Ləxmilər
Tarixi
Ləxmilər və ya Banu Ləxm (bəzən onlara sonuncu padşahlarının adı ilə bağlı olaraq ali- Münzir də deyirlər) üçüncü əsrin sonundan Hiyrə və onunla qonşu olan torpaqlara hakim olmuşlar. Hiyrə şahları Sasani dövlətinə tabe olmuş, Roma imperiyası ilə müharibədə onlara kömək etmişlər.[1]
Görünür Hiyrə əhalisi (Qəhtani qəbiləsindən) cənubdan mühacirət etmiş və onlar Ədnani qəbiləsi ilə bir yerdə məskunlaşmışlar. Ləxm qəbiləsinin nüfuzu Hiyrə və onun ətrafında genişlənib qüvvətləndi. Onlar Fərat çökəkliyindən əlavə, Ərəbistanın daxilinə də nüfuz etdilər. Hiyrə dövləti bir sədd kimi səhra ilə İranın işğal etdiyi ərazilər arasında yerləşmişdir. Bu dövlətin şahları bir tərəfdən səhrada yaşayanların Sasani torpaqlarına hücumunun qarşısını alır, digər tərəfdən isə İranın köməkliyi ilə Rum imperiyasının müttəfiqi olan Qəssanilərlə müharibə edirdilər. Ləxmilərin dövləti VII əsrin əvvəlinə qədər davam etmişdir.
Bu sülalənin ən məşhur şahlarından biri Nəman ibni Qeyeydir ki, V əsrin əvvələrində hakimiyyət etmişdir. O, Sədir və Xuvərnəç saraylarını tikdirmişdir. Nəman Sasani şahı Yəzdəgerdin atası Bəhramla dost olmuşdur. Deyilənə görə o, bu sarayları Bəhramın istirahət etməsi üçün tikdirmişdir. Mə’lumata görə tikinti qurtardıqdan sonra, sarayın memarlıq sirrləri öyrənilməsin deyə, Sinimmar adlı me’mar öldürülmüşdür. Nəman ibni Münzir bu ailənin sonuncu adlı-sanlı şahlarından olmuşdur. Deyilənə görə Xosrov Pərviz (Sasani şahı) qəzəblənərək onu yanına çağırıb öldürmüşdür. Hər halda islam dini zahir olan zaman bu ailənin heç bir qüdrəti qalmamışdı. Bu qəbilənin sonuncu başçısı Münzər ibni Nə’mandır ki, onun hakimiyyət dövrü Xalid ibn Vəlidin Hiyrəyə gələn vaxtına təsadüf edir.
Həmçinin bax
Esat Ayyıldız, “Lahmîlerin Arap Edebiyatına Etkisi”, 2nd International Archeology, Art, History and Cultural Heritage Congress, ed. Kenan Beşaltı (Şanlıurfa: Iksad Yayınevi, 2022), 38-44.
Xarici keçidlər
- Esat Ayyıldız, “Lahmîlerin Arap Edebiyatına Etkisi”, 2nd International Archeology, Art, History and Cultural Heritage Congress, ed. Kenan Beşaltı (Şanlıurfa: Iksad Yayınevi, 2022), 38-44.