Landşaftşünaslıq
Geomorfoloji termin
Landşaftşünaslıq – (rus. ландшафтоведение, ing. landscape science) fiziki coğrafiyanın, bir-birilə qarşılıqlı əlaqədə olan təbii komponentlərini, daha doğrusu təbii ərazi komplekslərini öyrənən bölməsi. Landşaftşünaslığın mövzusu, onun məqsədi coğrafi kompleksləri-onların quruluşunu, inkişafını və yerləşməsini öyrənməkdir. Başqa sözlə landşaftşünaslıq fiziki-coğrafiyanın coğrafi təbəqə daxilində baş verən ərazi diferensiasiyalarını öyrənməklə məşğul olan bölməsidir.
Landşaftşünaslıq şöbəsinin yaranması
Azərbaycanda landşaft tədqiqatları fiziki coğrafiyanın tərkibində əvvəllər də aparılsada bu sahədə sistemli elmi işlər XX əsrin altmışıncı illərində Azərbaycan EA Coğrafiya İnstitutunda (1965-ci il) B. Ə. Budaqovun rəhbərliyi ilə "landşaftşünaslıq" şöbəsi yaradıldıqdan sonra başlanmışdır.
Tədqiqatlar
İlk dəfə olaraq landşaftın formalaşmasında neotektonik hərəkətlərin və relyefin roluna dair bir sıra problem məsələlər kompleks şəkildə həll edilmişdir. Tərtib olunmuş paleolandşaft və paleocoğrafi xəritələr əsasında Cənub-Şərqi Qafqazın landşaftlarının inkişafının ümumi tendensiyası, onların struktur xüsusiyyətləri aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, konkret yüksəklik – landşaft qurşaqları daxilində landşaftların strukturları, relyefin geomorfoloji xüsusiyyətləri ilə pozulur və mürəkkəbləşir, təbii komplekslərin enlik-zonallıq paylanması, onların strukturlarının mürəkkəbləşməsi relyefin geomorfoloji xüsusiyyətlərindən və ərazinin hidroloji şəraitindən asılıdır (Budaqov, Mikayılov, 1985, Haqverdiyev, 1975). Palçıq vulkanlarının landşaftın formalaşmasında rolunu aşkar etmək və onların landşaftının morfoloji differensiasiyasını müəyyənləşdirmək məqsədilə palçıq vulkanlarının intensiv yayıldığı rayonların landşaftı öyrənilmişdir.
Aparılan tədqiqatlar göstərmişdir ki, palçıq vulkanlarının yayıldığı rayonların landşaftlarının daxili differensiasiyası ərazi relyefinin morfostruktur xüsusiyyətləri ilə sıx bağlıdır. Morfostruktur xüsusiyyətlərinə görə palçıq vulkanlarının geniş yayıldığı rayonların relyefini üç genetik qrupa – suayrıcılara, dağ yamaclarına və dağarası çökəkliklərə ayrılmışdır. Cənub-Şərqi Qafqazda sürüşmələrin yayılmasını, onların əmələgəlmə səbəblərini, dinamikasını və landşaftların formalaşmasındakı rolunu araşdırmaq məqsədilə xüsusi landşaft tədqiqatları aparılmışdır. Bu tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Cənub-şərqi Qafqazın sürüşmə landşaftlarının inkişafı və formalaşması landşaftəmələgətirici bütün amillərin yüksəkliyə görə yerləşməsi qanunauyğunluqlarına tabedir (Budaqov, 1988). Landşaftşünaslığın son illər ərzində inkişaf etməkdə olan əsas istiqamətlərindən biri də landşaftların geokimyasıdır. Azərbaycanda bu problemə dair ilk elmi-tədqiqat işi Cənub-Şərqi Qafqazın palçıq vulkanları landşaftlarının geokimyası timsalında yerinə yetirilmişdir. Azərbaycan landşaftlarının tədqiqinin nəticəsi olaraq müasir tələblər səviyyəsində ArC GİS mühitində "Azərbaycanın landşaft xəritəsi" tərtib olunmuşdur. (E. K. Əlizadə, A. A. Mikayılov, S. Y. Quliyeva, 2013). Bu elektron xəritənin miqyası 1:250000 olmaqla aparılacaq ən yeni landşaft tədqiqatları, o cümlədən ekoloji-landşaft və tibbi-ekolandşaft tədqiqatları üçün əsas rolunu oynayacaqdır. Landşaftların müasir dinamikası bir tərəfdən təbii, digər tərəfdən isə antropogen yolla baş verir. Müasir landşaftların dinamikasının öyrənilməsi landşaftların ümumi inkişaf istiqamətini proqnozlaşdırmağa imkan verir ki, bunun da çox böyük elmi və praktiki əhəmiyyəti vardır. Aparılan landşaft-geomorfoloji tədqiqatlarda aerokosmik planalma materiallarının tətbiqi coğrafi obyektlərin vəziyyətini, onların təsnifatını və tədqiq olunan rayonun landşaftlarının mövsümi və çoxillik dəyişməsini dəqiqləşdirməyə imkan verir. Kosmik tədqiqat metodlarının tətbiqi meşə, torpaq, su, iqlim və s. coğrafi ehtiyatların öyrənilməsi və qiymətləndirilməsi məsələsində ardıcıl tətbiq olunur.[1]
Həmçinin bax
İstinadlar
- R. Məmmədov, E. Əlizadə AZƏRBAYCAN RESPUBLİKASININ COĞRAFİYASI