Ləvəngi

LəvəngiAzərbaycanın Talış mətbəxinə aid milli yemək. İçi doldurulan balıq və ya toyuqdan hazırlanır. Digər bir ləvəngi növü isə badımcan ləvəngisidir[1][2][3][4]. Ləvəngi sözünün ilkin mənası talış dilində "içi doldurulmuş" deməkdir. Talışca "ləvə" — "qarın" deməkdir, qarnı doldurulmuş isə "ləvəngi"dir. Bu sözün başqa mənası isə qoz, soğan və lavaşanadan (alça turşusundan) ibarət qiymədir.

Balıq ləvəngisi
Toyuq ləvəngisi

Növləri

  • Sulu ləvəngi[5]
  • Quru ləvəngi[6]

Kütüm ləvəngisi

Balıq ləvəngisi

Əsasən kütüm (ziyad) balığından hazırlanır. Azərbaycanın Masallı Rayonunda daha çox bişirilir. Ləvəngi adətən təndirdə bişirilir. Texnologiyanın inkişafı ilə əlaqədar son illər daha çox elektrik sobalarda da bişirilir.

Masallının balıq ləvəngisi Azərbaycan mətbəxinin ən gözəl nümunələrindəndir. Ləvənginin tərkibini qoz ləpəsi, soğan, lavaşana, duz və istiot təşkil edir. Yeməyin hazırlanmasında təzə balıqdan istifadə edilməsi çox önəmlidir. Əgər balığın kürüsü varsa, ondan da çox ləzzətli ləvəngi içi hazırlamaq olar. Kürü qoz və digər ərzaqlar əlavə edilərək qarışdırılır. Bununla qozun miqdarı bir az azaldılmış olur.

İnqridiyentlər

6-8 porsiya üçün nəzərdə tutulub
  • 1 ədəd iri kütüm
  • 1 ədəd iri baş soğan
  • 1 ½ stəkan qoz ləpəsi
  • 2 xörək qaşığı palçıq turşu + üstünə və içinə sürtmək üçün (lavaşana da istifadə edə bilərsiniz: bunun üçün lavaşananı isti suda yumuşalana qədər həll edin)
  • zövqə görə duz
  • zövqə görə istiot

Hazırlanması

Balığın pulcuqlarını təmizləyin, içalatını çıxardın. Sonra isə balığı yuyun və yaxşıca qurulayın. İçini və üstünü duzlayıb istiotlayın. Ləvəngi içini hazırlayın. Soğanı ət maşınından keçirin. Tənzifə qoyun və suyunu yaxşıca sıxın. Qozu da maşından keşirin. Bir qabda soğanı, qozu, palçıq turşunu, və zövqə görə duz-istiotu qarışdırın. Sobanı 180˚C-dək qızdırın. Balığın içinə və üstünə palçıq turşu sürtün. İçini ləvəngi içiylə doldurun. Balığı mətbəx ipiylə tikin və yaxud kokteyl çubuğuyla (cocktail stick) bərkidin. Balığı soba listinə qoyub qızdırılmış sobada üstü qızarana və içi bişənədək (təxminən 45 dəqiqə ərzində) bişirin.

Toyuq ləvəngisi

İnqridiyentlər

  • 1 ədəd orta ölçülü toyuq
  • 200 qram qoz ləpəsi
  • 2 ədəd baş soğan
  • 1 xörək qaşığı yağ
  • alça turşusu
  • duz
  • istiot

Hazırlanması

Əvvəlcə qozu ət maşınından keçirin. Daha sonra soğanı təmizləyib onu da eyni qayda ilə ət maşınından keçirin. Soğanı cunanın arasına qoyub suyunu sıxın. Suyu sıxılmış soğanı kərə yağında qovurun. Ocaqdan götürün. Kənarda soyudun. Daha sonra qoz və isladılmış turşu əlavə edib, duz və istiot vuraraq yaxşıca qarışdırın. Toyuğu təmizləyib duz və istiot vurun. Toyuğun içinə və çölünə alça turşusu çəkərək, ləvəngini doldurmağa başlayın. İçi doldurulmuş toyuğun qarnını sapla tikin. Qanadının altını, budlarını bıçaqla çərtin. Qızdırılmış sobada yarım saat bişirin. Hər iki üzü qızaranda, sobadan çıxarıb servis edə bilərsiniz.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.