətinin direktoru
- Nelli Venger — "Nestle" şirkətinin sabiq direktoru
- Otman Bencellun — BMCE bankının icraçı direktoru
- Jan Daniel Nicoud — "Smaky" personal kompüterinin ixtiraçısı
- Toni Konde — alim, "PersonalCare" sisteminin yaradıcısı
- Andre Kudelski — "Canal +"-da ilk şifrləmə sisteminin ixtiraçısı
- Daniel Borel — "Logitech" kompaniyasının yaradıcısı
- Mark Burki, Paolo Buzzi — "Swissquote" kompaniyasının yaradıcıları
- Jorj de Mestral — yapışqanın (Velco lenti) ixtiraçısı
- Klod Nikolye — astronavt
- Sarklo — bəstəkar, ifaçı
Mənbə
- Lozanna Federal Politexnik Məktəbi Arxivləşdirilib 2012-05-13 at the Wayback Machine
İstinadlar
- "QS World University Rankings (2015)". 2016-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-16.
- "QS World University Rankings (2014)". 2016-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- "QS World University Rankings (2013)". 2016-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- "QS World University Rankings (2012)". 2019-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- "QS World University Rankings (2011)". 2012-05-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- "QS World University Rankings (2010)". 2011-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- "THE World University Rankings (2015-2016)". Times Higher Education. 2016-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 mart 2016. (#apostrophe_markup)
- "THE World University Rankings (2014-2015)". Times Higher Education. 2015-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- "THE World University Rankings (2013-2014)". Times Higher Education. 2013-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- "THE World University Rankings (2012-2013)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- "THE World University Rankings (2011-2012)". Times Higher Education. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- "THE World University Rankings (2010-2011)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
Xarici keçidlər
- Universitetin rəsmi saytı (ing.) (fr.)